Niyə İstanbul üçün mübarizə Türkiyə üçün mübarizədir?

Türkiyədə İstanbul bələdiyyə seçkiləri

Şəklin mənbəyi, NECATI SAVAS/EPA-EFE

Şəklin alt yazısı, 2019-cu ilə qədər 25 il İstanbul və Ankaraya Prezident Erdoğan-ın Ədalət və İnkişaf partiyasından olan şəxslər rəhbərlik edib
  • Müəllif, Çağıl Kasapoğlu
  • Vəzifə, BBC Dünya Xidməti

Bu gün Türkiyədə bələdiyyə seçkisi keçirilir.

Seçici siyahısında 61 milyondan çox seçici var.

Seçkidə AKP, CHP, İYİ də daxil 30-dan çox partiya mübarizə aparır.

Recep Tayyip Erdoğan 90-cı illərdə
Şəklin alt yazısı, Recep Tayyip Erdoğan siyasi karyerasına İstanbulda İslam yönümlü partiyanın üzvü kimi başlayıb

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan-ın ürəyində İstanbulun xüsusi yeri var.

Təkcə ona görə yox ki, bura onun doğulduğu yerdir, həm də ona görə ki, İstanbul onun 1970-ci illərin əvvəlində siyasi karyerasına başladığı şəhərdir: Erdoğan-ın uşaqlığı işçi sinfi məhəlləsi sayılan Kasımpaşada keçib.

O, ilk olaraq bu məhəllənin də yerləşdiyi Bəyoğlundakı İslamçı bir partiyanın gənclər təşkilatının sədri olub.

Daha sonra o, üzv olduğu İslam yönümlü partiyanın siyasi pillələrini qalxaraq, İstanbulun bələdiyyə sədri, Baş nazir və prezident oldu.

Erdoğan İstanbul küçələrində, cib xərcliyi üçün Kasımpaşanın futbol meydançalarında və tarixi Eminönü ərazisində simit və su sataraq böyüyüb.

Genar Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri və İstanbul Medipol Universitetinin kommuniyasiya fakultəsinin təmsilçisi İhsan Aktaş bildirir ki, “Erdoğan-ın şəxsiyyəti İstanbulla müəyyənləşir” .

“İstanbul onun evidir. 2019-cu ilin bələdiyyə seçkilərində İstanbulu müxalifətə uduzmaq onun üçün sarsıdıcı idi”, cənab Aktaş Ədalət və İnkişaf Partiyası (AKP) ilə onun islamçı sələflərinin şəhərdəki 25 illik hakimiyyətinə son qoyan bələdiyyə seçkilərini nəzərdə tutaraq əlavə edir.

2019-cu ildə Erdoğan-ın fasiləsiz seçki rekordunu təzələyən adam ana müxalifətdəki Cumhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən və o vaxtdan bəri şəhəri idarə edən xarizmatik və populyar Ekrem İmamoğlu idi.

Lakin indi Prezident Erdoğan İstanbulu geri istəyir.

İstanbul “Türkiyənin modelidir”

İstanbul, Galata körpüsü
Şəklin alt yazısı, İstanbulun16 milyon əhalisi var və elektoratı müxtəlifdir

Prezident Erdoğan-ın üçüncü dəfə prezident seçildiyi parlament və prezident seçkilərindən təxminən bir il sonra -martın 31-də Türkiyə yenidən ölkəmiqyaslı bələdiyyə seçkilərinə hazırlaşır.

CHP hazırda 2019-cu ildə AKP-dən geri aldığı İstanbul, paytaxt Ankara və turistik şəhər Antalya kimi ölkənin böyük şəhərlərinə nəzarəti saxlamağı hədəfləyir.

Erdoğan 2019-cu ildə İstanbulda faktiki olaraq iki dəfə-martda və iyunda Türkiyənin Yüksək Seçki Qurumunun AKP-nin seçkidə qanun pozuntuları olmasına dair iddialarına görə seçkinin yenidən keçirilməsi ilə bağlı qərarından sonra məğlub oldu.

