Vladimir Putin: Rusiya KQB-sindən Ukrayna müharibəsinə gedən yol

Vladimir Putin

Şəklin mənbəyi, Digər

  • Müəllif, Paul Kirby
  • Vəzifə, BBC News

Vladimir Putin 2000-ci ildən bəri hakimiyyətdədir, bu, Sovet diktatoru İosif Stalindən sonra istənilən Kreml liderininkindən daha uzun müddətdir.

Putinin 71 yaşında beşinci dəfə prezident seçkilərinin qalibi elan olunmasına qədər müddətdə, Rusiyada müxalifətə bənzər nə varsa, yox olub. Və istərsə, hətta 2036-cı ilə qədər də, onun hakimiyyətdə qalmasına mane olacaq çox az şey var.

Bununla belə, bir zamanlar az tanınan bu keçmiş KQB işçisi Kremlə təsadüfən seçilib: sadəcə olaraq, lazımi anda lazımi yerdə sələfi Boris Yeltsinin yaxın çevrəsində olmaqla.

Vladimir Putin gənclik illərini kommunist Leninqradda kommunal mənzildə və ya “kommunalka”da keçirən və küçə döyüşlərində iştirak edən bir oğlan idi.

O, liberal, demokratik Rusiyadan bəhs etsə də, sonralar Sovet İttifaqının xaotik çöküşünü “[20-ci] əsrin ən böyük geopolitik fəlakəti” adlandırdı.

Ukraynanın Rusiyanın orbitindən çıxmasının qarşısını almaqda israrlı olan Putin 2022-ci ilin fevralında İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük müharibəsini başlatdı.

Putin

Şəklin mənbəyi, GAVRIIL GRIGOROV/POOL/AFP

Putinin tarixə təhriflə baxışı

NATO-ya olan dərin nifrətilə yanaşı o, tez-tez öz hərəkətlərini tarixin təhrif olunmuş versiyasına istinad edərək əsaslandırır.

Ukraynaya hərbi müdaxiləyə qədər və sonra Putin yalandan Ukraynanın neonasistlərin məskunlaşdığı süni dövlət olduğunu iddia etdi. Və Ukraynanın NATO ilə yaxınlaşmasının qarşısını almağa başladı.

Onu ən yaxşı tanıyan Qərb liderlərindən biri Almaniyanın keçmiş kansleri Angela Merkel idi. O, bir zamanlar Putini “reallıqdan uzaqlaşmış və başqa bir dünyada yaşayan adam” adlandırmışdı.

Vladimir Putin Rusiya Angela Merkel Almaniya kansleri Almaniyanın keçmiş kansleri Angela Merkel

Şəklin mənbəyi, DENIS SINYAKOV/AFP

Merkel dəfələrlə onunla danışıqlar aparmağa çalışmışdı. Kiyevə girmək üçün qoşun göndərməsindən sonra isə o, Putin haqqında belə qənaətə gəldi: “Avropanı məhv etmək istəyir”.

Vladimir Putin İkinci Dünya müharibəsinin başa çatmasında yeddi il – böyük qardaşının ölümü və valideynlərinin güc-bəla ilə sağ qalmasına səbəb olan Leninqrad mühasirəsindən sonra - anadan olub.

O, həyatının qalan hissəsinə təsir edəcək ağır uşaqlıq keçirib.

“İlk yumruğu sən vurmalısan”

O, 2000-ci ildə verdiyi müsahibəsində yaşadığı yataqxananın pilləkənində böyük bir siçovulu küncə sıxışdırdığını xatırlayır.

Qaçmağa yeri yox idi. Putin siçovulun özünü ona necə çırpdığını təsvir edib: “Oradaca küncə sıxışdırılmaq sözünün mənası ilə bağlı tez və uzunömürlü dərs aldım”.

Valdimir Putin Rusiya Cüdo Sambo idman

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 2000-ci ildə 10 yaşlı yaponiyalı qız Putini yerə sərmişdi.

Gənc Putin tez-tez daha iri və güclü olan yerli oğlanlarla dava edirdi. Sonralar həmin vaxtı xatırlayıb özünü “xuliqan” kimi qələmə verirdi.

