Azərbaycanda işsizlik: iş tapmaq getdikcə niyə çətinləşir?

  • Aygül Mehman
  • BBC News Azərbaycanca
İşsizlik Azərbaycan

Şəklin mənbəyi, Getty Images

Azərbaycanda iş axtaranlar təkcə uyğun iş tapmaqdan şikayətlənmirlər, həm də yaş baryeri ilə üzləşməkdən narazıdırlar.

"Səni işə götürmürlər ki, 30 yaşında qocasan, 60 yaşında da pensiya vermirlər ki, hələ cavansan," - sosial media istifadəçilərdən biri iş tapa bilməməsindən gileylənir.

BBC News Azərbaycancaya-ya danışan işaxtaranlar pandemiyanın onların vəziyyətinə pis təsir etməsi faktı ilə razılaşsalar da, ölkədə ixtisasına uyğun iş tapmaq imkanlarının olmamasını bütünlüklə pandemiya ilə əlaqələndirmək istəmədiklərini deyirlər.

Azərbaycan hökuməti bildirir ki, son bir ildə ölkədə 129 mindən çox iş yerləri açılıb. Amma rəsmi qurumlar ölkədə bağlanan iş yerlərinin sayı barədə vaxtaşırı məlumat vermirlər.

Dövlət Statistika Komitəsi ölkədə 2020-ci ildə işsizliyin artdığını açıqlayıb.

BBC News Azərbaycancanın qurumdan əldə etdiyi ilkin rəqəmlərə görə, Azərbaycanda işsizlərin sayı ötən il 375,9 min nəfər olub. Bu, öncəki illə müqayisədə təxminən 122 min çox işsiz deməkdir.

Bəzi iqtisadi təhlilçilər hesab edirlər ki, ölkədə karyera planlaşdırılmasında problemlər var. Dövlət Məşğulluq Agentliyi isə işaxtarma ilə bağlı müşahidə edilən problemləri aradan qaldırmaq üçün proqramlar hazırladıqlarını bildirirlər.

"Dedilər ki, indi bizə fotoqraf lazım deyil"

Fotoqrafiya ilə məşğul olmuş, pandemiya müddətində işini itirmiş Orxan Sultanov otən ilin dekabrından hələ də özünə iş tapa bilmir.

O deyir ki, indiyədək 100-dən çox iş yerinə email yazıb, CV göndərib, ancaq heç bir cavab almayıb.

BBC News Azərbaycancaya danışan Orxan Sultanov dekabrın ortasından iş axtarır.

Daha çox fotoqraf və jurnalistika sahəsində iş axtardığını deyən Orxan Sultanov tezliklə iş tapacağına əmin deyil.

Onun fikrincə, pandemiyaya görə iş yerində xərcləri azaltmaq üçün başqa filiallarda qənaət etməyə qərar veriblər: "Dedilər ki, indi bizə fotoqraf lazım deyil, çünki tədbir yoxdur".

Cavabsız qalan CV-lər

Biznesin təşkili və idarəolunması üzrə təhsil alsa da əmək fəaliyyətini kargüzarlıq üzrə davam etdirən Şərqiyyə Məmmədzadə də üç aydır iş axtarışındadır.

O bildirir ki, sonuncu iş yeri hüquq-mühafizə orqanlarının birinin katibliyində olub: "Bir il işlədikdən sonra sevdiyim sahə olmasına rəğmən maaşı az idi deyə sevimli işimi tərk etdim".

Şərqiyyə Məmmədzadə deyir ki, hazırda iş axtarışında "ən yaralı məqam" CV göndərmək və həmin CV-yə cavab almaqdır.

"Müsbət və ya mənfi [cavab], məsələn, mənim hansısa cəhətim xoşuna gəlmədisə, HR bunu emaildə yazıb göndərə bilər. Ancaq o zəhməti də özlərinə vermirlər. Versələr, mən də bilərəm ki, mənim hansı cəhətim xoşlarına gəlməyib, dolayısı ilə mən bu cəhəti özümdə inkişaf etdirərəm. Mən üç aydır iş axtarışındayam, bu az müddət deyil və əgər indiyədək məndə çatışmayan cəhətləri hansısa HR mənə desəydi, bu üç ayda bunun üzərində işləyə bilərdim".

