"Nə iş olur olsun, razıyam, bircə pul qazana bilim", Azərbaycanda işsiz gənclər

  • Aygül Mehman
  • BBC News Azərbaycanca
Azərbaycanda işsiz gənclər işsizlik iş pulsuzluq pul qazanmaq

Şəklin mənbəyi, Getty Images

"Nə iş olsa gedərəm, iş yoxdur", bu gün Azərbaycanda işsiz insanların çoxu çarəsizliyini belə ifadə edir. Biz bu yazıda iş axtaran təbəqələrdən birinin - tələbələrin problemlərindən söhbət açacağıq.

Birinci kurs tələbəsi Elsevər Abbasov hazırda bir çox tələbə yoldaşı kimi iş axtarışındadır.

Lakin o deyir ki, bir çox yerə CV göndərsə də, ona ya təcrübəniz yoxdur deyiblər, ya da ümumiyyətlə onunla əlaqə saxlamayıblar.

"CV-mi vermişəm. İndi gözləyirəm, görüm, nə cavab gəlir. Artıq nə işi olur olsun, razıyam, bircə pul qazana bilim. Pandemiya çoxları kimi bizim ailəyə də öz təsirini göstərib. İşləyib təhsil haqqını ödəsəm, evə də kömək etmiş etmiş olaram", o deyir.

Covid-19 pandemiyası dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da çoxlarının ən azı bir müddət işsiz qalmasına səbəb oldu. Ancaq mütəxəssislər hesab edir ki, ölkədə tələbələrin iş tapa bilməməsi yalnız karantinlə bağlı deyil, bu çox əvvəldən mövcud olan problemdir.

"Azərbaycanda ümumiyyətlə part-time (parttaym - yarım günlük-red.) işlər çox azdır. Normal işə gəlincə, vaxt üst-üstə düşmədiyi üçün adətən tələbəni işə götürmürlər," - 4-cü kurs tələbəsi Mehri Orucova belə deyir.

Tələbə deyir ki, pandemiyadan əvvəl ixtisasına uyğun olmasa da, uzun axtarışlardan sonra tapdığı işini koronavirusun yayılmasının qarşısının alınması səbəbilə tətbiq olunmuş karantin rejimi zamanı itirib.

Tələbələr iş tapa bilməmələrində əsas günahı boş və ya uyğun işlərin mövcud olmadığı əmək bazarında və Əmək Məcəlləsində görürlər.

Əmək bazarını araşdıran təhlilçilərin bəziləri hesab edir ki, tələbələrin bilik və bacarıqlarının lazımi tələblərə cavab verməməsi onların iş tapmasına mane olur, bəzi təhlilçilərə görə isə, Azərbaycanda bu bazar çox spesifikdir və onun tələbəyə çevik iş təklifi imkanları yoxdur.

BBC News Azərbaycancanın əldə etdiyi ilkin rəqəmlərə görə, ölkədə rəsmi işsizlərin sayı ötən il 375,9 min nəfər olub. Bu, öncəki illə müqayisədə təxminən 122 min çox işsiz deməkdir, çünki bu rəqəm 2019-cu ildə təxminən 253 min nəfər olub.

Ötən il işsizliyin sayının artmasının Covid 19 pandemiyası ilə birbaşa bağlılığı məlum olmasa da, bu təsir istisna olunmur. Dövlət Statistika Komitəsindən BBC-ə deyiblər ki, ötən ilin dəqiq işsizlik rəqəmləri mart ayında açıqlanacaq.

"Özünü sata bilmək"

Uzun illərdir karyera məsləhətçisi kimi fəaliyyət göstərən Toğrul Ələkbər deyir ki, hazırda əmək bazarında "təhsildən daha çox, bilik və bacarıqlar önəmlidir".

"İşəgötürənə maraqlı deyil ki, bilik və bacarıqları lazımi səviyyədə olan, lakin səriştəsi olmayan şəxsi işə götürsün. Düşünün, bir işçini part time (yarım günlük-red.) işə götürməlisiniz, üstəlik ona vaxt ayırmalısınız və sərmayə qoymalısınız, həm də ona maaş verməlisiniz. Bu isə işəgötürən tərəfdən baxanda sərfəli deyil. İşəgötürən deyir ki, hazır kadr götürüm ki, sərmayəni qarşılasın," - cənab Ələkbər deyir.

