Qərblə Rusiya arasında: Azərbaycan-Ermənistan danışıqlarında yeni mərhələ

  • Qriqor Atanesyan, Məhərrəmov Zeynalov
  • BBC Rusca
Qarabağdakı rus sülhməramlıları

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hər iki tərəfin Rusiya sülhməramlılarından narazı olduğu məqamlar var

Atəşkəsin pozulması və iki kənddən mülki əhalinin təxliyə edilməsi - Qarabağda 2022-ci ilin yazı belə başladı. Amma bunun ardınca eskalasiya yox, sensasiya baş verdi: otuz illik düşmənçilikdən sonra Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsiylə bağlı ciddi müzakirələrə başladılar.

Onlar bundan əvvəl də danışıqlara hazırlaşırdılar, amma Rusiyanın Ukraynaya hücumundan sonra proses sürətləndi. Əgər əvvəllər tərəfləri ancaq Moskva bir araya gətirirdisə, indi Avropa İttifaqı da vasitəçi rolunda çıxış edir. Ekspertlər bu vəziyyətin ziddiyyərli olmadığını deyirlər, çünki Cənubi Qafqaz Qərblə Rusiyanın mövqelərinin üst-üstə düşdüyü azsaylı bölgələrdən biridir - hamı münaqişənin bitməsini istəyir.

Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasını Türkiyə də dəstəkləyir və o da tərəflərlə danışıqlar aparır.

Nikol Paşinyan (solda), İlham Əliyev (sağda) və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüsseldəki görüşdə

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Nikol Paşinyan (solda), İlham Əliyev (sağda) və Avropa İttifaqı Şurasının rəhbəri Charles Michel Brüsseldəki görüşdə

"Prosesdə dönüş nöqtəsi"

Avropa İttifaqı Şurasının rəhbəri Charles Michel-in təşəbbüsüylə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev aprelin əvvəlində Brüsseldə görüşdülər.

4,5 saat davam edən görüşdən sonra onlar öz ölkələrinin xarici işlər nazirlərinə sülh müqaviləsi üzərində işə başlamağı tapşırdılar. Onda Paşinyan və Əliyev aprelin sonuna kimi sərhədin delimitasiyası və təhlükəsizliyinin təmin edilməsi üçün ikitərəfli komissiyanın yaradılması barədə də razılığa gəlmişdilər.

"Həqiqətən də, bu, prosesdə daha bir dönüş nöqtəsidir", - Əliyev fevralın 21-də Bakıya gəlmiş Toivo Klaar-la - Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsiylə söhbəti zamanı belə demişdi.

Daha əvvəl o bildirmişdi ki, Brüsseldə keçirilən görüşdə "Azərbaycanın ərazi bütövlüyünün qəbul edildiyinə və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyinə" əmin olub.

Amma bir sual açıq qalmışdı: beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan, 120 min erməninin yaşadığı iddia olunan Dağlıq Qarabağın taleyi necə olacaq?

Ermənistan Qarabağ erməniləri üçün öz müqəddəratını təyin etmə hüququ, başqa sözlə, nəticəsi bəri başdan bəlli olan referendum tələb edirdi. Rəsmi Bakı isə "Dağlıq Qarabağ" toponiminin ümumiyyətlə unudulmasını istəyir və bildirir ki, bu ərazinin sakinlərinin heç avtonom idarəçilik tələb etmək hüququ da yoxdur.

Paşinyanın Ermənistan parlamentindəki illik hesabat çıxışı vəziyyəti bir qədər aydınlaşdırdı:

"Əgər əvvəl biz Qarabağın statusu məsələsini, bununla bağlı təhlükəsizlik təminatını və hüquqları əsas götürürdüksə, indi status məsələsini kənara qoymuşuq. İndiki situasiyada status əsas məqsəd yox, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarınını təminatı üçün vasitədir".

Ermənistan hakimiyyətinin qonşularına yeni yanaşmasının manifestinə çevrilmiş bu çıxışda Baş nazir əvvəlki mövqeyinin səhv olduğunu, daha əvvəl güzəştə getməməsinə təəssüfləndiyini bildirib.

İndi "bizim üçün sülhün alternativi yoxdur", - Paşinyan belə deyib.

"Reverans cavabsız qalıb"

Ermənistan əvvəlki mövqeyini dəyişərək sülh danışıqlarına köklənməyə hazırdır. Azərbaycan necə, ona qarşılıq verməyə hazırdırmı?