Şərqiyyə Məmmədzadə deyir, indi özünü inkişaf etdirir ki, uyğun maaşlı ixtisas üzrə iş tapa bilsin.

işlə bağlı yaş tələbi

Şəklin mənbəyi, Sosial media

"30-50 yaşdan yuxarı işə götürülməmək problemi"

Sosial şəbəkələrdə Azərbaycanda müxtəlif qurumlar tərəfindən iş elanları tez-tez geniş müzakirə olunur.

Hətta küçə elanlarında belə vaxtaşırı gənc qadınların, yaşı 30-dan yuxarı olmayan insanların işə dəvət olunması barədə məlumatlar görmək olur.

Bu günlərdə özəl bir şirkətin sosial mediada hüquqşünas ixtisası üzrə yaydığı elanda namizəd üçün tələb edilən kriteriyalar, təklif olunan əmək haqqı izləyicilərin diqqətini çəkib. Bəzi sosial media istifadəçiləri namizədə 30 yaşa qədər məhdudiyyət qoyulmasından şikayətlənib, bəziləri də qoyulan tələblərlə maaş arasında uçurum olduğu fikrini bölüşüb.

"Əlbəttə, bu işçini tapacaqsız. Kimsə əlacsızlıqdan işləyəcək, amma bir neçə aydan sonra yenidən hüquqşünas axtaracaqsınız,"- sosial media istifadəçilərindən biri yazıb.

İşsizliyin bir səbəbi də "təhsildən qaynaqlanır"

İqtisadi təhlilçi Toğrul Vəliyevə görə, post-pandemiya dövrü iş yerlərinin sayının az olması, günəmuzd işlərin həcminin azalması ilə səciyyələnir.

"Bir çox yerlər məhdud şəkildə fəaliyyət göstərir. Və ya ümumiyyətlə vəsait yoxdur. Pandemiya dövründə bir çoxları böhranla üzləşdilər. İndi kifayət qədər vəsaitləri yoxdur, ona görə də biznesləri bərpa olunmayıb. Bir çox sahələr 2019-cu ildə olan vəziyyətə qayıtmayıb".

İqtisadçı hesab edir ki, pandemiya dövründə ən çox zərərlə üzləşən sahələrdən biri turizmdir və burda çalışan insanlar işlərini itirdikləri üçün digər sahələrə axın ediblər.

Toğrul Vəliyev onu da əlavə edir ki, indi ağır karantin rejimi olmadığından müəyyən qədər vəziyyəti kompensasiya etmək üçün imkanlar yaranıb: "Ümumi şəkildə isə ciddi dəyişiklik müşahidə etmirəm. Ancaq bəzi sahələrdə də imkanlar yarandı. Misal üçün, başlayaq tikintidən. Karantin dövründə günəmuzd fəhlələri cəlb etmək mümkün deyildi. Ancaq indi qapanma yoxdur deyə onları işə cəlb etmək olar. Məsələn, sərt karantin rejimində maşını olan insanlara pul qazanmaq imkanı yarandı. Çünki ictimai nəqliyyat tamamilə çalışmırdı. Bu dövrdə taksi xidmətinə axın oldu".

Toğrul Vəliyevin fikrincə, Azərbaycanda iş tapmaqla bağlı yaranmış çətinliklərin bəzisi də təhsil sistemindən qaynaqlanır.

"Azərbaycanın təhsil sistemi bazarın imkanlarına, vəziyyətinə uyğunlaşmır. Bizdə elə sahələr var ki, oraya yüksək tələbat olmasa da çox insan təhsil alır. Elə sahələr də var ki, əksinə heç kim oxumur, ancaq ora tələbat yüksəkdir. Təəssüflər olsun ki, baxmayaraq ki, bununla bağlı strategiya qurulub, müzakirələr gedib, ancaq vəziyyət bazar imkanlarına hələ də uyğunlaşmayıb".

Problemin illərdir davam etdiyini vurğulayan iqtisadçı ona da təəssüf edir ki, Azərbaycanda yüksək tələbat olmamasına rəğmən, iqtisadi sahədə çox tələbə təhsil alır.

