Rusiyanın Ukraynada yeni hərbi kampaniya başlatmağa gücü varmı?

Pavel Aksyonov, Qriqor Atanesyan, İlya Abışev

 BBC

Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin

Şəklin mənbəyi, STANISLAV KRASILNIKOV/TASS

Şəklin alt yazısı, Rusiyalı tankçı Ukraynada

Rusiya Prezidenti Vladimir Putin tezliklə Ukraynaya qarşı güclü hərbi kampaniya başladacağını deyir. Bəs, Rusiya ordusunun münaqişənin bu yeni mərhələsinə kifayət edəcək qədər resursu varmı? 

Putinin açıqlamasını siyasi bəyanat kimi qiymətləndirmək olar, amma dediklərinə qeyri-ciddi yanaşmaq da doğru olmazdı.

Ukraynaya hücumdan əvvəl, hətta lap son günlərə qədər Rusiya rəsmiləri bildirirdilər ki, hərbi birləşmələr sərhədə sadəcə təlim məqsədilə toplanıb.

Ona görə də indi Rusiyanın israrla müharibəni davam etdirmək istəməsinə şübhəylə yanaşmaq məntiqli olmazdı.  

Hərçənd cəbhə xəttindəki mövud durum Ukrayna sərhədində fevral ayında yaranmış vəziyyətdən ciddi şəkildə fərqlənir.

Onda Rusiya sərhədə çox sayda hərbi birləşmə toplamışdı və Qərbin bütün xəbərdarlıqlarına cavab olaraq Kreml bildirirdi ki, bölgədə irimiqyaslı təlimlər keçiriləcək. 

İndi isə Putin Rusiyanın tam gücüylə hərbi əməliyyatlara başlayacağını deyir. Ancaq ən azı açıq mənbələrdəki məlumatlar göstərir ki, cəbhə bölgəsində əvvəlki kimi böyük hərbi qruplaşmalar yoxdur.  

“Hazırda tərəflərin heç biri danışıqlarda iştirak etmək istəmir. Onlardan biri digərindən daha güclü olduğunu düşündükcə, müharibə davam edəcək”, – Washington-dakı Xarici Siyasət İnstitunun əməkdaşı Rob Li belə deyir.

O, həmçinin qeyd edir ki, müharibə Rusiyada hələ kifayət qədər populyardır.

Rusiya ordusu Prezident Putinin əmrlərini yerinə yetirə, yəni Ukraynada yeni hərbi kampaniya başlada bilərmi?

Bu, mürəkkəb sualdır və üstəlik başqa suallar da doğurur.

BBC onlara cavab tapmağa çalışıb.

Yeni kampaniya üçün hansı variant seçilə bilər?  

Müxtəlif hesablamalara görə, 24 fevralda - Rusiyanın Ukraynaya hücum etdiyi gün Donetsk və Luhansk “xalq respublikalarının” silahlı birləşmələri də daxil olmaqla, sərhəddə onun 150-200 min arası canlı qüvvəsi olub.

Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ukraynada ələ keçirilmiş Rusiya tankı Praqada

Belə görünür ki, Rusiya may-iyul aylarında müşahidə olunan vəziyyətdən çox-çox fərqli hərbi kampaniya nəzərdə tutmuşdu.

Müharibənin ilk həftələrində Rusiya qoşunları sürətli və güclü zərbələrlə şimaldan və şimal-şərqdən Kiyevə daxil olmağa, Donbasda və cənubda (Krım tərəfdən) tez bir zamanda irəliləməyə çalışırdı.

Sürətli və dağıdıcı zərbə strategiyası heç yerdə rəsmi şəkildə bəyan edilməmişdi – bunu Rusiya qoşunlarının əməliyyatlarından təxmin etmək olurdu.   

Düşmənə güclü zərbə vurmaq, onu tam və sarsıdıcı məğlubiyyətə uğratmaq üçün bütün qüvvələri toplamaq lazımdır.

Belə zərbənin hədəfi hərbi birləşmələr, sənaye əraziləri və ya siyasi mərkəzlər (məsələn, paytaxt) ola bilər.

Amerika doktrinasında bu taktika “şok və həyəcan” adlanır və təkcə hərbi əməliyyatları yox, həm də əhaliyə yönəlik genişmiqyaslı informasiya və təbliğat kampaniyasını da nəzərdə tutur.

Bu elementdən Rusiyanın Ukraynaya hücumu zamanı da istifadə olundu – məsələn, Putin Ukrayna hərbçilərini “hakimiyyəti ələ keçirməyə” çağırdı.

Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin

Şəklin mənbəyi, МИНОБОРОНЫ РФ/ТАСС

Şəklin alt yazısı, Rusiyanın hava-desant qoşunlarının artilleriyaçısı Ukraynada

Ancaq münaqişənin əvvəlində belə bir güclü zərbə endirmək mümkün olmadı.

Qoşunlar Kiyev ətrafındakı döyüşlərdə ilişib qaldığı üçün Rusiya onları Kiyev, Çerniqov və Sumsk vilayətlərindən geri çəkərək Donbasdakı hərbi əməliyyatlara fokuslandı.

Aprelin 22-də Rusiya Mərkəzi Hərbi Dairəsinin komandir müavini Rüstəm Minnekayev bəyan etdi ki, münaqişənin ikinci mərhələsi başlayır və məqsəd “Ukraynanın cənubuna və Donbasa tam nəzarətə nail olmaqdır”. 

Bir çoxlarının fikrincə, yeni mərhələ birincisindən strategiyanın tamamən dəyişməsinə görə fərqlənir – sürətli və sarsıdıcı qələbəyə hesablanmış  münaqişə vahid hərbi hədəfi olmayan “əldən salma müharibəsinə” çevrilib.

Bu strategiyanın əsas məqsədi düşmənin resurslarını tükəndirmək, iqtisadiyyatı və ordunu zəiflətməkdir.

Münaqişənin belə forması hərbi plan və tapşırıqları da istisna etmir, amma hədəflər daha az ambisiyalı olur.  

Rusiya ordusunun rəhbərliyi yenidən sarsıdıcı zərbə strategiyası seçərsə, cəbhənin bu hissəsində Ukrayna qüvvələrindən bir neçə dəfə çox canlı qüvvə təmin edəcək qruplaşma təşkil etməlidir. 

Bu, kifayət qədər çətin məsələdir, çünki, birincisi, münaqişə bir neçə aydır davam edir və artıq Ukraynanın hərbi mexanizmi işə düşüb və getdikcə güclənir.  

İkincisi, kəşfiyyat sayəsində Kiyev yeni zərbələrə hazırlaşan Rusiya qoşunlarının konsentrasiya yerlərini müəyyən edə bilir.

Ukrayna qoşunlarının uzaqmənzilli və yüksək dəqiqlikli silahlarla təmin edilməsi bu əraziləri onun hədəfinə çevirə bilər. 

İkinci variant - əldən salmağa hesablanmış münaqişə.

Bu, səngər müharibəsi demək deyil, hücumlar ikinci variantda da olur və məqsədinə görə müxtəlif xarakter daşıyırlar – məsələn, düşmənin hərbi birləşmələrini mühasirəyə almaq, onu hansısa ərazidən vurub çıxarmaq, sənaye mərkəzini ələ keçirmək.  

Bu iki strategiya arasındakı əsas fərq ondan ibarətdir ki, birinci variantda hücumdan əvvəl mümkün qədər çox qüvvə toplamaq lazımdır.

İkincisində isə hərbi əməliyyatları daim və fasiləsiz olaraq silah-sursatla, hərbi texnikayla və itkilərin yerini dolduracaq canlı qüvvəylə təmin etmək lazımdır.

İqtisadi baxımdan birinci variantda irihəcmli hərbi sifarişlərin və onların yerinə yetirilməsinə ciddi nəzarətin olacağını gözləmək olardı.

İkinci taktika isə iqtisadiyyatın, müdafiə-sənaye kompleksinin tənzimlənməsini və dəstəklənməsini nəzərdə tutur. 

Hücum üçün hansı istiqamət seçilə bilər?

Rusiyayönümlü şərhçilər güclü bir zərbənin vacibliyindən tez-tez yazırlar.

Onlar münaqişəni “xüsusi hərbi əməliyyat” adlandıran Kremli qərarsızlıqda günahlandırır, Ukraynayla müharibə vəziyyətinin rəsmiləşdirilməsi və hərbi vəziyyət elan edilməsi ideyasını dəstəkləyirlər.

Onların fikrincə, bunu etmədən qalib gəlmək mümkün olmayacaq.

Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin

Şəklin mənbəyi, МИНОБОРОНЫ РФ/ТАСС

Şəklin alt yazısı, Ukraynadakı Rusiya hərbçiləri (“Krasuxa” RED kompleksinin ekipajı)

BBC növbəti mərhələdəki hərbi əməliyyatların mümkün gedişiylə bağlı hərbi ekspertlərin fikirlərini öyrənib.

