Kahramanmaraşda yaşayan azərbaycanlı: “İnsanlar binaların altında qalır, amma sən kömək edə bilmirsən”

İlhamə Qasımlı

BBC News Azərbaycanca üçün, Ankara

Kahramanmaraş

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ötən gün Türkiyədə baş verən zəlzələnin episentri olan Kahramanmaraş şəhərində mülki vətəndaşlar dağılmış binaların qalıqları altında sağ qalanları axtarır.

“Gözünün qabağında binalar çökür, insanların binaların altında qaldığını görürsən, amma onlara heç bir yardım edə bilmirsən”, - Türkiyənin Kahramanmaraş şəhərində yaşayan, azərbaycanlı universitet müəllimi Həmran Əmirli bazar ertəsi erkən səhər saatlarında baş vermiş zəlzələdən sonra gördüklərini təsvir etməyə çalışır.

Fevralın 5-dən 6-na keçən gecə baş vermiş, episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,8 ballıq zəlzələ nəticəsində Türkiyənin 10 vilayətində minlərlə ölən, yaralanan var, 6 mindən çox bina dağılıb.

Kahramanmaraş Sütçü İmam Universitetinin doktorantı və biznesin idareedilməsi fakultəsinin müəllimi Həmran Əmirli BBC News Azərbaycancaya deyir ki, zəlzələnin 1 dəqiqə 30 saniyə davam etdiyi bildirilsə də, bu müddət ona “ən azı 15 dəqiqə kimi gəlib”.

“Ola bilər ki, o andakı psixoloji durumuma görə idi. Gecə evdən tərlik və üstümüzdəki nazik geyimlə çıxa bilmişdik. Sarsıntılar səngiyəndən sonra üstümə bir şeylər almaqçün geri qayıtdım. Evdə heç nə yerində deyildi. Hər şey dağılmışdı. Binanın sütunları qopmuşdu”, - o, zəlzələdən sonra gördüyü dəhşətləri xatırlayır.

Kahramanmaraşda zəlzələdən dağılan bina

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kahramanmaraşda zəlzələdən dağılan binada xilasetmə işləri aparılır.

Həmran Əmirli deyir ki, “şəhərin mərkəzindən əsər-əlamət qamayıb, bütün binalar yerlə bir olub”.

“Mən yaşadığım binanın qalıb-qalmadığından xəbərim yoxdur. Çünki o tərəfə getmək olmur. Kahramanmaraşın əsas mərkəzi bölgələri olan Azərbaycan və Trabzon küçələrində binalar yerlə birdir”, - o deyib.

Zəlzələnin sirayət etdiyi 10 şəhərdə orta və ali məktəblərdə təhsil dayandırılıb. Həmran Əmirli deyib ki, Kahramanmaraşda olan azərbaycanlı tələbələr koordinasiya olunub: “Hazırda bütün tələbələr universitet binasının dəhlizində toplaşıb. Qapıya yaxın oturmuşuq ki, təkrarlanacaq zəlzələdə mümkün qədər tez və təhlükəsiz şəkildə çölə çıxa bilək”, - əlavə edir.

Həmran Əmirlinin sözlərinə görə, Azərbaycanın Ankaradakı səfirliyindən onlara bildirilib ki, əlaqə qurula bilmiş tələbələr zəlzələ bölgəsindən təxliyyə olunacaqlar.

“İnsan yatmağa qorxur”

“Mən o sarsıntıdan sonra gecə yata bilmirəm. İnsan yatmağa qorxur. Səhər saat 6-da yatdım, 2 saat sonra oyandım. İnsan yatmağa qorxur”, - Kahramanmaraş Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Mərziyyə Məmmədli zəlzələdən sonra yaşadığı sarsıntılardan danışıb.

Hazırda zəlzələ bölgəsindən uzaqlaşa bilsə də, Mərziyyə Məmmədli təhlükəsizlikdə olmasına ürəkdən sevinə də bilmədiyini deyir:

“Dünən məndən “necəsən” soruşanlara cavab verə bilmirdim. Yaxşıyam, ya pisəm – açığı, heç özüm də bilmirəm. Sevincliyəm ki, ailəmi qurtara bilmişəm, özüm ordan qurutulub Ankaraya gəlmişəm. Allah bizi qurtarıb. Amma o qədər insan həlak olub ki, insan öz sevincini də yaşaya bilmir”, - Kahramanmaraş sakini Mərziyyə Məmmədli BBC Azərbaycancaya deyib.

Kahramanmaraş

Şəklin mənbəyi, Getty Images

“Yatağa yapışıb qalmışdıq”

Zəlzələ anından danışan Mərziyyə Məmmədli deyir ki, binanın silkələnməsi onları yuxudan oyadıb: "Zəlzələnin şiddətindən heç yerimizdən tərpənə bilmirdik, yatağa yapışıb qalmışdıq. Yerimizdən duran kimi birinci üstümüzü geyindik. Van zəlzələsini də yaşadığımız üçün bu durumda üstümüzü geyinməyin vacib olduğunu bilirdim”, - o deyib.