O, prezidentliyi dövründə qara kəmər ustası kimi davam etdirdiyi cüdo ilə yanaşı, rus döyüş sənəti sambo ilə məşğul olub və uşaqlıq dostları Arkadi və Boris Rotenberqlə yaxınlığını davam etdirib.

2015-ci ildə, o, indiki Sankt-Peterburqun küçələrindəki erkən təcrübələrini belə təsvir edib: "Əlli il əvvəl Leninqrad küçələri mənə bir qayda öyrətdi: döyüş qaçılmazdırsa, ilk yumruğu sən vurmalısan!"

Leninqrad Dövlət Universitetində təhsil aldıqdan sonra, 1975-ci ildə, o, birbaşa sovet kəşfiyyat xidməti olan Dövlət Təhlükəsizlik Komitəsinə getdi.

Hüquq fakültəsi məzunu üçün, bu, təbii addım idi və ona çox uyğun idi.

Bu, həm də faşist Almaniyasında gizli rus casusunun cəsurluqlarından bəhs edən “Qılınc və Qalxan” kimi sovet teleserialları ilə böyümüş bir gəncin arzusu idi.

"Mən sovet vətənpərvərlik tərbiyəsinin saf və son dərəcə uğurlu məhsulu idim", - o deyib.

Putin 1985-ci ildə Şərqi Almaniyanın Drezden şəhərinə göndərilir. O bu vaxta kimi artıq almancanı yaxşı öyrənmişdi. Orada qalır və 1989-cu ildə kommunist dövlətinin dağılmasını öz gözlərilə görür. Yolun digər tərəfindəki DTK qərargahından izdihamın Şərqi Almaniyanın məxfi polisinin - Ştazinin qərargahına hücumunu seyr edir.

Kiçik bir qrup onun binasına yaxınlaşanda Putin Qızıl Ordunun tank bölməsini müdafiəyə çağırır, ancaq başa düşür ki, Rusiyadan kömək olmayacaq.

"Moskvadan əmr gəlmədən nəsə edə bilmərik. Moskva isə susur", ona belə deyirlər.

Növbəti il, o, sərbəst siyasətə qayıdır. Putin DTK-da heç vaxt xüsusi fərqlənməsə də, ona polkovnik-leytenant rütbəsi verilir.

Rəhbərlərindən biri Nikolay Leonov onu “orta səviyyəli agent” hesab edirdi.

Azsaylı sirdaş çevrəsi

Putin Leninqraddan olan keçmiş DTK həmkarlarından çox az bir qismini bu gün də çoxdankı müttəfiqləri və yaxın sirdaşları kimi öz yanında saxlayır. Məsələn, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev kimi.

Amma "qara gözünə, qara qaşına görə yox", Putinin cüdo məşqçisi olmuş Anatoli Raxlin xatırlayırdı, "ona görə ki, özünü sübut etmiş insanlara inanır".

Putin inandıqlarını həm də, zənginləşdirir.

O, uşaqlıq dostu Arkadi Rotenberqə ilhaq etdiyi Krıma körpü çəkmək üçün 3,5 milyard dollar dəyərində (təxminən, 6 milyard manatlıq) müqavilə verib.

Putin şəxsi həyatını mümkün qədər gizli saxlayır. 30 illik evlilikdən sonra, həyat yoldaşı Lyudmila ilə 2013-cü ildə boşanıb.

Onların ictimaiyyət tərəfindən tanınan iki qızı var. Onlardan biri akademik fəaliyyətlə, eyni zamanda bizneslə də məşğul olan Mariya Vorontsova, digəri isə bir tədqiqat fondunun rəhbəri Katerina Tixonovadır.

Tixonova Putinin qızı Putinin qızları

Şəklin mənbəyi, REUTERS

Şəklin alt yazısı, Vladimir Putinin kiçik qızı Katerina Tixonovanın akrobatik rok-n-roll sevgisi məşhurdur.