Onlar Rusiyanın başlanğıcdakı böyük hədəfli sarsıdıcı zərbə taktikasını  təkrarlayacağını istisna edirlər.  

Rob Li deyir ki, “Rusiyanın Kiyev, Xarkov, Zaporojye və Odessa kimi böyük şəhərləri ələ keçirməsi ehtimalı son dərəcə azdır”.  

Ancaq daha kiçik miqyaslı hədəflərə hesablanmış əməliyyatlar yəqin ki, davam edəcək.

İsrailli hərbi ekspert David Gelmanın fikrincə, Rusiya bir neçə istiqamətdən hücuma keçəcək: 

“Xarkov və Xersona xüsusi diqqət ayırırlar. Xarkov istiqamətində Rusiya qüvvələrinin gücləndirilməsi müşahidə olunur. Bu qruplaşma Xarkova hücum etmək və ya onu ələ keçirmək üçün yetərli deyil, amma USQ-nin böyük bir qruplaşmasını orada saxlamağa, ayrı-ayrı sahələrdə şəhərə doğru irəliləməyə və onu raket və top artilleriyasından atəşə tutmağa kifayət edər. Rusiyanın Xerson istiqamətindəki qruplaşması da gücləndirilir, ora Zaparojye istiqamətindən qüvvə gətirilir”.

Adının çəkilməsini istəməyən, hücumun konkret hansı istiqamətdən olacağını dəqiqləşdirməyən rusiyalı ekspertsə hesab edir ki, Ukraynanın cənubu Rusiya üçün daha məntiqli hədəf ola bilər.

Onun sözlərinə görə, cənubda siyasi məqsəd çox aydın görünür – Ukraynanı dənizə çıxışdan məhrum etmək:  

“Digər tərəfdən, ukraynalılar da cənubdan əks-hücuma keçəcəklərini anons ediblər. Sual yaranır – bunu belə açıq bəyan edirlərsə, doğrudanmı, onlar orada əks-hücuma hazırlaşırlar? Amma cənub istənilən halda daha perspektivli görünür, çünki orada təkcə hərbi yox, siyasi məqsədlərə də nail olmaq olar”. 

David Gendelman Xerson yaxınlığındakı Rusiya qüvvələrinin vəziyyətinin çətinləşdiyini deyir:

“Coğrafi səbəblərdən ora Rusiya müdafiəsinin zəif yeridir – təchizat Dnepr üzərindəki iki körpü vasitəsilə həyata keçirildiyinə görə məhdud imkanlıdır.

USQ həmin ərazidə operativ gərginliyi saxlayır, kiçik əks-hücum əməliyyatları həyata keçirir. Ona görə də Rusiya Xersonu itirməmək və hücum imkanlarını saxlamaq üçün qruplaşmanı gücləndirmək məcburiyyətindədir”.

 

Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin

Şəklin mənbəyi, МИНОБОРОНЫ РФ/ТАСС

Şəklin alt yazısı, Rusiyanın “Mcta-S” haubitsaları Ukraynada

“Ümumiyyətlə, bütün cənub cəbhəsində Rusiya Silahlı Qüvvələrinin əməliyyat sıxlığı daha azdır, çünki qüvvələrin əsas hissəsi Donbasda cəmləşib.

Ona görə USQ-nin ora hücum etmək imkanı daha çoxdur. Rusiya Silahlı Qüvvələri bunu nəzərə almalı və imkan daxilində sektorları gücləndirməlidir”, - ekspert əlavə edir.

O qeyd edir ki, bunun üçün yaxşı təchiz olunmuş çox sayda hərbi hissə lazımdır, halbuki hazırda Rusiya qoşunlarının şəxsi heyəti, orduya əsasən qısamüddətli müqaviləylə cəlb edilmiş şəxslər hesabına çoxaldılır: 

"Problem insan resurslarındadır. Rusiyada hücum əməliyyatlarını effektiv şəkildə həyata keçirə biləcək o qədər də çox hərbi hissə yoxdur. Ən yaxşı qoşunlar Donbasdadır və bu o deməkdir ki, başqa yerlərdə çox şey əldə etmək ehtimalı azdır".

Ordunu canlı qüvvəylə necə təmin etməli?

Amerikalı ekspertin qeyd etdiyi insan resurları çatışmazlığı, həm Rusiya, həm də Ukrayna üçün böyük problemdir.  

