Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə yolunu açan qətnamə qəbul edib

EP

Şəklin mənbəyi, Getty

Avropa Parlamenti Ermənistanın Avropa İttifaqına üzvlüyünə namizədliyi imkanlarına baxmağı təklif edən qətnamə qəbul edib. Bu, Baş nazir Nikol Paşinyanın Rusiyanın təşəbbüsü ilə yaradılmış KTMT-dən çıxa biləcəkləri ilə bağlı son açıqlamasından sonra baş verir.

Qətnaməyə görə, Avropa İttifaqı Ermənistanın xarici siyasətində qərbyönlü dəyişiklikdən “tam istifadə etməlidir”.

Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan Kollektiv Təhlükəsizilik Müqaviləsi Təşkilatından "Yeni ildən qabaq" çıxa bilər.

Bundan əvvəl də o, parlamentdə KTMT-də fəaliyyətlərini dondurduqlarını, suallarına cavab almadıqları təqdirdə, qurumu tərk edəcəklərini bildirmişdi.

Paşinyan bildirib ki, onlar KTMT-dən bu qurumun Ermənistandakı məsuliyyət zonası ilə bağlı suallarına cavab gözləyirlər.

KTMT rəsmiləri Ermənistandan fəaliyyətini dondurması ilə bağlı ərizə almadıqlarını bildiriblər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova KTMT-dən çıxmağın Ermənistanın təhlükəsizliyi üçün təhdid olacağını və Yerevanın Moskva ilə münasibətlərini zədələyəcəyini bildirib.

Avropa Parlamentinin qətnaməsində nə deyilir?

Avropa Parlamenti Avropa Komissiyasını və Şuranı Ermənistanı Aİ ilə təkcə iqtisadi məsələlərdə deyil, həm də təhlükəsizlik, siyasi dialoq və insanlar arasında təmas sahələrində əməkdaşlığı genişləndirməkdə fəal dəstəkləməyə çağırıb.

“Əgər Ermənistan namizəd statusu üçün müraciətində və demokratiyasını möhkəmləndirən davamlı islahatlarda maraqlı olarsa, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsinə zəmin yarada bilər”, – sənəddə deyilir.

Qətnamədə vurğulanır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü dondurmaqla Ermənistan təhlükəsizlik baxımından Rusiyadan asılılığını azaltmağa çalışır, təhlükəsizliyinin qorunması üçün "yeni oyunçular" cəlb edir və Fransa, Yunanıstan və digər Aİ üzv dövlətləri ilə hərbi əməkdaşlığı artırır.

Qətnamədə o da əlavə edilib ki, Ermənistan hələ də Avrasiya İqtisadi İttifaqının üzvüdür və hələ də Ermənistan iqtisadiyyatının böyük hissəsi Rusiyadan asılıdır.

Sənəddə ölkənin son illərdə "əhəmiyyətli siyasi dəyişikliklərə məruz qalması", hökumətin "demokratik institutların fəaliyyət göstərməsini" təmin etməsi vurğulanıb.

Qətnamədə göstərilir ki, Rusiya Ermənistanda demokratiyanı "sarsıtmağa", o cümlədən "dezinformasiya kampaniyaları vasitəsilə" davamlı cəhdlərlə "xaos və qeyri-sabitlik yaratmağa" çalışır.

Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı bildirib ki, ölkənin Aİ və Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük məsələsi referendumla həll olunmalıdır.

Ötən ilin oktyabrında isə o, Yerəvanın “Aİ-nin mümkün hesab etdiyi qədər” quruma yaxınlaşmaq istədiyini” deyib. Bundan sonra Ermənistanın Rusiya ilə münasibətləri daha da pisləşib.

Martın 14-də Nikol Paşinyan Avropa Parlamentinin qətnaməsini şərh edərkən deyib ki, qurum bununla “1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan Ermənistanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə sarsılmaz dəstək” ifadə edib.