2011-ci ildə 7.2 bal gücündə olmuş Van zəlzələsi baş verərkən Mərziyyə Məmmədli bura yenicə köçübmüş. O deyir ki, Kahramanmaraşdakı zəlzələ daha dəhşətliydi.

“Gecə 12 idi, yatdıq. Bizim mənzil də 10 mərtəbəli binanın son mərtəbəsindədir. Binanın altında 2 mərtəbəli mağaza da olduğu üçün 12 mərtəbəli sayılırdı. Binanın silkələnməsinə oyandım. Yapışırsan yatağa, qalxa bilmirsən. Onsuz qalxsam da o silkələnmədə ayaqda dura bilməzdim. Evimiz 5 otaqlıdı. Ailədə 4 nəfərik, hər birimiz bir otaqda. Təsəvvür edin ki, anamın səsini eşidirəm, amma yerimdən qalxa bilmirəm ki, gedib kömək edim”, - Mərziyyə Məmmədli zəlzələ anını xatırlayır.

O, digər ailə üzvləri – anası, bacısı və bacısının oğlu ilə 10-cu mərtəbədən pilləkənlərlə enməyə məcbur olub.

“Bütün bina küçədə idi. Hava çox pis idi. Maraş belə sərt havaya öyrəşməyib. Pis tərəfi o idi ki, belə durumlarda dövlət bir az gec gəlir. Türkiyə zəlzələ ölkəsi olsa da, həmişə zəlzələni hazırlıqsız qarşılayırlar. Kütləvi toplanma sahələri yoxdu. Dağılan binaların alltında qalmamaq üçün açıq sahəyə getdik”.

O deyir ki, Kahramanmaraşa köçəndə bölgənin “fay xəttinin üstündə” (seysmik baxımdan aktiv bölgə) yerləşdiyi haqda məlumatı olub.

Mərziyyə Məmmədlinin sözlərinə görə, uzun illərdir, burda zəlzələ olmadığı üçün hamı nə zamansa zəlzələ olacağını gözləyirdi.

O xatırlayır ki, Kahramanmaraşa yeni köçərkən həmkarları ona şəhər mərkəzinin qədim hissəsindən ev tutmamağı məsləhət görüblər.

Kahramanmaraş

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kahramanmaraş şəhərində evlərinə girə bilməyən insanlar tonqal qalayıb başına toplaşıblar.

Mərziyyə Məmmədli deyir ki, ilk zəlzələdə oranın “yerlə bir olacağı ilə bağlı ehtimallar” eşitmişdi.

“Bunu müəllimlərimiz belə bilirdilərsə, rəsmi qurumlar da anlayırdı. Amma bölgə zəlzələyə hazırlıqsız yaxalandı. Dövlət ancaq insanları dağıntıların altından çıxarmağa baxır. Salonu isitmək üçün maşını tez-tez çalışdırmaqdan çoxunun benzini qalmamışdı. Mən də düşündüm ki, burda boşuna durmağın faydası yoxdur. Dövlətdən də nəsə gözləmək düzgün deyil. Maşınımda olan 240 kilometrlik benzin ehtiyatı ilə yola çıxdım”, - Mərziyə Məmmədli deyib.

O, acı təəssüflə tələbələrinin arasında ölənlərin olduğunu söyləyir.

“Müəllimlərimiz arasında ölənlər haqda, hələ ki eşitməmişəm. Çünki müəllimlərin çoxu universitet tərəfdə yaşayırdı. Universitet də Kayseri tərəfdədir, dağlıq bölgədir. Ona görə də birinci zəlzələdə o tərəfdə çox dağıntılar yox idi. Düzdür, ikinci zəlzələ olanda biz orda deyildik. Deyirlər, sonradan orda da bir neçə bina dağılıb”, - Kahramanmaraş faciəsinin şahidi danışır.

“3 gün əvvəl dosentlik dərəcəsi almışdım. Zəlzələ üzündən sevincini rahat yaşaya bilmədim. Zəlzələdən elə bir vəziyyətdəyəm ki, bu dəqiqə hissiyyatsız insan kimi yaşamaqdayam. Düzdür, təbii fəlakətdir. Kaş ki binalar sağlam olaydı. Belə baxanda biz də binanın içində idik. Binamız ayaqda qaldığı üçün biz də yaşayırıq. İnsanı öldürən keyfiyyətsiz inşa olunmuş binalardır. Deməli, faciənin miqyası inşaat mühənidisinin vicdanına bağlıdır. Təəssüf ki, məsələnin içində insan faktoru var”.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyədəki səfirlik əməkdaşları bölgəyə səfərbər olunublar və zəlzələ ərazisində təxliyə olunmaq istəyən Azərbaycan vətəndaşlarını avtobusla Bakıya göndərəcəklər.