Fransa Azərbaycandakı səfirini geri çağırıb: iki ölkə arasında nə baş verir? – 6 suala cavabda

Makron Əliyev

Şəklin mənbəyi, Getty, prezident.az

Şəklin alt yazısı, Prezidentlər Emmanuel Makron və İlham Əliyev son bir neçə ildir, bir-birini tənqid və ititham edirlər.

Fransa Azərbaycandakı səfirini "məsləhətləşmək üçün" geri çağırıb və Bakını iki ölkə arasında münasibətlərə xələl gətirən addımlar atmaqda ittiham edib.

Rəsmi Bakı bu ittihamları rədd edib.

Fransa Prezidenti Emmanuel Makron səfir Ann Boillonu qəbul edib və geri çağrılmasını müzakirə edib. O deyib ki, Azərbaycanın hərəkətlərindən təəssüflənir və Azərbaycan tərəfindən öz niyyətlərinə dair açıqlama istəyir.

Azərbaycan Xarici İşlər Nazirliyi deyib ki, rəsmi Bakının “Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub”.

Təhlil

Könül Xəlilova

BBC Azərbaycanca redaktoru

Fransa ilə Azərbaycan arasında münasibətlər bir müddətdir, gərginləşib. Fransa Ermənistanın müttəfiqidir və bu ölkədə böyük erməni icması yaşayır.

Fransanın Ermənistanı dəstəkləməsi Azərbaycanı narazı salır və o da öz növbəsində Fransanın keçmiş müstəmləkəsi olmuş ölkələrdə Fransa əleyhinə təbliğatlar aparılmasını dəstəkləyir.

Azərbaycanın hökumətyönlü mediasında Fransa hökuməti əleyhinə son aylarda yazılmış çoxlu yazılar görmək olar. Mediada yayılmış xəbərlərdə həmçinin keçmiş müstəmləkə ölkələrində keçirilmiş etirazlarda Azərbaycan bayrağının qaldırıldığını göstərən şəkillər var.

Fransa səfirinin geri çağrılması qərarı eyni zamanda, Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair Yerevanda səslənən bəyanatlardan sonra verilib. Baş Nazir Paşinyan Fransaya səfəri zamanı Azərbaycanın yeni ərazilər əldə etmək niyyətlərinin olduğunu iddia edib.

Fransa Prezidenti Makron da Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair ittihamlar səsləndirib - Azərbaycanda bunu qızışdırıcı bəyanat kimi görürlər.

Fransa Azərbaycan arasında gərginlik

Şəklin mənbəyi, Getty Images

1. Münasibətlər niyə gərgindir?

Rəsmi Bakı Parisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xələl gətirən addımlar atmaqda və açıqlamalar verməkdə ittiham edir.

Bir neçə ay əvvəl hər iki ölkə bir-birinin iki diplomatını “arzuolunmaz şəxs” elan edib və ərazisindən çıxmağı tələb edib. Bundan az əvvəl Azərbaycanda bir Fransa vətəndaşı casusluq ittihamı ilə həbs olunub. Paris bu ittihamı rədd edib.

Fransa XİN-in çərşənbə axşamı yaydığı bəyanatda deyilir ki, Respublika Prezidenti Macron səfirlə görüşündə “Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin niyyətlərinə aydınlıq gətirməsini istəyib”.

Bəyanatda vurğulanır ki, Fransa beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu bir daha bəyan edib.

“Bu standartlaşma həm ölkələrə, həm də bütün regiona fayda verəcək”, - deyə açıqlamada əlavə edilib.

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib ki, Fransa son illərdə öz fəaliyyəti ilə Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılması səylərini “ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib”.

Nazirliyin mətbuat katibi Ayxan Hacızadə yerli mediaya açıqlamasında deyib ki, buna rəğmən onlar tərəfindən “hər zaman dialoq qapıları açıq saxlanılıb”.

"Səfirin geri çağrılması diplomatik dildə iki dövlət arasında münasibətlərin çox gərginləşməsi deməkdir", - keçmiş diplomat Emin İbrahimov BBC-yə izah edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən il keçirdiyi mətbuat konfransında Fransa ilə münasibətlərin mövcud durumunun və vəziyyətinin "ən aşağı nöqtədə" olduğunu demişdi.

