ABŞ-ın Azərbaycanda hansı layihələri var? Hansı hökumət məmurları ABŞ-da oxuyub? 9 suala cavabda

USAİD

Şəklin mənbəyi, USAİD-Azərbaycan/Facebook

Şəklin alt yazısı, 2022-ci il. USAID deyir ki, Azərbaycanın kənd təsərrüfatı istehsalçılarına beş əsas bağçılıq istiqaməti üzrə dəstək verir: fındıq, giləmeyvə, bağ bitkiləri, xurma və nar və tez xarab olan tərəvəzlər
  • Müəllif, Səadət Akifqızı
  • Vəzifə, BBC News Azərbaycanca

Bu günlərdə hökumətə yaxın mediada oxuyuruq: USAID Azərbaycanda aranı qarışdırır.

Əlbəttə, hökumətə yaxın medianın buna öz səbəbi var: USAID rəhbəri Samantha Power Azərbaycanın antiterror əməliyyatından sonra "100 min erməninin qaçqın düşməsi" barədə danışıb. Bundan öncə hər hansı USAID rəhbəri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində evlərindən didərgin düşən yüz minlərlə azərbaycanlı barədə bu şəkildə və formatda danışmayıb və işğalçını pisləməyib. Azərbaycan hökuməti də məhz bundan narazıdır.

Bundan başqa, ABŞ rəsmisi O'Brien da Ermənistana görə Azərbaycan hakimiyyətini tənqid edən açıqlama verib - o, Azərbaycanın yüksək səviyyəli şəxslərinin ABŞ-a səfərlərinin ləğv edildiyini və “ikitərəfli münasibətlərin əvvəlki kimi ola bilməyəcəyini” deyib. Bu da Azərbaycanda ABŞ hökumətinin birtərəfli və ədalətsiz yanaşması olaraq dəyərləndirilib.

Hakimiyyəti ABŞ-dan narazı salan digər səbəb də rəhbərləri qaçaqmalçılıq iddiaları ilə həbs olunan, Azərbaycanda qanun pozuntuları və korrupsiya hallarını araşdıran AbzasMedia-nın USAID-dən qrant - yəni, maliyyə dəstəyi almasıdır.

Ancaq ABŞ hökuməti Azərbaycanda yalnız tənqidi və ya müxalif mediaya qrant ayırmayıb.

Araşdırmamız göstərir ki, USAID Azərbaycanda həm də hökumətlə birlikdə layihələr həyata keçirib. Hökumət qurumları və nazirliklər işçilərini ABŞ qrantları ilə xaricdə təlimlərə də göndəriblər. Və hətta yüksək rütbəli hakimiyyət rəsmiləri ABŞ proqramları çərçivəsində bu ölkədə təhsil belə alıblar.

Bəs USAID nədir? Azərbaycanda hansı işləri görür və hakimiyyətlə hansı layihələri həyata keçirir?

BBC News Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.

1. USAID nədir?

USAİD

Şəklin mənbəyi, USAİD-Azərbaycan/Facebook

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, qısaca USAID dünyada iri donor təşkilatlardan biridir.

Qurum kənd təsərrüfatı, səhiyyə və təhsildən tutmuş idarəetmə, demokratya və insan haqlarına qədər bütün sahələrdə proqramlar həyata keçirir.

USAID, əsasən, dövlət büdcəsindən maliyyələşir.

Qurumun 80-dən çox ölkədə nümayəndəlikləri və 100-dən çox proqramı var.

2. Azərbaycanda hansı layihələri həyata keçirir?

USAİD

Şəklin mənbəyi, USAİD-Azərbaycan/Facebook

Şəklin alt yazısı, 2022-ci il. USAID Azərbaycan qadınlarının yerli iqtisadiyyatlarda rolunun artmasına dəstək verir

USAID Azərbaycanda 1991-ci ildən bəri "azərbaycanlıların həyatlarını yaxşılaşdırmağa qərarlı olan Azərbaycan hökuməti, yerli özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə işləyir”, qurumun saytında bildirilir.

USAID-ın son hesabatlarında görmək olur ki, Azərbaycanda son illərdə daha çox kənd təsərrüfatı sahəsinin, qadın sahibkarlığının, kiçik və orta biznesin inkişafına, gənclərin bacarıqlarının artırılmasına daha çox diqqət ayırıb, regionlarda Qadın Resurs Mərkəzləri yaradıb.

Məsələn, qurumun açıqladığı məlumata görə, USAID ötən il özəl sektorun inkişafına təxminən 3 milyon dollar vəsait ayırıb. Bununla müqayisədə, insan huquqları ilə bağlı layihələrə 300 min dollar xərcləyib.

