“Nifrət, nifrət, nifrət!” Azərbaycan məktəblərində azyaşlılara niyə nifrət öyrədilir?

  • Aygül Mehman
  • BBC News Azərbaycanca
məktəblər məktəbdə nifrət nitqi nifrət nitqinin aşılanması

Şəklin mənbəyi, AzTV

"Vətənə məhəbbət, düşmənə nifrət, nifrət, nifrət!" - Dərs günləri səhər saat 8-in yarısından Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Liseyə (TTEL) baş çəkənlər bu şüarı eşidə bilər.

Əgər dərs günü hava yaxşıdırsa, məktəblilər sıraya düzülür, idman edir, təşkilatçı müəllimlərin vətənpərvərliklə bağlı qısa nitqini dinləyir və bəzi şüarlar səsləndirirlər. Daha sonra şagirdlər vətənpərvərliklə bağlı müxtəlif mahnıların sədaları altında məktəbə daxil olurlar. Bu rutinə bir də həftənin bazar ertəsi günləri dövlət himni əlavə olunur. Müəllimlərin və məktəblilərin sözlərinə görə, bu qaydanı yalnız soyuq və yağışlı hava poza bilər.

Lakin vətənpərvərliklə bağlı olduğu deyilən və nifrət, aqressiya, ksenofobiya əlamətləri ehtiva edən belə şüarlar təkcə TTEL-də səsləndirilmir.

Şəhərin müxtəlif məktəb və bağçalarında təhsil alan şagirdlər, balacalar və onların valideynləri, müəllimlərin və tərbiyəçilərin azyaşlılara vətənpərvərlik aşılamaq məqsədilə bəzi şüar və ifadələri öyrətdiyini və günlük olaraq təkrarlatdığını bildirirlər.

Bəzi valideynlər uşaqlara belə şüar və mətnlərin öyrədilməsinin doğru olmadığına inanır, bir çoxları isə "bu şüarların vətənpərvərliklə bağlı olduğunu, bunda pis bir şeyin olmadığını" düşünür.

Bəs, 5 yaşlı bağça uşaqlarına və ya 6 yaşlı məktəbliyə "nifrət", "qisas" və digər bu qəbildən olan sözləri bu qədər mənimsətmək ehtiyacı nədən yaranır? Bu cür yanaşma belə bir təlim-tərbiyə sistemində formalaşan şəxsin sonrakı həyatına necə təsir edə bilər?

Uşaqlarla işləyən pedaqoq-psixoloqlar bildirirlər ki, azyaşlılara nifrət aşılamaq "çox risklidir, nifrət nitqi aşılanaraq böyüyən birisi döyüşçü olar, insan öldürə bilər".

BBC News Azərbaycancaya danışan təhsil məsələləri, siyasi, eləcə də konfliktlər üzrə təhlilçilər bunu həm pedaqoji, həm də siyasi baxımdan "yanlış yanaşma", "uşaqların gələcəkdə formalaşacaq şəxsiyyətinə ciddi təsir göstərəcək addım", "məktəblərin, üzərinə düşən missiyadan kənara çıxması" və "siyasətin məktəbə gətirilməsi" hesab edirlər.

Azərbaycan Təhsil Nazirliyi uşaqlara nifrət nitqinin aşılanmasının onların gələcəkdə şəxsiyyət kimi formalaşmasına təsirləri ilə bağlı hər hansı şərh verməyib. Lakin qurum tədris zamanı istifadə edilən materiallarda şagirdlərin yaş xüsusiyyətlərindən tutmuş onlara aşılanmalı bir çox vacib məqamın da nəzərə alındığını, hazırlanan tədris vəsaitində millilik, dünyəvilik və dəyəryönümlülüyün gözlənilməsi, diskriminasiyaya yol verilməməsi və digər bu kimi məsələlərin diqqətdə saxlanıldığını bildirib.

Nifrət hissinin aşılanması: Məktəb və bağçalardan yayılan videolarda nələr var?