Qətnamə Ermənistan və Azərbaycan arasında sülh səylərinə də dəstək ifadə edir, cümə axşamı həftəlik hökumət iclasında Paşinyan söyləyib.

Onun sözlərinə görə, Avropa Parlamenti qətnamədə Ermənistanda demokratiya, qanunun aliliyi və korrupsiya ilə mübarizə sahəsində ölkənin nailiyyətlərini qeyd edib .

Paşinyan, həmçinin sənədin Ermənistan ictimaiyyətinin müzakirəsinə çıxarılmasının zəruriliyini də vurğulayıb.

“Bu, Ermənistanın gələcəyə baxışını müzakirə etmək üçün daha bir səbəbdir və ümid edirəm ki, siyasi qüvvələr, ictimai təşkilatlar, cəmiyyətin müxtəlif təbəqələri, Ermənistan vətəndaşları Avropa Parlamentindən səslənən bu mesaja öz münasibətlərini bildirəcəklər. Çünki bu cür mesajların hökumətdən və ya parlament çoxluğundan daha geniş reaksiyaya ehtiyacı var”,- o deyib.

“Eyni zamanda, mən Ermənistan hökumətinin Ermənistan-Avropa İttifaqı münasibətlərinin daha da dərinləşdirilməsi və inkişafı istiqamətində işi davam etdirmək iradəsini də ifadə etməliyəm”, - Paşinyan bildirib.

Paşinyan son mətbuat konfransında KTMT ilə bağlı nə deyib?

Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, siyasi qərarı və siyasi mövqeni hüquqi proseslərlə "qarışıq salmaq lazım deyil" və onlar KTMT-də, faktiki olaraq, fəaliyyətlərini dondurublar.

"Bu, nə deməkdir? Bu, o deməkdir ki, biz toplanışlarda iştirak etmirik, nümayəndəmiz (KTMT-də) yoxdur. Bu, de-yure qərardır, yoxsa de-yura qərar deyil? Məsələn, niyə sual olunmur ki, niyə Ermənistan Respublikasının KTMT-də daimi nümayəndəsi yoxdur? Niyə Ermənistan Respublikası öz nümayəndəsini KTMT baş katib müavini təyin etmək kvotasından istifadə etmir? Niyə Ermənistan Respublikası KTMT-də dövriyyədə olan sənədlərə dair rəy ifadə etmir?" - Paşinyan bildirib.

O əlavə edib ki, “KTMT-nin Ermənistan Respublikasında məsuliyyət zonası hansıdır?” - sualına cavab almasa, ölkə fəaliyyətini de-yure donduracaq.

Nikol Paşinyan bundan əvvəl də KTMT-nin fəaliyyətindən narazılığını bildirib.

Ötən həftələrdə France-24 TV kanalına müsahibəsində o, Ermənistanın Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatında fəaliyyətinin dondurulduğunu bildirmişdi.

“Biz KTMT-yə sual vermişik və bu günə qədər cavab almamışıq. Və bu suala cavabın olmaması, fikrimizcə, Ermənistan Respublikasının milli təhlükəsizliyi və ərazi bütövlüyünə təhdidlər yaradır.

Çox sadə sualdır: KTMT-nin Ermənistan Respublikasında məsuliyyət sahəsi nədir?” –o, fevralın 28-də parlamentdə müxalif “Hayastan” fraksiyasının üzvü Geğam Manukyanın sualını cavablandırarkən deyib.

Paşinyanın sözlərinə görə, bu sual 2021-ci ilin may və noyabr, eləcə də 2022-ci ilin sentyabr hadisələrindən sonra yaranıb.

“Və bu sual belə bir kontekstdə meydana gəlib: KTMT bura missiya göndərmişdi və onun hərəkətlərinin və araşdırmalarının nəticələrinə əsasən vəziyyəti dəyərləndirməli idi.