3. Hökumətlə USAID-inin birgə layihələri hansı sahələri əhatə edir və nə qədər vəsait ayrılıb?

USAID TƏBİB

Şəklin mənbəyi, USAİD-Azərbaycan/Facebook

Şəklin alt yazısı, 2022-ci il. TƏBİB və USAID arasında əməkdaşlıq müzakirə olunub

USAID 1991-ci ildən bəri Azərbaycanda humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon dollar sərmayə qoyub, qurumun saytında bildirilib.

USAID Azərbaycan hökuməti ilə idarətetmənin yaxşılaşdırılması, iqtisadi diversifikasiya, səhiyyə, miqrasiya və təhsil sahələrində müxtəlif layihələr həyata keçirir.

Qurumun saytında yazılıb ki, insan alverinin qarşısının alınması və onunla mübarizə sahəsində Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi və Daxilii İşlər Nazirliyi ilə əməkdaşlıq edir.

USAID iki ildir keçirdiyi Onlayn İctimai Nəzarət Platforması çərçivəsində Azərsu ASC, Bakı Nəqliyyat Agentliyi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və başqa dövlət qurumları ilə əməkdaşlıq etdiyini bildirir.

Bundan başqa, USAID-in dəstəyi ilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə birgə “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində silsilə vebinarlar keçirib.

USAID 2020-ci ildən bəri Azərbaycanın COVID 19-la mübarizə səylərinə dəstək məqsədilə 4 milyon dollar ayırıb.

Qurumun Azərbaycan üzrə missiyasının keçmiş rəhbəri Jaidev "Jay" Singh Report-a ötən il verdiyi müsahibəsində deyib ki, 2019-cu ildən etibarən Azərbaycanda həyata keçirdikləri “Özəl sektora dəstək” adlı proqram çərçivəsində İqtisadiyyat Nazirliyi, AZPROMO və digər qurumlarla əməkdaşlıq həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılmış PROGRO Peşəkar İnkişaf və İnnovasiyalar Platforması USAID tərəfindən maliyyələşdirilir. Gənclərə xitab edən bu platforma əmək bazarına cavab verə bilməsi üçün onların peşə bacarıqlarını təkmilləşdirməyə yönəlib.

4. Azərbaycan hakimiyyəti USAID-ə niyə qəzəblənib?

Samantha Power

Şəklin mənbəyi, X/@Samantha Power

Şəklin alt yazısı, Samantha Power Qarabağdan qaçqın düşən ermənilərə USAID-in maliyyə yardımını X hesabında video ilə açıqlayıb.

Noyabrın 21-də USAID Qarabağı tərk edən 100 min erməniyə humanitar yardım göstərmək üçün 4 milyon dollardan çox vəsait ayırdığını elan edib. Qurumun rəhbəri Samantha Power X platformasındakı hesabında bildirib ki, Azərbaycanın keçirdiyi son “antiterror əməliyyatından sonra qaçqın düşmüş ermənilərə humanitar yardm ayırmaq” qərarına gəliblər.

Onun bu postundan sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X platformasında ABŞ-ı tənqid edib. O deyib ki, Ermənistanın Azərbaycan torpaqlarının 30 il çəkən işğalı nəticəsində "1 milyondan çox qaçqının etnik təmizləməyə məruz qalmasına rəğmən, ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb”.

Hikmət Hacıyev reaksiyasını “Maskaları çıxarın. USAID-ə artıq yer yoxdur” cümləsi ilə bitirib.

Bundan sonra Azərbaycan hakimiyyətinə yaxın media USAID-i “təxribatçı” fəaliyyətdə günahlandıraraq bəzi müstəqil media orqanlarını, feminist fəalları bu qurumla əməkdaşlıqda ittiham ediblər.

Media ittihamlarının ardınca AbzasMedia rəhbərləri Sevinc Vaqifqızı, Ülvi Həsənli və Məhəmməd Kekalov həbs olunublar. Qaçaqmalçılıqda ittiham edilən jurnalistlər həbslərini peşə fəaliyyəti ilə bağlayırlar.

Amma ABŞ Azərbaycanın qəzəbinə təkcə Samantha Power-in açıqlamasına görə gəlməyib.

ABŞ dövlət katibinin köməkçisi James O`Brien noyabrın 15-də Konqresdə çıxışı zamanı Azərbaycanla “ikitərəfli münasibətlərin əvvəlki kimi ola bilməyəcəyini”, Washington-un Bakı ilə “yüksək səviyyəli ikitərəfli görüş və təmasları” təxirə saldığını deyib.

O bildirib ki, ABŞ iki ölkə arasında sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdən imtinanın müddətini uzatmayacaq.