Bu yaxınlarda sosial mediada yayılan bir videoda təxminən 4-5 yaşlı uşaqlara hərbi forma geyindirildiyi, baş-gözlərində, eləcə də bədənlərinin müxtəlif nahiyəsində sarğı, əllərində əsa, bəzilərinin isə həkim, tibb bacısı geyimində sinif otağına daxil olduğu görünür. Videodan başa düşülən odur ki, bu azyaşlılar müharibədə yaralanmış əsgərlərlə bağlı səhnəcik canlandıracaqlar.

Video yayıldıqdan bir qədər sonra bəzi azərbaycanlı sosial media istifadəçiləri görüntülərlə bağlı narazılıqlarını ifadə ediblər. Onlar bunun doğru olmadığını, bu cür halların uşaqlarda "nifrət formalaşdırdığını", onları "müharibə materialı" olmağa sövq etdiyini yazıblar.

psixoloq

Məktəb və bağçalardan paylaşılan digər bir videoda aralarında hərbi forma geyinmiş uşaqların da olduğu müxtəlif yaşlı məktəblilər müharibənin, qisasın təbliğ olunduğu bir səhnəciyi canlandırır.

Digər bir videoda səslənən şeirdə isə deyilir ki, "xalqımız bir yumruq kimi düşmənin başını əzdi".

Məktəb və bağçalarda çəkilmiş, nifrəti, qisası, ölümü təbliğ edən, aşılayan belə videolar sosial mediada bir xeylidir.

BBC-nin söhbətləşdiyi bir çox, adının çəkilməməsində israr edən müəllimlər və təhsil işçiləri isə deyirlər ki, vətənpərvərliyin təbliği ilə bağlı mətnlərin bəziləri tədris proqramında var və məcburidir.

Lakin təhsil işçiləri həm də bildirirlər ki, bəzi hallarda onlar tədris proqramından kənara çıxa, öz təşəbbüsləri ilə də hərəkət edə bilirlər.

Bağça müəlliminin 5 vəzifəsindən ikincisi

Sumqayıt baxçalarından birində çalışan Şahnaz adlı müəllim-tərbiyəçi deyir ki, onların qarşıda duran vəzifələri Təhsil İdarələri tərəfindən illik plana salınaraq müəssisəyə göndərilir.

"Bizə 5 vəzifə göndəriblər. Bunun birincisi kurrikulumdursa, ikincisi vətənpərvərlik tərbiyəsidir", - o deyir.

O bildirir ki, bağçada hər səhər "Vətənə sədaqət, düşmənə nifrət,nifrət, nifrət!" və "Qarabağ Azərbaycandır!" kimi şüarlar səsləndirilir.

Uşaqların bunları başa düşüb-düşməməsinə gəlincə, tərbiyəçi deyir ki, uşaqların hamısı bu şüarları əzbər deyə bilir.

"Bizdə uşaqlar 2-5 yaş arasındadır. Hamısı da başa düşür. Böyük qruplar lap yaxşı başa düşürlər. Əsgər kimi dayanırlar, "Qarabağ Azərbaycandır!"ı dəmir yumruğu göstərə-göstərə deyirlər", - tərbiyəçi uşaqların duruşunu əli ilə göstərərək əlavə edir.

Sumqayıtda yerləşən Təbiət Elmləri Təmayüllü Liseyin ədəbiyyat müəllimi Yeganə Səmədova da BBC-yə deyir ki, "vətənpərvərliyin təbliği ilə bağlı mətnlərin bəziləri proqramda var və məcburidir, jurnala yazılır və tədris olunur".

Lakin o bildirir ki, aşağı siniflərdə seçimi müəllim edir: "Digərləri isə əsasən yuxarı siniflərdə uşaqların da öz istəyi ilə seçilir. Bəzən olur ki, filmlərə baxıb sonradan müzakirə edirik".

Yeganə Səmədova deyir ki, onun öz təcrübəsində tədris zamanı, vətənpərvərliyin aşılandığı materiallarda düşmənin kimliyi açıq göstərilmir. Müəllim "üstəlik şagirdlərdə nifrət hissinin düşmənə yox, düşmənin amansızlığına qarşı" aşılandığını əlavə edir.