1991-ci ildən Vladimir Putin Leninqradın (indiki Sankt-Peterburq) yeni meri Anatoli Sobçakın köməkçisi, eyni zamanda çox dəyərli məsləhətçisi olur. Sobçak vəzifəsindən kənarlaşdırılanda onun köməkçisi Moskvada Prezident Administrasiyasında işləmək üçün çağrılır.

Bu, Boris Yeltsin administrasiyasının süqutu, Putinin meteorik yüksəlişi idi.

Rusiya Putin Rusiya Federal Təhlükəsizlik Xidməti

Şəklin mənbəyi, POOL/AFP

O, DTK-nı əvəzləmiş Federal Təhlükəsizlik Xidmətinin qısa müddət ərzində rəhbəri olur, daha sonra isə Təhlükəsizlik Şurasının rəhbəri kimi Prezidentə hesabat verməsi tapşırılır.

Prezidentliyə “super namizəd”

1999-cu ilin avqustun 9-da xəstə Yeltsin öz Baş nazirini istefaya göndərir, yerinə isə az tanınan, 46 yaşlı “proteje”sini gətirir. O, 2000-ci il prezident seçkisi ərəfəsində islahatlar həyata keçirməli idi.

Yeltsinin indi varisə ehtiyacı vardı.

“Putin özünü bazar islahatlarını davam etdirmək istəyən liberal və demokrat kimi təsdiq edib”, - Yeltsinə Putinin “super namizəd” olacağını demiş Valentin Yumaşov qeyd edirdi.

Yeltsinin prezidentliyinin süqutu ərəfəsində Moskva bir sıra ölümcül, lakin izahı olmayan partlayışlara məruz qaldı.

Vladimir Putin Rusiyanın, əsasən müsəlmanların yaşadığı Çeçenistan Respublikasını separatçı üsyançılardan geri almaq üçün qurudan geniş miqyaslı hücumla cavab verdi.

Onun məşhurluğu artdı və 31 dekabr 1999-cu ildə Putin Prezidentin vəzifələrini icra etməyə başladı, üç ay sonra isə o, ilk prezidentliyini qazanacaqdı.

“Çeçen kampaniyası”nda minlərlə dinc insan həlak oldu və Vladimir Putin tez-tez etdiyi kimi, üsyançıları "hətta tualetdə" də necə yox edəcəyini təsvir etmək üçün qəddar dildən istifadə etdi.

Paytaxt Qroznı viran qaldı; Rusiya lideri öz qələbəsini qazanmışdı.

Vladimir Putin

Şəklin mənbəyi, AFP

Onun ilk ölkədaxili problemi 2000-ci ildə yarandı. "Kursk" adlı nüvə sualtı qayığı Barents dənizində qəza nəticəsində batdı və 118 ekipaj üzvü həlak oldu.

Prezident Putin tətildəydi və istirahətini yarımçıq kəsmədi.

O, əvvəlcə beynəlxalq yardım təkliflərini qəbul etməkdən imtina etdi. Ekipaj üzvlərinin çoxu xilas olunmaq üçün kömək gözləyə-gözləyə öldü.

Televiziya tamaşaçıları yas içində olan qadınların Prezidentin üstünə qışqırmasını izlədilər.

Dörd il sonra çeçen üsyançılar Şimali Osetiyanın Beslan şəhərindəki bir məktəbdə əksəriyyəti uşaq olmaqla min nəfəri əsir götürdülər. Rusiya xüsusi qüvvələri binaya girəndə 330 nəfər həlak oldu. Sonradan bəlli oldu ki, Rusiya planlaşdırılan hücumla bağlı məlumatlı olsa da, hərəkətə keçməyib.

Putinin prezidentliyinin ilk illəri qanlı və təlatümlü oldu. Lakin alovlu neft qiymətləriylə isinən Rusiya iqtisadiyyatı yaxşı vəziyyətdə idi.

O, ictimai dəstəyi 90-cı illərdə Rusiyada çiçəklənən milyarder oliqarxlarla mübarizə aparmaqla qazandı.