O vurğulayır ki, ölkədə "hüquqşünasa, kənd təsərrüfatı sahəsində ixtisaslı kadrlara tələbat var, ancaq bu sahələrdə buraxılan təhsilli şəxslər çox azdır".

Təhlilçi hesab edir ki, "uyğunlaşdırma aparılmadığına görə, problem hələ uzun müddət davam edəcək".

"İşini bilən adama iş həmişə var"

Karyera məsləhətçisi Toğrul Ələkbər pandemiya zamanı "iş imkanlarının az"lığı ilə bağlı deyir ki, "işini bilən adama iş həmişə var".

"Mən hazırda karyera planlanması ilə bağlı birinci kursda dərs deyirəm. Çox sevinirəm. Çünki bu uşaqlara məhz birinci kursdan izah etmək lazımdır ki, sən 4 ildən sonra əmək bazarında nəyə əsasən qiymətləndiriləcəksən. Mən onlara izah edirəm ki, GPA (qiymət ortalaması-red.) ən önəmlisi deyil".

Azərbaycanda "ixtisası olan və işini bilən hər kəs" özünə iş tapa bilər. Toğrul Ələkbər deyir ki, ona hər həftə müxtəlf sahələrdə işçi tələbi ilə müraciətlər daxil olur.

O hesab edir ki, burada əsas məsələ şəxslərin ixtisaslarına maraqlarının olub-olmamasıdır.

"Burada əsas məsələ odur ki, sənin bu işə marağın varmı? Marağın varsa, sən özünü inkişaf etdirmisənmi? Özünü inkişaf etdirmisənsə, sən rəqabətə qalib gəlib istədiyini əldə edə bilərsən".

Toğrul Ələkbər təhsilin əmək bazarının tələblərinə cavab verən ixtisas sahiblərini "yetişdirmədiyini" desə də, vurğulayır ki, hazırda əmək bazarı "daha çox bacarığa əsaslanır".

O, əmək bazarında rəqabət prinsipini xatırladır: "Nə oxuduğun yox, nə bacardığın daha önəmlidir. Bizdə isə ixtisasa bağlı olduğumuzdan düşünürük ki, mən əmək bazarında iş tapacam. Əmək bazarı isə deyir ki, yox, bu, elə işləmir. Nə bacarırsan, onu de. Namizəd bacarmırsa, əmək bazarı deyir ki, qoy bacaran gəlsin".

Lakin o vurğulayır ki, indi Azərbaycanda həm də "əmək bazarının tələblərinə cavab verən şəxs tapmaq çətindir".

Təhsil sistemində bu problemlə bağlı həll edilməli məsələlərə toxunan Toğrul Ələkbər deyir ki, Azərbaycanda son bir neçə ildə üç univesitetdə - ADA, UNEC və Mingəçevir Dövlət Universitetində karyera planlaması dərsləri tətbiq olunmağa başlayıb.

Lakin o düşünür ki, karyera planlanması universitetlərdən yox, məktəblərdən başlanmalıdır: "Fikrimcə, məktəblərdə karyera planlaşdırılması dərsi keçirilməlidir. Bu uşaqlar ixtisas seçimini düz etsinlər, çünki ixtisas seçimi iqtisadiyyata girişin ən vacib sütunlarından biridir. İxtisasını özünə uyğun seçsələr, həm vaxt itirməyəcəklər, həm sonradan kiminsə yerini tutmayacaqlar, həm də dəyişməyə ehtiyac duymayacaqlar. Ona görə də məktəblərdə peşəyönümü testləri tətbiq olunacaq".

Toğrul Ələkbər vurğulayır ki, Azərbaycanda karyera planlaşdırılması yeni paradigma olduğu üçün bu sahədə həm də mütəxəssislərin yetişdirilməsinə ehtiyac var.

Hökumət pandemiya dövründə nə etdi?

Azərbaycan hökuməti COVID-19 pandemiyası dövründə risk qrupunda olan, işini itirən vətəndaşlara, sahibkarlara yardım etdiyini, bu yardım tədbirlərinin ölkə əhalisinin 4 milyon 800 min nəfərini əhatə etdiyini bildirib.

