Azərbaycanda rus dilində danışmaq "problemi"

Bu həftə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən bir filmin təqdimatı zamanı rus dilində danışan rejissora zalda əyləşən tamaşaçı etiraz edib və bir müddət sonra zalı tərk edib.

Bu hadisədən sonra Azərbaycan və rus dili məsələsi yenidən gündəmə gəlib, yerli mətbuatda və sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Mədəniyyət və Turizm Nazirliyi hadisəyə münasibət bildirərkən rejissorun zalda Rusiyadan gələn qonaqların olduğunu deyib.

Lakin BBC Azərbaycancaya danışan zaldakı izləyicilərdən biri "bizim qarşımızda bizim dilimizdə danışmağa borcludur" deyə qeyd edib.

Azərbaycanda rus dilinə olan münasibətdən danışan şərhçilər də bildirir ki, Azərbaycan auditoriyasının qarşısında ölkənin rəsmi dilində danışılmalıdır.

Hadisə

Axar.az saytı yazır ki, Azərbaycan Respublikası Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçərişəhər” bədii filminin təqdimatı zamanı filmin rejissoru rus dilində çıxış edib. Bu zaman tamaşıçalardan biri onun rusca çıxışına etiraz edib.

Daha sonra çıxış edən aktrisalardan biri etiraz edən tamaşaçını "mədəniyyətsiz adlandırıb" və filmə baxmaq istəməyənlərin "zalı tərk etməsini istəyib".

BBC Azərbaycancaya danışan və adının açıqlanmasını istəməyən zaldakı tamaşaçılardan biri bütün bu baş verənləri təsdiqləyib.

O bildirib ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə, yəni "bizim pulumuzla" çəkilib və "bizim qarşımızda bizim dilimizdə danışmağa borcludurlar".

"Hər kəsin istənilən dildə danışma azadlığı var. Nə vaxt öz hesablarına film çəkərlər, öz hesablarına təqdimat keçirərlər onda istədikləri mövzunu, aktyorları seçərlər, istədikləri dildə də danışarlar", tamaşaçı belə düşünür.

Onun fikrincə, etiraz edən tamaşaçını yerdən danışdığına görə "mədəniyyətsiz" adlandırmaq doğru deyil.

"Adamlar tənqidi qəbul edə bilmirlər, elə bilirlər ki, gördükləri iş mükəmməldir, hamı da onları tərifləməlidir. Başa düşmürlər ki, sən ictimai fiqursansa tərif də olacaq, tənqid də, hətta bəzi natamam şəxsiyyətli insanlar təhqir də edəcək səni və hardasa bunu da qəbul etməyi bacarmalısan", tamaşaçı deyir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Vüqar Şıxəmmədov Axar.az-a deyib ki, rejissor həm rusdilli olduğuna görə, həm də qonaqların əksəriyyətinin Rusiyadan gəldiyini nəzərə alaraq, rus dilində çıxış edib.

"Gələcəkdə bu məsələlərə də xüsusi diqqət edəcəyik", nazirliyin ictimai əlaqələr şöbəsinin müdirindən sitat gətirilir.

"Pilot dil"

Qanunvericiliyə uyğun olaraq ölkənin rəsmi dili Azərbaycan dilidir. Amma 70 illik Sovet dövründə ölkədə rus dilindən geniş istifadə olunub. Paytaxt üzrə rəqəmlərdən belə çıxır ki, övladının rus bölməsində təhsil almasını istəyən valideynlərin sayı hər il artır.

Buna baxmayaraq Hikmət Hacızadə düşnür ki, Azərbaycanda rus dilinə simpatiya yoxdur.

Onun sözlərinə görə, İstiqlal hərəkatı, 20 Yanvar hadisəsi və Rusiyanın Ermənistanı dəstəkləməsi ictimaiyyətin gözündə Rusiyanın "mədəniyyətini, dilini hörmətdən salıb".

Eyni zamanda cənab Hacızadə rus dilini "pilot dil" adlandırır.

"Dünyanın başqa ölkələrindən məlumatlar rus dilndə tərcümə olunur, sonra biz oxuyuruq. Azərbaycanda tərcümə imkanları çox balacadır. Çünki kitab bazarı dardı", o deyir. "Buna görə, rus dili pilot dil kimi hələ çox vacibdir".

Rus dili "getsə yeri əvəzlənməlidir" deyən təhlilçi, "bu dili itirsək kor qalacağıq, dünyadan xəbərimiz olmayacaq" deyə fikrini izah edir.

"Etiraz etmək lazımdır"

Tənqidçi Niyazi Mehdi isə düşünür ki, rus dili ilə bağlı Azərbaycanda "tolerantlıq var". Amma o əlavə edir ki, bu həftə baş vermiş hadisədə zalı tərk edən tamaşaçılar "doğru" addım atıblar.

"Sovet imperiyası yoxdur və rus dilinin gücü yoxdur. Azərbaycan kimi ölkələrdə rus dilini çox bilmirlər, bilmirlərsə də bu problem deyil", o bildirir. "Zalı tərk etmələri doğrudur, o cür adamlar bilməldir ki, Azərbaycanca danışmaq lazımdır".

"90-cı illərdə kimsə rusca danışanda üzr istəyirdi, indi elə deyil. Bəzi rusdillilərin intellektual mədəniyyətləri yoxdur amma özlərindən razıdırlar. Onlara etiraz etmək lazımdır", Niyazi Mehdi qeyd edir.

"Təzyiq doğru deyil"

Tərcüməçi Gülər Qasımova xarici qonaqlar olduğu tədbirdə, sinxron tərcümə edilmirsə, rus dilində danışmağa pis baxmadığını deyir. O deyir ki, rus dilinə təzyiqə doğru baxmır.

Amma o deyir ki, "insanlar qarşılarındakını alçaltmırsa, kimsə Azərbaycan dilində danışır dəyə ona yuxarıdan aşağı baxmırsa istədiyi dildə danışmağa azaddır".

İndi Azərbaycanda ikinci dil kimi rus dilinin türk dili ilə əvəz olunduğunu deyən tərcüməçi övladlarına Rus dilində cizgi film izlətdirdiyini əlavə edir.

Azərbaycan dilində olan kitabların belə "qıt olduğunu" deyən Gülər Qasımova izah edir:

"Uşaqlar böyüyəndə onsuz da türk dilini başa düşəcək, çünki dillərimiz yaxındır. Rus dili isə əlavə dildir".

Bütün bunlara baxmayaraq, təhsilini rus dilində alan azərbaycanlı uşaqların sayı artmaqdadır.

1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycanda rus dilindən istifadəsi qismən azalıb. Amma ölkə məktəbərində rus dilində təhsil almaq hələ də mükündür və bunu seçən valideynlərin sayı artmaqdadır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BBC Azərbaycancaya verilən məlumata görə, təkcə bu idarənin tabeliyində olan təhsil müəssisələrində 2013-2014-cü tədris ilində şagirdlərin 14,8 faizi; 2014-2015-ci tədris ilində 15,4 faizi; cari tədris ilində isə 15,8 faizi rus bölməsində təhsil alır.