İkinci Qarabağ müharibəsinə qədər Əliyev Qarabağ ermənilərinə Azərbaycanın tərkibində "ən yüksək avtonomluq" təklif edirdi - Bu məhz o şərtdir ki, son bəyanatlarından da göründüyü kimi, bu gün Ermənistan hakimiyyəti razılaşmağa hazırdır.

Amma müharibədəki qələbəsindən sonra Bakı bu təklifindən geri çəkildi. Əliyev "Heç bir statusdan söhbət gedə bilməz. Çoxmillətli və çoxkonfessiyalı vahid Azərbaycan var" dedi.

Sonrakı çıxışlarından birində isə bunları əlavə etdi: "Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən prezidentəm, olmayacaq".

Paşinyanın sülhpərvər çıxışları vəziyyəti dəyişibmi?

Regiondakı prosesləri ətraflı şəkildə işıqlandıran "Eurasianet" nəşri Bakıda həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə səsləndirilən fikirləri araşdırıb və belə qənaətə gəlib ki, bu fikirlərdə Ermənistan liderinin mövqeyini müsbət qiymətləndirmə əlamətləri yoxdur.

Hələ ki Əliyev Ermənistanın mövqeyindəki dəyişikliyi sadəcə alqışlamaqla kifayətlənib.

"International Crisis Group" təşkilatının nümayəndəsi Olesya Vartanyan hesab edir ki, "Hələlik Paşinyanın reveransı cavabsız qalıb. Brüssel görüşünün sıçrayış xarakteri daşımasına və kifayət qədər inqilabi məzmununa baxmayaraq, hələ ki ondan sonra irəliləyiş olmayıb".

Vartanyan həmçinin qeyd edib ki, Əliyev və Paşinyan arasında Avropa İttifaqının vasitəçiliyilə baş tutmuş onlayn görüşdən sonra Azərbaycanda saxlanan erməni əsirlərinin daha bir hissəsi azad edilib, amma uzun çəkən şəxsi görüşdən sonra Ermənistanın mövqeyinə yaxın yeni addımlar atılmayıb.

Ermənistan parlamentinin keçmiş deputatı BBC əməkdaşıyla Yerevandakı söhbətində deyib ki, Paşinyanın genişmiqyaslı güzəştlər barədə danışmasının səbəbi Bakıdan pozitiv siqnallar almasıdır.

"Eurasianet"in redaktoru Joshua Kuchera da eyni fikirdədir:

"Düşünürəm ki, Azərbaycan oxşar addımlar atmağa hazır olduğunu hiss etdirməsəydi, Paşinyan buna getməzdi. Söhbət etdiyim azərbaycanlı ekspertlər Paşinyanın açıqlamalarından sonra Əliyevin də mövqeyinin dəyişəcəyini gözləyirlər".

Kuchera həmçinin qeyd edib ki, Bakıdakı mənbələrə görə, beynəlxalq ictimaiyyət Azərbaycandan adekvat cavab addımları gözləyirlər:

"Beynəlxalq ictimaiyyət, həqiqətən də, Ermənistanın güzəştə getməsini gözləyir, amma onlar Azərbaycandan da buna uyğun cavab addımları gözləyirlər. Mən düşünürəm ki, beynəlxalq ictimaiyyət Qarabağda yenidən etnik təmizləmə baş verməsini istəmir".

Məsələ burasındadır ki, Qarabağ erməniləri bölgəyə Azərbaycanın nəzarət edəcəyi halda evlərini tərk etmək məcburiyyətində qalacaqlarını və ərazidəki tarixi mövcudluqlarına dair izlərin silinəcəyini deyirlər.

Birinci Qarabağ müharibəsində yüzminlərlə azərbaycanlı Şuşada və Dağlıq Qarabağ ətrafında - erməni qüvvələri tərəfindən işğal olunmuş yeddi rayonda etnik təmizləməyə məruz qalıb.

Münaqişənin əvvəlində ermənilər Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki talanların qurbanı olmuş, burdan qaçmışdılar. Daha əvvəlsə azərbaycanlılar sovet Ermənistanından qaçmışdılar.

Rus sülhməramlıları

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qarabağdakı kövrək sülhü Rusiya sülhməramlılarının oradakı mövcudluğu təmin edir. Hələ ki...

