Azərbaycan və Ermənistan arasında niyə atışma oldu, bundan sonra nə olacaq?

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

Şəklin mənbəyi, Getty Images

Prezident İlham Əliyev bu həftə andiçmə mərasimində deyib ki, əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymazsa, “əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”.

Azərbaycan Ermənistanın öz Konstitusiyasına dəyişiklik edərək, Azərbaycana ərazi iddiası kimi gördüyü "Dağlıq Qarabağ" haqqında istinadları çıxarmasını istəyir.

Ermənistanda Baş Nazir Paşinyan hökuməti ali qanuna bu dəyişikliyi etməyə çalışsa da, bu təkliflərlə bağlı narazılıq var və bu, Paşinyanın nüfuzuna təsir etməkdədir.

Ermənistanda müxalifət həm də, Bakı və Yerevan arasında sülh razılaşması barədə danışıqlarda Ermənistanın hədsiz güzəştə gedə biləcəyi təhlükəsindən danışır.

Belə bir vaxtda, bu həftə Ermənistan və Azərbaycan arasında sərhəddə dörd ölümə və yaralanmaya səbəb olmuş atışma baş verib. Ermənistan tərəfdən atəş açanların Yerkrapah dəstəsinin könüllüləri olduğu bildirilir.

Bu yaxınlarda Azərbaycan rəsmiləri xarici mediaya müsahibəsində bəyan etmişdilər ki, iki qonşu ölkə arasında münasibətlər son altı ayda heç zaman olmadığı qədər sakit keçib.

Atışma niyə baş verdi?

Fevralın 13-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusuna aid döyüş postunu darmadağın etdiyini elan etdi. Bundan bir gün öncə, həmin postdan açılan atəşlə Azərbaycan ordusunun hərbçisi yaralanmışdı. Ermənistan hadisənin səbəbini araşdıracağını bildirib.

Dünənki atışma nəticəsində dörd erməni hərbçi həlak olub. Onların, əsasən, yaşlı könüllülər olduğu bildirilir.

Ermənitan Müdafiə Nazirliyi bu hərbçilərin Yerkrapah təşkilatının üzvləri olduğunu bildirib. Bəzi iddialara görə, onlar Rusiya ilə əlaqəsi olan könüllülərdir.

Bu iddialardan sonra Azərbaycanda Ermənistan ordusunun sərhəddə vəziyyəti sual altına alınmaqdadır - atışmanın baş verdiyi hissəyə kim nəzarət edir, ordu, yoxsa, muzdlu döyüşçülər. Hələ ki, Ermənistan Müdafiə Nazirliyi bu barədə açıqlama verməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfdən baş verənləri "təxribat" adlandırıb və son sabitlik fonunda sülh prosesinə ciddi zərbə olduğunu bildirib.

Nazirlik, həmçinin deyib ki, Avropa İttifaqının Ermənistandakı missiyasının nəzarətində olan ərazilərdə baş verdiyi üçün insident "bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradıb".

Yerkrapah (Torpağın Müdafiəçiləri) Könüllülər Birliyi 1993-cü ildə yaradılıb. Təşkilatın əsas məqsədi "Ermənistan Silahlı Qüvvələrinin gücləndirilməsi, Qarabağ müharibəsi veteranlarının sosial şəraitinin yaxşılaşdırılması və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği"dir.

BBC təhlili

Könül Xəlilova

BBC Azərbaycanca

Azərbaycanda Avropa İttifaqı missiyasının tənqidindən başqa, səslənən bəzi ehtimalların hədəfi həm də Rusiyadır. Hökumətyönlü təhlilçilərə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Rusiyanın maraqlarına uyğun deyil, Rusiya öz sülhməramlılarını Azərbaycan ərazisində saxlamaq üçün Qarabağın erməni əhalisinin geri qaytarılmasına çalışır və Azərbaycan bu məqsədə müsbət baxmır, sülhməramlıların müddətinin 2025-ci ildə başa çatdığını vurğulayır.

