Azərbaycanda uşaqpulu: Nədir və nə üçün verilmir? 9 suala cavabda

Azərbaycan uşaqlar uşaqpulu

Şəklin mənbəyi, Getty Images

  • Müəllif, Aygül Mehman
  • Vəzifə, BBC News Azərbaycanca

Azərbaycanda hər bir uşağa "uşaqpulu" verilməsi tələbi illərdir gündəmdən düşməyən müzakirə mövzusudur.

BBC Azərbaycancanın sosial mediada paylaşdığı yazı və videoların altında yazılan şərhlərdə çoxları "uşaqpulu niyə verilmir" sualını soruşur.

Xüsusilə, aztəminatlı ailələr hər bir uşağa "uşaqpulunun" verilməsini istəyir. Onların bu tələbini bəzi ictimai-siyasi fəal şəxslər də dəstəkləyir.

İqtisadi təhlilçilər hesab edir ki, Azərbaycanın dövlət büdcəsindən ölkədəki hər bir uşaq üçün müəyyən məbləğdə pul ödənməsi “real deyil”.

Bu cür təklifi “siyasi populizm” adlandıran bəzi təhlilçilər isə dəstək məqsədilə və ailələrdə planlaşdırmanın daha inamlı aparılması üçün hər ikinci uşağa müəyyən bir vəsaitin ödənilməsini təklif edirlər.

1. Bəs, uşaqpulu nədir?

El arasında "uşaqpulu" adlanan ödəniş - beynəlxalq təcrübəyə əsasən, hər bir uşağa ailəsinin gəlirinə əks mütənasib pul yardımıdır.

Azərbaycanda da hökumət müxtəlif qruplardan olan uşaqlar üçün ailələrə müavinət ödəyir.

Ölkədə hər bir doğulan uşaq ailəsinin sosial statusundan asılı olmayaraq, birdəfəlik müavinət, yəni, uşaqpulu alır.

Həmçinin, düşdüyü vəziyyətdən asılı olaraq, müxtəlif qrupdan olan uşaqlar müxtəlif yaşa çatanadək müavinət almağa davam edir.

2. Uşaqpulu nə üçün olmalıdır?

Azərbaycanda Uşaqların sosial müdafiəsi Azərbaycanda büdcə

Şəklin mənbəyi, Getty Images

Bəzi demoqrafik artımın olmadığı ölkələrdə ailədə uşaq sayı artdıqca, uşaqlar üçün müavinətlərin məbləği artırılır. Ancaq bəzi digər ölkələrdə, məsələn, Böyük Britaniyada uşaqların sayı 2-dən çox olduğu zaman, sosial yardım alan işsiz ailələrə uşaqlar üçün ödənilən müavinətlərin sayı artmır, dövlət yalnız iki uşaq üçün müavinət ayırır. Ailədə doğulan ilk yeni körpəyə görə isə hökumət, digər sosial müavinətlər də alan, işsiz valideynlərə birdəfəlik 500 funt sterlinq (təx. 1070 manat- red.) məbləğində ödəniş edir.

Millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycanda 1-6 yaşlı bütün uşaqlara müavinətlər verilməlidir:

“Çünki bu, gələcəkdə bu uşaqlarla bağlı problemlərin həlli deməkdir. Bu, gələcəkdə hərbi xidmətə çağırılan kişilərin, ana olacaq qadınların sağlamlığı deməkdir, bunun üçün vəsait xərclənməlidir. İndi xərclənməsə, gələcəkdə bu tibbi və digər xidmətlər şəklində dövlətin cibindən çıxacaq”, - o deyir.

Lakin cənab Mustafa onu da vurğulayır ki, ölkədə bir sıra ailələr üçün işsizlik problemi aktual olduğuna görə, onlar uşaqpulunu işsizliyin kompensasiyası kimi qiymətləndirir, “bu da olduqca düşündürücüdür. Bu kimi məsələlərdə əsas hədəf odur ki, vəsait uşağa xərclənsin”.

3. Azərbaycanda nə qədər uşaq var?

Azərbaycan Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin göstəricilərinə görə, ölkədə 2 milyon 613 min 0-17 yaş arası uşaq və yeniyetmə var. 2021-ci ildə bu rəqəm 2 milyon 634 min nəfər olub.

Lakin Komitənin təqdim etdiyi rəqəmlər arasında 17-18 yaşadək yeniyetmələrin sayı ilə bağlı məlumat yoxdur. Statistika Komitəsindən BBC-yə bildiriblər ki, bu yaşdakı yeniyetmələrin statistikası aparılmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də deyir ki, onlarda belə bir rəqəm yoxdur.

4. Azərbaycanda nə qədər uşaq müavinət və təqaüd alır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, Azərbaycanda bu il 120 min uşaq “südpulu” adlandırılan 500 manat məbləğində birdəfəlik müavinət alıb, ötən il bu vəsaitin məbləği 300 manat olub.