Beynəlxalq vasitəçilər arasında münaqişə

Son onilliklərdə ABŞ, Rusiya və Fransa Ermənistanla Azərbaycanı barışdırmağa çalışıblar. Bu ölkələr 1992-94-cü illərdəki Qarabağ müharibəsiylə bağlı ATƏT-in yaratdığı Minsk Qrupunun həmsədrləridir. Onların səyləri nəticə vermədi - sərhəd boyu toqquşmalar davam etdi və pandemiyanın hökm sürdüyü 2020-ci ilin sentyabr-noyabr aylarını əhatə edən müharibəylə nəticələndi.

Bu müharibə Rusiyanın bölgədəki rolunu kəskin şəkildə artırdı: sülh haqqında bəyənnaməni şəxsən bu ölkənin prezidenti Vladimir Putin yazdı, Rusiya sülhməramlıları Dağlıq Qarabağın erməni qüvvələrinin nəzarətindəki hissəsinin sərhədinə yerləşdilər.

Vaşinqton və Paris vasitəçi stausunda qalmış olsalar da, təsir rıçaqlarını itiriblər. Siyasi, diplomatik və mənəvi dəstəyi ilə Azərbaycanın qələbəsində mühüm rol oynamış Türkiyənin regionda və Minsk Qrupunda yer almaq cəhdləri uğursuzluqla nəticələnib.

Amma Minsk Qrupu faktiki olaraq fəaliyyət göstərmir - Azərbaycan açıq şəkildə bu qurumla hesablaşmaqdan imtina edib, Yerevanın danışıqları bu çərçivədə yeniləmək cəhdləri baş tutmayıb. Üç həmsədr ölkə sözügedən formatı sözdə dəstəkləsələr də, Rusiyanın Ukraynaya hücumundan sonra bu da əhəmiyyətini itirib.

Aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Fransanı formatdan imtina etməkdə günahlandırıb. Vaşinqton və Paris bu iddianı rədd edib, amma NATO və Rusiya arasındakı münasibətlərin indiki səviyyəsi çətin ki, Minsk Qrupunun aktuallaşmasına şərait yaratsın.

Vartanyan hesab edir ki, diplomatiyanın uğursuzluqları, Qarağabda yeni atışmalar və Paşinyanın yeni sülh təşəbbüsləri bir-birinə bağlı proseslərdir:

"Bu, məntiqi ardıcıllıqdır. Danışıqlar prosesini Minsk Qrupu çərçivəsində yeniləmək mümkün olmadı. Yeni eskalasiya hadisəsində Ermənistanın Azərbaycana müqavimət gösətərməyə yetəcək hərbi resursları yoxdur".

Ekspert deyir ki, indi Paşinyan Ermənistanın əvvəlki liderlərinin danışıqlarla bağlı son 30 ildə yürütdükləri siyasətdən niyə imtina etdiyini xalqa izah etməyə çalışır.

"Minsk Qrupunun faktiki olaraq fəaliyyət göstərməməsi yaxşı haldır. Məlum təmsildəki qaz, xərçəng və balıq kimi, həmsədrlər danışıqları fərqli tərəflərə çəkirdilər. 30 ildə ilk dəfədir ki, birbaşa danışıqlar üçün fürsət yaranıb", - azərbaycanlı siyasi şərhçi Şahin Rzayev belə deyir.

O, həmçinin qeyd edir ki, iki ölkənin XİN rəhbərləri uzun müddətdən sonra ilk dəfə telefon əlaqəsi saxlayıblar, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev görüşüblər.

Prezident İlham Əliyev də vasitəçilərsiz görüşlər istəyir, deyir ki, "iki ölkə arasındakı münasibətləri bu ölkələr özləri müəyyənləşdirməlidirlər. Kim kömək etmək istəyirsə, buyursun".

Minsk Qrupunu dəfələrlə tənqid edən Əliyev aprelin ortalarında bunları deyib:

"İkinci Qarabağ müharibəsinə qədər Minsk Qrupu 28 il fəaliyyət göstərib. Bu illər ərzində həmsədrlər yüzlərlə dəfə Azərbaycana və Ermənistana səfər ediblər. Nəticə göz qabağındadır - sıfır".

Avropa İttifaqının yeni rolu

Qarabağdakı son müharibədən sonra Bakı və Yerevan arasındakı bütün əlaqələri Rusiya təşkil edib - Əliyev və Paşinyan Putinin iştirakıyla götüşüblər, baş nazirlərin müavinləri isə konkret istiqamətləri rusiyalı həmkarlarının yanında müzakirə ediblər.

