Azərbaycanın Ermənistandan geri istədiyi 4 kənd barədə nə bilirik?

Qazax sərhəd Ermənistan Azərbaycan

Şəklin mənbəyi, Azertag

  • Müəllif, Aleksey Manvelyan
  • Vəzifə, BBC, Yerevan

Çərşənbə axşamı Azərbaycan və Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.

Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.

Ötən həftə Ermənistan 4 kəndi Bakıya qaytarmağa razılaşıb.

Şahin Mustafayevin xidməti bildirib ki, iki ölkənin ekspert qrupları işini davam etdirir.

Ötən cümə günü Azərbaycan və Ermənistan arasında ilk dəfə sərhəd müəyənləşib, Azərtac yazıb.

Tərəflər dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəliblər.

Xəbərdə deyilir ki, tərəflər delimitasiya prosesinin ilkin mərhələsində sərhədin ayrı-ayrı hissələrinin Sovet İttifaqı dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq, müəyyən olunmuş yerlərdən keçməsini qərarlaşdırıblar.

Razılığa görə, sərhəd xətti Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçəcək.

Rəsmi Yerevan 4 kəndi Bakıya qaytarmağa razılaşmasından sonra Azərbaycanla sərhəd kəndlərdə yaşayan sakinlər etiraza başlayıblar.

Onlar bazar günü Yerevan-Tbilisi yolunu bağlayıblar.

Videoya YouTube kanalımızda baxa bilərsiniz.

Aprelin 20-də Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Tavuş vilayətindəki rus sərhədçiləri çıxarıla bilər.

Rusiya hərbçiləri 2021-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş sərhəd toqquşmalarından sonra orda mövqe tutublar.

Paşinyan deyib ki, vəziyyət əhəmiyyətli şəkildə dəyişir, artıq orda "cəbhə xətti yoxdur" və sərhəd var.

"Sərhəd sülhün əlamətidir, bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər", - Paşinyan deyib.

Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki ölkə arasında həll olunmayan çox məsələlər qalıb.

Sərhədlər müəyyənləşmədiyinə görə, hər iki ölkə bir-birini digərinin ərazisini işğalda saxlamaqda ittiham edib.

Azərbaycan-Ermənistan sərhədində son həftələrdə yenidən gərginlik müşahidə olunub.

Bu gərginlik Azərbaycanın Ermənistandan Birinci Qarabağ müharibəsi zamanı işğal etdiyi bəhsi keçən 4 kəndi geri qaytarmasını tələb etdiyi bir vaxtda yaşanıb.

Hazırda bu kəndlərdə yaşayış varmı? Yerevan və Bakı bir-birindən nə istəyir?

BBC News Azərbaycanca bu və digər suallara cavab axtarıb.

Azərbaycan hansı kəndləri geri istəyir?

Azərbaycanın anklav kəndləri, qazağın 7 kəndi
Şəklin alt yazısı, Azərbaycan hazırda Ermənistandan anklav olmayan kəndlərin dərhal azad edilməsini istəyir.

Azərbaycanın Qazax rayonunun şimal-qərbində demək olar, xarabalığa çevrilmiş dörd kənd var.

Söhbət Ermənistanın Tavuş vilayəti ilə sərhəddə, Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir.

Onlar Birinci Qarabağ müharibəsindən, 1992-ci ildən Ermənistanın nəzarətində qalıb.

Keçən ayın əvvəllərində Azərbaycan Ermənistandan bu dörd kəndi dərhal azad etməyi tələb edib.

Onlar əsasən məskunlaşılmayan və ya seyrək məskunlaşmış ərazilərdir. Vaxtilə kənd olmuş bu ərazilərdə indi yaşayış yoxdur.

Azərbaycan və Ermənistan arasında sərhədlər hələ ki, müəyyən olunmayıb.

Sərhədlərin müəyyənləşdirilməsinə başlanması üçün isə Ermənistanın nəzarəti altında olan dörd sərhəd kəndi dərhal Azərbaycana qaytarılmalıdır - bu, Bakının tələbidir.

Ermənistan rəhbərliyi deyir ki, həmin kəndlər onsuz da Ermənistan ərazisi deyil. Ancaq oraya nəzarət, faktiki olaraq, Ermənistanın əlindədir.

Erməni sakinlər niyə yolu bağlayıblar?