Britaniyanın Müdafiə Nazirliyi 12 iyul tarixli xülasəsində qeyd edib ki, “Rusiya silahlı qüvvələrindəki şəxsi heyət çatışmazlığı Rusiya Müdafiə Nazirliyini qeyri-ənənəvi komplektləşdirmə üsullarına əl atmağa məcbur edə bilər”.

“Buna Rusiya həbsxanalarındakı məhbusların “Waqner” özəl hərbi şirkətinə cəlb edilməsi də daxildir. Deyilənlər doğrudursa, bu, ordunun əhəmiyyətli itkilərinin yerini doldurmaqda Rusiyanın çətinlik çəkməsindən xəbər verir” – Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat qurumu tərəfindən hazırlanmış xülasədə belə deyilir.

Rusiya Ukrayna müharibəsi Sergey Lavrov Stiv Rosenberg Donetsk Luhansk separatçı region

Şəklin mənbəyi, VALENTIN SPRINCHAK/TASS

Şəklin alt yazısı, Yeni kampaniya üçün Rusiyanın mərmisi kifayət edəcək, problem onları cəbhəyə çatdırmaqdadır

Hansı strategiyanı seçməsindən asılı olmayaraq Rusiya canlı qüvvəyə ehtiyac duyacaq.

“Kiyev üzərində sarsıdıcı qələbə” tərəfdarları deyirlər ki, belə qələbəyə ancaq ümumi səfərbərlik nəticəsində nail olmaq olar.

“Əldən salma müharibəsi” daha az resurs tələb edir və Rob Li-nin də qeyd etdiyi kimi, indiyə qədər Rusiyanın insan resurs çatışmazlığı olmayıb.  

“Mayda çoxları soruşurdu ki, bu kampaniya ümumi səfərbərlik olmadan davam edə bilərmi? Belə səfərbərlik olmadı, amma Rusiya müharibədə uğurlar qazandı. Hərçənd bu sual hələ ki açıq qalır: onların bir neçə aydan sonra da  kifayət qədər canlı qüvvəsi olacaqmı?” – Rob Li belə deyir.

David Gendelmanın sözlərinə görə, daha böyük hərbi məqsədlərin əldə olunmasına hesablanmış uzunmüddətli münaqişədə insan resurları problemi mütləq yaranır:

 “İdealda, sırf hərbi mənada Rusiyaya ümumi yox, kütləvi səfərbərlik lazımdır, həm də çoxdan. Çünki mövcud resurslar ən yaxşı halda kiçik ərazilərdə və yavaş-yavaş irəliləməyə bəs edir. Amma, dəfələrlə deyildiyi kimi, ümumi səfərbərlik Rusiya üçün kəskin siyasi gedişdir. Ondan maksimum yan durmağa çalışırlar; hər kateqoriyadan olan könüllüləri cəlb etməklə, LXR ərazisində səfərbərlik elan etməklə, ordunun şəxsi heyətindən yeni taktiki batalyon qrupları yaratmaqla əldə olunan resurslarla kifayətlənirlər”. 

Ümumi səfərbərliklə bağlı Gendelmanın qeyd etdiyi siyasi problemdən başqa, bir də təşkilati problem var.  

Rusiyalı ekspert deyir ki, “Hazırda bizdə çox sayda hərbi mükəlləfiyyətlini tez bir zamanda ehtiyatdan çağırmağa, onları tez bir zamanda öyrədib əlinə silah verməyə şərait yaradan sistem yoxdur. Məhdud səfərbərlik imkanı var və gördüyümüz qədərilə hazırda məhz bu variantdan istifadə olunur. Məlumdur ki, çoxlarına, o cümlədən, ehtiyatda olanlara qısamüddətli müqavilə təklif edirlər. Hərbi komissarlıqlar insanlara zəng edir, məktub göndərirlər, kimlərsə razılaşır.

Bu, hərbi qüvvələrin, demək olar ki, bütün növlərinə aiddir – quru qoşunlarından tutmuş təyyarəçilərə qədər”.

 

Rusiyanın döyüş sursatı bəs edəcəkmi?

Rusiya ordusu böyük miqdarda sursat istehlak edir – “Forbes” jurnalının Ukrayna versiyasının hesablamalarına görə, Donbas uğrunda döyüşlərin qızğın vaxtında gündə təxminən iki min ton mərmi sərf olunub.

