İran Suriyadakı generallarının öldürülməsində İsraili günahlandırır

Suriya İran İsrail

Şəklin mənbəyi, EPA

İsrailin Suriyanın paytaxtı Dəməşq şəhərində İranın konsulluq binasına endirdiyi hava zərbəsi nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun 7 zabiti ölüb.

Həlak olanlar arasında korpusun Qüds Qüvvələrinin baş komandiri briqada generalı Mohammad Reza Zahedi və onun müavini briqada generalı Hadi Hacı-Rahimi də var.

İran və Suriya hökumətləri İran səfirliyi yaxınlığındakı binanın dağıdılması ilə nəticələnən bu hücumu pisləyib.

İsrail ordusu isə xarici medianın yazdıqları ilə bağlı şərh verməyəcəyini bildirib.

Bununla belə, İsrail son illərdə Suriyada İrana bağlı olan və İnqilab Keşikçiləri Korpusu tərəfindən maliyyələşdirilən silahlı birləşmələrin olduğu hədəflərə yüzlərlə hava zərbəsi endirdiyini təsdiqləyib.

BBC-nin beynəlxalq məsələlər üzrə redaktoru Jeremy Bowen hesab edir ki, bazar ertəsi baş verən hücum regionda ciddi eskalasiyaya səbəb ola bilər.

Onun fikrincə, İsrail bu hücumla İran və onun müttəfiqlərinin qətiyyətini sınaqdan keçirir və özünün də düşmənlərə qarşı apardığı mübarizədə ciddi olduğu siqnalını verir.

Jeremy Bowen yazıb ki, indi Təl-Əviv İran və Hizbullahın cavabını gözləyəcək,

Lakin o hesab edir ki, İranın cavabı hər kəsin gözlədiyi şəkildə olmaya da bilər.

“Hücum raketlərlə deyil, kiber-hücum formasında baş verə bilər”, - Jeremy Bowen qeyd edib.

Hücumla bağlı nə məlumdur?

Suriya İran İsrail

Şəklin mənbəyi, Reuters

Bazar ertəsi Suriya dövlət mediası xəbər verib ki, "İsrailin zərbəsi" Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasını dağıdıb.

İran dövlət mediası bildirib ki, ölənlər arasında İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Məhəmməd Rza Zahedi də var.

Bir İran xəbər agentliyi beş nəfərin, Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqlları Müşahidə qrupu isə 8 nəfərin öldüyünü bildirir.

İsrail hərbisi xarici mediada yazılanları şərh etmədiyini bildirib.

Suriya müdafiə naziri bildirib ki, İsrail raketləri yerli vaxtla saat 5-də konsulluğun binasını hədəfə alıb.

İran səfirliyi və konsulluq Dəməşqin mərkəzində yerləşir.

İran bu hücuma cavab verəcəyini deyr

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Tehran bu gün Dəməşqə hücumun arxasında duran “təcavüzkarlara” qarşı tədbirlər görmək hüququnu özündə saxlayır.

"Reuters"in məlumatına görə, Nasser Kanaani "Tehran təcavüzkara qarşı cavab və cəzanın növünə qərar verəcək" deyib.

Həm İran, həm də Suriya İsraili Dəməşqin mərkəzində hücumu həyata keçirməkdə ittiham edir. İsrail ittihamlara cavab verməyib və xarici medianın xəbərlərini şərh etmədiyini bildirib.

İsrail son bir neçə ildə Suriyada İranla əlaqəli hədəflərə yüzlərlə hücum həyata keçirib, lakin zərbələri nadir hallarda etiraf edir.

Israil Iran Suriya

Şəklin mənbəyi, Reuters

İran komandirin ölümündə İsraili günahlandırır

Baran Abbasi

BBC Farsca

Briqada generalı Məhəmməd Rza Zahedi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xaricdəki qolu olan Qüds Qüvvələrində mühüm fiqur idi.

O, 44 il əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusuna qoşulub və tez bir zamanda yüksək rütbəyə yüksəlib. O, 2008-2016-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livan əməliyyatının komandiri vəzifəsində çalışıb və bu müddət ərzində onun qüvvələri Suriya vətəndaş müharibəsində Prezident Bəşər Əsədə dəstək üçün vuruşub.

İran mediası onun 2008-ci ildə bomba yüklü avtomobillə öldürülən Hizbullah liderliyində ikinci adam olmuş İmad Mughniyeh ilə şəklini paylaşır.

İran iki ölkə arasında gərginliyin artmasına işarə edərək Zahedinin ölümündə İsraili günahlandırıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian suriyalı həmkarı ilə telefon danışığında İranın Dəməşqdəki konsulluğuna hücumu pisləyib.

O, İsrailin “bütün beynəlxalq öhdəliklərini və konvensiyaları pozduğunu” və bu cür “cinayətkar hərəkətlərə” görə məsuliyyət daşıyacağını bildirib.

İran Xarici İşlər Nazirliyinin saytı Abdullahiana istinadən, İsrailin Baş naziri Benyamin Netanyahunun “Qəzzada təkrarlanan məğlubiyyətlərdən” sonra “zehni tarazlığını tamamilə itirdiyini” bildirib.

İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri deyib ki, İran konsulluğuna hücumda “İsrail heç bir beynəlxalq qanunu tanımır və öz məqsədlərinə çatmaq üçün hər cür qeyri-insani addımlar atmağa hazırdır”.