"Nifrətlə böyüyən birisi... insan öldürə bilər"

Bəzi təhsil işçiləri bir sıra hallarda məktəblərdə vətənpərvərliyin bu cür təbliğinin ibtidai siniflərdən aparılmağa başladığını qeyd edir. Onlar nifrət hissinin aşılandığı uşağın gələcəkdə necə formalaşması ilə bağlı ya "heç bir qayğı və narahatlıqlarının olmadığını deyir, ya da bu barədə heç vaxt düşünmədiklərini" bildirirlər.

Türkiyəli psixoloq, pedaqoq Belgin Temur BBC News Azərbaycancaya açıqlamasında vətənpərvərlik məsələsinin Türkiyədə də çox vurğulanan mövzu olduğunu vurğulayır.

O əlavə edir ki, bu, çox vurğulansa da, eyni zamanda "çox diqqət tələb edən və həssas" mövzudur.

Belgin Temur deyir ki, vətəni sevmək gözəldir, uşaqlara bütövlük hissini, birləşmək, birlikdə fəaliyyət göstərə bilmək baxımından vətənpərvərliyi aşılamaq vacibdir".

Lakin psixoloq vurğulayır ki, bunun üçün "uşaqların nifrəti təcrübə etməsinə" gərək yoxdur.

"Ancaq vətəni sevməyi öyrətmək bəzi şeylərə, bəzi adamlara, bəzi millətlərə nifrət etmək mənasına gəlmir, gəlməməlidir. Onsuz da, heç bir şəkildə uşaqların nifrəti təcrübə etmələrinin lazım olduğunu düşünmürəm. Çünki adı üstündə - uşaq uşaqdır və uşaqların sevgi ilə böyüməsi vacibdir".

Belgin Temur deyir ki, "içində, qorxu, nifrət, aqressiya ehtiva edən duyğuların uşaqlara öyrədilməsi, onların da bunu qavraması əlbəttə ki, uşaqların ruhi-psixoloji vəziyyəti baxımından son dərəcə risklidir".

"Çünki məqsədimiz nədir? Uşaqları sağlam, güvənli, xüsusilə sağlam münasibətlər qura bilən, xoşbəxt və faydalı fərdlər olaraq yetişdirmək istəyirik. Ancaq öncə onların ruhi sağlamlıqları önəmlidir. Burada da bütün dünya ilə, ətraflarındakı şəxslərlə sağlam, gözəl münasibətlər qura bilmələri üçün sevgi duyğusunun ön planda olması lazımdır. Nifrət istər-istəməz uşaqların öz daxili dünyasında da qayğı yaradan bir şeydir. Ona görə də bir şeyi sevmək demək başqa bir şeyə nifrət etmək mənasına gəlmir. Bəzən bunu ailə daxilində də görürük, ailə üzvlərinin sevmədiyi şəxslər, yəni, ana-ata bir-birinə nifrət edir, uşağın da valideynlərindən birinə nifrət etməsi üçün bir mühit yaradılır. O zaman gələcəkdə kimə güvənmək, kimə güvənməmək sualı yaranır uşaqda".

Psixoloq vurğulayır ki, nifrət duyğusu insanın özünə zərər verir, yaxın münasibətlər qurmaqda çətinliklərə səbəb our, sevgiylə əlaqəli problemlər yaşayan, sevməkdə çətinlik çəkən şəxslərin yetişməsinə gətirib çıxarır.

O izah edir ki, nifrətlə böyüyən şəxslərdə bütün mənfi duyğular asanlıqla nifrətə çevrilə bilər.

"Həmişə dediyimiz şeydir, nifrət insanın özünə zərər verə bilir. Birinə acıqlı olmaq, birini qısqanmaq, ya da bənzər duyğuların bir insanda olması normaldır. Ancaq nifrət çox sərt duyğudur və içində şiddəti də ehtiva edir. Ona görə də içində nifrət duyğusu olan şəxslər başqalarına zərər vermək istəyər. Verəcək-verməyəcək o zərəri, bu başqa mövzudur. Sadəcə bu qədər ağır olan bir hissin insan üçün xeyirli olduğunu düşünmürəm. Bu şəxslər bəzən heç kimə zərər verməsə də, özünə ziyan vuracağı mütləqdir", - psixoloq vurğulayır.

