Şuşa: Qarabağın döyünən ürəyi

Şuşada ev

Şəklin mənbəyi, Nurlan Hüseynov

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarət altına aldığı Şuşa ölkənin mədəniyyət paytaxtı elan edilib.

Mayın 7-də Şuşanı mədəniyyət paytaxtı elan edən Prezidentin qərarında bildirilir ki, şəhərin Ermənistan ordusu tərəfindən işğalı onun tarixi-mədəni irsinin məhvi ilə nəticələnib.

Şuşa azad olunandan sonra

Azərbaycan hökuməti ötən ilin noyabrında azad olunan şəhərin bərpası üzrə ümumi planın hazırlandığını bildirir. Fevral ayında Azərbaycan dövlət başçısı deyib ki, bərpa işlərində "mütləq ictimai nəzarət olmalıdır".

Bu barədə danışan İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə torpaq almağa can atan qurum və məmurları tənqid edib.

"Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək," - İlham Əliyev deyib.

O, "Şuşanı məmurlar paytaxtı elan etməmişəm" deyə bildirib.

Şuşa

Şəklin mənbəyi, Nurlan Hüseynov

Bu arada Yerli mediada yayılan videogörüntülərdə Şuşada söküntü işlərinin aparıldığı görünür.

Sosial şəbəkələrdə bununla bağlı müxtəlif fikirlər səslənir. Bəzi yerli sakinlər işğaldan yenicə azad edilmiş şəhərdə bərpa işləri ilə bağlı onların rəyinin öyrənilmədiyini deyirlər.

Bundan əvvəl Şuşa şəhər İcra Hakimiyyətindən BBC News Azərbaycancaya bildiriblər ki, söküntü və tikintidə onların heç bir rolu yoxdur, amma qurum rəhbərliyi əmindir ki, "şəhər, tarixi qorunmaqla tikiləcək".

Hazırda Şuşaya yeni yolun çəkilməsi üzrə işlərin aparıldığı da qeyd olunur.

Bu arada, hökumət bildirir ki, işğal olunmuş ərazilərdə bərpa işləri ərazilərin minalanmasına görə ləngiyir.

Şuşa, 1 avqust 1988-ci il

Şəklin mənbəyi, Джафаров Б.,Шарифов М./TASS

Şəklin alt yazısı, Şuşa, 1 avqust 1988-ci il

Tarixi

Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir.

Qarabağ tarixini araşdıran Azərbaycan tarixçiləri yazırlar ki, dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyindən, Pənahəli xan şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonralar Şuşa çağrılıb.

Qarabağ xanlığı Rus-Fars müharibəsi nəticəsində Araz çayının şimalındakı digər xanlıqlarla birlikdə 19-cu əsrin əvvəllərində Rusiya imperiyasına birləşdirilib.

Azərbaycanda Sovet dövlətinin ilk illərində 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirilib.

Lakin bu qərar 1923-cü ildə dəyişdirilib və mərkəz Xankəndinə köçürülüb.

Şuşa, 9 avqust 1988-ci il

Şəklin mənbəyi, Джафаров Б.,Шарифов М./TASS

Şəklin alt yazısı, Şuşa, 9 avqust 1988-ci il

Əhalisi

Xanlıq və sovet dövründə şəhər əhalisinin əksəriyyəti azərbaycanlılar olub.

Tarixçilərin bildirdiyinə görə, Rus İmperiyası dövründə Dağlıq Qarabağın demorafiyasını dəyişmək üçün 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni əhalisi köçürülüb.

19-cu əsrdə Şuşada azərbaycanlılarla yanaşı ermənilər də yaşayıblar, tarixçilər qeyd ediblər.

Şuşada musiqi alətlərinin hazırlanması. 1984-cü il, avqust

Şəklin mənbəyi, Тавакалов А.,Шарифов М./TASS

Şəklin alt yazısı, Şuşada musiqi alətlərinin hazırlanması. 1984-cü il, avqust

Mədəniyyəti

Şuşa şəhəri təbiəti və saf havasına görə və müalicə əhəmiyyəti baxımından Sovet illərində kurort şəhəri hesab olunub.

Burda kilsə və məscidlər, karvansaralar, muzeylər vardı. Şuşa teatrının tarixi 19-cu əsrin axırlarından başlayıb.

Azərbaycanın Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Həmidə xanm Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalıları, sənətçiləri əslən Şuşadandırlar.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb.

Şəhərdə Sovet dövründə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki fəaliiyət göstərib.

Şəhər işğal olunana kimi orada onlarla muzey, bir neçə orta və ali təhsil müəssisəsi, məktəblər və kitabxanalar olub.

"Xarıbülbül" musiqi festivalı

İkinci Qarabağ müharibəsindən sonra Şuşada "Xarıbülbül" musiqi festivalının bərpa olunacaq.

Tədbiri təşkil edən Heydər Əliyev Fonduna əsasən, festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı təqdim ediləcək, xalq və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

"32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur", - mayın 7-də fondun yaydığı məlumatda deyilir.

Şuşa, 1 sentyabr 1989-cu il

Şəklin mənbəyi, Андрей Соловьев/TASS

Şəklin alt yazısı, Şuşa, 1 sentyabr 1989-cu il

İşğalı

Azərbaycan paytaxtından 373 kilometr aralıda yerləşən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib.

Azərbaycanın rəsmi məlumatına görə, Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb.

Bundan başqa 55 nəfər əsir düşüb və ya ya girov götürülüb.

İşğal nəticəsində 22 minə yaxın insan məcburi köçkün düşüb.

Molla Pənah Vaqifin məqbərəsi. 1983-cü il.

Şəklin mənbəyi, Олег Литвин/TASS

Şəklin alt yazısı, Molla Pənah Vaqifin məqbərəsi. 1983-cü il.

İkinci Qarabağ müharibəsindən qabaq

Şuşa 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Bu, ermənilər üçün "böyük qələbə", azərbaycanlılar üçün "ən ağır itki" kimi qəbul olunub.

Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçib və bura Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edilir.

Ermənicə "Şuşi" adlandırılan bu şəhər ermənilər üçün də əhəmiyyətli hesab olunur.

Lakin Birinci Qarabağ müharibəsindən sonra ermənilərin daha çox Xankəndinə kökləndiyi görünürdü. Tanınmamış "Dağlıq Qarabağ Respublikasının" mərkəzi də Xankəndi idi.

Şuşanın mərkəzi küçələrindən biri, 1988-ci il

Şəklin mənbəyi, Джафаров Б.,Шарифов М./TASS

Şəklin alt yazısı, Şuşanın mərkəzi küçələrindən biri, 1988-ci il

Amma Ermənistanda Nikol Paşinyan Baş nazir vəzifəsinə seçildikdən sonra Şuşa daha çox vurğulanmağa başladı.

2019-ci ildə il 9 mayda Ermənistanın Baş naziri Nikol Paşinyan Şuşada şəhərin ələ keçirilməsinin 27-ci ildönümünü qeyd etmək üçün düzənlənən məclisdə yallı gedənlərə qoşuldu.

Bu, Bakının qəzəbinə səbəb oldu. Müharibə dövründə, Azərbaycan Prezidenti İlham Əliyev xarici mediaya verdiyi müsahibələrinin birində bu epizodu xatırlamışdı: "Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı".

Ötən il mayın 21-də Şuşada separatçı "DQR"-in yeni "prezidenti"nin andiçmə mərasiminin keçirilməsi Azərbaycanda kəskin reaksiya yaratdı.