ABŞ rəsmisinin bu bəyanatını “qərəzli” adlandıran rəsmi Bakı da noyabrın 16-da bu ölkədən yüksək səviyyəli səfərləri ləğv etdiyini açıqlayıb.

Elə ABŞ dövlət katibi Antony Blinken-lə telefon danışığında da Prezident İlham Əliyev bu çıxışdan narazılığını gizlətməyib və deyib ki, bu "son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub".

5. ABŞ-da təhsil almış yüksək vəzifəli Azərbaycan məmurları kimdi?

USAİD məmur

USAID xəttindən başqa, həm də təhsil sahəsinə aid ABŞ qrantları ilə maliyyələşən proqramlar var.

1990-cı illərin axırlarından başlayaraq ABŞ-ın FLEX, Edmund Muskie, Hubert H. Humphrey, Fulbright və digər qısamüddətli və uzunmüddətli təhsil proqramları çərçivəsində hər il onlarla azərbaycanlı ABŞ-da təhsil alır və ya təlim keçir.

Bu gün ABŞ təhsilli məzunlar arasında Azərbaycanın müxtəlif dövlət qurumlarında təkcə orta və kiçik məmurlar yox, həm də nazirlər və ya digər yüksək vəzifə sahibləri var.

Onların arasında iqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov, Peşə Təhsili Agentliyinin rəhbəri Ceyhun Kərəmovun adını çəkmək olar.

Keçmiş diplomat Emin Şaiq İbrahimov BBC Azərbaycancaya deyib ki, XİN-də işləyəndə ABŞ hökumətinin verdiyi qrantlarla bəzi kurslarda iştirak edib: "Bir çox diplomatlar, başqa qurumların nümayəndələri də bunu edib".

O öz X hesabında yazıb ki, həyatında ən yadda qalan kurs "2008-ci ildə ABŞ-ın Bavariyada yerləşən Marşal Mərkəzində 3 aylıq kurort-kurs olub".

6. ABŞ səfirliyinin ABŞ təhsilli məzunlarla görüşü niyə ləğv olundu?

ABŞ təhsilli Azərbaycan Məzunllar Assosiasiyası

Şəklin mənbəyi, AAA/Facebook

ABŞ-ın Azərbaycandakı səfirliyi FLEX proqramının 30, Hubert H. Humphrey proqramının 45, ABŞ təhsilli Məzunllar Assosiasiyasının 20 illik yubileyi münasibəti ilə noyabrın 27-də Bakıda məşhur otellərin birində ABŞ təhsilli məzunların Qala görüşünü planlaşdırmışdı.

Ancaq hökumətə yaxın mediada bu qurumun Azərbaycanda "casus şəbəkəsi" yaratmağa çalışması ittihamlarının ardınca, bu görüş ləğv olundu.

Səfirlik görüşü təxirə salmasının səbəbini açıqlamır. ABŞ səfirliyindən BBC Azərbaycancaya yalnız o bildirilib ki, görüşdə hökumət, təhsil, qeyri-kommersiya və özəl sektorlar da daxil olmaqla müxtəlif təbəqələrdən olan 400-dən çox qonağın iştirakı gözlənilirdi və tədbiri “yenidən planlaşdırmağı səbirsizliklə” gözləyirlər.

7. “Casus” ittihamı necə qarşılanıb?

AAA

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, 2014-cü il. ABŞ təhsilli Azərbaycan Məzunllar Assosiasiyasının 10 ili münaibətilə təsisçi Fariz İsmayılzadə Azərbaycanın ictimai həyatında fəal iştirakına görə təşkilatın üzvünü mükafatlandırır

“ABŞ-ın casusu“ ittihamı ilə damğalanmaq bəzi ABŞ təhsilli azərbaycanlı məzunllar arasında “məyusluq” yaradıb.

“Biz müxtəlif yerlərdə - dövlət qurumlarında, ya özəl sektorda işləyirik, ləyaqətlə vətənimizə xidmət edirik”, - onlardan biri BBC-yə deyib.

“Mən məyusam, təkcə ona görə yox ki, bizə casus deyirlər, həm də ona görə ki, Assosiasiya hər hansı bəyanat verməyib”, - Azərbaycandakı xarici təşkilatlardan birində işlədiyindən adının açıqlanmasını istəməyən ABŞ təhsilli məzun BBC Azərbaycancanın müxbiri ilə söhbətində deyib.

O əlavə edib ki, ABŞ-da təhsil alanlar azərbaycanlılar arasında nazirlər, başqa yüksək vəzifəli məmurlar da var və belə bir ittiham "narahatlıq yaratmaya bilməz".