Tələbələrin əmək bazarında əsasən buna görə rəqabətə dözüm gətirə bilmədiyini deyən karyera məsləhətçisinin fikrincə, "Azərbaycanda niyə parttaym işlər yoxdur" sualının birmənalı cavabı yoxdur.

O güman edir ki, bu, iş yükü bəs etmədiyi üçün belədir:

"Yəni, parttaymda görüləcək iş yükü şəxsin ehtiyacını qarşılamaqda yetərli olmur. Əslində, parttaym iş yoxdur deməzdim. Çünki hazırda yeni inkişaf edən sahələr var - qrafik dizayn, SMM olsun, data analitik olsun yəni, yeni peşələrdə çeviklik var. Buna görə də düşünürəm ki, parttaym işlərin sayı az olsa da, freelance (frilans - sərbəst qrafikli- red.) işlərin sayı artıb," - o deyir.

Toğrul Ələkbər hesab edir ki, əmək bazarının tələbləri tez-tez dəyişdiyi üçün, tələbələr bu dəyişikləri nəzərə alaraq, özünü uyğunlaşdırmalı, inkişaf etdirməlidir.

O həmçinin hesab edir ki, tələbələr "full-time" (tamgünlük iş) gözləntilərdə də rəqiblərinə məğlub olurlar: "Reallıq isə odur ki, işaxtaran işəgötürənin ehtiyac və tələblərini anlayıb ona uyğun davranmalıdır".

Toğrul Ələkbər deyir ki, namizədlər özlərinin təqdimatını elə qurmalıdırlar ki, işəgötürən onlarla işləmək istəsin.

Özünün də hərdən işəgötürmə prosesində iştirak etdiyini deyən karyera məsləhətçisi bildirir ki, bəzən şəxs özünü o qədər yaxşı təqdim edə bilər ki, işəgötürən onun üçün ayrıca bir təcrübə proqramı açar.

O hazırda yüksək rəqabətin hökm sürdüyü əmək bazarında fərqlənmək və özünü sata bilməyin vacibliyini vurğulayır.

Rəsmi müqavilə məsələsi

iş axtarmaq işçi fəhlə pul qazanmaq gənclər işsizlik Azərbaycanda işsizlik azərbaycanda iş tapmaq

Şəklin mənbəyi, Getty Images

Tələbə Pərviz Sədullayev deyir ki, bir müddət ixtisasına uyğun olmayan yerdə və gecə növbəsində çalışıb. Lakin o deyir ki, iş tapsa belə, işlədiyi müddətdə əmək münasibətləri rəsmiləşdirilməyib.

"Mən tələbə olduğum üçün rəsmi işləyə bilmədim, çünki dedilər ki, qanun buna icazə vermir. İndi gözləyirəm ki, universitet bitsin, ondan sonra iş axtarmağa davam edim".

Ona qədərsə, Pərvizin narahatlığı davam edəcək - o indi təhsil haqqını necə ödəyəcəyini düşünür.

Təhlilçi Rövşən Ağayev tələbələrin işləməsi məsələsində iki məqama diqqət çəkir:

"Birincisi, ölkədə tələbələrin işləməsi üçün onların qrafikinə uyğun iş yerləri varmı? İkincisi, işləmək tələbənin dərsinin keyfiyyətinə necə təsir göstərəcək? Bu, son dərəcədə vacib məsələdir. Bilirsiniz ki, tələbə gərək günün müəyyən hissəsini işləsin. Bizdə tam iş vaxtı 8 saatdır, tələbə də gərək yarım iş gününü işləsin. Bizdə tələbələr gündüz vaxtı oxuyurlar. İstər birinci, istərsə də ikinci növbədə. Yəni, tələbə işləyə-işləyə dərsə qaçası deyil. Əgər tələbə günün birinci yarısı işləyirsə, 9-da başlayırsa işi, 4 saat işləsə saat 1-də çıxsa 2-də dərsi başlayırsa, o işdən çıxıb birbaşa dərsə getməlidir. İstirahətsiz".