Hərbi ekspert Viktor Muraxovski öz teleqram kanalında yazır ki, BMP-3 təchizatlı motoatıcı batalyon öz döyüş sursatını bir döyüş günündə sərf edir, bu portativ sursatsa 80 tondan çoxdur.

Hazırda tətbiq edilən taktikayla mərmi istehlakını azaltmaq praktiki olaraq mümkün deyil.

David Gendelman deyir ki, "Rusiya Silahlı Qüvvələrinin irəliləməsi əsasən atəş gücündəki üstünlüyün nəticəsidir, bu isə bilavasitə döyüş sursatının böyük həcmdə tədarükündən və istehlakından asılıdır". 

Onun sözlərinə görə, Rusiyanın sursat ehtiyatı yaxın gələcək üçün yetərlidir, amma sursatın qoşunlara çatdırılması prosesində problemlər var:

“Teleportasiya hələ ixtira olunmayıb, ona görə də döyüş sursatları dəmiryolu və avtomobil yoluyla yaxın və uzaq cəbhə zonasına daşınır, sonra da həmin ərazilərdəki anbarlardan avtomobil yoluyla hərbi hissələrə çatdırılır”.

Londondakı Kraliyyət Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) hesabatında da qeyd olunur ki, Rusiya artilleriyasının ən zəif yeri “logistika yükü”dür.  

Sənəddə həmçinin bildirilir ki, mövcud sursat ehtiyatı Rusiyaya hələ uzun müddət bəs edəcək:

“SSRİ dövründən böyük həcmdə ehtiyatlar qalıb və bəzi hesablamalara görə, onlar hələ bir neçə ilə də çatar. Bundan başqa, Rusiyanın müdafiə sənayesi əhəmiyyətli dərəcədə artilleriya mərmiləri istehsal etmək imkanına malikdir”.

Ancaq onları döyüş bölgəsinə çatdırmaq mərhələsində problemlər yaranır.

Britaniya ekspertləri qeyd edirlər ki, "diviziya və briqada səviyyəsindəki silah-sursat anbarları böyükdür. Bu tikililəri aşkar etmək asan, gizlətmək və ya təhlükəsizliyini təmin etməksə çətindir, onların yerini dəyişməyə çox vaxt tələb olunur".

Anbar problemi

Yeni, böyük kampaniya ərəfəsində bu qədər çox sursat sərf edilirsə, Rusiya ordusu son həftələrdə üzləşdiyi ciddi bir problemi həll etməli olacaq.

Ukraynalılar Qərbdən göndərilən uzaqmənzilli artilleriyanı mənimsədikdən sonra Rusiyanın müdafiə xəttinin uzaq ərazilərindəki hərbi bazalara, komanda mərkəzlərinə, yanacaq və sursat anbarlarına dəqiq zərbələr endirməyə başlayıblar.

“BBC News Ukraynca”nın hesablamalarına görə, son iki həftə ərzində Rusiya Silahlı Qüvvələrinin ən azı 15 iri arxa cəbhə obyekti mərmi atəşi nəticəsində məhv edilib.

 Rusiya bu problemi bir neçə üsulla həll edə bilər:

• Hava hücumundan və raket əleyhinə müdafiə sistemlərini, radioelektron əks-tədbir vasitələrini gücləndirmək.

• Əks-batareya döyüşlərini nizama salmaq, düşmənin uzaqmənzilli silahlarını məhv etmək üçün aviasiya və təxribat-kəşfiyyat qruplarından istifadə etmək.

• Ukraynanın müdafiə sistemləri üçün sursat tədarükü marşrutlarını məhv etmək və ya qarşısını kəsmək.

• Yeraltı anbarlardan və kamuflyajdan istifadə etmək.

• Böyük hərbi obyektləri, ilk növbədə sursat anbarlarını Ukrayna artilleriyasının vura bilməyəcəyi yerlərə - arxa cəbhənin daha uzaq yerlərinə köçürmək.

Ancaq indiki vəziyyətdə bu üsulların heç biri problemin həllini təmin etmir.

Ukraynadakı Rusiya ordusu hava hücumundan müdafiə/raket əleyhinə müdafiə/radielektron əks-tədbir vasitələriylə yüksək səviyyədə təmin olunub.

Lakin həmin vasitələrin effektivliyi sual altındadır – təcrübədən də göründüyü kimi, ABŞ istehsalı olan HIMARS-lar Rusiyanın hava hücumundan müdafiəsini dəf edir.

Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin

Şəklin mənbəyi, RUSSIAN MOD/TASS

Şəklin alt yazısı, Anbarların qeyri-mərkəzləşdirilməsi üçün çox sayda yük maşını tələb olunur

Bundan əlavə, Ukrayna ordusuna təkcə raket qurğuları yox, həm də yüksək dəqiqlikli uzaqmənzilli mərmilər göndərilir.

İyulun 8-də məlum oldu ki, Amerikanın Ukraynaya hərbi yardımının növbəti tranşına təxminən 155 millimetrlik dəqiq sursatlar da daxildir.

Bu haqda rəsmi açıqlama verilməyib, amma mətbuatın yazdığına görə, ola bilsin, söhbət yüksək dəqiqliyə malik, məsafəsi 40 kilometrdən 57 kilometrə çatdırılmış “M982 Excalibur” mərmilərindən gedir.

Bu mərmilərdən Almaniyanın “PzH 2000” özüyeriyən artilleriya qurğularında, o cümlədən, ABŞ istehsalı olan “M109A3GN”-lərdə istifadə etmək olur. 

Ola bilsin, “M982 Excalibur” mərmiləri “M777” haubitsalarına uyğun deyil, çünki Ukraynanın rəsmi və qeyri-rəsmi mənbələrinin bu haubitsalarla bağlı yaydıqları kadrlarda xüsusi blokları olmayan silahlar görünür – belə bloklar yüksək dəqiqlikli döyüş sursatıyla atışları təmin edir.

Hərçənd Ukraynada belə silahların olmadığı da təsdiqlənməyib. 

Ancaq hətta 150 millimetrlik adi mərmilər də 40 kilometr məsafə qət edə bilir (bəzi artilleriya sistemlərində isə daha çox). Artilleriya mərmisini adi HHM-lə vurmaq, demək olar ki, mümkün deyil - xüsusən də bütöv bir batareya atəş açarsa. 

Belə qurğulara qarşı əks-batareya müdafiəsini ancaq məsafə və dəqiqlik baxımından onlardan geri qalmayan silahlarla təşkil etmək olar.

Hətta bu da kifayət deyil - kəşfiyyat məlumatları və hədəfi təyinetmə vasitələri olmalıdır, atəş tənzimlənməlidir.

Çünki nə taktiki raketlərdən istifadə edən “M142 HIMARS” və “M270 MLRS”, nə hər hansı haubitsa, nə də “Excalibur”la atəş edən özüyeriyən qurğu bir yerdə durur – mərmiləri atan kimi yerlərini dəyişirlər. 

HHM sistemləri olmasaydı, aviasiya düşmənin istənilən növ artilleriyasını effektiv şəkildə dəf edə bilərdi, amma Ukraynada belə sistemlər mövcuddur.

Topu məhv etmək naminə təyyarəni itirmək – bu, heç də uğurlu mübadilə deyil. Uzaqdan atəş etməklə hədəfi vurmaqsa çətin məsələdir.  

Hərəkət edən raket qurğularını “ovlamaq” üçün təxribat-kəşfiyyat qruplarından da istifadə etmək olar, amma nəticə bəxtdən asılı olacaq.

Çünki “HIMARS”-ları və digər belə silahları bir yerdən başqa yerə mühafizəsiz aparmırlar.

Üstəlik, Ukraynanın əks-diversiya bölmələri də yoxa çıxmayıb. 

Silah təchizatı marşrutlarının qarşısını kəsmək məntiqli fikirdir – təbii, reallaşdırmaq mümkün olarsa.

Ukrayna ərazisi olduqca böyükdür, ölkədə çox sayda yol var. Kremlyönümlü və milliyyətçi platformalarda Dnepr üzərindəki körpüləri partlatmaq və beləliklə də təhcizat yollarını bağlayıb Donbasdakı Ukrayna ordusunu ac qoymaq təklif edilir.  

Lakin körpü o qədər də asan hədəf deyil.

Hətta ən böyük körpü də çox enli olmur.

Bu kifayət qədər möhkəm qurğunu məhv etmək üçün xeyli sursat tələb olunur.

Həm də belə strateji obyektlər, adətən, HHM-lə qorunur.  

Körpülərin uzaqdan “İsgəndər”lərlə və “Kalibr”lə vurulması həm çox əmək istəyən, həm çox bahalı, həm də uğurlu nəticəyə zəmanət verməyən variantdır.