Sumqayıt, nifrət, məktəb

İçində nifrətlə yaşayan şəxsin ətrafdakılara da bir faydasının olmayacağını söyləyən mütəxəssis hesab edir ki, belə biri "yaxşı döyüşçü olar, insan öldürər, rahatlıqla münasibətinin pis olduğu hər insana düşmən hisslər bəsləyə bilər".

Nifrət nitqi nədir?

Beynəlxalq İnsan Hüquqları Qanununda "nifrət nitqi"nin universal tərifi yoxdur.

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, ""nifrət nitqi" irq, din və ya cins kimi xüsusiyyətlərə əsaslanan və sosial sülhü təhdid edə bilən qrup və ya fərdləri hədəf alan təhqiredici diskursa aiddir".

BMT nifrət nitqini…"nitqdə, yazıda və ya davranışda hücum edən və ya istifadə edən hər hansı bir ünsiyyət növü kimi müəyyən edir. Yəni, şəxsin və ya qrupun kimliyinə, başqa sözlə, dininə, etnik mənsubiyyətinə, milliyyətinə, irqinə, rənginə, mənşəyinə, cinsinə və ya digər kimlik faktoruna görə təhqiredici və ya ayrı-seçkilik xarakteri daşıyan ifadələr" kimi dəyərləndirir.

Məktəbdə "nifrət aşılayan... dərslər, mahnılar, şüarlar "qətiyyən olmalı deyil"

Ölkə məktəblərində tədris olunan dərs vəsaitlərində də vəziyyət fərqli deyil. Dərsliklərdə bəzən açıq, bəzənsə ümumiləşdirilmiş formada "düşmənə nifrət" təbliğatının gedişində "nifrət", "ölüm" kimi ifadələrdən istifadə olunur. Dərs materiallarından götürülmüş bəzi misallara baxaq:

Orta məktəbin 6-cı sinif, "Ədəbiyyat" dərsliyindəki "Qanlı bənövşə" hekayəsində uşaq belə yuxu görür: "Siranuş xala əcinnə sifətilə onu boğurdu. Suren dayının əlində tutduğu iti qılıncdan damla-damla qan süzülürdü. Bu qan önun üst-başına, ən çox da gözlərinə çilənmişdi".

Altıncı sinif "Azərbaycan dili" dərsliyində "Balaca girovlar" adlı bir hekayədə belə bir təsvir var: "Quduzlaşmış ermənilər paslı kəlbətinlə oxumaq istəməyənlərin dilini dartıb qopardır, soyundurub ələ salırdılar".

Eyvaz Zeynalov adlı müəllif 5-ci sinifin "Ədəbiyyat" kitabında verilmiş "Oğru" hekayəsində yazır: "Kanallardan biri ermənilərin pis murdar xasiyyətləri haqqında veriliş hazırlamışdı".

Mütəxəssislər vurğulayır ki, tədris olunan bəzi dərs vəsaitlərində yer alan şeirlər, hekayələr və digər mətnlərdə ksenofobiya ehtiva edən ifadələr yer alır.

Təhsil məsələləri üzrə təhlilçi, professor Şahlar Əsgərov deyir ki, təhsildə vətənpərvərliyin təbliği zamanı istifadə olunan və nifrəti, ölümü, qan tökməyi təlqin edən nitqlər, ifadələr "bəşəri təhsil sisteminin qüsurudur".

O hesab edir ki, dərsliklərdə və ya şifahi şəkildə nifrət aşılayan və ya aşılaya biləcək, mətnlər, şeirlər, dərslər, mahnılar, şüarlar "qətiyyən olmalı deyil".

Təhlilçi, həmçinin hesab edir ki, şüar və bənzər ifadələr vətənpərvərliyin təbliğində əhəmiyyətsizdir və kökü tarix kitablarından gəldiyi üçün bu kitablar mükəmməl yazılsa və yaxşı tədris olunsa, yalnız o zaman uşaqlardan gənc vətənpərvərlər yetişdirmək mümkündür.

"Ukrayna-Rusiya müharibəsini götürək. Bunlar hətta qohum xalqlardır. Bunlar niyə bir-birini qırır? Bu, təhsilin işidir. Çünki təhsil son yüz ildə güclü şəxsiyyətlər yetişdirmək məqsədi qoyub qarşıya. Hətta kurrikulumun 6 prinsipindən birincisi "şəxsiyyətyönümlü təhsil olmalıdır" deyir. Yəni, təhsil indi şəxsiyyət yetişdirməlidir. Bütün dünyada bu müddəadan istifadə olunur. Bu müddəa, güman edirəm ki, səhvdir. Təhsil şəxsiyyət yox, müdrik insan yetişdirməlidir".

