İranda məktəbli qızların zəhərlənməsi: müəllimlər etiraz edirlər

Müəllimlər

Şəklin mənbəyi, İran İşçilərinin Azad İttifaqı

Şəklin alt yazısı, Məşhəddəki müəllimlərin etiraz aksiyası

İran müəllimlərinin ən iri həmkarlar ittifaqı məktəbli qızların "silsilə zəhərlənmələri" ilə bağlı ölkə boyu etiraz aksiyaları keçirir.

Sosial mediada yayılan görüntülərə əsasən, müəllimlərin nümayişləri, o cümlədən Məşhəd, İsfahan, Rəşt, Sənəndəc və Şiraz kimi bölgələri əhatə edir. Bəzi yerlərdə etirazçılar arasında saxlanılanların olduğu bildirilir, BBC Farsca yazır.

Müəllimlərin Həmkarlar İttifaqının (ITTA) sözçüsü Məhəmməd Həbibi öz tvitində məktəblilərin sağlamlığının “müəllimlər üçün qırmızı xətt” olduğunu yazıb.

Dörd aya yaxındır ki, İranın müxtəlif bölgələrində yüzlərlə şagirdin zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılması geniş reaksiya doğurub. Tələbələrin valideynləri bu müddət ərzində dəfələrlə hökumətin fəaliyyətini tənqid ediblər.

İran hakimiyyəti hadisələrin araşdırıldığını bildirir.

İranın Ali Dini rəhbəri Ayətullah Əli Xameneyi son aylarda şübhəli halda məktəbli qızların zəhərlənməsi dalğasını “bağışlanmaz cinayət” adlandırıb. “Əgər bu işdə əli olanlar varsa və onlar şübhəsiz ki, var... günahkarlar ən sərt şəkildə cəzalandırılmalıdır”, o xəbərdarlıq edib.

Eyni zamanda hakimiyyət nümayəndələri “saxta xəbərlər” yayanlara qarşı xəbərdarlıqla çıxış edirlər.

Tehran prokuroru deyib ki, məktəbləri hədəf alan zəhərlənmə şübhəsi ilə bağlı "saxta xəbər və şayiələr" yayanlarla mübarizə üçün iki "xüsusi məhkəmə şöbəsi" yaradılıb.

Ayətullah Əli Xameneyi

Şəklin mənbəyi, KHAMENEI.IR

Bundan əvvəl yüksək səviyyəli rəsmi qızların qəsdən hədəf alındığını etiraf edib.

“Məlum oldu ki, bəzi insanlar bütün məktəblərin, xüsusən də qızların məktəblərinin bağlanmasını istəyir”, - fevralın 26-da keçirilən mətbuat konfransında İran səhiyyə nazirinin müavini Yunis Pənahi deyib.

Məktəbli qızlar arasında ölən olmayıb, lakin onlarla yeniyetmə tənəffüs problemi, ürəkbulanma, başgicəllənmə və halsızlıq kimi simptomlarla xəstəxanaya yerləşdirilib.

Etirazçı qadınlar

Şəklin mənbəyi, İRNA

“İstifadə olunan kimyəvi maddələr hərbi təyinatlı deyil və ictimaiyyət üçün əlçatandır”, - doktor Pənahi əlavə edib. - Tələbələrin heç birinin invaziv müalicəyə ehtiyacı yoxdur və təmkinli olmaq lazımdır”.

Rəsmi daha sonra onun sözlərinin təhrif olunduğunu bildirib.

Hesab olunur ki, bu, cavabdehlərin olmadığı üçün, ictimai qəzəblə üzləşən hakimiyyət daxilində parçalanmanın əlaməti kimi qəbul edilə bilər.

İranın dini mərkəzi sayılan Qum şəhəri kütləvi zəhərlənmənin episentrindədir, lakin belə hücumlar ölkə boyunca daha səkkiz şəhərdə baş verib.

Hadisələrlə bağlı ictimai narazılıq artmaqdadır.

İlk zəhərlənmə halları 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyinin 18 şagirdinin xəstəxanaya yerləşdirilməsi vaxtı qeydə alınıb.

