Berlində sülh müzakirəsi: "Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac var"

azərbaycanlı və erməni nazirlər berlində görüşüb

Şəklin mənbəyi, Ermənistan XİN

Şəklin alt yazısı, Fevralın 28-də başlayan görüş həm Almaniya xarici işlər naziri Annalena Baerbock-un iştirakıyla üçtərəfli, həm də Azərbaycan və Ermənistan rəsmilərinin birgə iştirakıyla ikitərəfli keçirilib

Berlində iki gün sülh danışıqları aparan Azərbaycan və Ermənistan xarici işlər nazirləri "bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğunu" qeyd ediblər.

Hər iki ölkənin Xarici İşlər Nazirlərinin yaydığı bəyanatda vurğulanıb ki, müzakirələr zamanı “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.

Amma bəyanatda hansı "əsas məsələlər"dən bəhs edildiyi açıqlanmır.

Nazirlər arasında görüş fevralın 28-də başlamışdı.

İndiyə kimi tərəflər iki ölkə arasındakı sülh danşıqları kontekstində Washington, Brüssel və Moskvada görüşüb. İlk dəfədir ki, nazirlər Berlin formatında bir araya gəliblər.

Bu, fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı zamanı Almaniya Kansleri Olaf Scholz-un vasitəçiliyi ilə bir araya gəlmiş Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşündən sonra baş verib.

Euronews-un məlumatına görə, Almaniyanın xarici işlər naziri Annalena Baerbock çərşənbə axşamı günü, üçtərəfli görüşdən əvvəl deyib ki, Ermənistan və Azərbaycanın "indi uzun illər davam edən ağrılı münaqişədən sonra davamlı sülh əldə etmək imkanı" olduğuna inanırlar.

"Hazırda gördüyümüz hər iki ölkənin keçmişi geridə qoymaq və xalqları üçün davamlı sülhə doğru çalışmaq üçün atdığı cəsarətli addımlardır", - Annalena Baerbock deyib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi yerli mediaya açıqlamasında bildirib ki, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlarda “bəlli fasilə” yaransa da, mətn üzərində iş davam etdirilib.

Bayramov və Mirzoyan Antaliya Diplomatiya Forumunda iştirak etmək üçün Berlindən Türkiyəyə gediblər.

Nazirlərin Berlin görüşü

Şəklin mənbəyi, Azərbaycan XİN

Şəklin alt yazısı, Azərbaycan və Ermənistan rəsmiləri Berlində iki ölkə arasında sülhü müzakirə edirlər

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi çıxışında Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb.

“Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, - İlham Əliyev Qarabağda Xocalı şəhərində çıxışı zamanı deyib.

Prezident Əliyev bundan əvvəl bildirib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın konstitusiyasında öz əksini tapıb.

O bəyan edib ki, Ermənistan öz konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, iki ölkə arasında sülh əldə ediləcək.

Rəsmi Yerevanın Əliyevin son çıxışına hələlik şərhi yoxdur. Amma Baş nazir Nikol Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

Azərbaycan, Ermənistan, müharibə, Qarabağ, SÜLH,

Şəklin mənbəyi, CEYHUN BAYRAMOV / ARARAT MİRZOYAN / FACEBOOK

Bu arada, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir daha etnik ermənilərin Qarabağdan deportasiyasını “etnik təmizləmə” kimi təsvir edib. Erməni nazir bu açıqlamasını Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin prezidenti Mirjana Spoljaric Egger ilə ayrı-ayrılıqda keçirdiyi görüşdə dilə gətirib.

Rəsmi Bakı “etnik təmizləmə” iddialarını rədd edərək, hökumətin reinteqrasiya proqramı təqdim etməsinə rəğmən, Qarabağ ermənilərinin Azərbaycanı könüllü tərk etdiklərini bildirib.

Münhen görüşü: Əliyev və Paşinyan sülh danışıqlarını davam etdirməyə söz veriblər

Münhen

Şəklin mənbəyi, sosial media

Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Ermənistanın Baş naziri ilə görüşünü “konstruktiv və faydalı” adandırıb, Nikol Paşinyan isə deyib ki, əldə olunan razılaşmalar yerinə yetirilərsə, bu, sərhəddəki gərginliyin azalmasına kömək edəcək.

Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan və Ermənistan liderləri Almaniya Kansleri Olaf Sholtz-ın vasitəçiliyi ilə bir araya gəliblər.

İlham Əliyev və Nikol Paşinyanın bu görüşü Azərbaycan-Ermənistan sərhədində 4 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən son insidentdən sonraya təsadüf edir.

Sərhəddə atəşkəs pozulmasında tərəflər bir-birini ittiham edir.

