Əfqanıstanın gizli məktəbləri

Əfqanıstanda dərs deyən və dinləyən qadınlar

Şəklin mənbəyi, Library: Getty Images / Sandra Calligaro

  • Müəllif, Sana Safi
  • Vəzifə, BBC Əfqan Xidməti

Əfqan qadınları gizli şəkildə təhsillərini davam etdirərək Taliban hökumətinə qarşı döyüşür və müqavimət göstərirlər.

Qadınlar tərəfindən təşkil edilən və müəllimlərin əksəriyyətinin qadınlardan ibarət olduğu gizli məktəblər kölgədən çıxmağa başlayaraq, dərs almaq üçün kifayət qədər cəsarətli olanlara onlayn və fərdi dərslər təklif edir.

BBC-nin Əfqan xidmətindən Sana Safi Londondan belə məktəblərdən biriylə əlaqə quraraq onların fəaliyyəti ilə, təhsilsiz qalmaq aqibətiylə barışmayan yeniyetmə şagirdlərlə tanış olub.

"Sanki təhsili oğurlayıram. Həyatı oğurlayıram"

Əfqanıstandakı bir yeniyetmənin bu həyəcanlı sözləri sanki qulağımda hələ də cingildəyir. Mən Londondakı mənzilimdə kompüter arxasında oturub Əfqanıstanda məxfilik şəraitində, gizli fəaliyyət göstərən bir məktəblə onlayn video görüntü vasitəsilə əlaqə qururam.

Virtual videobağlantının digər tərəfində olan qadından xahiş edirəm ki, noutbukunun kamerasını dərs deyilən otaqda sağa-sola hərəkət etdirsin ki, otaqdakı mənzərəni görə bilim.

Mənə tələbələrlə dolu sinif otağı göstərilir – içəridə azı 30 nəfərədək gənc qadın var. Ağ və ya naxışlı baş yaylıqları istisna olmaqla, qızların hamısı qara geyimdədir və onlar cərgə ilə oturublar. Onların müəllimi də tam qara geyimdədir, lövhənin yanında durub. Onun çəkdiyi diaqramlardan təxmin edirəm ki, bu, biologiya dərsidir.

Sinifdəki səs-küy virtual məkanı doldurduqca gözlərim önündə gizli bir reallıq açılır. Mən təkcə Əfqanıstandakı bu məxfi sinifi nəzərdə tutmuram.

Mən son il yarım ərzində qadınlar və qızlar üçün orta və universitet təhsilini qadağan edən Taliban rəhbərlərinə qarşı itaətsizlik nümunəsinin şahidi oluram.

Enişli-yoxuşlu xatirələrim

Əfqanıstanın gizli məktəbləri aləminə səyahətim enişli-yoxuşlu ürəkağrıdıcı şəxsi xatirələrimi yaddaşımda canlandırdı. Virtual bağlantımda müəllimlərlə və şagirdlərlə rəqəmsal pəncərə vasitəsilə əlaqə qurarkən, özümün ölkənin cənubunda - Qəndəharda keçən keçmişimi xatırladım.

Qeyri-rəsmi sinif otağında dərslik ətrafına toplaşmış gənc əfqan qadınları

Şəklin mənbəyi, Getty Images / Sandra Calligaro

Şəklin alt yazısı, Qeyri-rəsmi sinif otağında dərslik ətrafına toplaşmış gənc əfqan qadınları - (Arxiv foto)

Əfqanıstanda doğulmuşam və uşaqlıq illərində mən də gənc bir qız kimi gizli şəkildə məktəbə getməyə məcbur olmuşam.

Müəllimlə danışarkən bir anlıq özüm də acı və ağır xatirələrə baş vururam. Nəhayət, müəllimdən soruşmaq imkanı tapıram - o, nə vaxtdan məktəbdə işləyir?

“6 aydır ki, burada müəllim işləyirəm”, - həmsöhbətim deyir.

Ancaq qorxu hissi onu heç vaxt tərk etmir.

"Qardaşım tez-tez xahiş edir ki, "məktəbdən ayrıl. Məktəbdən heç kimin xəbəri olmasa da, o narahatdır ki, günlərin bir günü Taliban gələ bilər. Lakin məhz valideynlərim məni dəstəklədi və qalıb bacılarıma bilik öyrətməyin vacibliyini anlatdı. Mən onları başa düşürəm. Mənim də universitetim bağlanıb. Ona görə də buradakı qızların təhsil almasına kömək etmək istəyirəm”.

Sinif otağının özü ənənəvi taxta pəncərə çərçivələri, divarlardakı şəkillərlə bəzədilib və içəridə həyat sankı qaynayır. 90-cı illərə uzanıb gedən şəxsi xatirələrimlə indiki mənzərə arasında kəskin fərq görürəm.

Məktəb qapısından geri göndərildim

O vaxt Taliban amansız vətəndaş müharibəsi qırğınından sonra hakimiyyətə gələn kimi, bir gecənin içində bütün qadın və qızların təhsil alması qadağan edildi.

Nə qədər ki sağam, Taliban hakimiyyəti dövründə məktəbə getməyə çalışdığım ilk günü heç vaxt unutmayacağam.

