Rusiyada həbsdə ölən müxalifət lideri Navalnı bu gün dəfn olunur

Aleksey Navalni

Şəklin mənbəyi, REUTERS

Rusiyada həbsxanada ölmüş müxalifət lideri Alexey Navalnı bu gün Moskvada dəfn olunur.

Onunla vidalaşmaq üçün dəfn mərasiminə yüzlərlə şəxsin gəldiyi bildirilir.

Putinin sərt tənqidçisi kimi tanınan Aleksey Navalnının komandası dəfn mərasimini təşkil etməkdə maneələrlə qarşılaşdıqlarını bildirib.

Onun mətbuat katibi Kira Yarmış nəşi kilsəyə aparmaq üçün nəqliyyat vasitəsi tapa bilmədiklərini açıqlayıb.

Yarmış "kimliyi bəlli olmayan şəxslərin morqlara zəng edərək Navalnının cəsədini qəbul etməmələri üçün təhdid etdiyini" deyib.

Rəsmilər Navalnının çəza çəkdiyi həbsxanada "huşunu itirərək" vəfat etdiyini bildirib. Yaxınları isə bu açıqlamanı şübhə altına alıblar.

Aleksey Navalnının meyiti iki həftə ailəsinə verilməyib. Rəsmilər bunu istintaqın gedişi ilə izah ediblər, Navalnın yaxınları isə hesab ediblər ki, hakimiyyət "zəhərlənmənin izini silmək" istəyir.

Fevralın 20-də ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Mark Libby və Fergus Auld həbsxanada vəfat etdiyi bildirilən, Rusiya müxalifətinin lideri Alexey Navalnının xatirəsini Bakıda Hüseyn Cavidin heykəli önündə yad ediblər.

Bir neçə gün öncə Navalninin fotosu və gül dəstəsi Azərbaycanın tanınmış şairi, Stalin repressiyasının qurbanı Hüseyn Cavidin heykəli önünə qoyulmuşdu.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld X fevralın 20-də hesabında yazmışdı ki, o, amerikalı həmkarı ilə Hüseyn Cavidin abidəsi önünə gedərək "Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün həyatı boyu inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının" xatirəsini yad edib.

Avropa İttifaqı da fevralın 20-də bəyanat yayaraq Aleksey Navalnının ölümündən "qəzəbləndiyini", bunun məsuliyyətinin "Prezident Putin və Rusiya hakimiyyətinin üzərinə düşdüyünü" bəyan edib.

Qurum bildirib ki, Rusiya onun qəfil ölümünün şərtləri ilə bağlı beynəlxalq səviyyədə müstəqil və şəffaf araşdırmanın aparılmasına icazə verməlidir.

Aİ Rusiyanın siyasi rəhbərliyini və hakimiyyətini cavabdehliyə cəlb etmək üçün hər cür səy göstərəcəyini, o cümlədən sanksiyalar vasitəsilə əməllərinə görə onları hesab ödəməyə məcbur edəcəyini vurğulayıb.

Fergus Britaniya

Şəklin mənbəyi, Fergus Auldt/X

Rusiya həbsxanasında vəfat etmiş müxalifət lideri Aleksey Navalnının ailəsinə bildirilib ki, onun cəsədi “kimyəvi yoxlama” aparmaq məqsədi ilə iki həftə saxlanılacaq.

Rusiya rəsmi dairələri ölümündən bir neçə gün keçsə də Navalnının cəsədinin harada saxlandığına dair hər hansı məlumat yaymadı. Meyitin yerini müəyyənləşdirməklə bağlı bütün cəhdlərin qarşısının alındığı bildirilirdi.

Yerli rəsmilər Navalnının nəşinin ailəsinə verilməməsini onun ölüm səbəblərinin araşdırılması və aparılan istintaqla izah edirlər, Navalnının yaxınları bildirmişdi.

Fevralın 18-də Kreml bəyan edib ki, Navalnının ölümü ilə bağlı araşdırmalar davam edir və hələlik “heç bir nəticə yoxdur”.

Müxalifət liderinin xanımı Yulia Navalnaya hökuməti onun cəsədini gizlətməkdə ittiham etmişdi.

O iddia edirdi ki, ərinin cəsədini saxlamaqla hökumət “onun bədənində olan zəhərləyici Naviçok maddəsinin izlərini yox etmək” istəyir.

Kreml onun bu sözlərini şərh etməmişdi.

Xanımı Yuliya Navalnaya ərinin işini davam etdirəcəyinə söz verib

Yuliya Navalnaya

Şəklin mənbəyi, EPA

“Salam, bu, Yuliya Navalnayadı”. Bu gün Aleksey Navalnın xanımı yaydığı video-müraciətdə sözünə mərhum ərinin məşhur kəlməsi ilə başlayıb.

Həbsxanada özünü pis hiss etdikdən sonra həyatını itirdiyi iddia edilən Rusiya müxalifətinin lideri Aleksey Navalnının xanımı Yuliya Navalnaya ərinin işini davam etdirəcəyini açıqlayıb.

Yuliya Navalnaya fevralın 18-də yaydığı video-müraciətdə deyib ki, “Putinin Alekseyi niyə öldürdüyünü” dəqiq bilir.

“Biz bilirik ki, Putin üç gün əvvəl Alekseyi niyə öldürdü. Bu barədə sizə mütləq məlumat verəcəyik. Bu cinayəti dəqiq kimin və necə törətdiyini mütləq öyrənəcəyik. Adlar çəkəcəyik və üzlər göstərəcəyik”, - deyə Navalnaya söz verib.