Türkiyədə seçkilər
Şəklin alt yazısı, İstanbul meri Ekrem İmamoğlu-nun tərəfdarları mart ayında keçiriləcək seçki kampaniyasında iştirak edirlər

“Böyük şəhərlərdə hakim AKP-yə qarşı seçkini udmaq müxalifətdə ruh yüksəkliyi yaratdı və prezident seçkilərində də qalib olacağına ümidlərini artırdı”, İşık Universitetinin Beynəlxalq Münasibətlər fakultəsinin siyasi elmlər üzrə professoru Seda Demiralp bildirir.

Müxalifətin ötən il prezident seçkilərini uduzmasına rəğmən, hələ də İstanbulda qalib olmaqla Türkiyədə qalib olmaq arasında güclü bir bağ var.

Əgər İmamoğlu İstanbuldakı hakimiyyətini qoruya bilsə, qarşıdakı 2028-ci il prezident seçkilərində müxalifətin qalib olacağına dair böyük ümidlər olacaq.

Cənab Aktaş deyir ki, İstanbul liderlərə Türkiyənin milli siyasətini formalaşdırmaq üçün əhəmiyyətli bir fürsət təqdim edir.

“İstanbuldan dəstək alanda birbaşa milli siyasətin aktyoru olursunuz. Həm də qlobal miqyasda".

Meqapolisin 16 milyon əhalisi var ki, bu da ölkənin təxminən 85 milyon əhalisinin beşdə birini təşkil edir. Onun seçiciləri müxtəlif siyasi, etnik, dini və iqtisadi mənşəyindən olan insanlardılar və onların da Türkiyənin müxtəlif bölgələrində dərin kökləri var. Ona görə də İstanbul bir çoxları üçün “Türkiyə modelidir”.

O, həm də Türkiyənin əsas iqtisadi mərkəzidir və ölkənin ÜDM-inə əhəmiyyətli dərəcədə töhfə verir.

İstanbul üzərində nəzarət Türkiyənin ticarət, turizm və maliyyə də daxil olmaqla iqtisadi fəaliyyətlərinin əhəmiyyətli bir hissəsinə nəzarət deməkdir.

İmamoğlu üçün sınaq

Ekrem İmamoğlu seçicilər qarşısında çıxış edir
Şəklin alt yazısı, Ekrem İmamoğlu cənab Erdoğan üçün ən böyük problem olaraq görülür

Cənab Erdoğan keçmiş ətraf mühit və şəhərsalma üzrə naziri Murat Kurumu İstanbul mer seçkilərində iştirak etmək üçün namizəd göstərsə də, yarışın əsasən Ekrem İmamoğlu ilə Recep Tayyip Erdoğan arasında getdiyi deyilir.

52 yaşlı cənab İmamoğlu keçmiş iş adamıdır və İstanbulda orta təbəqənin az tanınan Beylikdüzü rayonunun bələdiyyə sədri olarkən tanınıb.

O, son onilliklərdə Prezident Erdoğana ən böyük potensial rəqib kimi görünür, çünki ona qarşı mübarizə aparan əvvəlki müxalifət namizədlərinin heç biri onu heç vaxt məğlub edə bilməyib.

Martın 24-də Beylikdüzündə keçirilən seçki mitinqində cənab İmamoğlu tərəfdarlarına AKP-yə qarşı uğurunu təkrarlamaqda qərarlı olduğunu deyib: “2019-cu ildə biz bir səhifə bağladıq və 31 Martda onlar (AKP) tarix olacaq”.

Siyasi şərhçilərin fikrincə, cənab Erdoğana yenidən qalib gəlmək cənab İmamoğlunun siyasi nüfuzunu gücləndirəcək və onun qarşıdan gələn 2028-ci il prezident seçkilərində iştirakına yol açacaq.

Cənab İmamoğlu hələlik bu vəzifəyə hazırlaşdığını açıq şəkildə deməyib.