Bundan başqa, ölkədə 18 yaşadək əlilliyi olan 50 min, ailə başçısını itirdiyinə görə 160 mindən çox, aztəminatlı ünvanlı sosial yardım alan ailələrdən olan 160 minədək, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, 6 və daha çox uşağı olan qadınların, eləcə də müddətli hərbi xidmət qulluqçularının 30 min uşağı aylıq sosial ödənişlə təmin olunur.

Qurumun açıqlamasında deyilir ki, “40 minədək uşağa 3 yaşadək qulluq edən işləyən valideynlərə də aylıq müavinət ödənilir”.

Bu isə o deməkdir ki, ölkədə ümumilikdə uşaqlarla bağlı sosial ödənişlər “600 mindən çox şəxsi əhatə edir və bu ödənişlər üçün illik 650 milyon manat” xərclənir.

5. Uşaqpulunun faydası nədir?

Uşaq pulları Azərbaycan uşaqlar

Şəklin mənbəyi, Getty Images

Millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycanda demoqrafiya problemi var və hökumət çoxuşaqlılığı təşviq etmək üçün uşaq pullarının verilməsini bərpa etməlidir. Azərbaycanda "uşaqpulu" adlanan müavinətin hər uşaqbaşına verilməsi 2006-cı ildə dayandırılıb.

Onun keçmiş həmkarı Elmira Axundova isə bir açıqlamasında demişdi ki, Azərbaycanda ailələr digər ünvanlı sosial yardımlar aldığından, uşaqlara əlavə yardım verilməsinə ehtiyac yoxdur.

Bundan bir neçə il əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də demoqrafik məsələdə problemin yoxluğunu əsas gətirərək, artım üçün təşviqə “ehtiyacın olmadığını” bildirib.

Milli Məclisin deputatı Fazil Mistafa bu fikirlə razılaşmır. O, hesab edir ki, “ölkədə demoqrafik problem var və buna görə də büdcənin imkan verdiyi qədər... daha çox uşağa müavinət verilməlidir”.

Azərbaycanda bəzi həkimlər, deputatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri ölkədə selektiv abortlarla bağlı problemlərin olduğunu bildirirlər.

BMT ölkədə selektiv abortların olmasını həm də əhalinin "iqtisadi şəraiti" ilə əlaqələndirib.

BMT-nin Əhali Fondunun 2014-cü ildə müxtəlif qurumlarla birgə apardığı tədqiqatında deyilir ki, Azərbaycanda "iqtisadi şərait və sosial normalar qadınları daha az sayda uşağa sahib olmağa sövq etməklə yanaşı, hər bir ailədə ən azı bir oğlan uşağının olmasını da diktə edir".

Millət vəkili Fazil Mustafa da deyir ki, "selektiv abortlar bəzən ailədə uşaqların çoxluğunun qarşısını almaq məqsədilə də nəzərdə tutula bilir. Çox uşaq olarsa, onu necə dolandıraram, necə böyüdərəm deyə də düşünülür. Bir uşaq bəsdir deyib, daha çox dolanışığa görə, həm də uşaq sayına qərar verilir".

O, bundan çıxış yolunun "bölgələrdəki ehtiyaclı ailələri müəyyənləşdirib, onların qeydiyyatını aparmaq" olduğunu bildirir:

Beləliklə, həmin ailələrdəki uşaqlara müavinət təyin etməklə, həm selektiv abortları, həm də daxili miqrasiyanı (rayonlardan Bakıya köç) səhmana salmaq olar”, - o əlavə edir.

6. Azərbaycanda uşaqpulu hansı meyarlara əsasən verilə bilər?

uşaqlar Azərbaycanda uşaqlar balacalar uşaqların ehtiyacları uşaqların sosial müdafiəsi uşaq haqları Azərbaycan Nazirlər Kabineti Azərbaycan hökuməti
Şəklin alt yazısı, Nazirlər Kabinetinin təsdiqlədiyi bir il üçün nəzərdə tutulmuş minimum istehlak səbətində 0-14 yaşlı uşaqlar üçün yer almış qidanın miqdarı

Hazırda həbsdə olan İqtisadi təhlilçi Qubad İbadoğlu mövzu ilə bağlı iyun ayında BBC-yə demişdi ki, "Azərbaycan hökuməti uşaqlara dəstək üçün, eyni zamanda demoqrafik problemə həll yolu kimi uşaqların sayına görə ailələrə vergi güzəştləri edə bilər və bu zaman ailədəki uşaqların sayı nəzərə alınmalıdır”.

Deputat Fazil Mustafa da "hər bir uşağa uşaqpulu verilsin" tələblərinə cavab olaraq deyir ki, Sovet dövründə ailələrin maddi vəziyyəti uzun illər dəyişməyib. Lakin indi vəziyyət fərqlidir və insanların maddi durumu bir-iki ilin içində dəyişə bilər”.

