Ali məktəbdə təhsil haqqı: keyfiyyət ödənən vəsaitə uyğundurmu?

  • Aygül Mehman
  • BBC News Azərbaycanca
Azərbaycan Texniki Universiteti, Universitetlərdə illik ödəniş haqqı İllik təhsil haqqı Azərbaycanda təhsil haqqı

Şəklin mənbəyi, Azertag

Azərbaycanın ali məktəblərinin "yüzdə 80-nin keyfiyyətli təhsil vermək potensialı yoxdur" və hazırda tələbələrdən tələb olunan təhsil haqları "əsaslandırılmalıdır", millət vəkilləri belə düşünür.

Təhsil məsələləri üzrə təhlilçilər də "ali məktəblərdə təhsil haqqı kimi ödənilən vəsaitin təhsilin keyfiyyətinə uyğun olmadığını deyirlər".

Bəzi tələbələr oxuduqları ali məktəblərdə praktiki dərslərin keçirilməməsindən, ümumilikdə isə həmin qurumlarda mövcud olan tədris metodikasından narazıdırlar.

Azərbaycanın ali təhsil müəssisələrində "təhsil haqqının məbləği ilə verilən təhsilin keyfiyyəti arasında uzlaşma varmı?" sualı zaman-zaman sosial şəbəkələrdə də müzakirə mövzusudur.

Hazırda Azərbaycan universitetlərində isə illlik təhsil haqqı min manatdan 9 min manata qədər dəyişir. Rəqəmlər ölkədə fəaliyyət göstərən dövlət və özəl ali məktəblərin saytlarından götürülüb.

"Olmasını istədiyim yeganə nəsnə..."

Ümman Dəniz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kursunda təhsil alır. O deyir ki, oxuduğu 4 il ərzində illik təhsil haqqı təxminən, 800-1000 manat artıb.

"İllik ödəməli olduğum təhsil haqqı 1800 AZN təşkil edir, hansı ki, bir vaxtlar bu rəqəm min AZN-nin altında bir rəqəm idi. Təhsil haqqı artdıqca, çox da olmayan təhsilin keyfiyyəti ümumiyyətlə yoxa çıxdı. Müəllimlərin xarici müəlliflərin kitablarını tərcümə etdirib, öz kitabı kimi qələmə verməsi və yenilikdən tamamilə kənar dərs vəsaitləri ilə hansı keyfiyyətdən danışa bilərik ki?!".

Ümman hesab edir ki, keyfiyyətli təhsil vermək üçün müəllimlər özləri müasir standartlara cavab verməlidir.

"Müəllimlərin özlərinin təhsil keyfiyyətinin yüksəldilməsinə ehtiyac var, əvvəla. Sonra bəlkə nəsə öyrənərlər və öz əldə etdikləri biliklərini tələbələrlə bölüşərlər".

Ümman vurğulayır ki, təhsil aldığı müəssisədə onlara əsasən nəzəriyyə öyrədilir. "Praktika üçün texniki avadanlıqlar tələbələrə xahiş minnətlə, yalvar-yaxarla verilir. Bir kameranı almaq üçün 2-3 nəfərə müraciət etməliyik".

Onun oxuduğu müəssisədə "olmasını istədiyi yeganə nəsnə təhsildir".

"Biz nəzəriyyə ustaları olmuşuq, amma gələcəyin jurnalistləri kimi praktikadan xəbərimiz yoxdur. Praktiki biliklərin zənginləşdirilməsi imkanını yarada bilərlər, əlimizdə olan studiyadan daha yaxşı yararlanmaq imkanı verə bilərlər.

Gənc müəllimləri dəvət edə bilərlər, "olimpiadanı bəyənməyənlər qanını yoxlatdırsın", "kişi əlbəttə qadını döyməlidir" deyən və içkili dərsə gələn, tələbəyə təhsil vermək əvəzinə, bir şeyə etiraz etdikdə ona şər atan "müəllim"ləri uzaqlaşdıra bilərlər", o deyir.

Ali məktəblərdə təhsil haqları Universitetlərdə illik ödəniş Tələbələr təhsil haqqını ödəyə bilirmi?

Şəklin mənbəyi, Getty Images

lavə heç bir kurs, məşğuliyyət yoxdur"

"Sadəcə, deyə bilərəm ki, dərs vaxtından əlavə məcburi hansısa dövlət tədbirlərinə aparılma olur, bu qədər. Tələbə universitetə bir qəbul olunanda sevinir, bir də diplomu dualar ilə alıb, bitirəndə", Ümman əlavə edir.