Ermənistanın Tavuş vilayətində ötən həftəsonu başlamış etirazlara minatəmizləyənlərin sərhədin delimitasiyası üçün işə başlamaq istəməsi olub.

Etirazçılar ərazinin minadan təmizlənməsi işlərinə başlamağa imkan verməyib və iki istiqamətdə nəqliyyat hərəkətini bağlayıblar: Baqrataşen nəzarət keçid məntəqəsinə gedən Yerevan-Tbilisi və Kirants-Voskepar yollarında.

Ermənistanın Tavuş vilayətində Ermənistan-Gürcüstan yolunu bağlayan etirazçılar Azərbaycanla Delimitasiya Komissiyasının sədri, Baş nazirin müavini Mher Qrioryan görüş tələb edirlər. Onlar deyirlər ki, rəsmi bəyanatla Baş nazir Paşinyanın sakinlərə dedikləri arasında ziddiyyət var.

Sərhəd kəndlərinin sakinləri deyirlər ki, bu mərhələdə 4 anklav olmayan, daha sonra isə 4 anklav kəndlərin Azərbaycana verilməsi nəticəsində Azərbaycan hərbi postları Ermənistan kəndlərinin bir neçə metrliyinə yaxınlaşmış olur, sərhəd xətti az qala Kirants kəndinin içindən keçəcək.

Eyni zamanda, hazırda aksiya iştirakçılarının bağladığı dövlətlərarası yol, Rusiyadan Ermənistana gələn qaz kəməri və strateji yüksəkliklər Azərbaycanın nəzarəti altında olacaq, bir halda ki, Azərbaycanın nəzarəti altında olan Ermənistan ərazilərinin qaytarılıb-qaytarılmayacağı barədə bir söz deyilmir, sakinlər yerli mediaya bildiriblər.

Ermənistan hansı kəndləri istəyir?

Ermənistan-Azərbaycan sərhədi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qazaxa yaxın ərazidə yerləşən Voskepar sakinləri onları əhatə edən ərazilərin Azərbaycana verilməsini “qəbuledilməz” hesab edirlər.

Ermənistan Azərbaycanın istədiyi dörd kəndin ərazisini geri verməyə razı olsa da, özünə məxsus 31 kəndin "Azərbaycanın işğalı altında" olduğunu iddia edir.

31 kəndin adı, Baş nazir Paşinyana görə, bunlardır:

Tavuş vilayətində Berkaber, Sariqyuğ, Sevkar, Vazaşen, Paravakar, Movses, Artsvaberd, Çinari, Ayqedzor;

Sünik vilayətində Kacarans, Salvard, Qorayk, Sarnakunk, Angeğakot, Aqitu, Vaqatin, Verişen, Xoznavar, Teğ, Nerkin Hand;

Ararat vilayətində Paruyr Sevak kəndi;

Geğarkunik vilayətində Sotk, Kut, Norabak, Nerkin Şorja, Verin Şorja, Akunk, Kaxakn, Kutakan;

Vayots Dzor vilayətində Cermuk şəhəri.

Onların bir qismi hələ 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı, digərləri isə 2021-2022-ci illərdə Ermənistanla sərhəd ərazilərdə apardığı hərbi əməliyyatlar zamanı Azərbaycanın nəzarətinə keçib, Yerevan belə iddia edir.

Bakı bildirib ki, dövlət sərhədinin delimitasiyası keçirilməmiş Ermənistanın 31 kəndinə məxsus olan torpaqların işğalı barədə danışmaq "tamamilə əsassızdır".

Nikol Paşinyan, Ermənistan xəritəsi

Şəklin mənbəyi, Ermənistan Baş nazirinin Ofisi

Şəklin alt yazısı, Nikol Paşinyan dörd kəndin Ermənistan ərazisində olmadığını deyib.

Anklav kəndlər hansılardır?

Anklav bir dövlətə aid torpaq hissəsinin digər ölkənin torpaqları tərəfindən əhatə olunmasıdır.

Azərbaycanın geri almaq istədiyi kəndlərin sayı əslində 4 deyil, 8-dir.

Yuxarı Əskipara, Sofulu və Bərxudarlı anklav kəndlərdir. Digər belə bir kənd isə, Naxçıvan yaxınlığındakı Kərki kəndidir.

Azərbaycan hesab edir ki, bu kəndlər sərhədlərn müəyyənləşdirilməsi prosesi başlayandan sonra qaytarıla bilər.