Həmin illərdə Putin onları Kremlə toplayaraq, ona dəstək olduqları və siyasətdən uzaq durduqları müddətdə pullarını əllərində saxlaya biləcəklərini bildirdi.

O, şərtinə əməl etməyənlərə qarşı cəld davrandı və o vaxt Rusiyanın ən varlı adamı olan Mixail Xodorkovskini silah gücünə həbs edərək Sibirə, həbsxanaya göndərdi.

Rusiya Prezidenti Qərblə sanki bal ayı keçirirdi. O, Əl-Qaidə terror təşkilatının Amerika Birləşmiş Ştatlarına 11 sentyabr hücumundan sonra Prezident George Bush-a zəng etmiş ilk xarici liderlərdəndir. O, hətta ABŞ-a Əfqanıstanda növbəti kampaniyasını başlatmağa da kömək etmişdi.

"Mən adamın gözünün içinə baxdım. Mən onun çox düzgün və etibarlı olduğunu gördüm", - Prezident Bush demişdi.

Lakin tezliklə ABŞ və onun tərəfdarları Putin üçün məyusluğa çevriləcəkdi.

Böyük Britaniya ilə münasibətlər keçmiş DTK agenti və Kremlin tənqidçisi Aleksandr Litvinenkonun Londonda radiaktiv polonium-210 maddəsi ilə zəhərlənməsindən sonra kəskin pisləşdi.

Böyük Britaniyanın təhqiqatı nəticəsində sonradan bəlli oldu ki, Rusiya lideri DTK-nın bu əməlyyatını, öncədən “ehtimal ki, təsdiqləyib”.

2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında Putin ABŞ-la bağlı düşüncələrini açıq ifadə etdi.

Vladimir Putin

Şəklin mənbəyi, TIMM SCHAMBERGER/DDP/AFP

“Bir dövlət - Birləşmiş Ştatlar öz milli sərhədlərini hər mənada aşıb, keçib”, - o şikayətləndi.

Soyuq Müharibə barədə bu buz kimi soyuq xatırlatma həm də, ABŞ-ın Mərkəzi Avropada raket hücumundan müdafiə sistemi ilə bağlı davam edən planına Rusiyanın acığının ifadəsi idi.

“Berlin divarının daşlarının suvenir kimi paylanmasından uzun zaman keçib. Və indi onlar bizim aramıza yeni bölücü xətlər və divarlar inşa etməyə çalışırlar”, - Putin demişdi.

Putinin hərbi güc nümayişi

Putinin keçmiş Sovet ölkələrinin qərbyönlü liderlərini sıradan çıxarmaq üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu göstərməsi çox vaxt almadı.

2008-ci ildə Rusiya qüvvələri Gürcüstan ordusunu məğlub edərək ölkənin iki separatçı bölgəsini - Abxaziya və Cənubi Osetiyanı ələ keçirdi.

Bu, Gürcüstanın o vaxtkı NATO-ya meyilli Prezidenti Mixeil Saakaşvili ilə çox şəxsi toqquşma idi.

Vladimir Putin onda Baş nazir idi, çünki Rusiya Konstitusiyası ona ardıcıl üçüncü dəfə prezident seçilməyə imkan vermirdi, lakin onun hakimiyyət rıçaqlarını əlində saxladığı bəlli idi.

Putin Medvedyev

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, 2015-ci il. Vladimir Putin Dmitri Medvedyevlə birgə

Bu gün bu problem artıq yoxdur. 2021-ci ildə limitini sıfıra endirən qanun qəbul etdi və indi o, birbaşa beşinci, hətta altıncı müddətə prezident ola bilər.

2024-cü ildə Rusiya Putinin üçüncü müddətliyə prezidentliyi ərəfəsində narahat olan ölkədən çox fərqli bir yerdir.

Rusiya müxalifətinin sonu

Sovet İttifaqının dağılmasından sonra ilk dəfə 2011-ci ildə parlament seçkilərində geniş yayılmış saxtakarlıq iddialarına cavab olaraq, Rusiyanın iri şəhərlərində böyük kütləvi etiraz aksiyaları başladı.