Ona görə də, millət vəkili təklif edir ki, konkret meyarlar müəyyən olunsun və "bu meyarları çevik dəyişmək və yoxlamanı mümkün etmək üçün ailələrin qeydiyyatı aparılsın”.

O, həmçinin təklif edir ki, bu veriləcək müavinətlər hesabatlı olsun ki, həmin pulların uşaqlara xərclənməsi təmin olunsun:

“Yəni, müavinət forması dəqiq uşaq üçündür. Onu təyinatı üzrə xərcləməyən valideyn mühakimə oluna bilsin”.

7. Azərbaycanda hökumət nə üçün hər bir uşağa görə müavinət vermir?

Azərbaycanda həm iqtidarda, həm də müxalifətdə olan şəxslər, eləcə də Milli Məclisin deputatları bu mövzuda tez-tez çıxışlar edir, təkliflər irəli sürərək, bu məsələnin mütləq şəkildə həllini tapmalı olduğunu vurğulayırlar.

Bəs, hökumət bu məsələni nə üçün birdəfəlik həll etmir?

Milli Məclisin deputatı Fazil Mustafa BBC-yə deyir ki, “indiki müasir - kapitalist dövrdə, hamıya ödəniş deyə bir prinsip yoxdur, ehtiyacı olana ödəmək prinsipi var”.

“Elə ailə var ki, gəliri yoxdur, evinə vəsait daxil olmur. Elə ailə də var ki, hamıya yardım edə biləcək imkana sahibdir. Həmin ailəyə yardım etmək ümumi ədalət prinsipinə uyğun gəlmir. Bax, bunları nəzərə alaraq ehtiyaclı uşaqlara müavinət formalarını artırmaq lazımdır”, - Cənab Mustafa təklif verir.

Deputat deyir ki, "ehtiyacı olan hər bir uşağa dövlət vəsait verməlidir, xəstəliyi olan hər bir uşağın müalicəsini təmin etməlidir. Oxumaq imkanı olmayan hər bir uşağa dövlət təhsil almaq şərtlərini zəruri edən bütün imkanları yaratmalıdır”.

Getty Azərbaycan Azerbaycan uşaqpulu usaqpulu ushaq pulu uşaq pulu uşaqlar üçün müavinətlər uşaqlara verilən müavinətlər

Şəklin mənbəyi, Getty Images

8. Bəs, hökumət hazırda hər bir uşağa uşaqpulu verə bilərmi?

Azərbaycanda 2006-cı ilədək təminatlılıq dərəcəsindən asılı olmayaraq, hər bir uşağa uşaqpulu ödənilib.

Ayrı-ayrı şəxslər deputatlar, ictimai-siyasi fəallar isə ehtiyaclara görə, ölkə üzrə hər bir uşağa müxtəlif məbləğlərdə - 500-dən iki min manatadək vəsait ödənilməsini təklif edirlər.

İqtisadi təhlilçi Natiq Cəfərli səsləndirilən rəqəmləri real hesab etmir və bu cür təklifləri “siyasi populizm” adlandırır.

O deyir ki, hazırda büdcə ölkədəki uşaqların hamısına uşaqpulu vermək iqtidarında deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbəri Sahil Babayev bir neçə il əvvəl yerli mediaya açıqlamasında demişdi ki, Azərbaycanda uşaqpulu ödənişləri büdcəyə baha başa gələr bilər.

"...hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar, adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur", - o deyib.

İqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, təklif olunan vəsait bu günki büdcə üçün "həddindən çoxdur".

Təhlilçi onu da vurğulayır ki, “sorğulanmalı məqam hazırda ölkədə uşaqpulunun verilməməsi deyil, bu qədər gəliri olan ölkədə büdcənin niyə bu qədər az olmasıdır”.

Azərbaycanın 2023-cü il üçün nəzərdə tutulmuş büdcə gəlirləri təxminən 34, xərclər isə 36 milyard milyard manatdır.

Lakin həm iqtisadi təhlilçilər, həm də Milli Məclisin BBC-yə və yerli mediaya bu mövzuda danışmış deputatlarının bəziləri ölkədə ikidən çox, bəziləri isə üçdən çox uşağı olan ehtiyaclı ailələrin uşaqlarına müavinət verilməsinin mümkün olduğunu deyirlər.

Deputat Fazil Mustafa təklif edir ki, dövlət büdcəsindən digər bəzi istiqamətlərə ayrılmış vəsaitləri ehtiyaclı ailələrin uşaqlarına veriləcək müavinətlərə yönəltməklə bu məsələni həll etmək mümkündür”.

9. Ölkədə bir uşaq üçün minimum istehlak səbətinə nələr daxildir?