Əli Abdullayev (ad müsahibin istəyi ilə dəyişdirilib-red.) isə Kooperasiya Universitetinə bir illik təhsil haqqı olaraq min manat ödəyir. O da, oxuduğu təhsil müəssisəsində əsasən, prakitiki biliklərin verilməməsindən narazıdır.

"Marketing fakültəsində, pulluda oxuyuram. Başqa universitetlərdə tələbələr hansısa layihələr üzərində işləyirlər, praktiki işlər görürlər, biz isə bakalavrda keçdiklərimizi bir az genişləndirilmiş formada təkrarlayırıq", tələbə gileylənir.

"Müqayisədə çox yaxşıdır"

ADA Universitetinin tələbəsi Xaliq Qafarlı illik təhsil haqqını ödəməyin "bir az" çətinlik yaratdığını deyir.

"Təzə qəbul olanlar 7-8 min manat ödəyirlər. Bu, böyük məbləğdir. Mənim ödənişim 3500 manatdır. Ödənişdə bir az çətinliyim olur, amma birtəhər çatdırırıq. Digər universitetlərin verdiyi təhsil və ödənişlə müqayisədə çox yaxşıdır".

O hesab edir ki, oxuduğu universitetin onlara verdiyi fürsəti Azərbaycanın digər universitetləri öz tələbələrinə "verə bilmir".

"Universitet bizə dünyanın bir çox kitabxanalarına giriş imkanı verir. Bu isə milyonlarla kitaba çıxış imkanı deməkdir. Həmin kitabxanalardan istənilən dərsliyi rahatlıqla əldə edə bilirik.

Bundan başqa hər il start up müsabiqəsi keçirilir, ilk üç yerə çıxanlara maddi dəstək edilir, mentor, yəni məsləhətçi təyin edilir. Ümumiyyətlə isə ideya verən tələbələrə bunun formalaşdırılması üçün dəstək verilir".

Tələbənin bildirdiyinə görə, təhsil aldığı müəssisədə müxtəlif tələbə klubları da fəaliyyət göstərir. Burada yaxşı oxuyan tələbələr öz yoldaşlarına kömək edə bilirlər.

"Onda başa düşdüm ki, aldığım təhsil çəkdiyim əziyyətə dəymir"

Gülnaz Məmmədli Estoniyanın Tartu universitetində bakalavr - 3cü kurs (sonuncu il) Biznesin İdarə Edilməsi fakültəsində təhsil alır.

Bu universitetdə fakültə üzrə hər il 5 nəfər pulsuz oxumaq şansı qazanır və ödənişsiz təhsil imkanı universitet bitənə kimi davam edir. Müsahibimiz 3 il öncə həmin imkanı əldə etmiş 5 tələbədən biri olub.

"Bundan başqa, əgər gpa (qiymət ortalaması - red.) semestr boyunca ela olubsa, həmin tələbəyə "achievement Scholarship" yəni, "nailiyyət təqaüdü" verirlər. Üstəlik, dərsdən kənar bir çox başqa tədbirlər və tələbə təşkilatları var və hər tələbə əgər bu ona maraqlıdırsa qoşula bilər.

Gülnaz Məmmədli Tartuya qəbul olmamışdan əvvəl Bakıdakı ADA universitetində 2 il təhsil alıb.

"654 balla Biznesin İdarə Olunması fakültəsinə qəbul olmuşdum. Ancaq daha yaxşı təhsil almaq və xaricdə yaşamaq istədiyim üçün 2-ci kursda ADA-nı atıb getdim xaricdə oxumağa".

O deyir ki, dərsdən əlavə Esn Tartu adlı təşkilat da burada təhsil alan tələbələr üçün semestr boyu maraqlı tədbirlər təşkil edir. Ancaq həmyerlimiz bu tədbirlərdə daha çox təşkilatçı kimi fəaliyyət göstərməyə üstünlük verir, çünki ona tədbirlərin təşkili daha maraqlıdır.

"Keçən semestr rəqs dərsləri təşkil etmişdim. Maraqlı oldu. Mənim fikrimcə dərslərdən başqa ən maraqlı activity Erasmusdu - universitetlər arası tələbə mübadiləsi proqramı. Xarici universitetdə oxumaq imkanları çoxdu, həm də aylıq təqaüd verirlər".