Professor hesab edir ki, bu gün məktəblərdə yaranmış vəziyyətə görə məktəb direktorları da məsuliyyət daşıyır.

"Bizim məktəblərdə direktorlarımız bu mühiti yaratmalıdır. Misal üçün, mən məktəb direktoru olsam, o şüarların heç birini istifadə etməyə qoymazdım. Bu, düşüncədən asılıdır. İnsan kamilləşdikcə, insanı özünə rəqib yox, himayədar görməlidir. Bu isə təhsildən asılıdır. Bizdə sinif daxilində eyni sinfin uşaqları bir-birinə rəqib tərbiyə olunurlar. Onlara aşılamaq yoxdur ki, siz bir-birinizlə rəqabət aparmayın, əksinə, bir-birinizə kömək edin", - Şahlar Əsgərov deyir.

"İnsan həm ictimai, həm də şəxsi mənafe daşıyır. Şəxsi mənafe ilə ictimai mənafenin nisbi cəmi vahiddir. İctimai mənafeyi böyük olan şəxslər, adətən, inkişaf etmiş ölkələrdə yaşayır. Orta rus və orta eston düşüncəsini müqayisə edin. Orta eston düşüncəsində ictimai mənafe yüksəkdir, orta estoniyalı şəhərinin, küçəsinin, klinikasının yaxşı olmasını istəyir. Bu birisi isə evim yaxşı olsun, mənim nəyim varsa, o, yaxşı olsun, pulum çox olsun və sair. Bax, təhsil indiyə qədər də belə şəxsiyyət yetişdirmək üçün bu düşüncələri təbliğ edir. Bir növ təhsil itaət üzərində qurulub. İtaət üzərində qurulmuş təhsil axırda müharibəyə gətirib çıxarar", - təhlilçi vurğulayır.

"Azərbaycan məktəblərində vətənpərvərliyin təbliğatını, şifahi və ya yazılı, nifrət aşılayan ifadələr olmadan da aparmaq, əlbəttə olar. Sadəcə sözü sözü bilən, sözdən anlayan adamlara vermək lazımdır ki, məktəblərdə bu cür hallar yaşanmasın. Bu cür çıxışlar insanı vətənpərvər etmir. Bu qarın ağrısı deyil ki, aptekdən dərman alıb verəsən ki, al at, keçəcək. Onu inandırmağı bacarmalısan", - professor vurğulayır.

Vətənpərvərliyin təbliği bağlı 25 illik proqram

Azərbaycan məktəblərində vətənpərvərliyin təbliği 1997-ci ildən rəsmi şəkildə "Gənclərdə vətəndaşlıq və vətənpərvərlik hissələrinin yüksəldilməsi proqramı" vasitəsilə həyata keçirilir.

Gənclər və İdman Nazirliyinin bu proqramına görə, o dövrdə gənclərdə vətənpərvərlik hisslərinin "azalması müşahidə olunduğu üçün" bu sahədə məqsədəuyğun və sistemli iş aparmağa ehtiyac yaranıb.

Gənc nəsilə xitabən "vətənə sevgi, düşmənə nifrət" tezisini Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında da müşahidə etmək mümkündür.

"Son illərdə gənc nəsil vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi", - İlham Əliyev sədri olduğu Yeni Azərbaycan Partiyasının 2021-ci ildə, İkinci Qarabağ müharibəsindən sonra keçirilmiş VII qurultayında deyib.

Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Liseyin (TTEL) təlim-tərbiyə işləri üzrə direktor müavini Ətrabə Tağıyeva da BBC-yə deyir ki, "düşmən birdir və düşmənə nifrət olmasa, uşaq vətənpərvər" böyüyə bilməz:

İlham Əliyev, nifrət barədə

"Bizi doğru böyütməyiblər. Nənələrimiz dedilər, biz düşmənik, biz dedik ki, yox, dostuq. Nəticədə bəlli oldu ki, dost deyilik".

