Nikol Paşinyanın "DQR" müstəqilliyini təbriki “sülhə ciddi zərbə vurur” - Azərbaycan XİN

Paşinyan

Şəklin mənbəyi, ARMENPRESS

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin “təhlükəsizliyi və hüquqlarının müdafiəsi” məsələsi həllini tapmadığı halda, “Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması” ilə bağlı bəyanatların əsassız olduğunu deyib. O, bunu “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin qəbul edilməsi günü münasibətilə xalqı təbrikində qeyd edib.

Rəsmi Bakı onun bu bəyanatının əvvəlki mövqeyi ilə “ziddiyyət” təşkil etdiyini və sülh prosesinə “ciddi zərbə” vurduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın bu çıxışını “Qarabağ bölgəsində separatçılığın təşviqinə xidmət” kimi qiymətləndirib.

İkinci Qarabağ müharibəsindən sonra Nikol Paşinyan tez-tez çıxışlarında bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

Azərbaycan bəyan edib ki, “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur və Şuşa istisna olmaqla, Xankəndi və ətrafı Qarabağ iqtisadi rayonuna daxil edilib.

Nikol Paşinyanın dedikləri Xankəndidə ərzaq çatışmazlığı probleminin həlli ilə bağlı müzakirələrin intensivləşdiyi və Qarabağda siyasi vəziyyətin gərginləşdiyi, tanınmamış qurumun “prezidenti” Arayik Harutyunyanın istefa vermək istəməsi ilə eyni vaxta təsadüf edir.

Nikol Paşinyandan “Dağlıq Qarabağın müstəqilliyi” təbriki

“Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri nəhayət, həll olunmayınca, Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün bəyanatlar əsassızdır”, - Ermənistanın Baş naziri Nikol Paşinyan şənbə günü “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin qəbul edilməsi günü münasibətilə xalqı təbrikində deyib, erməni mətbuatı yazır.

“32 il əvvəl bu gün Dağlıq Qarabağ Muxtar Vilayəti və Şaumyan vilayətinin bütün təbəqələrindən olan deputatlarının birgə iclasında öz müqəddəratını təyinetmə yolu ilə Dağlıq Qarabağın müstəqilliyi haqqında bəyannamə qəbul edilib. Həmin vaxt Dağlıq Qarabağ erməniləri Sumqayıtda, Bakıda və Kirovabadda (Gəncədə -red.) qırğınların şahidi olublar və müstəqillik bəyannaməsinin qəbulu həm də ekzistensial təhlükə ilə bağlı olub”, - Paşinyanın müraciətində deyilir.

O bildirib ki, hazırda Qarabağda yaşayan ermənilər Laçın dəhlizinin “qanunsuz blokadaya alınması nəticəsində ərzaq, qaz və elektrik enerjisi təchizatının dayandırılması ilə etnik təmizləmə təhlükəsi ilə üz-üzədirlər”.

Paşinyan qeyd edib ki, “Dağlıq Qarabağla bağlı müzakirələr zamanı BMT Təhlükəsizlik Şurası da Dağlıq Qarabağda humanitar böhran olduğunu, 120 min əhalinin həyatı və təhlükəsizliyinin təhdid altında olması faktını təsdiqləyib. Eyni zamanda, insanların Laçın dəhlizi ilə hər iki istiqamətdə nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinin təmin edilməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul 2023-cü il tarixli qərarlarının Azərbaycan tərəfindən icra olunmadığı vurğulanıb”.

Paşinyan beynəlxalq ictimaiyyətdən “Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin həyata keçirilməsinin qarşısının alınması üçün səylər göstərməsini gözlədiklərini” bildirib.

Baş nazir həmçinin, Ermənistanın Dağlıq Qarabağda normal həyatı, təhlükəsizliyi və hüquqların müdafiəsini təmin etmək üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Rəsmi Bakı: Bu çıxış “Qarabağ bölgəsində separatçılığın təşviqinə xidmət”dir

Bu, “Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarının növbəti sübutu və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviqinə xidmət”dir, Azərbaycan XİN-i Paşinyanın bəyanatından dərhal sonra açıqlayıb.