Tərəflər arasında bütün məsələlər üzrə fikir ayrılığı olduğunu görən Moskva iqtisadiyyata və logistikaya fokuslanıb. Amma bu gündəm də fikir ayrılıqlarıyla müşayət olunub: tərəflərdə sərhədlərin sovet dövrünə aid fərqli koordinatlı xəritələri olub, onlar dəmiryolunu fərqli yerlərdə bərpa etmək istəyiblər.

Məsələn, Moskvanın iqtisadi layihələrinin yaratdığı mübahisələrdən biri atəşkəs sazişində qeyd olunmuş marşrutla - Azərbaycandan onun eksklavı Naxçıvana yeni nəqliyyat marşrutunun çəkilməsiylə bağlıdır. Marşrutun təhlükəsizliyinə Rusiya FTB-sinin sərhəd xidmətinin cavabdeh olacağından başqa, sazişdə bununla bağlı heç bir detal yoxdur.

Əliyev sözügedən layihəni "Zəngəzur dəhlizi" adlandırır və onun tezliklə reallaşdırılmasını istəyir. Amma bu terminologiya Ermənistanı narahat edir - orda hesab edirlər ki, yeni yol Ermənistan üçün həyati əhəmiyyət daşıyan İran sərhədini bloklaya bilər.

Nəhayət, hər iki tərəfdə rusiyalı sülhməramlılardan da narazılıq yaranıb və 2022-ci ilin yazında bu fakt ictimailəşib.

Əliyev bunu birbaşa ifadə edib, Azərbaycan mediası isə hər hansı sübut göstərmədən sülhməramlı kontingentin rəhbəri general Andrey Volkovu korrupsiyada günahlandırıb.

Martın əvvəlllərində bir neçə xəbər saytı eyni gündə "Sülhü qoruya bilməyən sülhməramlı", "Reketçi sülhməramlı" və "Öz yerində olmayan adam" başlıqlı məqalələr dərc edib.

Yerevan sülhməramlıları qeyd-şərtsiz dəstəkləyir, çünki onlar ermənilərin təhlükəsizliyini təmin edirlər. Amma ermənilər yaşayan Fərrux kəndi 2022-ci ilin yazında Azərbaycanın nəzarətinə keçib, bir müddət sonrasa rusiyalı sülhməramlılar Ermənistanın deputatlarını Qarabağa buraxmayıblar.

Bundan sonra ölkə rəsmiləri bildiriblər ki, Rusiyanın sülhməramlı missiyası Qarabağdakı mülki əhalinin təhlükəsizliyinə təminat verə bilməz.

Ötən həftənin cümə günü Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Yerevan sülhməramlıların orda olmasını dəstəkləyir, amma Qarabağdakı gərginlik göstərir ki, "mövcud təhlükəsizlik mexanizmləri tam təhlükəsizlik üçün yetərli deyil".

Bundan başqa, Ukraynada müharibə başlayandan sonra Azərbaycan mediası Qarabağdakı sülhməramlıların bir hissəsinin bu ölkəyə göndərildiyini yazıb.

Amma heç bir müstəqil mənbə bu məlumatı təsdiqləməyib, halbuki Britaniya kəşfiyyatı Abxaziya və Cənubi Osetiyadakı Rusiya hərbçilərinin Ukraynaya ezam edildiyini açıqlamışdı.

"Əlbəttə, Dağlıq Qarabağda həlledici rol hələ də Rusiyaya məxsusdur. O, postsovet məkanındakı bütün konfliktlərdə hakim olmaq ideyasından əl çəkməyəcək. Amma Ukraynaya hücum edəndən sonra Rusiyanın nüfuzu azalmağa başlayıb və Avropa İttifaqı Şurasının timsalında biz ona alternativ tapmaq imkanı qazanmışıq", - Şahin Rzayev belə deyir.

Paşinyanla görüşü haqqında açıqlamasında Əliyev də bu mövzuya toxunub:

"Biz Avropa İttifaqının cəhdlərinə böyük ümid bağlayırıq, xüsusilə də artıq bu prosesə aktiv şəkildə qoşulmuş prezident Charles Michel ilə".

Amma Aİ-nin vasitəçiliyi Rusiyanın roluyla ziddiyyət təşkil etmir. Kreml Əliyevlə Paşinyanın Brüsseldə görüşməsini rəsmi şəkildə dəstəkləmişdi.