Ondan bəri bölgədə daha 10-dan çox məktəbli qız zəhərlənib.

Fevralın ortalarında ən azı 100 nəfər Qum qubernatorluğu qarşısında etiraz aksiyası keçirib.

Etiraz

Şəklin mənbəyi, İRNA

“Uşaqlarımın təhlükəsizliyini təmin etməlisiniz! Mənim iki qızım var”, - sosial şəbəkələrdə yayılan etiraz videolardan birində qışqıran atanı görmək olar.

“İki qızım... və mənim onları məktəbə buraxmamaqdan başqa çarəm yoxdur..."

"Bu, müharibədir!" - eyni videodakı qadın deyir. "Qumdakı qızlar liseyində bunları edirlər ki, bizi evdə oturmağa məcbur etsinlər. Qızların evdə qalmasını istəyirlər!"

Bəzi valideynlər zəhərlənmədən sonra uşaqlarının həftələrlə xəstə qaldığını deyir.

Xəstəxanadan çəkilən başqa bir videoda yeniyetmə qızının yatağı yanında danışan ananı görmək görmək olar. “Əziz analar, mən anayam və uşağım xəstəxana çarpayısındadır, onun əl-ayağında gücü qalmayıb”, - deyə ana deyir.

"Onu çimdikləyirəm, amma heç nə hiss etmir. Xahiş edirəm, uşaqlarınızı məktəbə göndərməyin".

Dini mərkəz

Etiraz işarəsi

Şəklin mənbəyi, TWITTER

Hücumlar İslam Respublikasının dini mərkəzi, şiə islamı liderlərinin məskunlaşdığı Qum şəhərində başlayıb.

Lakin onların nüfuzu keçən il hicabı “düzgün” taxmamaq iddiası ilə polis tərəfindən saxlanılan gənc kürd qadının, Məhsa Əmininin ölümündən sonra əvvəlki qədər deyil.

Bəzi iranlılar hücumların etirazlar vaxtı gənclərin roluna görə “qisas” addımı olub-olmadığını sual edirlər. Sosial şəbəkələrdə hicablarını cıran məktəbli qızların fotolar yayılıb.

Bir çoxları həmçinin deyirlər ki, bu hücumlar Əfqanıstandakı Taliban ilə Nigeriyadakı Boko Haram islamçı qrupunun hərəkətlərini təkrar edən sərt xətt tərəfdarlarının əməli ola bilər və bu yolla valideynləri qorxudurlar ki, onlar qızların məktəbə getməsinin qarşısını alsınlar.

"İrana Boko Harammı gəlib?", İranın keçmiş vitse-prezidenti Məhəmməd Əli Əbtahi İnstagram səhifəsində sual edir. İslahatçı siyasətçiyə əsasən, "ekstremistlər hakimiyyət və dini məhdudiyyətləri" öz xeyrinə şərh edirlər.

İran rejimi adətən məcburi hicab kimi məhdudiyyətlərlə bağlı tənqidləri rədd edərək, universitetdə oxuyan qadınların sayı ilə öyünür. Ancaq gənc qızlar məktəbi bitirmirsə, universitet yalnız uzaq bir xəyala çevrilə bilər.

Qum şəhərinin qubernatoru ilə görüşlərdən birində iki dəfə zəhərləndiyini vurğulayan məktəbli qızın dedikləri rəsmi açıqlamalarının nə qədər qeyri-müəyyən və yanlış olduğunu göstərir.

"Onlar [rəsmilər] hər şeyin yaxşı olduğunu, istintaqın keçirildiyini deyirlər. Ancaq atam məktəbdə sual verəndə, ona bildiriblər ki, müşahidə kameraları artıq bir həftədir işləmir və hadisəni araşdıra bilmərik", - məktəbli qız əlavə edir.

"Bazar günü ikinci dəfə zəhərləndiyim zaman məktəb direktoru, “ürəyində problem var deyə xəstəxanaya yerləşdirilib” dedi. Halbuki mənim ürəyimlə bağlı heç bir problemim yoxdur!”.