Prezident Əliyev ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helga Maria Schmid-lə görüşündə deyib ki, Paşinyanla müzakirə zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqlar əldə olunub, prezident.az yazıb.

İlham Əliyev sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının “çox real olduğunu” deyib və hazırda regionda “de-fakto sülhün mövcud olduğunu” bildirib, məlumatda deyilir.

Azərbaycan lideri COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyini bildirib, prezident.az qeyd edib.

"Yeni zorakılıq olmadan..."

Əliyev Paşinyan

Şəklin mənbəyi, Azertac

Azərtac İlham Əliyev və Nikol Paşinyan arasında görüşün Olaf Sholtz-un təşəbbüsü ilə keçirildiyini yazıb.

"Görüşdə Almaniya Kansleri açılış nitqi ilə çıxış edib. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb", - Azərtac yazıb.

Olaf Sholtz öz X hesabında yazıb ki, Almaniya və Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazırdır. "Mən bunu hər iki ölkə ilə müzakirələrdə təsdiqlədim. Hər iki tərəfin yeni zorakılıq olmadan açıq məsələləri həll etməyə razı olması yaxşıdır".

Paylaşımını ötürün Twitter, 1
Twitter məzmununa icazə varmı?

Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu Twitter, 1

Apa yazıb ki, görüş sonradan ikitərəfli davam edib və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər.

Nikol Paşinyan Azərbaycanın müharibəyə başlayacağını iddia edir

Nikol Paşinyan

Şəklin mənbəyi, Getty Images

Azərbaycan Müdafiə Nazirliyi cümə günü bildirib ki, erməni hərbçiləri Daşkəsən istiqamətində atəşkəsi pozub, mövqelərini "iriçaplı silahlardan atəşə tutub" və onlar da "adekvat cavab" veriblər. Ermənistan Müdafiə Nazirliyi bunu təkzib edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 15-də hökumət iclasında iddia edib ki, Azərbaycan onun ölkəsinə qarşı “geniş miqyaslı hücum” planlaşdırır. Azərbaycan bu iddianı rədd edib.

Bu həftənin əvvəlində Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində ölümcül hərbi toqquşma olub, Ermənistan tərəfdən 4 nəfər həlak olub, bir nəfər yaralanıb.

Nikol Paşinyan deyib ki, Azərbaycan sonradan hərbi eskalasiyanı Ermənistan Respublikasına qarşı genişmiqyaslı müharibəyə çevrilməsi perspektivi ilə sərhədin bəzi hissələrində hərbi əməliyyatlara başlamaq niyyəti güdür.

"Bu niyyət rəsmi Bakının bütün bəyanatlarında və hərəkətlərində oxunur", - o deyib.

Rəsmi Bakı bunu “əsassız iddia” adlandırıb və “bölgədə qəsdən gərginlik yaratmaq məqsədi” daşıdığını vurğulayıb.

“Təxribat” iddiaları və “qisas əməliyyatı”

Azərbaycan Ermənistan sərhəd sərhəddə gərginlik atışma hərbçilər

Şəklin mənbəyi, GETTY IMAGES

Azərbaycan DSX bildirib ki, fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin bir gün əvvəl törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirib.

"Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub", - qurumun məlumatında deyilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 13-də "saat 05:30-dan başlayaraq, Azərbaycan tərəfi Ermənistanın Sünik bölgəsindəki Nerkin-Hand yaşayış məntəqəsinin ərazisində yerləşən erməni mövqelərini atıcı silahlardan atəşə tutub".

Çərşənbə axşamı günü səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Azərbaycan ordusunun “Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri axşam və gecə saatlarında “atıcı silahlardan atəşə tutulub”. Azərbaycan bir hərbçisinin yaralandığını bildirib.

Bu, sentyabrın 19-20-də həyata keçirilmiş "antiterror tədbirləri"ndən sonra iki ölkə sərhədində baş verən ilk atışmadır.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın fevralın 13-dəki hücumu zamanı həlak olanların və yaralının Yerkrapah təşkilatının üzvləri olduğunu açıqlayıb.

Rəsmi Bakı deyir ki, Yerevanın Ermənistanın “sərhəd postlarında müxtəlif hərbi qruplaşmalara məxsus muzdluların Müdafiə Nazirliyinə hansı əsasda tabe olması məsələsinə aydınlıq gətirilməsini” istəyir və azərbaycanlı sərhədçinin yaralanması ilə bağlı araşdırmanın nəticəsini gözləyir.

Azərbaycan Dövlət Sərhəd Xidməti bunu "qisas əməliyyatı" adlandırıb.

Yerkrapah (Yurdun Müdafiəçiləri) Könüllülər Birliyi 1993-cü ildə yaradılıb və Birinci Qarabağ müharibə veteranlarından ibarətdir.