O, Aleksey Navalnının işini davam etdirərək ölkəsi üçün mübarizə aparacağını vəd edib.

Yuliya Navalnaya video müraciətində əlavə edb ki, insanları təkcə kədərini yox, həm də “gələcəyi öldürməyə cəsarət edənlərə” olan qəzəbini bölüşməyə çağırır.

"Az iş görmək ayıb deyil, heç nə etməmək ayıbdır, - deyə Yuliya Navalnaya ərinin bu sözlərini xatırladaraq əlavə edib, - özünü qorxutmaq ayıbdır. Ərimin xəyal etdiyi Rusiyanın gələcəyi azad, dinc, xoşbəxt, gözəldir, bizə lazım olan da budur”.

Bu, onun ikinci çıxışıdır. Bundan bir neçə gün əvvəl, ərinin ölüm xəbəri yayılanda Yuliya Navalnaya elə həmin vaxt yenicə işinə başlayan Münhen Təhlükəsizlik Konfransında çıxış edərək dünya ictimaiyyətini bu “dəhşətli rejimə” qalib gəlməyə çağırmışdı.

Bəzi xarici siyasi təhlilçilər əmindilər ki, Yuliya Navalnaya ərinin yerini tuta biləcək.

İndiyə kimi Rusiya Prezidenti Vladimir Putin Navalnının ölümü ilə bağlı hər hansı şərh verməyib.

Aleksey Navalnı

Şəklin mənbəyi, REUTERS

Aleksey Navalnının ölümü ilə bağlı rəsmi açıqlamada nə deyilir?

Rusiya Federal Penitensiar Xidmətinin Yamalo-Nenets Muxtar Dairəsi üzrə İdarəsi öz saytında məlumat yayaraq Aleksey Navalnının saxlandığı həbsxanada necə öldüyünü təsvir edib:

“2024-cü il fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum olunmuş Navalnı gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib”.

Açıqlamada qeyd edilir ki, müəssisənin tibb işçiləri dərhal gəlib və təcili yardım çağırılıb: "Bütün lazımi reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri müəyyənləşdirilir”, - İnterfaks quruma istinadən yazıb.

Navalnının anası Lüdmila deyib ki, fevralın 12-də, sonuncu dəfə oğlu ilə görüşəndə "o, sapsağlam və xoşbəxt" idi, "Novaya Qazeta" öz Facebook hesabında onun sitatını yayıb.

"Mən heç bir başsağlığı eşitmək istəmirəm", - o əlavə edib.

Rusiya Prezidenti Putinə Navalnının ölümü barədə məlumat verilib, Kremlin sözçüsü Dmitri Peskov deyib.

Aleksey Navalniy

Şəklin mənbəyi, GETTY IMAGES

Aleksey Navalnı - qısa bioqrafiya

  • O, 1976-cı il iyunun 4-də Moskvanın qərbində yerləşən Butın kəndində doğulub
  • Yamalo-Nenets rayonunda yerləşən Arktika cəzaçəkmə müəssisəsində 2024-cü ilin fevralında vəfat edib
  • Moskvanın 100 kilometr cənub-qərbindəki Obninsk şəhərində böyüyüb
  • 1998-ci ildə Moskvanın Xalqlar Dostluğu Universitetində hüquq üzrə təhsil alıb
  • 2010-cu ildə ABŞ-da Yale Universitetinin Dünya Təqaüd proqramının iştirakçısı olub
  • Həbs olunmazdan əvvəl iki uşağı olan Navalnı həyat yoldaşı Yulia ilə birlikdə Moskvada yaşayıb
Alexey Navalni

Şəklin mənbəyi, Mediazone

Navalnı sonuncu dəfə yanvar ayında çəkilən video zəngdə görüntülənib. Həmin videoda o, bir ay əvvəl köçürüldüyü Arktika cəzaçəkmə müəssisəsində geyindiyi həbsxana forması haqqında zarafat edib.

“Qütb canavarı” adlandırılan IK-3 cəzaçəkmə müəssisəsi Moskvadan 1900 kilometr şimal şərqdə, Xarp yaşayış məntəqəsində yerləşir.

Bu həbsxana Rusiyanın ən sərt cəzaçəkmə müəssisələrindən biri hesab olunur və orada saxlanılan dustaqların çoxu ağır cinayətlər törətmiş şəxslərdir.

Jurnalistlərlə video zəng vasitəsilə danışan Navalnının yaxşı əhval-ruhiyyədə olduğu görünür və zarafat edərək, “kifayət qədər uzaq” həbsxanaya köçürüldüyü üçün hələ də Yeni illə bağlı təbrik məktubu almadığını deyir.

Alexey Navalnı

Aleksey Navalnı 2020-ci ilin avqust ayında Omskda Noviçok adlı kimyəvi sinir-iflic maddəsi ilə zəhərləndirilmişdi və nəticədə, uzun müddətli komaya düşmüşdü.

Navalnı Rusiya Prezidenti Vladimir Putini onun zəhərləndirilməsinə əmr verməkdə ittiham edir, Kremlin bu ittihamı rədd edirdi.

O, sağaldıqdan sonra, müalicə üçün aparıldığı Berlindən Rusiyaya qayıtmış və dərhal da həbs olunmuşdu.