Gulnaz Mammadli deyir ki, hazırda təhsil aldığı Tartu Universiteti pullu olsaydı, o, yenə də ADA Universitetini yarımçıq qoyardı, çünki müqayisədə xarici universitetlər həm şəffaflıq, həm də dərslərin keyfiyyəti baxımından "daha ağır gəlir".

"Mən qəbul olduğum il təhsil haqqı 4 minə yaxın idi, indi isə 6 mindən çox olmalıdır. Qiymət ortalamam yüksək olduğu üçün hər semestr pulsuza düşürdüm, amma getdikcə bunu çətinləşdirdilər. Tələbələr arasında rəqabəti artırır, müəllimlərə "əla" qiymət verməmək üçün tapşırıq verirdilər.

Eşitdiyim qədərilə də hal-hazırda pulsuz təhsili ləğv ediblər. Mən onda başa düşdüm ki, aldığım təhsil çəkdiyim əziyyətə dəymir.

Estoniyada mənə öz ölkəmin verdiyindən daha çox dəyər verirlər. Pulsuz oxuyuram, təqaüd alıram və bunun kimi başqa çoxlu şanslar tanıyırlar mənə. Ona görə də həyatımı xarici bir ölkədə davam etmək qərarına gəldim", Gülnaz Məmmədli bildirir.

"Həm də mən magistratura təhsilimi dünyanın ilk onluğundakı universitetlərin birində davam etmək istəyirəm və bunun üçün xaricdə oxumaq daha əlverişlidir", o gələcək planlarını da bizimlə bölüşür.

"Azərbaycanda sadəcə illik, Türkiyədə isə illik və yaşam xərci"

"Azərbaycanın bəzi universitetlərinin bir illik təhsil haqqı ilə qonşu Türkiyədə bir il həm də bir tələbənin yaşam xərclərini də qarşılamaq mümkündür", təhsil məsələləri üzrə təhlilçi Kamran Əsədov deyir.

O əlavə edir ki, Türkiyə universitetlərinin əksəriyyətində təhsil haqqı "Azərbaycan pulu ilə" 100-500 manat arasında dəyişir.

"Yəni siz burada 2500 manat təhsil haqqı ödəmək yerinə, Türkiyədə bu pula həm də yaşam xərclərinizi qarşılaya bilərsiniz. Üstəlik, orada təhsilin keyfiyyəti daha yüksəkdir, tanınma daha yüksəkdir. Tələbə yataqxanası var və qiyməti 50-150 manatdır.

Burada isə ən pis evdə kirayə haqqı 300 manatdır. Yemək məsələsi də orada daha ucuzdur, orada tələbələr universitet yeməkxanalarında daha ucuz nahar edə bilirlər. Yaşam şərtləri ucuzdur".

Kamran Əsədov "Türkiyədə təhsil alan azərbaycanlıların sayının 15 min"ə çatmasının əsasən bununla bağlı sayır.

Türkiyə mediasında bu ölkədə təhsil alan 700 mindən artıq tələbəbənin 15 min, 36 nəfərinin azərbaycanlı olduğu yazılır.

"Qiymət qaldırılır qaldırılmağına, ancaq təhsil vermirlər"

Digər bir təhsil məsələləri üzrə təhlilçi Nabatəli Qulamoğlu isə bildirir ki, təhsil haqqı məsələsini bütün dünyada təhsil bazar müəyyənləşdirir, Azərbaycanda isə bu "bazar qiymətə təsir etsə də, keyfiyyətə təsir eləmir".

"Hansı ixtisasa ehtiyac çoxdursa, həmin ixtisasa axın da çoxdur, o axına uyğun olaraq da qiymət müəyyənləşdirilir. Ancaq bir şərt də odur ki, ali məktəb ödənilən vəsaitə uyğun bilik verməlidir", Nabatəli Qulamoğlu deyir.

Ancaq o əlavə edir ki, Azərbaycanda "bazardan asılılıq qanunu işləyir".

"Bazar tələb edir ki, təhsil bazarı axının çox olduğu sahənin qiymətini qaldırsın. Qiymət qaldırılır qaldırılmağına, ancaq təhsil vermirlər. Məsələ bundadır. Başqa ölkələrdə isə bu iki faktorun ikisi də işləyir", deyə təhlilçi bildirir ki, bunun səbəbini ali məktəblər arasında rəqabətin aşağı olmasında görür.

