Ukrayna müharibəsi: Rusiyadakı miqrantlar Putin müharibəsində iştirak etməyə məcbur edilirlər

Abdujalil Abdurasulov

BBC News

Rusiya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bu kişilər ötən ilki səfərbərlik dövründə orduya çağırılıblar, lakin müharibəyə göndərmək üçün ölkənin daha çox sayda qoşuna ehtiyacı var

Bir çox məhkumlar indi sadəcə olaraq müharibəyə getməyə məcbur edilə biləcəklərindən narahatdırlar. Mərkəzi Asiya ölkələrindən olan əmək miqrantları isə daha çətin vəziyyətdə olduqlarını hesab edirlər.

Ənvər 2018-ci ildə Rusiyaya iş dalınca gəlib. Daha sonra narkotik alverinə görə həbs olunub və cəzasını Vladimir vilayətindəki 6 saylı islah-əmək koloniyasına çəkmək üçün göndərilib. BBC təhlükəsizlik baxımından onun əsl adını və vətəndaşlığını açıqlamır.

Yanvarın sonunda o, atasına söyləyib ki, razılıqları alınmadan bir qrup Mərkəzi Asiyalı Ukraynaya döyüşə göndərilib. "Həmin həbsxanada çoxlu özbək, tacik, qırğız var. İndi onlar başqa bir qrupu göndərməyi planlaşdırırlar və oğlum onu da məcbur edəcəklərindən narahatdır", - Ənvərin atası BBC-yə deyib.

BBC Ənvərin məhkəmə sənədləri və həbsxanada cəza çəkdiyini təsdiqləyən məktublarıyla tanış olub. Yanvarda Ukraynaya getməyə məcbur olan qrup haqqında onun hekayəsini “Barmaqlıqlar Arxasında Rusiya” hüquq müdafiə təşkilatının direktoru Olqa Romanova da təsdiqləyir. Həmin məhbusların valideynləri kömək üçün ona müraciət ediblər.

"Onlara seçim imkanı verilməyib. Onlara müqaviləni imzalamaq tapşırılıb və kartof torbası kimi cəbhəyə göndəriliblər", - Olqa Romanova deyib.

Rusiya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Məhbusların valideynləri Olqa Romanovanın kömək edəcəyinə ümidlidirlər

O deyir ki, uşaqlarının Ukraynaya aparılmaması üçün əvvəlcə valideynlər məhkəməyə müraciət etmək istəyiblər. Lakin sonra onlar övladlarının həbsxanada qalacağı təqdirdə cəzalandırılacağından ehtiyat edərək bundan imtina etdilər.

6 nömrəli cəzaçəkmə müəssisəsi məhkumlara qarşı pis rəftar və onların tez-tez döyülmələri ilə məşhurdur. Olqa Romanova bunu “işgəncə həbsxanası” kimi qiymətləndirib. Rusiyanın tanınmış müxalifət xadimi Aleksey Navalnı da burada saxlanılır.

BBC-nin məhbusları hərbi müqavilələr imzalamağa məcbur etdikləri barədə iddialara cavab vermək xahişinə koloniya rəhbərliyi cavab verməyib.

Həbsxanalarda, görünür, səfərbərlik çox uğurlu olub, lakin Wagner döyüş meydanında ağır itkilər verdikcə vəziyyət dəyişir.

BBC News Özbəkcə Rusiyanın Rostov vilayətində həbsdə olan Özbəkistan vətəndaşı Fərruxla (əsl adı dəyişdirilib) danışıb. Onun bir neçə məhbus yoldaşı Wagner-ə qoşulub. Fərrux deyir ki, əvvəlcə bu, könüllü əsasda olub, amma indi o, məhbusların müharibəyə getməyə məcbur edilə biləcəyindən narahatdır.

"Əvvəlcə mən də getməyi düşünürdüm, çünki hamı Rusiyanın daha güclü olduğunu, Rusiyanın bəlkə bir aya, üç aya və ya bir ildən sonra qalib gələcəyini düşünürdü. Amma indi orada nə qədər insanın öldüyünü görürük, onlarda əsgər çatışmazlığı varsa, bu, yaxşı deyil. Onlar “get” desələr, mən isə imtina etsəm, deyəcəklər ki, Rusiyaya qarşıyam”.

Mərkəzi Asiya vətəndaşları Rusiya uğrunda döyüşmək üçün təkcə həbsxanalarda deyil, başqa yollarla da cəlb olunurlar. Rusiya Daxili İşlər Nazirliyinin son statistikasına görə, ümumilikdə Rusiyada Özbəkistan, Tacikistan və Qırğızıstandan olan təxminən 10,5 milyon miqrant işləyir. Və bu, hərbi çağırış rəhbərləri üçün böyük bir mənbədir.

Rusiya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Xəbərlərə görə, Wagner Rusiya həbsxanalarından minlərlə məhbusu səfərbər edərək Ukrayna cəbhəsinə göndərib

Rusiya hakimiyyəti Moskvadakı miqrasiya mərkəzində silahlı qüvvələrə qoşulmaq üçün insanları açıq şəkildə qeydiyyatdan keçirir. Hətta özbək, qırğız və tacik dillərində bu ölkələrin vətəndaşlarına silahlı qüvvələrə qoşulduqları təqdirdə Rusiya pasportunu əldə etmək üçün sürətli yol təklif edən elanlar var.

Lakin fəallar bunun heç də həmişə könüllü olmadığını deyirlər.

Miqrantların hüquqlarının müdafiəçisi Valentina Çupik BBC-yə bildirib ki, polis əməkdaşları bəzən küçədə Mərkəzi Asiyadan olan miqrantları saxlayıb, onları hərbi müqavilə imzalamaq üçün qorxudur. Onlara deyilib ki, əks halda deportasiya olunacaqlar, deyə xanım Çupik bildirib.

Bir çox əmək miqrantının müvafiq iş icazəsi yoxdur, qeydiyyatda olduqları ünvandan fərqlənən başqa ünvanlarda yaşayırlar və ya digər miqrasiya qaydalarını pozurlar. Və buna görə də onlar işə götürənlər üçün asan hədəfə çevrilə bilərlər.

İkili Rusiya və Tacikistan vətəndaşlığı olan Əziz (əsl adı deyil) BBC-yə işlədiyi tikintidə polisin reydi zamanı saxlanıldığını deyib. Ona vəsiqəsini yoxlamaq üçün polis bölməsinə aparılacağını söyləsələr də, o, hərbi komissarlığa gətirilib. O, polis əməkdaşlarına niyə yalan danışdıqlarını tələb edərək qışqırmağa başlayanda, onlar onun qollarını burub yenidən avtobusa atıblar.

Sonda onu azad ediblər.

Lakin Rusiyada bir çox miqrant müharibəyə göndərilməyə etiraza cürət etməyəcəkləri dərəcədə hüquq-mühafizə orqanlarının əməkdaşlarından qorxurlar.