Uşaqların nifrət aşılanaraq böyüməsi, gələcəkdə onların şəxsiyyətinin formalaşmasına göstərəcəyi təsirlər məsələsinə gəlincə, Ətrabə Tağıyeva hər hansı neqativ fəsadla bağlı "hər hansı bir qayğısı yoxdur".

"Biz işimizi elə qururuq ki, uşaqlarımızın içində aqressiya olmur", - o vurğulayır.

Ətrabə Tağıyeva narazıdır ki, Azərbaycanda gənc nəsil öz tarixini öyrənmir, ancaq öyrənməlidir.

"Bizə vaxtilə Azərbaycan tarixinin öyrənilməsinə imkan verilməyib. Nəzərə almalıyıq ki, tarix boyu ermənilər bizi qırıb, düşünürəm ki, bəlkə də düz edirəm. Erməni bizim düşmənimizdir, uşaqlar da bunu bilməlidir".

O əlavə edir ki, düşmənə nifrət aşılanması "Azərbaycanla düşmən olan Ermənistanda" da mövcuddur və "onlarda varsa, bizdə də olmalıdır".

"Məktəblərdən propaqandanı yığışdırmaq lazımdır"

Konfliktlər üzrə təhlilçi Şahin Rzayevə görə, müharibə vəziyyətində olan bütün ölkələrdə propaqanda, nifrət nitqi "qaçılmazdır".

O vurğulayır ki, "istənilən ölkədə, ən demokratik ölkələr olsun, propaqanda varsa, əks-təbliğat da olmalıdır".

Lakin cənab Rzayev vurğulayır ki, uşaqların bu məsələyə qatılması "yolverilməzdir".

"Belə məsələlərə ciddi yanaşmaq, məktəblərdən bunu yığışdırmaq lazımdır. Uşaqları bu məsələlərdən xilas etmək lazımdır. İctimai Televiziyada uşaqlara Fransa Prezidenti Emmanuel Macrona "Buratino"nun mahnısını oxudurlar. Düzgün deyil axı, bu! Bunu digər Youtube kanalları etsə, yenə olar, ancaq dövlət bunu etməli deyil. Nifrət nitqini hardasa başa düşürəm, kimlərsə bunu etməlidir. Təbliğat varsa, propaqanda varsa, onu neytrallaşdırmaq üçün əks-təbliğat da olmalıdır. Uzun müddət biz dedik ki, informasiya müharibəsində uduzuruq, uduzuruq. Uduza-uduza gəlmişdik. Son vaxtlar təşəbbüsü ələ almışıq və əks-hücuma keçirik. Ancaq bu sahədə təcrübəmiz yoxdur. Əks-təbliğat aparmağın və bunu sivil qaydada aparmağın öz üsulları var".

Şahin Rzayev hesab edir ki, həm Azərbaycan, həm də Ermənistan "qarşılıqlı şəkildə, sülhə razılaşmalıdır".

Cənab Rzayev hətta xalqlar arasında qarşılıqlı nifrət təbliğini yığışdırmaq üçün Azərbaycan və Ermənistan arasında potensial sülh müqaviləsinə "hate speech" (nifrət nitqi) kampaniyasından əl çəkməklə bağlı bənd salınmasının məqsədəuyğun olacağını düşünür.

"Bu, həmin müqavilənin içində çox yaxşı müddəa olardı. Doğrudan da bəzi, həddindən artıq patriot görünməyə çalışmaq istəyən həmkarlar da (o, bəzi televiziyaların adlarını çəkir -red.) məncə, göstəriş gəldikdən sonra buna əməl edəcəklər. Hökumət sabah göstəriş versə ki, bəsdirin, dinc erməni əhalisi ilə bizim düşmənçiliyimiz buraya qədərdir, bundan sonra olmayacaq, bu insanlar doğrudan da öz tapşırıqlarını canla-başla yerinə yetirəcəklər".

BBC-yə danışan siyasi təhlilçilər, konfliktoloqlar da deyir ki, Azərbaycanda belə halların olması "normaldır", ancaq müsahiblərimiz onu da əlavə edirlər ki, azyaşlılara, şagirdlərə nifrət aşılamaq "yanlış yanaşmadır" və bunu məktəblərdən "yığışdırmaq lazımdır".