"O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir", Prezident Əliyev deyib.

"O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır", İlham Əliyev bəyan edib.

Ermənistanın da Azərbaycan ərazisində bir anklavı var - bu, Gədəbəy rayonu ərazisində sahəsi 40 kvadrat kilometr olan Artsvaşen kəndidir.

Artsvaşen 1992-ci il avqustun 8-də, münaqişə nəticəsində Azərbaycanın nəzarətinə keçib və erməni əhalisi kəndi tərk edib.

Sovet Ermənistanı dövründə kənd əhalisinin sayı təxminən 4500 nəfər olub. Hazırda onların əksəriyyəti Ermənistanın Çambarak rayon mərkəzi (o zaman Krasnoselsk adlanırdı) və rayonun Draxtik kəndində məskunlaşıb.

Azərbaycanın geri istədiyi kəndlərdə vəziyyət necədir?

Azərbaycanın geri istədiyi kəndlər 1-ci Qarabağ müharibəsi illərində dağıdılıb, yandırılıb və orada hazırda yaşayış yoxdur.

Onlar hazırda Ermənistanın şimal-şərqindəki Tavuş bölgəsinə aiddir və Azərbaycan onları geri istəyir.

Ermənistan Baş naziri Nikol Paşinyan Qazax rayonu sərhəddə yerləşən Voskepar və Kirants kəndlərində kənd sakinləri ilə mart ayında görüşəndə o kəndləri Azərbaycana təhvil verməyin zəruriliyi barədə danışıb.

Sakinlərlə görüşdə Paşinyan bəyan edib ki, Azərbaycanla müharibəyə yol verməmək üçün Ermənistan hakimiyyəti demarkasiya və delimitasiyaya başlayıb.

Onun sözlərinə görə, bunun üçün sərhədlərin demarkasiyası və yaşayış məntəqələrinin Bakıya verilməsində kompromis lazımdır. Kəndlilər buna razılaşmayıb.

Ermənistanın geri istədiyi kəndlərdə vəziyyət necədir?

Ermənistan hökuməti deyir ki, Azərbaycan onun 31 kəndini "işğal altında saxlayır." Azərbaycan isə deyir ki, onun ordusu Ermənistan ərazisində mövcud deyil, çünki sərhədlərin harada bitdiyi məlum deyil.

Ermənistan iddia edir ki, Azərbaycan ordusu onun beş əyalətində 200 kvadrat kilometrdən çox əraziyə nəzarət edir. Bunlar Sünikdə 12 kənd, Tavuşda 9, Geğarkunikdə 8, Vayots Dzorda 1 və Araratda 1 kənddir - bunu Baş nazir Paşinyan açıqlayıb.

Azərbaycan hökuməti bu iddialarla razılaşmayıb və Paşinyanı "siyasi manipulyasiyalarda" ittiham edib.

Ermənistan iddia edir ki, Azərbaycan ordusu bu kəndləri 2-ci Qarabağ Müharibəsindən sonra, 2021 və 2022-ci illərdə sərhəd toqquşmaları zamanı işğal edib.

"Əslində, Azərbaycan 31 yaşayış məntəqəsini deyil, Azərbaycan ordusuna bütün hərəkətləri və yerdəyişmələri nəzarəti altında saxlamağa imkan verən ətrafındakı yüksəklikləri tutub", Kavkazskiy Uzel nəşrinə Ermənistan Elmlər Akademiyasının fəxri doktoru, kartoqraf Ruben Ğaleçyan deyir.

Bu, Azərbaycana “bu kəndlərin otlaqları və bütün əkin sahələrinə nəzarət etməyə imkan verir, kəndlilər öz mülkündən tam istifadə etmək imkanından məhrum olub”.

O, kəndlilərin ərazini kütləvi şəkildə tərk etməyə başlayacağı barədə narahatlıqların olduğunu deyib.

Erməni sakinlər niyə etiraz edir?

Voskepar xəritəsi, Yuxarı Əskipara kəndi, anklav
Şəklin alt yazısı, Nikol Paşinyan mart ayında Voskepar sakinləri ilə görüşüb

Paşinyanın müsbət bəyanatlarına baxmayaq, Ermənistanda bu kəndlərin Azərbaycana qaytarılmasına etirazlar dərindir.