Martın 24-də Türkiyənin “Cumhuriyet” qəzetinə verdiyi müsahibədə ondan 2028-ci ildə keçiriləcək prezident seçkilərinə rəsmən namizəd olub-olmayacağı sualına belə cavab verib: “İstanbulla bağlı böyük arzularım var, başqa heç nə arzulamıram, sadəcə onları həyata keçirmək istəyirəm. İndi... Dörd ildən sonra baş verəcək bir şey haqqında şərh vermək mənasız olardı”.

Recep Tayyip Erdoğan İstanbulda mer seçkilərində öz naziri Murat Kurumu namizəd göstərib
Şəklin alt yazısı, Prezident Erdoğan İstanbul bələdiyyə sədrliyinə namizədi Murat Kurumla partiyanın mitinqlərində iştirak edir

Ekrem İmamoğlu İstanbula rəhbərlik etdiyi beş il ərzində şəhərdə dəmir yolu sisteminin genişləndirilməsi, eləcə də yeni yaşıllıqların salınması və sosial yardımın yaxşılaşdırılması ilə fəxr etdiyini deyir.

O, həmçinin bələdiyyə sədri olduğu müddətdə minlərlə yeni yaşayış binası tikməklə şəhərsalma layihələrini təbliğ edib və bu layihələri davam etdirəcəyini vəd edib.

Bələdiyyə seçkiləri mitinqlərində AKP tərəfdarları Prezidentin şəklini tuturlar
Şəklin alt yazısı, AKP tərəfdarları mitinqdə Prezident Erdoğanın plakatlarını və partiyanın pankartlarını tutublar

Zəlzələ qorxusu

Türkiyə altı ilə yaxındır ki, iqtisadi böhranla mübarizə aparır. Yerli seçki kampaniyası zamanı iqtisadi dirçəlişlə bağlı vədlər dəstək toplamaqda mühüm rol oynayıb, lakin İstanbul üçün şəhəri əhatə edən başqa bir qorxu var: zəlzələ.

Seysmoloqlar İstanbulda hər an dağıdıcı zəlzələnin baş verə biləcəyi və yerli hakimiyyət orqanlarının insan və maddi itkiləri minimuma endirmək üçün bütün mümkün tədbirləri görmələri barədə xəbərdarlıq edir.

İstanbulda güclü zəlzələ qorxusu var
Şəklin alt yazısı, İstanbulda güclü zəlzələ qorxusu var

Ötən il Türkiyənin cənubunda baş verən iki güclü zəlzələ nəticəsində 53 mindən çox insan həlak olub.

Köhnə, uçuq-sökük binaların sökülməsi və zəlzələyə davamlı yeni binaların tikilməsi planları ilə şəhərin yenidən qurulması layihələri AKP-nin gündəmindədir.

Seda Demiralp deyir ki, “Murat Kurum şəhər inkişafı ilə tanınır və simvolik əhəmiyyətə malikdir, lakin yenə də “qələbəni təmin etmək üçün bu, kifayət etməyə bilər”.

“Murat Kurum AKP-də texnokratdır və o, öz brendindən çox, əsasən partiyasının brendi ilə əlaqələndiriləcək – halbuki, cənab İmamoğlu üçün bunun əksi düşünülür”, – o əlavə edir.

Erdoğanın kampaniyası

Prezident Ərdoğan yerli seçkilərin onun “son seçkisi” olacağını söyləyib
Şəklin alt yazısı, Prezident Erdoğan yerli seçkilərin onun “son seçkisi” olacağını söyləyib

Prezident Erdoğan, aparıcı nazirləri ilə birlikdə İstanbula xüsusi diqqət yetirərək yerli seçkilər üçün fəal şəkildə kampaniya aparır.

O, martın 24-də İstanbulda toplaşan yüz minlərlə tərəfdarı qarşısında çıxış edərək, “İstanbul əsl sahibinə qaytarılacaq” deyib və tərəfdarlarını şəhərdə “gecə-gündüz işləməyə, qələbəni təmin etməyə” çağırıb.