Faktiki olaraq, KTMT üzrə tərəfdaşlarımız mövcud vəziyyətə hər hansı qiymət verməkdən imtina ediblər, elə bu da hazırkı vəziyyətə səbəb oldu”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, artıq bir ildir ki, Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur. Ermənistan uzun müddətdir ki, təşkilatın tədbirlərində - həm yüksək, həm ən yüksək səviyyədə - iştirak etmir.

KTMT-də qərarların qəbul edilməsində konsensus prinsipi tətbiq edilir. Paşinyan əmin edib ki, Ermənistan heç nəyə mane olmur, heç bir məsələ bloklamayıb. Eyni zamanda Ermənistan orada gedən proseslərdə iştirak etmir, Paşinyan deyib.

Onun sözlərinə görə, rəsmi Yerevan KTMT-nin Ermənistan Respublikasında hansı məsuliyyət zonasına malik olduğunu bilir.

“Bizim təklif etdiyimiz tək bir şeydir: bu legitim cavaba imza atıb, onu etiraf etsinlər. Və bu konsensus əsasında edilməlidir”, - Paşinyan qeyd edib.

KTMT rəsmiləri Paşinyanın bu ittihamlarını qəbul etmir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bu addımı atmamaqla bağlı Ermənistana xəbərdarlıq edib.

XİN sözüçüsü KTMT-dən çıxmağın Ermənistanın təhlükəsizliyi üçün təhdid olacağını və Yerəvanın Moskva ilə əlaqələrinə “bərpaolunmaz zərər” vuracağını bildirib.

KTMT

Şəklin mənbəyi, Getty İmages

Şəklin alt yazısı, 23 noyabr 2023-cü il. Belarusun paytaxtı Minskdə keçirilən KTMT-nin Zirvə Toplantısı. Ermənistan bura qatılmayıb.

"Hazırda Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə yoxdur".

Yerevanda mənzillənən Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İskandaryan hesab edir ki, hazırda Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə yoxdur.

“Gec-tez, prinsipcə, bu baş verə bilər. Lakin mən səhv də edə bilərəm, bu, indinin özündə də baş verə bilər. İnanmıram ki, bu, hər hansı ciddi dəyişikliyə səbəb ola bilər.

Çünki onsuz da Ermənistanla Rusiyanın KTMT çərçivəsində əlaqələri əslində böhranlı vəziyyətdədir və, Baş nazir dediyi kimi, real bir şey baş vermir – Ermənistan fəaliyyətini dondurub. Belə ki, Ermənistan KTMT-dən çıxsa da, çıxmasa da, bunun real təsiri olmayacaq”, - İskandaryan BBC Azərbaycancanın Yerevan müxbirinə deyib.

"Paşinyan belə bəyanatla Qərbə göstərmək istəyir ki..."

Politoloq Tiqran Qriqoryanın fikrincə, Paşinyanın KTMT ilə bağlı bəyanatı daha çox Qərb auditoriyasına hesablanıb və Ermənistan heç də hazırda KTMT-dən çıxmağa hazırlaşmır.

Paşinyan belə bəyanatla Qərbə göstərmək istəyir ki, Rusiyadan “uzaqlaşmaq istiqamətində əhəmiyyətli addımlar atılır”, o, Civilnet TV kanalına müsahibəsində deyib.

“Bu boykotun əsas niyyəti Qərbə eyham idi ki, baxın, biz bu təşkilatdan aralanırıq, müəyyən məsələlərdə Rusiya ilə müttəfiq deyilik, və bu siyasəti ilə Ermənistan Qərbdən əlavə dəstək almaq məqsədi güdür”- Tiqran Qriqoryan vurğulayıb.

O hesab edir ki, Ermənistan müəyyən dərəcədə Rusiyanın “qırmızı xətlərini” nəzərə almalı və onları aşmamalıdır: “Rusiya burada baş verənləri diqqətlə izləyir və Ermənistanın hərəkətləri onları narahat edir”- müsahibəsində politoloq deyib.

