Moskvada silahlı hücum: nələr məlumdur? Qısa xülasə

Moskvada ticarət mərkəzinə hücum

Şəklin mənbəyi, Getty Images

  • Rusiya kəşfiyyatının verdiyi məlumata görə, cümə günü axşam saatlarında Moskva ətrafındakı "Crocus City Halld"a rok konserti zamanı silahlı şəxslərin atəş açması nəticəsində azı 133 nəfər ölüb, 140-dan çox adam yaralanıb.
  • Rusiyanın təhlükəsizlik rəhbəri bu gün səhər Prezident Vladimir Putinə istinadən bildirib ki, hücumda birbaşa əli olan 4 nəfər də həbs edilən 11 nəfər arasındadır.
  • ABŞ bildirib ki, hücumu "İslam Dövləti" qruplaşmasının törədə biləcəyi ağlabatandır. Qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
  • Ağ Ev həmçinin deyib ki, o, Rusiyaya bu ayın əvvəlində Moskvada “böyük toplantılara” potensial hücum barədə xəbərdarlıq edib. Rusiya bu barədə şərh verməyib.
  • Hazırda Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna hər hansı müdaxiləni inkar edir.
  • Kreml deyib ki, Putin baş verənlərlə bağlı məlumatlandırılıb - o, xalqa birbaşa müraciət etməyib, lakin deputatın sözlərinə görə, yaralananların tezliklə sağalmasını arzulayıb.
  • Ölkənin milli qvardiyasının hücumçuları axtarması və müstəntiqlərini əraziyə göndərməsi ilə əlaqədar ölkədə bütün tədbirlər ləğv edilib, Rusiya daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.

Vladimir Putin hücumla bağlı nə deyib?

Vladimir Putin Moskva hücumundan danışıb

Şəklin mənbəyi, Getty Images

Bu gün Rusiya Prezidenti Vladimir Putin konsert zalına silahlı hücumdan sonra xalqa müraciət edib. Televiziya ilə xalqa müraciətində Putin Moskva hücumu qurbanlarına kömək edən həkimlərə və təhlükəsizlik işçilərinə təşəkkür edib. Rusiya Prezidentinin dediklərini təqdim edirik:

  • Putin bildirib ki, ən azı 133 nəfərin ölümü ilə nəticələnən Moskva yaxınlığındakı konsert zalında baş verən atışmada məsul olan dörd silahlının hamısı saxlanılıb.
  • Onun sözlərinə görə, hücum edənlər Ukraynaya doğru qaçmağa cəhd ediblər
  • Putin deyib ki, ilkin məlumatlar Ukrayna tərəfindəki bəzi şəxslərin onların Rusiyadan sərhədi keçməsinə icazə verməyə hazırlaşdığını göstərir - Kiyev bundan əvvəl Ukraynanın iştirakı ilə bağlı iddiaların "absurd" olduğunu bildirib.
  • Putin martın 24-ü matəm elan edib və onlarla dinc, günahsız insanın "Crocus" hücumunun qurbanı olduğunu bildirib.
  • Putin hücumu hazırlayanların hamısının müəyyən ediləcəyini və cəzalandırılacağını bildirib
  • Rusiya Prezidenti hücumu “barbar terror aktı” adlandırıb və hücum edənlər “bizi ayıra bilmədilər” deyib.