Ermənistan: Kamil Zeynallının "ekstradisiyası üçün sənədlər hazırlanır"

Kamil Zeynallı

Şəklin mənbəyi, İctimai TV

  • Müəllif, Aygül Mehman
  • Vəzifə, BBC Azərbaycanca

Ermənistan Daxili İşlər Nazirliyi “Artsax vətəndaşını vəhşicəsinə qətlə yetirməkdə təqsirli bilinən” azərbaycanlı Kamil Zeynallının ekstradisiyası üçün sənədlər hazırlandığını bildirib, bu barədə DİN mətbuat katibi Narek Sarkisyan “Armenia Today” internet nəşrinə deyib.

Ermənistan Moskvadan Bakıya dönərkən Domodedovo hava limanında saxlanmış, Azərbaycanda fitness məşqçisi kimi tanınan Kamil Zeynallı barəsində istintaq getdiyini bildirib.

Kamil Zeynallı dünən axşam Moskvada sərbəst buraxılıb və Bakıya dönüb.

O, sərbəst buraxıldığı üçün Azərbaycan Prezidentinə, təhlükəsizlik və diplomatik qurumlara təşəkkür edib.

Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, Kamil Zeynallının ekstradiyası üçün sənədlər əvvəlcə Ermənistan Baş Prokurorluğuna, daha sonra isə Rusiya hüquq-mühafizəçilərinə təqdim ediləcək.

“Fevralın 21-də günorta saatlarında Rusiyadan rəsmi məktubla axtarışda olan şəxsin tapılması barədə məlumat verilib və axtarış faktının təsdiqlənməsi xahiş olunub. Cavab olaraq, axtarışı icra edən bölmə dərhal bu şəxsin dövlətlərarası axtarışda olduğunu təsdiqləyib”, - Ermənistan DİN rəsmisi bildirib.

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyam BBC Azərbaycancaya deyib ki, Azərbaycan vətəndaşı Kamil Zeynallı barədə Ermənistanda açılmış cinayət işi üzrə ibtidai istintaq gedir, ancaq mövzu ilə bağlı şərh verə bilməyəcəyini bildirib.

"Hazırda ibtidai istintaqın maraqlarına əsaslanaraq, heç nə deyə bilmərəm", - o deyib.

Kamil Zeynallı 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı sosial mediada yaydığı anti-Ermənistan şərhlərilə də tanınır.

Kamil Zeynallı

Şəklin mənbəyi, sosial media

Şəklin alt yazısı, İkinci Qarabağ müharibəsi zamanı yerli mediada yayılmış bir videoda Azərbaycan tərəfindən bir döyüş mövqeyində əsgərlərin Kamil Zeynallının qarşısında "sıraya düzüldüyü" görünür.

Kamil Zeynallının Qarabağ videolarında nə var?

Kamil Zeynallı ilə bağlı İkinci Qarabağ müharibəsi zamanı yayılan videoların birində o, erməni komandirin evinə girdiyini deyir. Başqa bir videoda o, azərbaycan hərbçilərini döyüşə həvəsləndirərək "erməni başı kəsən oğlanlardan" bəhs edir.

İkinci Qarabağ müharibəsi zamanı yerli mediada yayılmış bir videoda Azərbaycan tərəfindən bir döyüş mövqeyində əsgərlərin Kamil Zeynallının qarşısında "sıraya düzüldüyü" görünür. Həmin vaxt Müdafiə Nazirliyi yerli mediaya yalnız onu bildirmişdi ki, Kamil Zeynallının "Azərbaycan ordusunda heç bir vəzifəsi yoxdur və o, əsgərləri sıraya düzmək üçün heç kimdən icazə almayıb".

Kamil Zeynallının öz İnstagram səhifəsində 2020-ci ilin noyabrında paylaşdığı bir videoda İkinci Qarabağ müharibəsi zamanı bir topa mərmi qoyub atəş açdığı əks olunub.

O, son müharibə zamanı rəsmi şəkildə səfərbərliyə alınmayıb, Müdafiə Nazirliyinin hərbçisi olmayıb. Onun döyüş mövqelərinə necə düşməsini isə Müdafiə Nazirliyi indiyə kimi şərh etməyib.

Həmin videoya yazdığı təqdimatda Kamil Zeynallı cəbhəyə "qeyri-qanuni girdiyini və cox istiqamətdə könüllü vuruşduğunu" etiraf edib.

Kamil Zeynallı

Şəklin mənbəyi, sosial media

Şəklin alt yazısı, Kamil Zeynallı ilə bağlı İkinci Qarabağ müharibəsi zamanı yayılan videoların birində o, erməni komandirin evinə girdiyini deyir.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan Azərbaycan vətəndaşı Kamil Zeynallının "qətldə ittiham olunaraq dövlətlərarası axtarışa verildiyini" Armenpress-ə təsdiqləyib, sayt çərşənbə günü yazıb.

Bu arada bir azərbaycanlı hərbçinin 2020-ci ildə Qarabağda mülki ermənini qətlə yetirdiyini təsvir edən video və fotolar yenidən sosial mediada yayılıb.

BBC Azərbaycanca Azərbaycan hüquq-mühafizə orqanlarından bu video ilə bağlı hələ ki, açıqlama ala bilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı hər hansı şərh verməyəcəyini deyib.

Kamil Zeynallının vəkili Ələkbər Qarayev çərşənbə günü Moskvada Azərbaycan mediasına bildirmişdi ki, "Rusiya dövləti humanizm göstərib. Azərbaycan dövlətinin köməyi ilə, təkidi ilə, o, bu gün Azərbaycana qayıdacaq".

Kamil Zeynallı Azərbaycan Ermənistan

Şəklin mənbəyi, Kamil Zeynallı/Instagram

Kamil Zeynallı saxlanması ilə bağlı videoda nə deyir?

Fitnes məşqçi Kamil Zeynallı dünən gecəyarısından sonra bir video paylaşıb.

Videoda görünür ki, o haradasa oturub və yanındakı masada polis nəfəri əyləşib.

Kamil Zeynallı paylaşdığı videoda vurğulayıb ki, onu may ayında axtarışa veriblər.

“Maydan bu yana üçüncü dəfədir mən Rosiyaya (Rusiyaya-red.) girib-çıxıram, indi həbs etdilər”, Kamil Zeynallı deyib.

Kamil Zeynallı videoda deyir ki, “mənə deyirlər, ya səni Ermənistana təhvil verəcəyik, ya da özləri gəlib səni aparacaqlar”.

Kamil Zeynallı Azərbaycanın onu Ermənistan tərəfinə təhvil verilməsinə imkan verməyəcəyinə ümid etdiyini bildirib.

Mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə yerli mediaya “vətəndaşa müvafiq konsulluq-hüquqi yardımı göstəril”diyini bildirib.

Yerli media yazır ki, Kamil Zeynallı İkinci Qarabağ müharibəsi dövründə və daha sonra "informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və videogörüntülərin yayılması halları", "hərbi vəziyyət rejiminin tələblərinin pozulması" və digər maddələrlə ittiham olunub, barəsində azı iki dəfə inzibati həbs qərarı verilib.