Rusiyada LGBT qadağası: "ekstremizmə" qarşı ilk cinayət işi açıldı

LGBT haqları müdafiəçisi bir rus Sankt Peterburqda, 3 avqust 2019

Şəklin mənbəyi, REUTERS

Şəklin alt yazısı, LGBT haqları müdafiəçisi bir rus Sankt-Peterburqda, 3 avqust 2019

Rusiyanın Orenburq şəhərində queer kluba qarşı ekstremizmlə bağlı cinayət işi başlanıb.

Bu, Rusiyada “beynəlxalq LGBT ictimai hərəkatı”nın keçən ilin sonunda “ekstremist təşkilat” elan edilməsindən sonra ilk məhkəmə işidir.

Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanın sözlərinə görə, klub “ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə” ittiham olunur. Rusiya mətbuatı daha əvvəl kluba polis reydini əks etdirən videoları dərc etmişdi.

2023-cü ilin sonlarında Rusiya Ali Məhkəməsi “beynəlxalq LGBT (lesbian, gey, biseksual və transgender) hərəkatını” ekstremist təşkilat kimi tanıyıb və ölkə ərazisində onun fəaliyyətini qadağan edib.

Rusiyada və dünyada rəsmən “beynəlxalq LGBT təşkilatı” mövcud deyil. Bu, qərarın necə həyata keçiriləcəyi və kimləri əhatə edəcəyi ilə bağlı böyük qeyri-müəyyənlik yaradır.

Son illər Rusiyada LGBT nümayəndələrinə qarşı ciddi təzyiqlər olub.

Rusiya konstitusiyasına 3 il əvvəl düzəliş edilib və birmənalı qeyd olunub ki, nikah yalnız "kişi və qadın arasında" bağlana bilər.

Qərar elan edilməzdən bir il əvvəl homoseksual olduğunu etiraf edən Sankt-Peterburq yerli şurasının deputatı Sergey Troşin BBC-nin Rusiya məsələləri üzrə redaktoru Steve Rosenberg-ə müsahibəsində mümkün qərarın "uzunmüddətli həbs cəzaları" ilə nəticələnə biləcəyini demişdi.

"Düşünürəm ki, bu o demək olacaq ki, dövlət tərəfindən LGBT fəalı hesab edilən hər kəs "ekstremist təşkilatda iştiraka görə" uzunmüddətli həbs cəzasına məhkum oluna bilər. Hərəkatda təşkilatçı kimi iştirak edənləri daha uzun müddətə həbs cəzası gözləyir", - o deyib.

“Bu, əsl təzyiqdir. Rusiyanın LGBT toplumu təlaş içindədir. İnsanlar təcili mühacirət etməyə çalışırlar. Əslində, bunun üçün işlətdiyimiz termin “evakuasiya”dır. Ölkəmizi tərk etməyə məcburuq. Bu, dəhşətlidir”, - Troşin gileylənib.

“Məhkəmənin qərarı böyük çaxnaşmaya səbəb oldu, çünki bu qadağaya görə kimin mühakimə olunacağı tam aydın deyil”, - LGBT hüquqları ilə məşğul olan Rusiya qeyri-hökumət “Sfera” Foundundan Noel Şaida deyib.

Birləşmiş Millətlər Təşkilatı bu qərarı "çox uğursuz" kimi şərh edib, Human Rights Watch məhkəmə qərarının bütün LGBT hüquqları hərəkatlarını təhlükə altına atdığını vurğulayıb.

Rusiyada həssas icmalara yardım edən təşkilatın hüquqşünası Maksim Oleniçev də qərarın “qorxu atmosferi” yaratıldığını bildirib.

Digər tərəfdən, mühafizəkar siyasətçilər və Rus Pravoslav Kilsəsi bu qərarı alqışlayıblar.

Qərarı təbrik edənlər arasında Rusiyanın Çeçenistan muxtar administrasiyasının rəhbəri və Putinin yaxın silahdaşı Ramazan Kadırov da var. Kadırov Çeçenistanın "tamamilə heteroseksual" olduğunu iddia edir.

1 may 2016-cı ildə Rusiya polisi LGBT hüquqları müdafiəçisini saxlayır edir

Şəklin mənbəyi, GETTY IMAGES

Şəklin alt yazısı, 1 may 2016-cı ildə Rusiya polisi LGBT hüquqları müdafiəçisini saxlayır edir

LGBT icmasına təzyiqlərin və “ənənəvi dəyərlər” diskursunun artması

Son illər hakimiyyət Rusiyada LGBT icmasına təzyiqləri artırıb. 2013-cü ildə “18 yaşına çatmamış “qeyri-ənənəvi cinsi münasibətlərin” təbliğatının aparılması qadağan olunmuşdu.

Ötən il bu qadağa bütün yaş qruplarına şamil edilib. LGBT məzmunu kitablardan, filmlərdən, reklam və televiziya proqramlarından çıxarılıb.

Bu ayın əvvəlində bir Rusiya televiziya kanalı Cənubi Koreya qrupunun videosunda göy qurşağı bayrağına senzura tətbiq edərək, "homoseksuallığın təbliği qadağasını" pozmaqda ittiham olunmamaq üçün videodakı göy qurşağı ağ-qara rənglə əvəzləyib.

Rusiya parlamentinin aşağı palatası Dumada homofobluğu ilə tanınan hakimiyyət deputatı Vitali Milonov bəyan edib ki, LGBT qruplarına qoyulan qadağaların “cinsi azlıqlar və ya ayrı-ayrı şəxslərin şəxsi həyatı ilə heç bir əlaqəsi yoxdur”.