Rəsmi Bakı bildirib ki, 32 il əvvəl “Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılması kimi qələmə verilən avantüra sovet qanunlarına zidd idi və bu, hələ o zaman ali konstitusiya ilə təsdiqlənmişdi”.

Azərbaycan XİN-nin açıqlamasında vurğulanır ki, "öz müqəddəratını müəyyən etmək hüququna istinad edən Ermənistan rəsmiləri 1991-ci ilin 10 dekabrında Qarabağda separatçıların keçirdiyi saxta “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyi “hər kəsə məlumdur”.

“Dağlıq Qarabağın” "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş “uti possidetis” prinsipinə də zidddir və buna görə də beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır”, qurumun bəyanatında deyilir.

Rəmsi Bakı vurğulayıb ki, “Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və burada aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaq”.

Qarabağda yaşayan ermənilər bir neçə aydır ki, Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Azərbaycan Ermənistanın Xankəndinə göndərdiyi humanitar yardım karvanının Laçın sərhəd-buraxılış məntəqəsindən keçməsinə bir aydan çoxdur ki, icazə vermir.

Azərbaycan Qarabağda hazırkı problemi “siyasi manipulyasiya”, “qanunsuz statusu saxlamağa davam etdirmək” cəhdi kimi qiymətləndirir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Paşinyanın son çıxışından bir neçə gün əvvəl BBC Azərbaycancaya bildirib ki, Azərbaycan öz ərazisində hər hansı bir “boz zona”nın olmasını "qəbul etməyəcək”.

O vurğulayıb ki, Azərbaycan "kimlərinsə bundan sonra da ölkə ərazisində qeyri-qanuni yaşamasına dözümlü yanaşa bilməz”.

Eyni zamanda, rəsmi Bakı Laçın dəhlizinin açılması üçün Ağdam-Xankəndi yolunun açılması şərtini irəli sürüb və yerli yardım təşkilatına Qarabağa ərzaq aparmasına şərait yaradıb.

Amma Qarabağ erməniləri avqustun 29-da göndərilmiş 40 ton unu hələ ki, qəbul etməyiblər.

“Paşinyan 2020-ci ildə müharibəni, 2023-cü ildə isə sülhü uduzdu”

“Paşinyan 2020-ci ildə müharibəni, 2023-cü ildə isə sülhü uduzdu”, - deyə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri Eldar Namazov öz X (Twitter) hesabında Paşinyanın bugunki çıxışından sonra yazıb:

“2020-ci ildə “Qarabağ Azərbaycandır və nöqtə” deməklə, Paşinyan bütün danışıqlar prosesini məhv etdi və İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. Separatçı rejimi etdiyi bugunki “müstəqillik” təbriki ilə isə o, post müharibə dövründəki bütün danışıqlar prosesini sıfra endirdi və Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi üçün hərbi əməliyyat keçirilməsini qaçılmaz etdi”, - Namazov yazıb.

Eldar Namazov

Şəklin mənbəyi, Eldar Namazov X(Twitter)

Qarşılıqlı ərazi tanıma bəyanatları

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan arasında sülhə nail olmaq üçün keçirilən Praqa və Brüssel görüşlərindən sonra yayılan bəyanatlarda vurğulanıb ki, Azərbaycan və Ermənistanın BMT-nin nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqlikləri təsdiqlənib.

Bu ilin iyulunda Brüssel görüşündən sonra Avropa İttifaqı Şurasının prezidenti Charles Michel “görüşdə hər iki liderin digər ölkənin ərazi bütövlüyü və suverenliyini qəbul edərək Ermənistanın ərazisinin 29.800 kvadrat kilometr, Azərbaycanın isə 86.600 kvadrat kilometr olduğunu təsdiqlədiklərini” açıqlayıb.

Ötən ilin aprelində Nikol Paşinyan parlamentdəki çıxışında bildirmişdi ki, beynəlxalq ictimaiyyət Ermənistandan "Dağlıq Qarabağın statusu" məsələsində mövqeyini yumşaltmağa, "planka”nı aşağı endirməyə" çağırır.