Azad olunmuş ərazilərdə kütləvi məzarlardan başqa, "107 nəfərin də qalıqları tapılıb"

Ağdamda tapılan toplu məzarlıq

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Ağdamın Sarıcalı kəndində aşkar edilən toplu məzarlıq

2022-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə görülən tikinti işləri zamanı kütləvi dəfn olunanlardan başqa, müxtəlif ərazilərdə tək-tək basdırılan 107 şəxsin də meyit qalıqları aşkar edilib, - Azərtac yazıb.

Baş Prokurorluğunun və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatına görə, "2022-ci ildə 32, 2023-cü ildə 60, 2024-cü ildə 4 nəfər olmaqla, ümumilikdə 107 şəxsin meyit qalıqları aşkar edilərək götürülüb".

"Bu statistikaya kütləvi məzarlıqlarda aşkarlananlar aid deyil",- Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

Xocalıda qalıqları tapılan insanlar

Bundan başqa iki gün əvvəl bu ayın əvvəlində Xocalı şəhərinin mərkəzində tapılan kütləvi məzarlıqda18 nəfərin meytinin qalıqlarını aşkarayıb, onlardan 8 nəfərin şəxsiyyəti müəyyənləşib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, şəxsiyyəti müəyyən olunanlardan 5-i Xocalı, 3-ü Xankəndi sakini olub.

Qalıqları tapılan Xocalı rayon sakinləri 59 yaşlı Ağəli Əliyev, 59 yaşlı Sürəyya Əliyeva, 30 yaşlı Akif Mahmudov, 18 yaşlı Xəzər Səlimov, 57 yaşlı Tamilla Səlimova olub.

Xankəndi şəhər sakinləri isə 38 yaşlı Əli Cavadov, 37 yaşlı İsmayıl İsmayılov və 38 yaşlı Bəsirə Məhərrəmova olub.

Qurum bildirib ki, istintaq materiallarına əsasən adı çəkilən şəxslər 1992-ci ilin 26 fevral tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, meyitlərinin qalıqları tapılan ən azı 18 nəfərdən dörd nəfərinin azyaşlı olması ehtimal edilir.

"Onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib",- Turan yazıb.

Məlumata görə, Baş Prokurorluq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və bir neçə dövlət qurumunun təmsilçilərinin birgə əraziyə baxış keçirməsindən sonra ekspertiza və laborator müayinələr aparılır.

Dövlət qurumları bildiriblər ki, toplanmış materiallar istintaq aparılan cinayət işinə əlavə edilib, əlavə məlumat veriləcək.

Azərbaycan Xocalı Əsgəran Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının

Şəklin mənbəyi, human.gov.az

Şəklin alt yazısı, Fevral ayında Əsgəran rayonu ərazisində aşkarlanmış məzar yerindən görüntü

Bu ilin martın 1-də Xocalı şəhərinin mərkəzində bir məzardan daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.

Qurum bildirib ki, ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində tapılmış insan qalıqlarının sayı həmin məzarda "azı 10 nəfərin" basdırıldığını göstərir.

Prokurorluq bundan öncə fevralın 29-da bu məzardan bir azyaşlıya məxsus qalıqların tapıldığını açıqlayıb.

"Kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2 nəfərin yetkinlik yaşına çatmayan olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib", Baş Prokurorluğun məlumatında deyilir.

Qurumun məlumatına görə, "aşkarlanmış sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb".

Bundan əvvəl "fevralın 9-da Əsgəran qalası ətrafında aparılmış axtarış və qazıntı işləri zamanı Xocalı soyqırımında qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin nəşinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb", - Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytında qeyd olunub.

Həm Baş Prokurorluq, həm də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ərazidə axtarış, qazıntı və ekshumasiya işlərinin davam etdirildiyini bildirir.

Azərbaycanla Ermənistan arasında son 30 ildə iki dəfə müharibə olub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, 1980-lərin sonlarından 1994-cü ilin ortalarınadək davam etmiş Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Həmin müharibədən sonra Azərbaycanın Qarabağ ərazisi və ətrafı 30 il Ermənistanın işğalı altında qalıb.

2020-ci il İ44 günlük kinci Qarabağ Müharibəsində Azərbaycan torpaqlarının çox hissəsini geri qaytarıb, 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda "antiterror tədbirləri" keçirərək, Xankəndi şəhərinə girib və ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu elan edib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytında bildirilir ki, işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə azı 9 toplu məzar yeri aşkarlanıb, həmin məzarlardan çıxmış qalıqlarla eyniləşdirmə nəticəsində indiyədək "9-u hərbçi olmaqla azı 25 nəfər" itkin düşmüş şəxsin şəxsiyyəti müəyyənləşdirilib.