Etiraz liderləri arasında liberal, 1990-cı illərdə Baş nazirin keçmiş müavini olmuş Boris Nemtsov da var idi. Digəri isə Putinin Vahid Rusiyasını "fırıldaqçılar və oğrular partiyası" adlandıran və şöhrəti artmaqda olan antikorrupsiya bloqçusu Aleksey Navalnı idi.

Artıq əsl müxalifət tamamilə yox edilib.

Nemtsov 2015-ci ildə Kremlin “gözü qarşısında” körpünün üstündə güllələndi. Navalnı 2021-ci ilin yanvarında həbsxanaya düşməzdən qabaq 2020-ci ildə zəhərlənsə də, sağ çıxdı, ancaqüç il sonra Rusiyada, həbsxanada vəfat etdi. Onun dul arvadı Vladimir Putini qətldə ittiham edir.

Pravoslav Kilsəsi Putini dəstəkləyir. Putinin birbaşa özünə tabe olan Milli Qvardiyası - Rosqvardiya da var.

İctimai itaətsizlik aktları azdır və ordunu gözdən salmaq, saxta xəbərlər yaymaq kimi ittihamlardan müxalif fikirləri susdurmaq üçün geniş şəkildə istifadə olunur.

Rusiya mediası tamamilə itaətkardır və Ukraynadakı genişmiqyaslı müharibəyə başı qarışmış Kremlin nəzarətindədir.

Priqojin Vladimir Putin

Şəklin mənbəyi, ALEXEY DRUZHININ/SPUTNIK/AFP

Şəklin alt yazısı, Yevgeni Priqojin 2023-cü ildə Putinə qarşı silahlı üsyana rəhbərlik edənə qədər illərlə Rusiya Prezidentinin rəhbərliyi altında olub.

2023-cü ilin iyununda keçmiş sadiq muzdlu lider Yevgeni Priqojin öz silahlılarını Moskvaya yola saldı və Putin qısamüddətli silahlı üsyanla üzləşdi.

Lakin üsyan yatırıldı, Priqojin isə daha sonra müəmmalı təyyarə qəzasında həlak oldu.

2024-cü ildə büdcə xərclərinin təxminən 40 faizi müdafiə və təhlükəsizliyə ayrılacaq, çünki Prezident Putin iqtisadiyyatın böyük hissəsini müharibəyə yönəldir.

Ukraynada müharibə

Putinin Ukraynadakı müharibəsi 2022-ci ilin fevralında deyil, 2014-cü ildə Ukraynanın Krım yarımadasını ələ keçirilməsi ilə başlayıb.

Ukraynanın moskvayönlü liderinin Kiyevdəki zorakı etirazlardan qaçdığı, faktiki olaraq, hakimiyyətdən qovulduğu gecə Rusiya Prezidenti bütün gecə ərzində görüş keçirdiyini açıqladı və həmkarlarına “Krımı Rusiyaya qaytarmağın vaxtının" gəlib çatdığını bildirdi.

Daha sonra rusiyapərəst araqızışdıranlar Ukraynanın Donbas bölgəsinin bir hissəsini ələ keçirdilər və şərqdə müharibə 8 il ərzində - Putin Ukraynanın seçilmiş hökumətini devirmək və Kiyevin işğalı üçün 2022-ci ildə şimaldan, cənubdan və şərqdən hücum etmək qərarına gələnə qədər davam etdi.

O, dəfələrlə müharibəyə haqq qazandırmağa çalışıb. O uzun tarixi oçerklər yazır, ölkəyə gələn az sayda xarici qonağa nitqlər söyləyir və mühazirələr oxuyur. Lakin bu, əks fikri qəbul etməyən təhrif edilmiş tarixdir.

Onilliklərini sovet repressiyasının qurbanlarının xatirəsinə həsr edən “Memorial” vətəndaş hüquqları təşkilatının fəaliyyəti qadağan edilib.

Onun veteran həmsədri Oleq Orlov Putin dövrünü belə təsvir etdiyinə görə həbs edilib: “Onlar faşizm istədilər və onu əldə etdilər”.