"Bu, daha çox beynəlxalq LGBT hərəkatının siyasi gündəmi ilə bağlıdır. Onların öz vəzifələri və məqsədləri var. Onlar siyasi qüvvə, siyasi struktur kimi fəaliyyət göstərirlər və bu strukturun məqsədləri Rusiya konstitusiyası ilə ziddiyyət təşkil edir", - BBC-nin Rusiya redaktoru Rosenberg-lə danışan Milonov deyib.

“Mövcud olmayan bir şeyi necə qadağan etmək olar?”

Rusiya Ali Məhkəməsinin bəyan etdiyi “Beynəlxalq LGBT Hərəkatı” adlanan heç bir təşkilat və ya siyasi struktur yoxdur.

BBC-nin Moskva redaktoru Rozenberq də LGBT əleyhdarı deputat Milonova bunu xatırladıb və: “Siz mövcud olmayan bir şeyi necə qadağan edə bilərsiniz?”, - soruşub.

"Bu, asandır. Rusiyada LGBT hüquqlarını müdafiə edən beynəlxalq təşkilatların fəaliyyətini qadağan edə bilərik, bu yaxşıdır, onlara ehtiyacımız yoxdur", - deyə Milonov cavab verib.

Milonov LGBT hərəkatının simvollarından biri olan göy qurşağı bayrağına da qarşı çıxıb edib.

“Mən növbəti addımı səbirsizliklə gözləyirəm: altı rəngli göy qurşağı bayrağının qadağan edilməsini. Bu bayraq da bizə lazım deyil. Bu bayraq ənənəvi ailəyə qarşı mübarizənin simvoludur. Ümid edirəm ki, Rusiyada heç kim bu bayrağı daşıya bilməyəcək”, - Milonov deyib.

Vladimir Putinin rəhbərliyi altında Kreml “ənənəvi ailə dəyərlərinə” əsaslanan mühafizəkar ideologiya qəbul edib.

Rosenberg qeyd edir ki, Rusiya rəsmiləri LGBT hüquqlarının müdafiəsini Qərbə məxsus və Rusiyaya düşmən olan hərəkat kimi təqdim edirlər.

“LGBT icmasına edilən təzyiqlər Rusiyanın mənəvi quruluşunu müdafiə etmək kimi təqdim olunur”, - o deyir.

26 iyul 2014-cü ildə Sankt-Peterburqda polis müdaxiləsi zamanı cırılan göy qurşağı bayrağını dalğalandıran rusiyalı LGBT fəalı

Şəklin mənbəyi, GETTY IMAGES

Şəklin alt yazısı, 26 iyul 2014-cü ildə Sankt-Peterburqda polis müdaxiləsi zamanı cırılan göy qurşağı bayrağını dalğalandıran rusiyalı LGBT fəalı

Seçkilərin təsiri?

"Düşünürəm ki, məhkəmənin qərarı həm də prezident seçkiləri ilə bağlıdır. Onlar süni düşmən yaratmağa çalışırlar", - Sankt-Peterburqdan olan yerli siyasətçi Sergey Troşin deyir.

Troşin əlavə edir ki, LGBT icması vasitəsilə onlar “Qərblə müharibə gedir” təəssüratı yaratmağa çalışırlar.

“LGBT icmasına qarşı mübarizə Qərb əleyhinə ritorikasına uyğundur. Bu, mühafizəkar və Qərbə qarşı olan seçicilərlə rezonans doğuran məsələdir ”, - Troşin deyir.

Rusiyada trans və qeyri-binar insanlara (özlərini ikili gender anlayışından kənarda müəyyən edən) yardım edən assosiasiyada işləyən Maksim Qoldmanın sözlərinə görə, bu, “diqqəti daha vacib məsələlərdən yayındırmaq” üçün istifadə edilən bir strategiyadır.

“Sfera” Fondunun əməkdaşı Şaida da deyir ki, Rusiya rəsmiləri diqqəti Ukraynadakı müharibədən və uğursuzluqlarından yayındırmağa çalışırlar.

"Ali Məhkəmənin qərarı açıqlanan kimi biz anladıq ki, ölkəni ən qısa zamanda tərk etməliyik. Bu, fövqəladə vəziyyətdir", - Qoldman deyir.

Qoldman BBC ilə danışanda, onun Rusiyada son günü idi. Steve Rosenberg-lə danışdıqdan sonra o, yığdığı kiçik çanta ilə hava limanına yollanıb.

“Ölkəm tərəfindən tamamilə rədd edildiyimi hiss edirəm. Hakimiyyətdə olanlar bizi qorumaq əvəzinə cəzalandırırlar. Mən getməli oldum”, - özünü qeyri-binar kimi müəyyən edən Qoldman deyir.

Troşin Rusiyada qalarsa, başına nə gələ biləcəyindən xəbərdardır.

“Əvvəllər LGBT hüquqları ilə bağlı çox danışmışam. Mənim barəmdə məhkəmə iddiası qaldırmaq üçün kifayət qədər materiallar var. Ümid edirəm ki, bu baş verməz, amma ola da bilər və bu, çox qorxuludur.

Rusiya cəmiyyəti qorxu içindədir. İşlətdiyiniz hər sözlə minaya ayaq basa bilərsiniz. Dediyiniz bir sözə görə özünüzü 5-10-15 il həbsə məhkum edə bilərsiniz”, - o deyib.