Azərbaycan: bu gün Xocalı faciəsi anılır

Xocalı, faciə

Şəklin mənbəyi, Azertac

Bu gün Azərbaycanda 32 il əvvəl Xocalıda törədilmiş kütləvi qırğının qurbanları yad edilir.

Bu ilin sentyabrında Azərbaycanın keçirdiyi birgünlük hərbi əməliyyatlar zamanı rəsmi Bakı Xocalı, o cümlədən Xankəndi və ətraf əraziləri öz nəzarəti altına alıb.

32 il öncə törədilmiş kütləvi qırğının ildönümü ilə bağlı ölkənin hər yerində, o cümlədən ilk dəfə Xocalının özündə anım mərasimləri keçirilib.

Bəzi Qərb ölkələri Xocalı qurbanlarının ailələrinə başsağlığı verərək regionda sülhün vacibliyini vurğulayıblar.

1992-ci ildə, Qarabağ müharibəsinin başlanmasının ilk illərində Xankəndi yaxınlığında yerləşən Xocalı sakinləri erməni və rus hərbçilərinin hücumları nəticəsində evlərindən çıxmağa məcbur qalıblar.

Fevralın 25-dən 26-na keçən gecə erməni və rus hərbçilərinin silahlı hücumu nəticəsində yüzlərlə qadın, kişi, uşaq öldürülüb, mindən çox adam əsir düşüb, 150 adamdan indiyə kimi xəbər yoxdur.

Azərbaycan Xocalı faciəsini "soyqırım" kimi təqdim edir və digər ölkələrin də bunu belə qəbul etməsinə çalışır.

32 il sonra Xocalı qurbanları şəhərin özündə yad edilib

Xocalı Əliyev

Şəklin mənbəyi, Azertac

Bu gün Xocalıya gedən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, faicə qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin layihəsi və yeri çoxdan hazır olsa da, o, layihənin reallaşdırılmasını hər il təxirə salıb.

Xocalıda faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsini nəzərdə tutan memorial kompleksin təməlqoyma mərasiminə qatılan İlham Əliyev deyib ki, onun tərəddüdləri olub:

“Memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi, mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün burada Memorial Kompleks yaradılacaq”.

O vurğulayıb ki, Xocalısız ərazi bütövlüyünü, suverenliyin tam bərpasını hesab edə bilməzdilər.

"Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”, - Prezident deyib.

Xocalı, faciə

Şəklin mənbəyi, Reza Deghati

Azərbaycanın Xarici İşlər Nazirliyi Xocalı faciəsi ilə bağlı fevralın 25-də yaydığı bəyanatda bildirib ki, 32 il əvvəl yaşananlar “məhz soyqırım cinayəti kimi Ermənistan tərəfindən öncədən planlaşdırılaraq, bu ölkənin tabeliyində olan qüvvələr tərəfindən icra olunub”.

Xocalı faciəsini beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirən nazirlik, bu hadisəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını vacib sayıb, bəyanatda vurğulanıb.

ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələrinin Azərbaycandakı diplomatik nümayəndələri Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı qırğın qurbanlarının ailələrinə başsağlığı veriblər.

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby Facebook səhifəsində bu cür hadisələrin təkrarlanmaması üçün regionda sülhün vacibliyini vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko da bölgədə davamlı sülhün əldə edilməsi üçün birgə işlər görülməli olduğunu deyib:

“Biz Xocalıda dəhşətli faciənin qurbanlarını yad edirik: qadınlar, kişilər, uşaqlar, qocalar və onların hamısının xatirəsini yad edirik. Xocalıda ailələrini, yaxınlarını, evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız barışıq və davamlı sülh naminə hər zaman birgə işləməliyik ki, belə faciələr bir daha təkrarlanmasın”.

Bu gün Bakıda Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld X hesabında "Xocalı faciəsi qurbanlarını bütün azərbaycanlılarla birgə” yad etdiyini deyib.

Xocalı

Şəklin mənbəyi, Reza Deghati

Tarixi mənbələrə görə, Xocalı faciəsində 613 nəfər həlak olub, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.

Hadisənin törədicisi kimi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin adı birgə çəkilir.

Azərbaycan rəsmilərinin bildirdiyinə görə, Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib.

İkinci Qarabağ müharibəsindən sonra, 2020-ci ildə Azərbaycan ordusu Xocalının bəzi kəndlərini azad etsə də, şəhərin özünə nəzarəti bərpa edə bilməmişdi.

Ötən ilin sentyabrında Azərbaycanın keçirdiyi bir günlük hərbi əməliyyatlarından sonra Qarabağdakı separatçı qurum özünü buraxdı və Azərbycan hökuməti Xankəndi, cümlədən Xocalıda nəzarətini bərpa etdi.