Yerevanda polis idarəsinə hücum: iki kişi yaralanıb

yerevan, ermənistan, polisə hücum edən şəxs

Şəklin mənbəyi, police.am

Şəklin alt yazısı, Ermənistan polisi şöbəyə hücum edən üçüncü şəxsin fotosunu yayıb

Yerevanda polis idarəsinə hücum etmək istəyən üç nəfərdən ikisi yaralanıb, Ermənistan Daxili İşlər Nazirliyi (DİN) bildirib.

Qurumun məlumatına görə, həmin şəxslər paytaxtın Nor Nork inzibati rayon polis idarəsinə daxil olmağa çalışarkən əl qumbarasından istifadə edib və nəticədə "hücum cəhdi edənlərin ikisi ayağından yaralanıb və xəstəxanaya aparılıb".

Qurum bildirib ki, "partlayış nəticəsində zərər çəkənlər 51 və 55 yaşındadırlar".

Hadisə bazar günü, saat 17:00 radələrində baş verib, məlumatda deyilir.

DİN polis və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları tərəfindən "heç bir silahdan istifadə olunmadan üçüncü silahlı şəxsin də zərərsizləşdirildiyini" açıqlayıb.

Ermənistanın yerli mediası yazır ki, yaralıların vəziyyəti "orta ağır" qiymətləndirilir.

Ermənistan DİN-in açıqlamasında polis şöbəsinə hücumun səbəbləri ilə bağlı məlumat yoxdur.

“Saxlanılan kişi qeyri-adekvat vəziyyətdədir, tələbini öyrənmək mümkün deyil. İstintaq aşkar edər”, - Ermənistan DİN sözçüsü Narek Sarkisyan jurnalistlərə deyib.

Polis şöbəsinə silahlı hücumla bağlı Ermənistan İstintaq Komitəsində, Ermənistan Cinayət Məcəlləsinin "terrorçuluq" maddəsilə cinayət işi başlanılıb. Bu maddə üzrə 12 ilədək həbs cəza tədbiri nəzərdə tutulur.

Rusiyanın İnterfaks agentliyi Ermənistanın bəzi yerli informasiya vasitələrinə istinadən polis şöbəsinə hücum edənlərin “Döyüş qardaşlığı” adlı birləşməsi ilə əlaqəli olduqlarını yazıb.

Ermənistan Döyüş Qardaşlığı Ermənistanda polisə hücum Ermənistan polisinə hücum Tovuzun Ermənistanda qalmış kəndləri

Şəklin mənbəyi, Ermənistan Daxili İşlər Nazirliyi

Şəklin alt yazısı, Yerevanda hücuma məruz qalmış Nor Nork inzibati rayon polis bölməsi

“Döyüş qardaşlığı” birləşməsi isə Facebook-da yaydığı bəyanatında polisə hücum hadisəsi ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Polis eyni gündə, səhər saatlarında bu birliyin 49 üzvünü "qanunsuz silah daşımaq və saxlanmaqda şübhəli bilərək saxlayıb, Ermənistanın Armenpress saytı bu ölkənin Daxili İşlər Nazirliyinə istinadən yazıb.

“Döyüş qardaşlığı” üzvlərinin saxlanmalarına səbəbin onların Ermənistan hökumətinin sərhəd kəndlərini Azərbaycana vermək niyyətinə qarşı çıxış edən sakinləri dəstəkləmək üçün Azərbaycanla həmsərhəd Tavuş vilayətinə səfər etmələri olduğu bildirilir.

Təşkilat sərhəd bölgəsində poliqon tikib yerli sakinlərə təlim keçməyi planlaşdırıb.

Kənd sakinləri Ermənistan hökumətinin sərhəd kəndlərini Azərbaycana vermək niyyətinə qarşıdır.

Martın 22-də Tavuş vilayəti Voskepar kəndinin sakinləri sərhəd ərazilərinin Azərbaycana verilməsinə qarşı imza toplamağa başlayıblar.

Hüquq-mühafizə orqanlarının xəbərdarlığına baxmayaraq, “Döyüş qardaşlığı”nın təmsilçiləri dolayı yollarla sərhəd kəndlərinə gedib, lakin heç bir tədbir keçirə bilməyib.

Bazar günü, saat 18:10-a olan məlumata görə, “Döyüş qardaşlığı” birləşmənin başçısı Hrant Ter-Qabrielyan bütün 49 təşkilat üzvünün sərbəst buraxıldığını bildirib.

Azərbaycanın yerli Turan xəbər agenliyi yazır ki, 2021-ci ilin yayında yaradılmış “Döyüş qardaşlığı" İkinci Qarabağ müharibəsi iştirakçılarından ibarət hərbi qruplaşmadır, “müstəqil Ermənistan” ideologiyasını təbliğ edir.

Yerevanın “Hraparak” qəzeti isə hücum edənlərin qərbyönlü və millətçi və Paşinyana tənqidçi qrup olan Milli Demokratik Alyansın (Sasna Çrer - ermənicə, red.) tərəfdarları olduğunu yazır.

Alyans üzvləri 2016-cı ildə Ermənistanda bir polis bölməsinə hücum edərək polis nəfərlərin və tibbi personalı iki həftə ərzində girov saxlayıb, hadisə nəticəsində ölən və yaralananlar olmuşdu.