BBC Azərbaycanca ABŞ təhsilli Azərbaycan Məzunları Assosiasiyasının rəhbərliyinə ünvanladığı sorğuya hələ ki, cavab almayıb.

Assosiasiya 2003-cü ildə hazırda ADA universitetinin prorektoru olan Fariz İsmayılzadə tərəfindən yaradılıb.

BBC Azərbaycanca Fariz İsmayılzadənin bu ittihama münasibətini öyrənə bilməyib.

Paylaşımını ötürün Twitter
Twitter məzmununa icazə varmı?

Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu Twitter

Keçmiş diplomat Emin İbrahimovun ABŞ təhsilli azərbaycan məzunlarının “casus” adlandırılmasına reaksiyası "pis" olsa da, o bundan təəccüblənməyib.

"Guya ABŞ-a mesaj verirlər. Daha qlobal miqyasda isə bütün bunlar regiondakl Qərb-Rusiya toqquşması kontekstində baş verir", - o deyir və Azərbaycan hökumətinin Rusiyaya yaxın dayandığını hesab etdiyini izah edir.

8. Azərbaycanın USAID-ə ehtiyacı varmı?

USAİD

Şəklin mənbəyi, USAİD-Azərbaycan/Facebook

Şəklin alt yazısı, 2023-cü il. USAID “Şəfa” Qadın İnkişaf və Müəssisə qrupuna kənd təsərrüfatı texnikası verib

USAİD özünün 2020-2025-ci il üzrə “Azərbaycan: Ölkənin İnkişafı üzrə Əməkdaşlıq Strategiyası”nda açıqlayıb ki, Azərbaycanın USAİD-in digər tərəfdaş ölkələr kimi ABŞ-ın maliyyə yardımına ehtiyacı yoxdur.

“Rusiya regionda güc nümayiş etdirməyə davam etdikcə və Suriya, Türkiyə, Venesuela və başqa yerlərdə qeyri-sabitliyi qızışdırdıqca, Azərbaycanın əhəmiyyəti ABŞ milli təhlükəsizliyi üçün artır.

Güvən, etimad yaratmaq və diqqəti tərəfdaşlığa yönəltməklə, USAID/Azərbaycan-ın hökumətə əlçatımlılığı və təsiri ABŞ-Azərbaycan münasibətlərini gücləndirməyə kömək edə və addım-addım demokratik islahatlar və fundamental azadlıqlara hörmət üçün zəmin yarada bilər", - ictimaiyyətə açıq olan Strategiyada bildirilir.

USAİD-in Azərbaycanda son 10 ildə fəaliyyəti kifayət qədər məhdudlaşıb, məncə, onun ölkədən getməsi maliyyə baxımdan Azərbaycan cəmiyyətinə təsir etməz, amma bu qurumun Azərbaycanda mövcudluğu siyasi simvolik anlam təşkil edir. Nə qədər ki, USAİD Azərbaycandadır, bu, Azərbaycan-ABŞ münasibətlərində bir siyasi uzlaşmanın, əməkdaşlığın göstərici sayıla bilər”, - hüquq müdafiəçisi Anar Məmmədli BBC-yə deyib.

O əlavə edib ki, ABŞ-a "düşmən münasibət" sərgiləyən dövlətlər USAİD-i ölkədən çıxarıblar və Azərbaycanın Rusiya, Belarus kimi USAİD-lə əməşdaşlığı dayandıran ölkələrlə bir sırada dayanması onun imicini pisləşdirər.

2012-ci ildə Rusiya, 2021-ci ildə Belarus USAİD-lə əməkdaşlığı dayandıraraq onları ölkədən çıxarıb.

9. ABŞ-ın yardım siyasətinin məqsədi nədir?

USAID Amerika xalqı adından dünyada demokratik dəyərləri təbliğ edir və azadlığı, sülhü və firavanlığı inkişaf etdirir, qurum öz saytında missiyasını belə açıqlayır.

Ancaq siyasi təhlilçi Alya Yaqublu hesab edir ki, ABŞ-ın yardım siyasətinin arxasında onun öz “maraqları çərçivəsində təsir dairəsini genişləndirmək”, “yumşaq güc” olmaq istəyi durur.

“Yəni, həm ölkədə özüylə bağlı müsbət imic formalaşdırır, həm də bunu [maliyyə dəstəyini] hakimiyyətlə əməkdaşlıq formalarından birinə çevirib onunla münasibətlərini daha da "istiləşdirir", - o deyir.

ABŞ USAİD vasitəsi ilə yoxsulluğun azaldılmasına, demokratik idarəçiliyin güclənməsinə, insanların humanitar böhranlardan çıxmasına yardım edir, missiyanın izahında deyilir.