2. Azərbaycanda Fransa əleyhinə təbliğat nədir?

Hakimiyyətə yaxın yerli mediada son aylarda Fransa əleyhinə yazılar intensivləşib. Fransa Azərbaycan əleyhinə siyasət aparmaqda, eyni zamanda “müstəmləkə” olmaqda ittiham edilib.

Rəsmi dövlət agentliyi Azərtac fevralda “Fransa Milli Assambleyasında fransız müstəmləkəçiliyinin zorakılıqlarından danışılıb” başlığı ilə Fransada bəzi müxalif qüvvələrin tədbirindən video reportaj verib.

Həmin ay Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat yayaraq “Makron diktaturasının polislərini” yerli Korsika fəallarına qarşı təqiblərdə başlamaqda ittiham edib.

3. Azərbaycan Fransa vətəndaşını niyə həbs edib?

Ötən ilin dekabrında Azərbaycanda bir fransız vətəndaşı casusluq ittihamı ilə həbs edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanı Fransa vətəndaşını “özbaşına saxlamaqda“ ittiham edərək, onun dərhal azadlığa buraxılmasını tələb edib.

Bunun ardınca, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Parisin Fransa vətəndaşının Bakıda həbs olunması ilə bağlı bəyanatına eriraz etdi.

Azərbaycan XİN-nin sözçüsü Ayxan Hacızadə bildirmişdi ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda həbs olunan Fransa vətəndaşı barədə bəyanatı "reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir".

O əlavə etmişdi ki, nazirlik bu şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə "işbirliyini araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvanlasa da, səfirlik hər hansı bir izahat verməkdən və istintaqla əməkdaşlıqdan imtina edib".

Bundan sonra Fransa səfirliyinin Bakıdakı iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilib.

Ötən ilin sonunda Azərbaycan Fransanın iki diplomatını arzu olunmaz şəxs elan edərək 48 saata ölkədən çıxmasını tələb etdikdən sonra, Fransa da cavab olaraq, Parisdəki iki azərbaycanlı diplomata qarşı eyni addımı atmışdı.

Ceyhun Bayramov

Şəklin mənbəyi, BBC

Şəklin alt yazısı, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov

4. İki ölkə bir-birinin diplomatlarını niyə “arzuolunmaz şəxs” elan edib?

Rəsmi Bakının fransız diplomatlarla bağlı dekabrın 26-da verdiyi qərarından bir neçə gün əvvəl Azərbaycanın hakimiyyətə yaxın mediasında "Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşasını" iddia edən məqalələr dərc edilib.

Bu iddiaları şərh etmək istəməyən nazir Ceyhun Bayramov həmin vaxt keçirdiyi mətbuat konfransında yalnız onu deyib ki, diplomatlarla bağlı qərar verilməzdən öncə Fransa səfirliyinə "onların iki əməkdaşı barədə Azərbaycan dövlət orqanlarında ciddi faktların" olması ilə bağlı nota veriblər.

“Yəni, bu məlumatların araşdırılması zəruriliyi bildirilmişdi. Belə bir araşdırmanın aparılması üçün onlar dəvət edilmişdi. Diplomatik immunitetə sahib olan şəxslərlə bağlı araşdırma aparılması üçün həmin dövlətin razılığı tələb olunur. Fransa, dedikləri kimi, əməkdaşlarının günahsızlığına əmin idisə, onlar bu araşdırmaya imkan yarada bilərdilər".

Ceyhun Bayramov bildirib ki, Azərbaycandan fərqli olaraq, Fransa “heç bir dəlil olmadan” iki azərbaycanlı diplomatı arzuolunmaz şəxs elan edib.

“Bir daha deyim ki, bizim atdığımız addımda sübut, dəlil və fakt var, onlarda isə bu, yoxdur”, - Bayramov qeyd edib.

Fransa Xarici İşlər Nazirliyi bəyanatında azərbaycanlı iki diplomatın arzuolunmaz şəxs adlandırmasını, sadəcə, rəsmi Bakının atdığı addıma “cavab tədbiri” kimi izah edib.

“Fransa Azərbaycandakı səfirliyinin iki əməkdaşının Azərbaycan tərəfindən persona-non-grata elan edilməsi ilə bağlı qərarını nəzərə alır. Rəsmi Paris Azərbaycan tərəfinin öz qərarına bəraət qazandırmaq məqsədilə irəli sürdüyü ittihamları qətiyyətlə rədd edir. Fransa cavab tədbiri kimi Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını persona-non grata elan edib”, - Fransa XİN-in həmin vaxt yaydığı məlumatda deyilib.