“Biz 31 Martda yeni dövrün qapılarını açacağıq (…) Ölkədə getdiyim hər yerdə hər kəsə deyirəm ki, İstanbuldakı qohumlarına zəng edib AKP-yə səs vermələrini istəsinlər”, - deyə o, izdiham qarşısında deyib.

70 yaşlı Prezident Erdoğan əvvəllər demişdi ki, bu, onun “son seçkiləri” olacaq: o, hazırda üçüncü prezidentlik müddətini icra edir və 2028-ci ildən sonra yenidən namizəd ola bilməz.

Lakin o, hələ heç bir varis yetişdirməyib.

Cənab Aktaş deyir ki, “AKP üçün başqa mümkün lider müəyyən etmək olduqca çətindir”.

“Erdoğan çox xarizmatik, çox güclü liderdir. Sorğu iştirakçılarından Erdoğan-ın yerinə kimin gəlməsini istədiklərini soruşduqda, heç kimi düşünə bilmirlər. Bu, partiya üçün bir çağırışdır”.

Lakin Prezidentin tənqidçiləri onun son seçkisi olduğunu deməsinə inanmırlar, onlar hesab edirlər ki, cənab Erdoğan İstanbuldakı seçki qələbəsindən həm milli, həm də yerli səviyyədə hakimiyyətini möhkəmlətmək üçün istifadə edə bilər və ondan sonra konstitusiya dəyişikliyinə nail olmaqla növbəti müddətə prezident ola bilər.

Bölünmüş müxalifət

Kür yönümlü DEM partiyası İstanbul bələdiyyə seçkilərində öz namizədini irəli serməsi Ekrem İmamoğlunun ziyanına ola bilər
Şəklin alt yazısı, Kürd yönümlü DEM Partiyasının bu ilki yerli seçkilərdə öz namizədini irəli sürməsi İmamoğlunun səs payını azalda bilər

Əvvəlki seçkilərlə müqayisədə cənab Erdoğanın üstünlüyü var: müxalifət artıq birləşmir.

Sorğular göstərir ki, İstanbulda başabaş mübarizə olacaq.

Konda sorğu şirkətinin məlumatına görə, son sorğuda cənab İmamoğlu İstanbulda səsvermə niyyətinin 38,2 faizini, AKP-dən Murat Kurumun isə 32,2 faizini əldə edib.

Cənab İmamoğlunun 2019-cu ildə qələbəsi əsasən millətçilər, dünyəvilər, liberallar, mühafizəkarlar, islamçılar və ən əsası kürdlərdən ibarət altı partiyalı koalisiyasının dəstəyi ilə təmin edilib. İstanbulda çox böyük kürd əhalisi var.

Lakin müxalifət ittifaqı 2023-cü il prezident seçkilərində prezidentlik uğrunda məğlubiyyətindən sonra dağıldı və İstanbulda güclü və sadiq seçki bazasına malik olan kürd yönümlü DEM Partiyası da daxil olmaqla müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak etmək üçün öz namizədlərini irəli sürüblər.

Digər müxalifət partiyalarının namizədlərindən heç birinin İstanbuldakı seçkilərdə qalib gəlmək üçün kifayət qədər səs toplaya bilməyəcəyi ehtimalı var, lakin onlar yenə də cənab İmamoğlunun qalib gəlmə şansını zədələyə bilər.

Amma cənab İmamoğlunun lehinə oynaya biləcək kritik məqam İslamçı Yeni Rifah Partiyasının son prezident seçkilərində olduğu kimi AKP-ni dəstəkləmək əvəzinə İstanbulda öz namizədinin olması qərarıdır.

Onların İstanbulda cənab Erdoğanın namizədinin tərəfinə keçməkdən imtina etmək qərarı cənab İmamoğlunun xeyrinə olardı.

İstanbulda cənab İmamoğlu və cənab Kurum təkcə öz sadiq tərəfdarlarının səsinə ehtiyac duymayacaq, həm də hər ikisi digər partiyaların seçicilərini qələbəni təmin etməyə inandırmalıdırlar.