Siyasi təhlilçi Anar Məmmədli də düşünür ki, məktəblərdə bu məsələlərə toxunulması "yanlış təbliğatdır".

"Uşaqlara erkən yaşda düşmənə nifrət aşılamağın nə mənası var? Uşaq uşaqlığını yaşayır və tutaq ki, əjdahadan qorxur, tutaq ki, xortdandan qorxur, uzağı vəhşi heyvanlardan qorxur. Bu halda isə siz onlara sosial düşmən yaradırsınız. Sırf siyasi konteksdən yanaşsaq, Azərbaycanın coğrafi mövqeyi elə bir durumdadır ki, kiminləsə yaxşı, kiminləsə düşmən münasibətdədir. Ancaq bu əsas vermir ki, siyasi təbliğatı uşaqlara yönəldək, məktəblərə gətirək. Bu, yanlış taktikadır", - təhlilçi deyir.

Anar Məmmədlinin fikrincə, belə tərbiyə alanlar dünyaya xoş niyyətlə baxan, səmimi, sözüaçıq insan kimi böyüyə bilməyəcəklər: "Bu, düşmən obrazı axtaran bir nəsil olacaq. Bu gün tutaq ki, erməni düşməndir, sabah gürcü düşmən olacaq. O biri gün rus olacaq... Ölkələr bir gün düşmən olur, sonra barışırlar. ...Uşaqlar azad ruhda böyüməlidirlər. Onun da qayğısına qalmaq lazımdır ki, uşaqlar şəxsiyyət kimi yetişsinlər. Lakin siyasi təbliğat, düşmən obrazı yaratmaq prosesi pozur və mənə elə gəlir ki, məktəb artıq üzərinə düşən missiyadan kənara çıxmış olur".

TN: "...ksenofobiya ilə əlaqələndirməyin"

BBC-yə danışan təhsil işçiləri bildirirlər ki, İkinci Qarabağ müharibəsindən sonra məktəblərin vətənpərvərliyin təbliği ilə bağlı tədris planı yenilənib: "Fəaliyyət planında vətənpərvərlik bölməsi var. Əvvəl də var idi, sadəcə 2020-ci il 27 sentyabrından - müharibə başladıqdan sonra məktəblərə yeni fəaliyyət planı verilib", - Ətrabə Tağıyeva vurğulayır.

Lakin həm Ətrabə Tağıyeva, həm də digər müsahiblərimiz yeni plana vətənpərvərliklə bağlı nələrin daxil edildiyini açıqlamır, Təhsil Nazirliyindən isə bu planı almaq mümkün olmayıb.

Bəzi dərsliklərdə vətənpərvərliyin tədrisi ilə bağlı materialları "Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyünün təminatı uğrunda aparılan mübarizəni əks etdirən bədii nümunələr" kimi təqdim edən Təhsil Nazirliyi BBC-nin sorğusuna cavabında burdakı nümunələri "ksenofobiya kimi qiymətləndirməyin doğru olmadığını" bildirir.

Təhsil Nazirliyinin yazılı açıqlamasına görə, bu materiallar "erməni xalqı ilə əlaqəli" deyil.

Qurum, eyni zamanda dərsliklərdə əks olunanların "2020-ci ilin noyabr ayına qədərki Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində müzakirə edilməli" olduğunu vurğulayır.

Müasir dövrdə uşaqların "şiddətə daha çox meyilli" olduğunu düşünən türkiyəli psixoloq, pedaqoq Belgin Temurun fikrincə, nifrət hissinin tərbiyəsi gələcək cəmiyyətdə "sağlam mühit" vəd etmir.

"Haqqını tələb etmək başqa bir şey, nifrət başqa bir şeydir, doğrunu istəmək, gözləmək, buna cəhd etmək başqa bir şeydir. Mübahisə etmək, dalaşmaq arzusunun içində başqasına zərər vurmaq var, ona görə də bu kimi fəaliyyətlər arzuolunmazdır. Biz uşaqları erkən yaşlardan sevgi ilə böyütməyin vacibliyini anlamalıyıq", - pedaqoq, psixoloq Belgin Temur deyir.