Bombardımançı aviasiyadan istifadə etməksə çox risklidir – böyük ehtimal, təyyarələri vuracaqlar.  

Maskalama vasitələri hərb sənətində “müqəddəslərin müqəddəsi” hesab olunur.

Ancaq Rusiya ordusunun böyük stasionar obyektlərini daha əvvəl maskalamaq lazımıydı – hazırda onların yeri Ukrayna komandanlığı üçün sirr deyil və artilleriya artıq bilinən koordinatları vurur. 

Yeraltı anbarların yaradılması problemin məqbul həlli ola bilərdi.

Lakin əvvəla, belə anbarlar təchizat marşrutlarının yaxınlığında yerləşməlidir.

İkincisi, təhlükəsizlik tələblərinə cavab verməli və kifayət qədər böyük olmalıdır.

Üçüncüsü, onların koordinatlarını gizlətmək istənilən halda çətindir – gec-tez düşmən ya tikintini görəcək, ya da nəqliyyat marşrutunu aşkar edəcək. 

Təbii ki, bütün yumurtaları bir zənbilə yığmamaq – böyük anbarları bir neçə kiçik anbarla əvəz etmək də olar.

Ancaq bu halda mühafizə və xidmət personalının sayını artırmaq lazım gələcək.

Üstəlik, zərbə riski də aradan qalxmayacaq – ümid etmək olmaz ki, düşmən kiçik hədəfləri vurmağa ərinəcək.

Nəhayət, texnika, döyüş sursatı, yanacaq və digər maddi ehtiyat anbarlarını daha “dərinə” - cəbhə xəttindən 90-100 kilometr uzağa köçürmək olar.

Lakin bu sadə həll üsulu böyük logistik problemlər yaradan variantdır. 

David Gendelmanın sözlərinə görə, belə məsələləri müharibə dövründə həll etmək olduqca çərindir:  

“Hazırkı şəraitdə nəqliyyat vasitələrinin sayını kəskin surətdə artırmaq mümkün olmaya bilər. Müharibə dövründə anbarların qeyri-mərkəzləşdirilməsi isə əmək tələb edən və uzun prosesdir, bu işi əvvəldən görmək daha yaxşıdır. Ona görə də ən azı yaxın dövr üçün sursat, yanacaq və sürtkü yağları anbarlarının təhlükəsizliyi Rusiya qruplaşmalarının ən zəif yeri olaraq qalacaq. Problemin hətta uyğun şəraitdə həlli də vaxt alacaq”. 

Təchizatın logistik zinciri təxminən belədir: sursatları Rusiyanın uzaq əyalətlərində yerləşən mərkəzi anbarlardan vaqonlara doldurub dəmiryoluyla Ukrayna və ya ona yaxın ərazilərdəki arxa cəbhə anbarlarına daşıyırlar, sonra da avtonəqliyyat vasitəsilə cəbhədəki anbarlara çatdırırlar.  

Anbar cəbhə xəttindən 30-40 kilometr uzaqlaşdırılanda bir yük maşını 2-3 reys gedib-gələ bilərsə, 90-100 kilometrlik yerdəyişmədə ancaq bir reys edə bilər. Deməli, maşınların da, xidmət personalının da sayını 3 dəfə artırmaq lazım gələcək. 

Rusiyalı ekspert deyir ki, sırf kəmiyyət baxımından Rusiya ordusu logistika mərkəzləri və qovşaqları qeyri-mərkəzləşdirmək iqtidarındadır: 

“Daha çox yük maşını, daha çox hərbi sürücü cəlb edilməlidir. Yeri gəlmişkən, bu, ən defisit ixtisaslardan biridir. Yadımıza salaq ki, müharibənin əvvəlində əsir düşən çağırışçılar da sürücülər idi. Onda müqaviləlilər çatışmırdı. Adətən, çətin işlərə onları göndərməyə üstünlük verirlər. Problemi necəsə həll etmək lazım gələcək və bu mümkündür. Çünki avtomobil ehtiyatı tükənmək həddindən çox uzaqdır. Sürücülər də tapılacaq, amma bu təşkilati işdir və hazırda həll edilir”.

 Lakin təşkilati problem qalmaqdadır.

Avtomobillərin sayı və onların yolda olma vaxtı artacağı üçün belə kolonların hava hücumlarına, artilleriyaya və diversantlara tuş gəlmək təhlükəsi də artacaq.

Yəni, onların qorunmasını təşkil etmək lazım gələcək.  