Ekspertlər deyir ki, ölkədə orta aylıq əməkhaqqı 928 manat olsa da, real aylıq əməkhaqqı (median maaş) 459 manat civarındadır.

İqtisadi təhlilçi Natiq Cəfərlinin fikrincə, müasir dövrün "bir ailəyə iki uşaq tələbi" ilə kifayətlənən ailələrdə belə bu məbləğ "uşaqların ehtiyaclarının necə ödənildiyini aydınlaşdırmağa imkan vermir".

Təhlilçilər ölkədə bir uşağın real illik xərclərinin hesablamasının aparılmadığını deyir, buna görə də dəqiq rəqəm səsləndirməkdən ehtiyat edirlər.

Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi minimum istehlak səbətinin tərkibi bölməsində isə 0-14 yaşadək uşaqlar üçün qida məhsullarının illik miqdarı belə təsnif olunur:

Meyvə və tərəvəz və kartof 216,4 kiloqram, süd və süd məhsulları 247,5, balıq və balıq, ət və onlardan hazırlanan məhsullar 30 kiloqram, yumurta 169 ədəd, nehrə yağı 6 və çörək 98 kiloqram nəzərdə tutulub.

Azərbaycan uşaqlar uşaq pulları işaqpulu usaqpulu uşaqpulu veriləcəkmi müavinətlər anaya verilən uşaqpulu kimlərə usaqpulu verilə bilər qəhrəman ana

Minimum istehlak səbətində qeyri-ərzağa 14 yaşadək uşaqlar üçün 2,6 il ərzində 3 ədəd palto daxildir.

Kostyum tipli üst geyimləri və alt geyimləri hərəsindən 12 ədəd olmaqla 2 illik, 6 corab və 6 cüt ayaqqabı 1,3 il, baş geyimi isə 4,3 il üçün nəzərdə tutulub.

Məktəb ləvazimatı 41 ədəd olmaqla bir illik hesablanıb.

Bu siyahıda yataq ləvazimatı da var - 7 il üçün 11 ədəd. Minimum istehlak səbətinin xərclərinin on faizi qeyri-ərzağa planlaşdırılıb.

Digər xidmətlər bölməsində uşaqlar üçün ayda 12 kvadratlıq mənzil sahəsi, 12 kubluq isti-soyuq su təchizatı və kanalizasiya xidməti, 21 kub qaz, 50 kilovoltluq isə enerji təchizatı nəzərdə tutulub.

Siyahıda il ərzində 370 gedişlik nəqliyyat xidmətləri ilə uşaqlar üçün minimum istehlak səbətinin 15 faizi həm də siyahıda adları göstərilməyən digər xidmətlər üçün ayrılıb.

"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərarda istehlak səbətinin dəyərinin pul ekvivalenti qeyd olunmur.

Yəni, hazırda bir uşağın həftəlik və ya aylıq xərc səbətinin məbləğini həmin sənəddə görmək olmur.

Natiq Cəfərli vurğulayır ki, Azərbaycanda minimum istehlak səbətinin hesablanma qaydası müasir standartlara cavab vermir, "köhnədir".

"Məsələn, yaşayış minimumunu hesablayarkən, bizdə indikatorlar elə aşağı səviyyədə götürülür ki, rəqəmlər aşağı alınır. Məsələn, 4 nəfərlik ailənin internet xərcləri günə bir saat götürülür. Və yaxud da minimum istehlak səbətini hesablayarkən hesablamalar kalori üzrə aparılır. Kalori normasını ödəmək üçün ən çox çörək götürülür və adambaşına gündəlik norma 270 qramdan hesblanır. Beləliklə də, çörək ucuz olduğu üçün minimum istehlak zənbilində aşağı rəqəmlərin alınmasına səbəb olur. Gün ərzində ümumilikdə cəmi 9 qram kərə yağı götürülüb. Bilirik ki, bu, çox aşağı göstəricidir. 9 qram yağla nə etmək olar?", - təhlilçi sual edir.

Qeyri-qida məhsulları ilə də vəziyyətin eyni olduğunu deyən Natiq Cəfərli onların da siyahısına və istifadə müddətinə göz gəzdirməyi təklif edir.

"Gəlin, geyim siyahısına baxaq, səbət üst geyimlərinin təxminən üç ildən bir dəyişdirilməsini nəzərdə tutur. Yəni, bir üst geyiminin üç il geyilməsi nəzərdə tutulur. Bunlar da çox aşağı göstəricilərdir".

Cənab Cəfərli deyir ki, bu, sovet standartlarına uyğun göstəricilərdir, "elə buna görə də, bizdə yaşayış minimumu, minimum istehlak zənbili yeni qaydalarla hesablanmalıdır".

Uşaq pulu uşaqlar minimum istehlak səbəti Azərbaycan