Onlar barədə ətraflı burada oxuyun: Ermənilərin Yerkrapah təşkilatı nədir?

Ermənistan Müdafiə Nazirliyi fevralın 12-də Azərbaycanda bir sərhədçinin yaralanması hadisəsini araşdıracağını bəyan edib.

Azərbaycan bildirib ki, fevralın 12-də qarşı tərəfdən açılan atəş nəticəsində onun sərhədçisi yaralanıb və buna qarşılıq olaraq, bir gün sonra “cavab tədbirləri” görülüb.

Azərbaycan Dövlət Sərhəd Xidməti bunu "qisas əməliyyatı" adlandırıb.

Yerkrapah (Yurdun Müdafiəçiləri) Könüllülər Birliyi 1993-cü ildə yaradılıb. Təşkilatın əsas məqsədi "Ermənistan Silahlı Qüvvələrinin gücləndirilməsi, Qarabağ müharibəsi veteranlarının sosial şəraitinin yaxşılaşdırılması və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği"dir.

“Bu, Azərbaycan üçün fəlakətlə nəticələnər”

Əli Kərimli

Şəklin mənbəyi, Topum TV

Azərbaycanda müxalifət lideri Azərbaycan ordusunun cavab reaksiyasını dəstəkləmədiyini deyib.

Toplum TV-yə müsahibəsində AXCP sədri Əli Kərimli Azərbaycan tərəfinin “qisas əməliyyatı” keçirməsini tənqid edib. O deyib ki, adi insanlara Azərbaycan ordusunun belə əməliyyatı “ilk baxışda xoş görünsə də”, bunun “ağır fəsadları ola bilər”.

Əli Kərimli deyib ki, Azərbaycan sərhəddə baş verənlərə adekvat cavab verməli, “aşırı gücdən” istifadə etməməlidir.

AXCP sədri hesab edir ki, Azərbaycan sərhədindən kənarda “savaşa cəlb edilməməlidir”.

“Dövləti idarə edənlər başa düşməlidir ki, bizim güclü ordu “bu qisas”, “o qisas” ardınca Zəngəzura girsələr, bu, Azərbaycan üçün fəlakətlə nəticələnər”.

Brüsselin və ABŞ-ın reaksiyası

Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Josep Borrell deyib ki, ötən gün ermənilərin Azərbaycan əsgərinə atəş açması “acınacaqlı olub”.

“Lakin Ermənistanın müdafiə nazirinin [Suren Papikyanın] bu hadisənin tam araşdırılacağı ilə bağlı açıqlamasına məhəl qoymadan Azərbaycanın bugünkü cavabı qeyri-mütənasib görünür”, - o, Brüsseldə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüşdən sonra deyib.

Azərbaycan Xarici İşlər Nazirliyi Borrelin bu açıqlamasını “Ermənistan tərəfinə bəraət qazandırmaq” kimi qiymətləndirib:

“Təəssüf ki, Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır”, - qurumun bəyanatında deyilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Washingtonda keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşmalar barədə məlumatlardan narahadırlar? Turan yazıb.

“Gücdən istifadə danışıqlara xələl gətirir. Davamlı sülhə aparan yeganə yol danışıqlar masası arxasındadır”, - Miller deyb.

Moskva və Avropa Şurasından reaksiya

Moskva Azərbaycan və Ermənisanı "təmkinli olmağa" çağırıb.

Kremlin sözçüsü Dmitri Peskov sərhəddəki atışmaya münasibətini bildirərkən Azərbaycanın Ermənistana qarşı addımını “cavab əməliyyatı” adlandırıb, TASS yazıb.

“Əlbəttə, bu, təmas xəttindən (Azərbaycan və Ermənistan) gələn həyəcanverici xəbərdir. Biz hər iki tərəfi təmkinli olmağa, qarşı tərəfin təxribat hesab edə biləcəyi istənilən addımdan hər bir halda çəkinməyə çağırırıq”, - Dmitri Peskov jurnalistlərə deyib.

"Biz çox diqqətlə izləyəcək və hər iki tərəflə təmaslarımızı davam etdirəcəyik", - o vurğulayıb.

Peskov hesab edir ki, bu cür hadisələr sülh müqaviləsinin hazırlanması prosesinə kömək etmir və sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır, TASS yazıb.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan və Ermənistan sərhədində baş vermiş atışmadan narahat olduğunu bildirib.

"Hər iki tərəfi güc tətbiqindən çəkinməyə çağırıram. Dialoq davamlı sülhün yeganə yoludur”, - o, X platformasında yazıb.

Paylaşımını ötürün Twitter, 2
Twitter məzmununa icazə varmı?

Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu Twitter, 2