"Ali məktəblərin yüzdə 80-i keyfiyyətli təhsil vermək potensialına malik deyil"

Millət vəkili Fazil Mustafa hesab edir ki, ölkənin ali məktəblərinin yüzdə 80-i yaxşı, keyfiyyətli təhsil vermək potensialına "malik deyil".

"Belə bir vəziyyətdə özlərinin istədiyi qaydada qiymət qoymaq, qiyməti artırmaq, özlərinin istədiyi qaydada ali məktəbi ayaqda saxlamaq yanlış siyasətdir. Bir çox ali məktəblərdə əsasən, iki əsas gəlir mənbəyi olur. Bunun biri təhsilin haqqıdır, ikincisi isə dərsə gəlməyən tələbələrdən əldə etdikləri gəlirlərdir".

Fazil Mustafa hesab edir ki, ödənişli təhsil sahəsində daha uğurlu yol tapılmalıdır. "Dövlət sifarişi ilə təhsil alanların sayının artırılması zahirən yaxşı görünür, çunki pulsuz təhsil almaq imkanlarını genişləndirir. Ancaq bu keyfiyyətli təhsil olacaqmı? İnandırıcı gəlmir, çünki ali məktəblər bunun üçün keyfiyyətli müəllimə lazımi səviyyədə ödəniş edə bilməlidir. Ali məktəbin özünü ayaqda tutmaq imkanı olmadıqda, bunu edə bilmir".

Millət vəkili hesab edir ki, bu "daha fundamental islahatlar tələb edən" məsələdir və indiki şərtlərdə "problemli sahə"dir.

"Ali məktəblər keyfiyyətli təhsilə görə pul qazanmağı bacarmalıdırlar. Bu pul da tələbəyə bu və ya digər formada keyfiyyətli təhsil kimi qaytarılmalıdır. Belə bir mexanizm olmalı və işləməlidir".

Azərbaycanda təhsil haqlarının məbləğinin müəyyənləşdirilməsində əsas rolu universitetlərin oynadığını deyən Fazil Mustafa hesab edir ki, universitetlər bu məsələdə verilən təhsilin keyfiyyətini nəzərə almalıdırlar.

"Universitetlər əsaslandırmalıdır"

Millət vəkili onu da əlavə edir ki, ali məktəblər təyin etdiyi təhsil haqqının məbləğin "nəyə əsasən müəyyənləşdirildiyini əsaslandırmalı" olduğunu vurğulayır.

"Bunu mütləq əsaslandırmaq lazımdır. Əsaslandıranda həm ali məktəbin cəlbediciliyini artırır, həm də tələbəni-sifarişçini aldatmadığı ortaya çıxır.

Onda təhsil subyektləri arasında daha səmimi münasibət yaranır. Bir-birinə qarşı inam əsasında real qiymətlərə əsaslanan ödənişlə, real qiymətlərə əsaslanan təhsil almaq mümükün olur".

Fazil Mustafa düşünür ki, hazırda təhsil subyektləri arasında güvən, inam yoxdur.

"Müəyyən qism düşünür ki, universitet çox baha qiymət qoyub. Universitetin özünün mülahizəsi isə budur ki, qiymətlər aşağıdır. Aşağı olması nəticəsində də yaxşı müəllim cəlb etmək olmur. Və bu da qarışıq bir mühit yaradır.

Millət vəkili çıxış yolu kimi özəl və ya dövlət universitetləri üçün maksimum və minimumlar, xüsusən də "maksimumlar müəyyənləşdirilə bilər ki, vətəndaşın cibinə hədsiz girilməsin".

Ali təhsil müəssisələrinin tətbiq olunan əsaslandırma məsələsini millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Asim Mollazadə də vacib hesab edir.

Cənab Mollazadə bildirib ki, tələbələrin təhsil haqları reallığı əks etdirməlidir. "Təhsil Nazirliyi və aidiyyatı qurumlar ciddi araşdırma aparmalıdırlar. İxtisaslar üçün təyin olunmuş təhsil haqları əsaslandırılmalıdır".

Millət vəkili həm də təhsil haqlarının azaldılmasını təklif edib.

Dövlət İmtahan Mərkəzi bildirir ki, 2018-ci ildə ali məktəblərə 45 minə yaxın tələbə qəbul olunub. Onlardan təxminən 33 min nəfəri öz hesabına təhsil alır.