Azərbaycanda hökumətə yaxın bəzi təhlilçilər sərhəddə baş verən gərginliyə görə Ermənistanın Baş nazirini deyil, müxalifəti günahlandırırlar və buna səbəb kimi isə Ermənistanın bəzi müxalifət təmsilçilərinin bəzi ordu hissələri üzərində təsir imkanlarının olduğunu əsas gətirirlər.

Azərbaycan-Ermənistan sərhədində baş verən son atışma, həmçinin belə bir ehtimalı gündəmə gətirib ki, ola bilsin, Rusiyanın dəstəklədiyi Azərbaycan hər hansı sülh razılaşmasını imzalamazdan əvvəl, bu yolla rəsmi Yerevanı "Zəngəzur dəhlizi" kimi tanınan dəmir və quru yollarını açmağa məcbur edir.

Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçməklə, Azərbaycanın əsas hissəsini bu ölkənin eksklavı olan Naxçıvana birləşdirən, oradan isə Türkiyəyə birbaşa nəqliyyat kommunikasiyasını nəzərdə tutan layihədir.

Qonşu İran da Bakının bu planına yaxşı baxmır - işə düşərsə, Zəngəzur yolu Ermənistandan keçərək Türkiyə və Azərbaycanı birləşdirəcək. Bakı bu yoldan Ermənistanın nəzarəti olmadan istifadə etmək istəyir, Ermənistan isə öz ərazisinə nəzarət hüququnun olduğunu deyir.

Azərbaycanın Qarabağa nəzarəti bərpa etməsindən sonra, Moskvanın ona dəstək verməməsindən narazı qalan Ermənistan hökuməti ənənəvi müttəfiqi olan Rusiyadan uzaqlaşmağa çalışır.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ay çıxışlarının birində deyib ki, Yerevan artıq Moskvanı əsas müdafiə tərəfdaşı hesab etmir və hazırda Ermənistan Fransa və Hindistanı özünün ən böyük silah təchizatçısı sayır.

Rusiyanın təsirindən uzaqlaşmaq Ermənistan üçün elə də asan məsələ deyil. Belə ki, ölkənin əsas infrastrukturu, o cümlədən dəmiryolları, qaz və elektrik enerji sistemi Rusiyanın nəzarətindədir. Bundan əlavə, ölkə ərazisində Rusiyaya məxsus hərbi baza mövcuddur və Ermənistan Putinin hərbi və siyasi bloklarının üzvüdür.

Kremlin Ermənistandakı mövcudluğu bununla bitmir - Bu ölkənin Türkiyə və İranla olan sərhədlərini Rusiyanın sərhəd qoşunları qoruyur, eləcə də paytaxt Yerevandakı beynəlxalq aeroportda Rusiya nəzarətçiləri işləyir.

Sülh razılaşmasının tərkib hissəsi olaraq, Azərbaycan tərəfindən tələb kimi irəli sürülən Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi də ölkədə müzakirə olunur.

Rəsmi Bakı Yerevandan Ermənistanın ali qanununun preambulasında əks olunan və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan bəyannəmənin çıxarılmasını tələb edir. Rəsmi Bakı Ermənistan konstitusiyasındakı bu məqamı Azərbaycan ərazisinə qarşı davamlı hüquqi iddia kimi görür.

On minlərlə erməni konstitusiyaya dəyişikliklə bağlı təklifin rədd edilməsi üçün petisiya imzalayıb.

Hərbi məğlubiyyətdən sonra Baş nazir Nikol Paşinyanın Ermənistanda nüfuzu azalıb.

"Zəngəzur koridoru olmasa, sülh olmayacaq"

Carnegie Europe təşkilatının Şərqi Avropa və Qafqaz üzrə baş elmi işçisi Thomas De Waal özünün “Qafqazda daha bir müharibə və ya sülh ili” adlı məqaləsində bildirib ki, hazırda tərəflər arasında sülhün əldə olunmasını gecikdirən üç əsas məqam mövcuddur.

Bunlardan biri rəsmi Bakı və Yerevan arasında sərhədlərin demarkasiyası üçün istifadə ediləcək xəritələr ətrafında fərqli mülahizələrin olmasıdır.