Çünki bir çoxlarına görə, kəndlər Azərbaycana verilərsə, Ermənistan üçün dövlətlərarası yollarla bağlı ciddi problem yaranır. Ermənistanın Voskepar kəndi isə hər tərəfdən Azərbaycan ərazilərinin "mühasirəsinə" düşür.

Ermənistanı Gürcüstanla birləşdirən yol Tavuş rayonunda bu kəndlərin yaxınlığından keçir. Kəndlər Azərbaycana verildikdə yolun bir hissəsi Azərbaycanın nəzarəti altına düşür və faktiki Ermənistanın Gürcüstandan quru yolla əlaqəsinin kəsilməsi riski yaranır.

Ermənistanı təbii qazla təchiz edən boru kəməri də bu ərazidən keçir. Ermənistan kəndlərini birləşdirən dolanbac yolların bir hissəsi də indi Azərbaycanın nəzarətində olmayan ərazidən keçir.

2024-cü il martın 12-də keçirdiyi mətbuat konfransında Paşinyan erməni kəndlərinin blokadasını aradan qaldırmaq üçün, keçmiş Ermənistan SSRİ-nin hüdudlarından kənara çıxan yollar əvəzinə, Azərbaycanla sərhəddə yolun yeni hissəsini tikmək planlarını açıqlayıb.

Qazaxa yaxın ərazidə yerləşən Voskepar sakinləri onları əhatə edən ərazilərin Azərbaycana verilməsini “qəbuledilməz” hesab edirlər.

Onlar Baş nazir Nikol Paşinyana açıq məktubla müraciət edərək əraziləri “təhvil vermək əvəzinə, başqa həll yolu” tapmağa çağırıblar.

Sakinlər sərhədin bu sahəsində ərazilərin təhvil verilməsinin “Berkaber, Sariqyuğ, Tsaxkavan, Kirants, Voskepar, Bağanis, Voskevan, Koti və Barekamavan sərhəd kəndlərinə ciddi zərər vuracağını, mühüm əhəmiyyətli İcevan-Noyemberyan yolunun itiriləcəyini, kəndlərin boşalacağını” bildirirlər.

Onlar “nəyin bahasına olursa olsun, öz yaşamaq və azad hərəkət etmək hüquqlarını müdafiə etməyə, vətənin müdafiəsi naminə ordunun yanında, onun sıralarında olmağa hazır” olduqlarını bildirirlər.

“Hətta bu gün, düşmən mövqelərindən müəyyən məsafədə olaraq, biz vaxtaşırı onun müxtəlif sui-qəsdlərinə məruz qalırıq, ölkəmiz isə uşaqlarımızın təhlükəsizliyini təmin edə bilmir.

Bəs ərazilər təhvil verildikdən sonra, türklər evlərimizin və məktəblərimizin 20-30 metrliyində olanda, nə olacaq? Biz yenə xarici aləmdən təcrid olunmuş və düşmən ünsürlərin mühasirəsində olacağıq”, - Voskepar sakinlərinin Paşinyana müraciətində deyilir.

Rəsmi sənədlərdə nə var?

Həm Azərbaycan, həm də Ermənistan sərhədlərlə bağlı Alma-Ata bəyannamələrinə sadiq olduqlarını bəyan ediblər.

Alma-Ata bəyannaməsinə əsasən, SSRİ-nin inzibati sərhədləri Sovet İttifaqı dağılandan sonra yaranmış ölkələrin dövlətlərarası sərhədləri kimi tanınıb.

Ancaq, Türkiyənin TRT telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iddia edib ki, Azərbaycan sülh müqaviləsi layihəsindən Alma-Ata Bəyannaməsinə istinadı çıxarır. Ermənistan isə sərhəd delimitasiyasını məhz onun əsasında həyata keçirmək niyyətindədir. Rəsmi Bakı Mirzoyanın bu şərhini “reallığa cavab verməyən” açıqlama kimi qiymətləndirib.

Erməni tərəfi hesab edir ki, delimitasiya prosesi təkcə texniki əsaslara – xəritələrə deyil, həm də siyasi əsaslara – Alma-Ata Bəyannaməsinə əməl edilərək aparılmalıdır.

Amma iki ölkə arasında demarkasiya və delimitasiya işləri aparılmadığı üçün Bakı Ermənistanla indiki sərhədləri tanıdığını bəyan etməyib və onları şərti hesab edir.