Anbarların qeyri-mərkəzləşdirilməsi isə müxtəlif növ yüklərin uçotunun və yerləşdirilməsinin, informasiya mübadiləsinin və rabitə qurulmasının daha mürəkkəb sistemini tələb edəcək.

Nəhayət, arxa cəbhə xidmətləri üzrə daha çox mütəxəssis tələb olunacaq.

Komanda heyətinin dəyişdirilməsi

Hesab olunur ki, müharibənin əvvəlində Rusiya öz strateji hədəfinə çatmayıb – Kiyevi ələ keçirə, USQ-ni darmadağın edə bilməyib.

Ola bilsin ki, bu, hərbi rəhbərlikdə dəyişikliklərə səbəb olub.  

Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən iyunun 25-də özünün rəsmi “Twitter” hesabında yazmışdı ki, Rusiyanın bir neçə generalı tutduğu vəzifədən azad edilib.

Britaniya kəşfiyyatının məlumatına görə, onların arasında HDQ-nin rəhbəri, general-polkovnik Andrey Serdyukov və Cənub Hərbi Dairəsinin rəhbəri, ordu generalı Aleksandr Dvornikov da olub.  

Rusiya bu məlumatı təsdiqləmir.

Müdafiə Nazirliyinin saytında hələ də Andrey Serdyukov HDQ-nin, Aleksandr Dvornikovsa Cənub Hərbi Dairəsinin rəhbəri kimi göstərilir. 

Prezident Vladimir Putinin əmriylə hərbi-sənaye kompleksinə nəzarət edən Baş nazir müavini Yuri Borisov da vəzifəsindən kənarlaşdırılıb və sonra da “Roskosmos”un baş direktoru təyin edib.

Yuri Borisov 2018-ci ildən etibarən Rusiyada silah və hərbi texnika istehsalının təşkiliylə məşğul olub, amma müdafiə sənayesiylə hələ 90-cı illərin sonlarından əlaqəli olub.  

Rusiyalı ekspertin sözlərinə görə, Rusiya rəhbərliyi artıq komanda heyətini dəyişməyə, daha bacarıqlı komandirlər tapmağa çalışır: 

"Ordumuz pis seçimdən əziyyət çəkir. Vəzifə iyerarxiyasının yuxarı pillələrinə,  xüsusən  generallar səviyyəsinə nəzər saldıqca, orada heç də ən yaxşıların olmadığını görmək ehtimalı artır – hansılar ki, bacarıqlarına görə yox, loyallıqlarına görə yüksəliblər. Buna baxmayaraq həmişə müəyyən sayda kadr olur ki, işləyirlər və hər şey onların üzərindədir. Biz məhz onların arasından seçirik”. 

Rusiyalı ekspert həmçinin qeyd edir ki, qoşunların komandanlığında dəyişiklik edilməsiylə bağlı hərbi dairələrdə şayiələr dolaşmaqdadır, amma neçə nəfərin və məhz kimlərin azad edildiyi məlum deyil.  

İsrailli hərbi ekspert David Gendelmanın fikrincə, komanda heyətinin yenilənməsi çətin ki, müsbət nəticələnsin:  

“Hələ ki ancaq istiqamətlər üzrə qruplaşmaların rəhbərliyində dəyişikliklər olduğunu görmüşük. Yəqin bu, nisbətən aşağı səviyyəli birləşmələrdə və hərbi hissələrdə də baş verib – həm də itkilərə görə.  Amma bu səviyyədəki yerdəyişmələr vəziyyəti yaxşılaşdırmaya da bilər. Orta hesabla kadrlar məsələsində vəziyyət eynidir və əldə nə varsa, onunla işləmək lazımdır. Yoldaş Stalinin dediyi kimi, “Bizim ehtiyatda Hindenburqlarımız yoxdur”.

Ümumiyyətlə, bu müharibədə Rusiya Silahlı Qüvvələrinin problemi hərbi hissələrin qeyri-adekvat komandirləri deyil.

Problem ümumi planda, müharibənin ümumi idarə edilməsində və ordunun döyüşə ümumi hazırlığındadır. Bu problem aşağılarda dəyişiklik etməklə həll olunmaz”.  

Rob Li isə hesab edir ki, komandanlığın səhvləri mütəxəssislər üçün aydın olsa belə, çox vaxt siyasətçilər öz səhvlərinin acığını icraçılardan çıxırlar və qruplaşmaların və hərbi hissələrin komandirlərini dəyişmək qərarı bundan qaynaqlanır.