Digər bir məsələ münaqişənin həlli və davamlı sülh üçün beynəlxalq səviyyədə qarantiyanın yaradılmasıdır. Belə ki, Ermənistan sülh razılaşmasında beynəlxalq dəstək və qarantorların olmasına çalışır, rəsmi Bakı isə sərhəddə üçüncü tərəfin nəzarətinə ehtiyac görmür.

Təhlilçi tərəflər arasında gərginliyə üçüncü səbəb kimi isə uzun müddət bağlı olan və 43 kilometrlik hissəsinin Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizini göstərib.

Onun fikrincə, Bakı və Yerevan arasındakı münasibətlərdə narahat edən ssenari odur ki, Azərbaycan Ermənistanın cənubunda istədiyini əldə etməyincə, sülh razılaşmasını imzalamaq mümkün olmayacaq.

“Başqa sözlə desək, 2024-cü ildə Ermənistan böyük ehtimalla Qərb və Yerevanın maraqlarına xidmət etməyən "Zəngəzur dəhlizi" planını irəli sürən Bakı və Moskvanın böyük təzyiqi altında qalacaq. Ona görə də, Nerkin Hand kimi ərazilərdə baş verən lokal insidentlər daha yaxından izlənilməlidir. Bütün regionda yeni münaqişə və onun gətirdiyi taleyüklü nəticələr bu cür kiçik toqquşmalardan alovlana bilər”, - təhlilçi məqaləsində qeyd edib.

KTMT rəsmisi: "Sülh sazişi vacibdir"

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib ki, ayrı-ayrı dövətlərin Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var və o hesab edir ki, bunun üçün “Ermənistan-Azərbaycan sərhədindəki yüksək münaqişə potensialından fəal şəkildə” istifadə olunur.

O, sülh sazişi bağlanmasının vəziyyətin gələcək nizamlanmasında vacib amil olduğunu vurğulayıb.

"Problemimiz var"

Azərbaycanda sərhəd hadisəsinə görə Avropa İtitfaqı missiyası tənqid olunmaqda ikən, Ermənistan və Aİ arasında daha da yaxınlaşma müşahidə edilir.

"Aİ-Ermənistan əlaqələri heç vaxt olmadığı qədər güclüdür və hər iki tərəf bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır”, Aİ xarici siyasət üzrə Ali nümayəndəsi Josep Borrell Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bildirib.

Görüşdən öncə Mirzoyan və Borrell arasında kiçik söhbət kameralara düşüb. Borrell Mirzoyandan "problemmi var" deyə soruşub, Mirzoyan isə "bəli, var, kədərlidir", deyib. Bu görüş sərhəd hadisəsindən sonra keçirilib.

Borrell, həmçinin Azərbaycanın Ermənistanın döyüş postunu vurmasını tənqid edib və bu cavabı adekvat hesab etmədiyini deyib. Azərbaycan bu bəyanata sərt reaksiya verib.

Rəsmi Bakı Aİ rəsmisini fevralın 12-də sərhəddə Ermənistan ordusunun Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnən “hərbi təxribatına göz yummaqda" günahlandırıb.

Azərbaycan XİN bildirib ki, Azərbaycanın cavabı “tam adekvat olub” və “Ermənistanın hərbi eskalasiyanı genişləndirmə cəhdinin qarşısını alıb”.

Ermənistan hökuməti uzunmüddət müttəfiqi olan Rusiya ilə münasibətlərdə yaranan ixtilaflardan sonra, Avropa İttifaqı ilə əlaqələri daha da yaxınlaşdırmağa çalışır.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də inauqurasiya çıxışında deyib ki, hər kəs Azərbaycan-Ermənistan məsələsilə məşğul olmağa çalışır, ancaq onun fikrincə, Ermənistan-Azərbaycan məsələsi həll edilib və Ermənistanla müqavilə imzalanmasa, Azərbaycanın hazırkı siyasətində "heç nə dəyişməyəcək".

Sualınız varmı?

Mövzu barədə sualınız, şərhiniz, təklifiniz və ya müraciətiniz varsa, bu formanı dolduraraq bizə yazın.