Cəmi yeddi yaşım var idi, məni qapıda bir qadın qarşıladı, dedi ki, heç bir qızın və ya qadının məktəbə gəlməsinə icazə verilmir.

Əynimdə anamın tikdiyi və sarı kəmərlə bəzədilmiş qara rəngli məktəb forması vardı - buna da icazə verilmirdi. Yadımdadır ki, qadın içəri buraxılmadığımı söyləyəndə çox məyus olmuşdum, həm də ona görə ki, məktəb formamdan çox xoşum gəlirdi.

Ancaq valideynlərim, heç nədən çəkinmədən, mənim üçün gizli məktəb axtarmağa başladılar.

Evlərini bir neçə sinif otağına çevirmiş bir cütlük - ər və arvad tapdılar.

Hər səhər anam məni tərəvəz bazarına aparırdı və mən palçıq kərpicdən tikilmiş evdə təşkil edilmiş gizli məktəbə arxa qapıdan keçirdim.

Müəllimlik edən cütlüyün tapa bildiyi kitablardan oxuyub yazmağı öyrənirdik. Ancaq onların səyləri təəssüf ki, qısa ömürlü oldu.

Talibançılar xəbər tutan kimi məktəbimizə basqın etdilər və müəllimlərimizi 15 gün ərzində həbsdə saxladılar. Azad edildikdən sonra müəllimlər Əfqanıstanı tərk etdilər.

Beş il sonra, 11 sentyabr hücumları artıq baş vermişdi, ABŞ və müttəfiq qüvvələr Taliban rejimini devirdi və mən təhsil hüququmuzu geri alan milyonlarla yeniyetmə arasında idim.

Lakin 2021-ci ilin avqustunda Taliban hakimiyyətə qayıtdıqdan sonra qadınların və qızların təhsil almaq imkanları yenidən məhdudlaşdırıldı.

Bu dəfə kiçikyaşlı qızların məktəblərə getməsinə icazə verilir. Bununla belə, orta təhsilə, kollec və universitet təhsilinə qadağa qoyulub.

Bu, gənc qadınları arzuları havadan asılı qalmış vəziyyətə salır və onların potensialını boğan taleyin amansız üzüdür.

Qeri-rəsmi sinif otağıdan toplaşmış 20-dək qadın

Şəklin mənbəyi, Getty Images / Sandra Calligaro

Şəklin alt yazısı, Qeri-rəsmi sinif otağıda toplaşmış 20-dək qadın (Arxiv foto)

Əfqanıstanın gizli məktəb şəbəkələrinin mərkəzində kölgədə işləməyə məcbur edilən qorxmaz müəllimlər dayanır.

Paştanə Durrani ən son qadağa qüvvəyə mindikdən bəri ölkədə bir çox yeni məxfi məktəblərin yaradılması təşəbbüsünə rəhbərlik edən fəaldır.

“Təhsil al, Əfqanıstan” adlı çətir təşkilatı hazırda 12 yaşdan yuxarı 230 tələbəni əhatə edir.

"Taleyimin hökmü"

Onun sözlərinə görə, bu təşəbbüsə qoşulan hər bir insan böyük risk altındadır. "Ancaq hərəkət etməmək də sadəcə, mümkün deyil", - o deyir.

"Təhsilim olmasaydı, məni ərə verəcəkdilər. Bacımı ərə verəcəkdilər. Qardaşım hardasa uşaq işçsi qüvvəsi kimi istismar ediləcəkdi. Amma təhsilimə görə ailəmə baxa bilirəm. Və ona görə də taleyimin ağasıyam”.

Noutbukumun ekranından Paştanənin səylərinin necə gerçəkləşdiyinin şahidi oluram - onun tələbələri mənimlə qüsursuz ingilis dilində danışırlar. Onlar mənə biologiyadan kimyaya, fizikadan fəlsəfəyədək fənləri, eləcə də qrafik dizayn kimi praktiki mövzuları öyrəndiklərini söyləyirlər.

Bir neçə gənc qadın diplomat, həkim və mühəndis olmaq kimi arzularını söyləyir.

Ancaq onları dinlədikcə bu təşəbbüsün çətinlikləri barədə də düşünürəm. Bu cür məktəblərin aşkar olunması və bağlanması riski böyükdür. Ancaq bu gənclərin öyrənmək və inkişaf etmək əzmi də güclüdür.

Talibanın yeni təhsil qadağası ilə bağlı rəsmi mövqeyi ondan ibarətdir ki, bu qadağa daimi deyil. Onlar "təhlükəsiz mühit" yaratmaq və "tədris proqramına lazımi dəyişikliklər" etmək üçün çalışdıqlarını deyirlər. Ancaq bunun nə demək olduğunu və ya qadağanın nə vaxt ləğv oluna biləcəyini heç kim bilmir.

Əfqanıstanda qızların təhsili uğrunda mübarizə hələ bitməyib, lakin bu şəxslərin qətiyyəti ümidvericidir.

Bir şagirdin mənə dediyi kimi: "Biz müqavimət göstərməyə davam edəcəyik. Bəlkə bir gün tunelin sonunda işıq ucu görünər".