"Məsələnin hüquqi tərəfinə gəldikdə, bu gün əmək bazarının vəziyyətinə baxmalıyıq. Bu gün bizim əmək bazarı, nəinki tələbəyə, yəni, tam ixtisaslaşmamış, natamam təhsili olan insana, normalda əmək bazarına üz tutan hər kəsə normal iş təklif edə bilirmi? Bizim əmək bazarının iş təklif etmək potensialı bu gün buna imkan verirmi?", o sual edir.

Lakin o, ümumiyyətlə tələbənin ehtiyaclarını qarşılamaq üçün işləməli olması məntiqi ilə razılaşmır.

"Mən tələbənin işləməsinin tərəfdarı deyiləm, çünki bu tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. Təhsil müddəti tələbəyə verilmiş zamandır. Dövlət bütün hallarda imkanı olmayan tələbəyə normal şərait yaratmalıdır. Təqaüd ya başqa vasitələrlə elə şərait yaratmalıdır ki, tələbə iş haqda düşünmədən oxusun. Yalnız bir halda mən tələbənin işləməsinin tərəfdarıyam. Sonuncu kurslarda tələbə öz ixtisası üzrə praktiki bilik qazanmaq, iş təcrübəsi qazanmaq baxımından işləsin. Ancaq tələbənin maddi durumuna görə işləməsinin mən qəti şəkildə əleyhinəyəm," - təhlilçi deyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, Azərbaycanda hökumət xüsusən 4-cü kurs tələbələri və məzunlar üçün bir çox imkanlar yaradır.

"İndi pandemiyaya görə təhsilin də işi dayandığı üçün bu fəaliyyətləri həyata keçirmirik, lakin hökumət hər il tələbələr və məzunlar üçün əmək yarmarkaları keçirib son illərdə. Karyera yarmarkaları təşkil etmişdik. İstedadlı tələbələr orda hər zaman özlərinə iş tapırdılar. Dövlət qulluğuna vakant yerlər üçün adətən imtahan təşkil olunur və respublika üzrə son illərdə öz savadı ilə keçən və işlə təmin edilən işçilərimiz var", o deyir.

Nə etməli?

Dövlət Əmək Müfəttişliyindən BBC News Azərbaycanca bildiriblər ki, Əmək Məcəlləsinin tələblərinə görə əyani təhsil alan tələbənin tam ştata işə götürülməsi qanunla mümkün deyil, lakin tələbələr yarımştat işlərdə işləyə bilərlər.

Vəfa Kərimova valideyindir, onun övladı hazırda Azərbaycan Dillər Universitetinin 1-ci kursunda, ödənişli əsaslarla təhsil alır.

"Uşaq nə qədər yerə CV verir, özünü öldürür, amma axırda yenə də işsizdir".

O, deyir ki, övladı özü işləmək istəyib və üstəlik ailənin də buna ciddi ehtiyacı var.

"Əvvəl işləyirdim, bankdan götürüb verdim, indi işdən də çıxdım. Bankın ödənişlərini etmək üçün evdən əşya satıram hər ay. Hələ dərs onlayndı, yol xərci yoxdu. Problem dərslər başlayanda olacaq".

Toğrul Ələkbər məsləhət görür ki, "tələbələr birinci kursdan dil biliklərini inkişaf etdirsin, könüllülük proqramlarına qoşulsunlar".

"Bu da olmayanda tələbələr özlərini satış və ya xidmət sahəsində sınamalıdırlar. Marketdə satıcı ola bilərsən. Yarımştat kassir, ofisiant ola bilərsən. Bunlar sizə özünüzü təqdimetmə bacarıqlarının formalaşmasına kömək edəcək. Lakin tələbələr artıq ikinci kursdan etibarən seçdikləri sahədə təcrübə proqramları tapmalıdırlar.

İndi çoxlarının ofis işi axtardığını vurğulayan karyera məsləhətçisi hesab edir ki, adamlar "nə gəldi axtardıqları üçün iş tapa bilmirlər".

Elsevər çox güman ki, karyera məsləhətçisinin bu şərhi ilə razılaşmaz, çünki onun son ümidi saatı 1,70 qəpiyə Bakıda fəaliyyət göstərən "fast food" restoranlarından birində iş tapmaq ehtimalıdır. Əgər bu ehtimalı da reallaşmasa, o nə edəcəyini bilmir.