“Rusiyada Ermənistana qarşı əks-təbliğat xeyli güclənib, hətta Ermənistan Rusiya TV-nin əsas təbliğat xarakterli şoularının diqqət mərkəzindədir. Son belə şoularından birində hətta deyirlər ki, 2008-ci ildə Gürcüstanı ələ keçirsəydik, hazırda Ermənistanla sərhədimzi olardı və belə məsələlər daha asan həll olunardı”, - Qriqoryan xatırladır.

Onun sözlərinə görə, Ermənistanın ünvanına “Kremlin carçıları” sayılan ekspertlərin dili ilə “Ermənistan KTMT-ni tərk etsə, Qərbi Azərbaycana çevrilər” kimi təhdidlər də səslənir.

“Və, əlbəttə, Ermənistan Rusiyanın yanaşmalarını və qırmızı xətlərini nəzərə almağa məcburdur. Və bu səbəbdən mən ehtimal edirəm ki, Ermənistanın yaxın gələcəkdə KTMT çərçivəsində üzvlüyünü və ya digər hərbi-siyasi istiqamətlərdə əməkdaşlığını dayandırmağa dəyməz.

Doğrudur, Yerevan Rusiyanın təsirini azaltmaq niyyətindədir, lakin hazırkı dövrdə digər bir mühüm faktordan danışmaq lazımdır.

Faktiki olaraq, bəyanatlar səviyyəsində biz Ermənistanın öz suverenliyini gücləndirmək, asılılığını azaltmaq niyyətində olduğunu görürük, lakin struktur səviyyədə sanki proseslər əks istiqamətdə gedir.

Məsələn, Ermənistan ixracatının təxminən 50 faizi Rusiyaya gedir, energetika sahəsi bütövlüklə Rusiyanıbn nəzarətindədir – ümumiyyətlə Rusiyanın iqtisadi və infrastruktur iştirakı Ermənistanda böyükdür.

Odur ki, belə bəyanatlar səsləndirməkdən və belə niyyətlərdən danışmaqdan əvvəl bu asılılığın azaldılması istiqamətində işləmək lazımdır. Ona görə ki, bu kimi asılılıq şəraitində bu bəyanatlar ciddi hesab edilə bilməz”, - Tiqran Qriqoryan Civilnet TV-yə müsahibədə deyir.

Zaxarova: "Ermənistan hakimiyyətinin qınaqlarını qəti şəkildə qəbul etmirik"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqlərin birində deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Yerevanın KTMT-nin işində iştirakının dondurulması ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiya Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir.

“Biz 2021-2022-ci illərdə regionda baş vermiş məlum hadisələr zamanı KTMT-nin Yerevan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin qınaqlarını qəti şəkildə qəbul etmirik.

Xatırlatmaq istəyirəm ki, 2022-ci ilin sentyabrında Ermənistan tərəfinin xahişi ilə təşkilatın katibliyinin və birgə qərargahının qiymətləndirmə missiyası, operativ şəkildə formalaşdırılaraq, ölkənin sərhədyanı rayonlarına göndərilib. Ermənistanda monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarı hazırlanıb.

Bu qərarın Ermənistan hakimiyyəti tərəfindən uydurma bəhanə ilə rədd edilməsi bizim və digər KTMT üzvlərinin günahı deyil”, - Zaxarova bildirib.

“Biz ona əsaslanırıq ki, Ermənistan Respublikası bu statusdan irəli gələn bütün hüquq və öhdəliklərlə KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam edir. Eyni zamanda, təəssüflə qeyd edirik ki, Yerevanın təşkilatın tədbirlərində iştirak dinamikası azalıb”, - o əlavə edib.

Rusiyanın təşəbbüsü ilə yaradılmış KTMT-yə altı dövlət daxildir: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan.

Ölkələr təşkilata rotasiya əsasında sədrlik edir.