Baş nazir Əli Əsədov ölkədə açıqlayıb ki, 600 min işsiz, o cümlədən xüsusi karantin rejimi dövründə gəlirini itirmiş şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilib və bu da büdcəyə 450 milyon manata başa gəlib.

Əli Əsədov özünüməşğulluq proqramının ötən il 12 mindən çox işsiz və işaxtaran aztəminatlı şəxsi əhatə etdiyini bildirib.

Dövlət Məşğulluq Agentliyi isə pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün 2021-ci ilin fevral ayında "Alo, Karyera" məlumatlandırma xidmətini yaratdığını açıqlayıb. Bu xidmətin məqsədi iş axtaranlara karyera planlaması, məqsədlərin təyin olunması, ixtisas seçimi, əmək bazarı və iş axtarışı, rezümelərin hazırlanması, müsahibəyə hazırlıq və s. ilə bağlı məlumat və tövsiyələr verməkdir.

Xidmətin gələn ay fəaliyyətə başlayacağı nəzərdə tutulur.

"...son beş ildə ən çox satıcılara, menecerlərə, müəllimlərə, fəhlə və ustalara təlabat artıb"

Dövlət Məşğulluq Agentliyindən BBC News Azərbaycancaya bildirilib ki, Azərbaycanda əmək bazarının real vəziyyətini təsvir etmək üçün ardıcıl təhlillər və araşdırmalar aparılıb.

Qurum müəyyən edib ki, ötən 5 ildə Azərbaycanda ən çox ərzaq və qeyri-ərzaq məhsullarının satıcıları, ictimai işlərdə çalışanlar, menecerlər, müəllimlər, tikinti və sənaye fəhlələri, ustalar, kommunal xidmətlər sahəsində çalışanlar, müxtəlif təyinatlı nəqliyyat vasitələrinin sürücüləri, mühafizəçilər ilə əmək müqavilələri bağlanıb.

Dövlət Məşğulluq Agentliyi hansı sahələrdə işçiyə tələbatın azaldığı barədə suala cavab verməyib, amma pandemiya dövründə daha çox distant, onlayn, kənardan idarə olunan işlərin formalaşdığını açıqlayıb.

Agentlik bildirib ki, Azərbaycanda gələcəkdə məlumatların təhlili və analizi, süni intellekt və maşın öyrənməsi, böyük məlumatlar (Big Data) bazası, rəqəmsal marketinq və strategiya, habelə prosesin avtomatlaşdırılması mütəxəssislərinə böyük tələbat yaranacağı gözlənilir.

Qurumun təhlilinə görə, kargüzarlıq, mühasibatlıq, audit, müştəri xidmətləri, maliyyə analizi, satış nümayəndələri və inşaat işçiləri əmək bazarında aktuallığını itirməyən peşə və ixtisaslar sırasındadır.

Dövlət Məşğulluq Agentliyi əmin edib ki, aktiv məşğulluq tədbirləri vasitəsilə əmək bazarının ehtiyaclarının qarşılanması üçün addımlar atılır.

Qurum bu addımlara misal olaraq peşə hazırlıq məktəbləri yenidən qurulmasını və tələbata uyğun peşə hazırlığının aparılmasını göstərib və əlavə edib ki, bu il üç min nəfərin İSO beynəlxalq standartlarına uyğun mütəxəssis kimi hazırlaşdırılması hədəfdir. Dövlət Məşğulluq Agentliyi inanır ki, bununla işçi qüvvəsinin rəqabət qabiliyyəti artırılacaq.

Ancaq Dövlət Məşğulluq Agentliyi 2019-cu ildən indiyə kimi olan ixtisarların hansı sahələri və peşələri əhatə etməsi, ixtisar edilən sahələrdə işçilərin yaşları üzrə təhlil aparılıb-aparılmaması, işəgötürülmə zamanı yaşa və ya cinsə görə diskriminasiya ilə uzləşmə halları barədə şikayətlərin olub-olmaması ilə bağlı BBC News Azərbaycancanın suallarına cavab verməyib.