Xüsusi Komandanlıq: türk generalları Azərbaycanda nə edəcəklər?

Türk əsgərləri

Şəklin mənbəyi, TASS/Getty Images

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Türkiyədə həmkarı Yaşar Gülerlə görüşüb, Anadolu xəbər agentliyi bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Müdafiə Nazirliyi yaydığı xəbərdə vurğulayıb ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin "ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına" həyata keçirilir.

General-leytenant Kərim Vəliyevin səfəri Türkiyə Türk Silahlı Qüvvələrini Azərbaycanda təmsil edən Xüsusi Komandanlığına 4 türk generalını təyin etməsindən sonraya təsadüf edir. Generallar Bahtiyar Ersay, Abdullah Qatırcı, Ender Güner və Zekeriye Yalçındır.

Xüsusi Komandanlıq Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Lakin yerli mediada onun bu günə qədər daha aşağı rütbəli zabitlərlə təmsil olunduğu qeyd edilir.

BBC News Azərbaycancaya danışan hərbi təhlilçi Üzeyir Cəfərov bildirir ki, türkiyəli hərbçilər Azərbaycan Silahlı Qüvvələrinə müxtəlif sahələrdə məsləhət verəcəklər.

Azərbaycan ordu quruculuğunda Türkiyə modelinə istinad etdiyini bildirir. Bu barədə ötən il Azərbaycan dövlət başçısı da birmənalı bəyanat verib. "Biz də Türkiyə ordusunun daha kiçik modelini qururuq və inşallah, bərabər quracağıq," - TRT kanalına müsahibəsində İlham Əliyev deyib.

Hərbi təhlilçi Azad İsazadəyə görə, hazırda türk hərbçilərinin gəlişi də məhz Azərbaycan ordusundakı yeni proseslərlə bağlıdır: "Zənnimcə, bu, Azərbaycan silahlı qüvvələrində aparılan islahatlarla əlaqədardır".

Hazırda Azərbaycan öz Quru Qoşunlarının struktur islahatını aparır, hərbi təhlilçilər deyir. Üzeyir Cəfərovun fikrincə, general-mayor Bahtiyar Ersay məhz bu istiqamətdə çalışacaq, «sırf quru qoşunlarının" hazırlığında məsləhətçi kimi rol oynayacaq.

O, Azərbaycanda təmsil olunan digər yüksək rütbəli türk hərbçilərinin də məsləhətçi qismində fəaliyyət göstərdiyini deyib.

"Onlar Azərbaycanda ayrı-ayrı qoşun növlərində, müşavirlər səviyyəsində çalışırlar. Onlar [ötən əsrin] 90-cı illərdən bəri [orduda] təmsil olunublar".

Üzeyir Cəfərov türk generallarının Azərbaycan ordusunda məsləhətçi kimi təmsilçiliyində qeyri-adi hal görmür, onun qənaətincə, yeni təyin edilən hərbçilərin rütbəsi bu məsələyə diqqət çəkib.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri müntəzəm olaraq birgə təlimlər keçirirlər. Son dəfə belə təlimlər Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Laçın dəhlizi yaxınlığlnda keçirilib.

Azərbaycan, həmçinin türk silahlarının, o cümlədən 2-ci Qarabağ Müharibəsi vaxtı istifadə olunaraq məşhurlaşan Bayraktar kimi pilotsuz uçan aparatların alıcısıdır.

İyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlığın dərinləşməsini nəzərdə tutur. Sənəddə deyilir ki, tərəflərdən hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addım atacaqlar.

Azərbaycan ərazisində İkinci Qarabağ müharibəsindən sonra Qarabağ bölgəsində Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir.

Türk generallar barədə nə məlumdur?

Türkiyə mediasına nəzər salınarsa, Azərbaycana təyinat alan general-mayor Bahtiyar Ersayın dramatik hadisələrlə dolu zəngin keçmişə malik olduğunu görmək olar.

O, 2011-ci ildə hökumətə qarşı çevriliş hazırlamaq cəhdində ittiham edilən zabitlər arasında olub və məhkum edilib. Lakin ona verilən 16 illik cəzanın 3 ilini çəkdikdən sonra azadlığa çıxıb və yenidən xidmətini davam etdirib, Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsinədək yüksəlib.

Mediada onun İraq sərhədlərində PKK qruplaşmasına qarşı vuruşduğu qeyd olunur. General Ersay, həmçinin "Ərəb Baharı" təlatümləri zamanı Tunisdəki 28 min həmvətənlisinin uğurlu təxliyəsini təşkil edən hərbçilərdəndir.

General Ender Günerin fəaliyyəti barədə Türkiyə mediasında ətraflı məlumata rast gəlinmir.

General Zekeriye Yalçın Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi attaşesi təyin olunub. O bu vəzifədə 2019-ci ildən işləyən İsmail Hakkı Kösealini əvəz edib.

Azərbaycanda geniş ictimaiyyət üçün ən çox tanınan ad yəqin ki, Abdullah Qatırcıdır. Türkiyə generalı ötən il rusiyalı general-mayor Viktor Fedorenko ilə yanaşı Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin rəhbəri təyin olunub. Belə çıxır ki, coğrafiya məkanı baxımından türkiyəli generalın əvvəlki xidmət yeri dəyişməz qalır.