Azərbaycan və Ermənistan nazirlərinin görüşü: niyə Berlin?

Almaniya Azərbaycan Ermənistan

Şəklin mənbəyi, Getty İmages

Azərbaycan və Ermənistan nazirləri iki ölkə arasında sülh quruculuğu üçün ilk dəfədir ki, Berlində bir araya gəlirlər. Buna qədər tərəflər Moskva, Brüssel, Washington formatlarında sülh danışıqları aparıblar.

Amma indi görünən odur ki, Brüssel və Washington-u Berlin formatı əvəzləyir.

Nazirlərin bu görüşü fevralın 17-də keçirilmiş Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşündə razılaşdırılıb.

Niyə Berlin? Brüssel və Washington-u Berlin formatı əvəzləyə bilərmi? BBC Azərbaycancadan Səadət Akifgizi təhlil edib.

Vaşinqton Bakı Yerevan

Şəklin mənbəyi, AM.USEMBASSY.COM

Şəklin alt yazısı, Ötən il Azərbaycan və Ermənistan xarici işlər nazirləri Washington-da ABŞ dövlət katibi Antony Blinkenin vasitəçiliyi ilə görüşmüşdülər.

Dekabrın sonunda, Sankt-Peterburqda İlham Əliyevlə Nikol Paşinyanın ayaqüstü söhbətini nəzərə almasaq, iki lider uzun fasilədən sonra Münhendə Almaniya kansleri Olaf Scholz-un vasitəçiliyi ilə bir araya gəlib görüşdülər və elə ordaca nazirlərə sülh sazişi üzərində işi davam etdirmək üçün görüşməyi tapşırdlar.

Bundan sonra Azərbaycan və Ermənistan mediasında nazirlərin görüş üçün yer axtardığı yazılsa da, bu yerin Almaniya şəhərlərindən biri ola biləcəyi şübhə doğurmurdu.

Çünki indiyə kimi tərəflər Brüssel və Washington-da bir araya gəlsələr də, sonradan orda nəzərdə tutulan görüşlər baş tutmamışdı. Bu halda Münhen Təhlükəsizlik Konfransında iki ölkə liderini bir araya gətirməsi Almaniyanın Azərbaycan-Ermənistan arasında yeni vasitəçi olacağı ehtimalını gücləndirmişdi.

Bəs niyə Berlin formatına ehtiyac yarandı? Bu formatın zəruriliyini ortaya çıxaran amillərə nəzər salaq.

Moskva formatının qarşı cəbhəsində görünən Brüssel və Washington formatı Azərbaycanın ötən il görüşlərə qatılmasından imtinasından sonra dağılmış sayıla bilər.

Ötən ilin sonlarında rəsmi Bakı və Washington arasında münasibətlər o həddə qədər gərginləşdi ki, ABŞ Azərbaycana hərbi yardımı və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdi. Rəsmi Bakı da buna qarşılıq verərək ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyini (USAID) hədəfə aldı.

Sonradan ABŞ Dövlət Departamentinin yüksək rütbəli diplomatı James O’Brien Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşsə də, hələ ki, münasibətlərin əvvəlki məcrasına qayıtdığını söyləmək çətindir və Azərbaycan-ABŞ münasibətlərinin soyuqluğu fonunda Washington formatının da aktivləşəcəyi hələ ki, real görünmür.

Çərşənbə günü Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Michael Harms-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın "alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən" qonşusu Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirdiyini vurğulayıb.

Nikol Paşinyan İlham Əliyev Putin

Şəklin mənbəyi, Getty İmages

Şəklin alt yazısı, İlham Əliyev və Nikol Paşinyan son 3 ildə bir neçə dəfə Vladimir Putinin vasitəçiliyi ilə görüşüblər.

Ara-sıra, xüsusilə Qərbdə keçirilən görüşlərdən sonra fəallaşan Moksva formatının, Rusiyanın sülhün yalnız onun vasitəçiliyi ilə mümkün olacağı bəyanatlarına rəğmən daha çox formal xarakter daşıdığını söyləmək mümkündür.

Üstəlik, son vaxtlar Ermənistanla Rusiya arasında gərginliyin artması və etimad əskikliyi fonunda Yerevanın Moksva formatına o qədər də könüllü yanaşmadığını ehtimal etmək olar.

Nikol Paşinyan Şarl Mişel Əliyev

Şəklin mənbəyi, Getty İmages

Şəklin alt yazısı, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İlham Əliyev və Nikol Paşinyan arasında bir neçə dəfə görüş təşkil edib

Ortaya çıxdığı vaxtdan məhsuldar və daha praqmatik addımları ilə yadda qalan Brüssel formatı sonradan Fransanın Ermənistanı dəstəkləyən bəyanatlar verməsi və onu silahla təchiz etməsi səbəbi ilə dondurulub: rəsmi Bakı Parisi münaqişə tərəflərinə neytral ola bilməməkdə ittiham edir.

Azərbaycan üçün Brüssel formatının cəlbediciliyini azaldan daha bir səbəb isə, hər iki tərəfə də neytral mövqeyini qoruyub saxlayan və pozitiv mövqe nümayiş etdirən Şarl Mişeli Avropa İttifaqı Şurasının prezidentliyi vəzifəsində qurumun xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell-in əvəzləmə ehtimalının mövcudluğu ola bilər.

Josep Borrell Ermənistanda Avropa İttifaqının mülki monitorinq missiyasını dəstəkləyir. Bakı bu missiyanın Ermənistanda mövcudluğundan narazıdır.

Azərbaycan hakimiyyəti həm də Borrell-i "qeyri-adekvat bəyanatlar" verməkdə ittiham edib.

Bir müddət əvvəl Josep Borrell bildirmişdi ki, Azərbaycan Ermənistana hücum edərsə, "bunun acı nəticələrini görəcək".

Prezident İlham Əliyev Michael Harms və digər Almaniya nümayəndə heyəti ilə görüşündə belə bəyanatları "pərdələnmiş təhdid kimi" qiymətləndirdiyini bildirərək Borell-in açıqlamalarından məyusluğunu gizlətməyib.

Bu halda Josep Borrell Aİ Şurasının rəhbəri olarsa, tərəflər arasında sülh danışıqlarının Qərb dəstəkli platformasız qalmaq ehtimalı da yüksəkdir.

Almaniya

Şəklin mənbəyi, Azertag

İndiki halda Qərb üçün də Berlin formatı daha məqsədəmüvafiq sayıla bilər, çünki Almaniya indiyə kimi tərəflərə bərabər mövqe sərgiləyib və iki ölkə arasında sülh danışıqlarını aktiv fazada tuta bilər.

Amma bunun tezliklə sülh sazişinin imzalanmasına gətirib çıxaracağı indiki geosiyasi fonda o qədər də ümidverici görünmür.