Aprelin 15-də Dağlıq Qarabağ münaqişəsi və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması məsələlərini Charles Michel telefonda Putinlə də müzakirə edib; Kreml saytının yazdığına görə, ona "iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqların həyata keçirilməsi istiqamətində atılan addımlar haqda məlumat verib".

Aprel ayının ortalarında Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləriylə Rusiyanın başlatdığı proses haqqında - kommunikasiyaların açılması mövzusunda söhbət edib. Klaar hər iki görüşün əla nəticələndiyi və tərəflərin prosesə ciddi səviyyədə bağlı olduğunu bildirib.

ABŞ Dövlət Departamenti də Bakı və Yerevan arasındakı danışıqlara dəstəyini ifadə edib. Hətta Rusiyanın Ukraynaya hücumundan sonra da Qərb və Rusiya Qarabağ münaqişəsinin həllini dəstəkləməkdə davam edir.

"Bu, ABŞ, Rusiya, Avropa İttifaqı və Fransanın Ukraynada davam edən müharibə fonunda istənilən eskalasiyaya imkan verməmək kimi ortaq marağının olduğu azsaylı məsələlərdən biridir. Qarabağda hərbi əməliyyatların bərpa olunması heç kimə sərf etmir, çünki buna reaksiya vermək lazım gələcək, ortaq mövqe sərgiləməksə mümkün olmayacaq", - Olesya Vartanyan belə deyir.

Rusiya və Türkiyəylə münasibətlərin dəyişməsi

Cənubi Qafqazın mürəkkəb geosiyasi tarazılıqlarından biri də Rusiya və Türkiyəylə ikitərəfli münasibətlərdir. Ermənistan ənənəvi olaraq Rusiyaya yaxın olub; eyni zamanda, KTMT üzrə onunla hərbi, Avrasiya İqtisadi İttifaqı üzrə isə ticari müttəfiqdir.

Ermənistanın Türkiyəylə sərhədi isə 1993-cü ildən bağlıdır, bu ölkələr arasında diplomatik əlaqə də yoxdur.

Amma Azərbaycan və Türkiyə bir-birini qardaş ölkə hesab edirlər, Türkiyənin hərbi texnikası Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsində həlledici rol oynayıb.

Amma 2022-ci ilin fevral ayında - ekspertlərin və siyasətçilərin bir çoxu üçün gözlənilməz şəkildə Əliyev və Putin Moskvada bir-birinə hərbi yardım şərti də daxil, Azərbaycanla Rusiya arasında müttəfiqlik fəaliyyətinə dair deklarasiya imzaladılar.

Ermənistanla Türkiyə isə münasibətlərin normalaşmasıyla bağlı danışıqlara hələ ötən ildən başlayıblar. Tərəflərin xüsusi nümayəndələri artıq bir neçə dəfə görüşüblər və ilkin şərtlər olmadan danışıqlara başlamaq haqda razılığa gəliblər.

Martın əvvəlində Ermənistanın xarici işlər naziri Antaliyadakı diplomatik forumda iştirak edib və türkiyəli həmkarıyla görüşüb. Bir il əvvəl bunu təsəvvür belə etmək olmazdı. Daha əvvəl Yerevan və İstanbul arasında hava əlaqəsi bərpa olunmuşdu.

Rusiya bu prosesi dəstəkləyir. Həm Türkiyəylə, həm də Azərbaycanla danışıqları Paşinyan aprelin 19-da Moskvada Putinlə müzakirə edib. Ermənistan prezidentinin sözlərinə görə, onlar Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində və Azərbaycan-Ermənistan münasibətlərində atılacaq addımlarla bağlı razılığa gəliblər.

Şahin Rzayev deyir ki, "Ola bilsin, Türkiyə İkinci Qarabağ müharibəsi nəticəsində əldə etdiyindən daha çoxuna ümid edirdi".

Atəşkəsdən sonra Ankara yalnız bir şeyə - münaqişə zonası yaxınlığında Rusiya-Türkiyə müştərək monitorinq mərkəzinin yaradılmasına nail ola bilib, amma türkiyəli zabitlər atəşkəsə əməl olunmasına həmin mərkəzdən çıxmadan, pilotsuz təyyarələr vasitəsilə nəzarət etməlidirlər.

"Türkiyə sülh prosesində daha fəal rol gözləyirdi, ancaq bu gözləntilər özünü doğrultmadı", - Yaxın Şərqdəki hadisələri işıqlandıran "Al-Monitor" nəşrinin baş müxbiri Amberin Zaman belə deyir.