5. Azərbaycan Fransadan niyə narazıdır?

Fransa Azərbaycan səfirlik əməkdaşları persona-non-grata

Şəklin mənbəyi, Kollaj/Azərtac/Getty Images

Şəklin alt yazısı, Bu həftə Azərbaycan Fransanın Bakıdakı səfirliyinin, Fransa isə Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşını "arzuolunmaz şəxs" elan edib

Azərbaycan Fransanı regionda “qərəzli və militarizasiya siyasəti yürütməkdə” tənqid edir.

Ceyhun Bayramov keçirdyi mətbuat konfransında Fransanı həm də "Azərbaycanofob və anti-Azərbaycan mövqedə" günahlandırıb.

Rəsmi Bakının Fransadan narazılığı yeni deyil.

2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron France-2 telekanalına müsahibə zamanı Azərbaycana yönəlik bəzi iddialar səsləndirməsi rəsmi Bakını qəzəbləndirmişdi. O demişdi ki, “Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla" məşğuldur.

Azərbaycan Prezidenti İlham Əliyev fransalı həmkarının sözlərini “təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli" adlandırıb və bununla da Fransanın özünü Azərbaycan-Ermənistan arasında normallaşma prosesindən kənarda qoyduğunu bildirmişdi.

Rəsmi Bakı Fransanın “Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini riskə atan qərəzli hərəkətləri”nə yol verdiyini və “hərbiləşdirmə siyasəti” apardığını əsas gətirərək İspaniyanın Qranada şəhərində əvvəldən planlaşdırılan “Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya” formatında nəzərdə tutulan beştərəfli görüşə qatılmaqdan imtina etmişdi.

Bu ilin oktyabrında Fransala Ermənistan arasında hərbi əməkdaşlığın imzalanması da rəsmi Bakını narazı salmış və rəsmi Parisin bu addımını regionda “destruktiv fəaliyyət” kimi qiymətləndirmişdi.

Fransa rəsmiləri isə Ermənistana verilən silahın müdafiə xarakterli olduğunu bildirmişdi.

6. İki ölkə arasında siyasi gərginlik hansı həddə qədər arta bilər?

Keçmiş diplomat Emin İbrahimov deyir ki, Azərbaycanla Fransa arasındakı münasibətlərdəki gərginlik Rusiya ilə Qərb arasında baş verən toqquşma fonunda yaşanır.

Onun fikrincə, nə qədər ki, Qərblə Rusiya arasında gərginlik artacaq və bu rəqabət kəskinləşəcək, "bir o qədər də Azərbaycan hökuməti Rusiyaya sığınmağa məcbur olacaq və eyni zamanda Qərblə münasibətlər bir o qədər korlanacaq".

“Azərbaycan hökuməti üçün anti-Qərb təbliğatını aparanda Qərb dövlətləri arasında hədəf seçmək üçün ən rahatı həmişə Fransa olub. Azərbaycan cəmiyyətində Fransanın ermənipərəst, neqativ bir imici var və Azərbaycan hökuməti də bütün bunlardan ümumilikdə Qərbi, Avro-Atlantik istiqaməti, demokratik xətti gözdən salmaq üçün sui-istifadə edir”, - Emin İbrahimov BBC Azərbaycancaya deyib.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov isə hesab edir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsində təşəbbüskar ölkə Fransadır.

Onun sözlərinə görə, Fransa son üç il ərzində üzv olduğu beynəlxalq təşkilatlarda bütün diplomatik səylərini “Azərbaycana qarşı təxribatların təşkilinə” yönəldib.

“İki ölkə arasında gərginliyin hansı həddə qədər yüksələcəyi Fransanın gələcəkdə hansı addımlar atmasından asılı olacaq”, - o deyir.

Ancaq Fərhad Məmmədov hesab edir ki, Fransa ilə yaşanan gərginlik iki ölkə arasındakı iqtisadi, ticarət və digər sahələrə təsir etməyəcək.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan heç vaxt Fransaya qarşı addım atmaq istəməyib, əksinə, həmişə münasibətlərin qorunmasının tərəfdarı olub.

O əlavə edib ki, Fransa Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətinə " ciddi şəkildə yenidən baxarsa və dəyişikliklər edərsə, onda hansısa rəylər və proqnozlar vermək mümkün olar".