Moskvada silahlı hücum: ölənlərin sayı 143-ə çatıb, onlarla insan itkindir

Moskvada ticarət mərkəzinə hücum

Şəklin mənbəyi, NATALIA KOLESNIKOVA/Getty Images

Moskvadakı "Crocus City Hall"a hücum nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb, Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlayıb.

Ötən gün həlak olanların ilkin siyahsında rəqəm 140 olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, siyahı məhkəmə-tibbi araşdırmaların məlumatları əsasında dəqiqləşdirilir.

Hücumdan sonra yaraılıarın sayının 360 nəfər olduğu bildirilir.

"Crocus City Hall"a hücumdan sonra onlarla insan itkin düşüb. Onların adları heç bir siyahıda yoxdur, dostları və qohumları onları müxtəlif yollarla tapmağa çalışırlar.

Onlarla insan yaxınlarının adlarını görmək ümidi ilə internetdə yerləşdirilən həlak olanlar və yaralılar siyahsını daim yeniləyir, rəsmi qurumlardan onlar haqqında məlumat almağa çalışırlar.

Putin hücumun "radikal islamçıların əli ilə" törədildiyini deyib

moskva, Crocus hall, hücum

Şəklin mənbəyi, PA

Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"a silahlı hücumun "radikal islamçıların əli ilə törədildiyini" deyib.

O, görülən tədbirlərlə bağlı iclasda vurğulayıb ki, ABŞ müxtəlif kanallar vasitəsilə öz peyklərini və dünyanın digər ölkələrini inandırmağa çalışır ki, öz kəşfiyyat məlumatlarına görə, Moskvada törədilmiş terrorda guya Kiyev izi yoxdur və qanlı terror aktı Rusiyada qadağan olunmuş İslam Dövlətinin üzvləri tərəfindən törədilib".

Putin həm də əlavə edib ki, Rusiya hakimiyyəti hücumun “kimin əli ilə” edildiyini bilir, lakin “sifarişçisinin kimliyi ilə maraqlanır”.

Moskvada ötən cümə günü "Crocus City Hall"a silahlı hücum baş verib, nəticədə ölənlərin sayı 143 nəfərə çatıb, onlardan azı 3 nəfəri uşaqdır.

Rusiya İstintaq Komitəsi martın 25-də açıqlayıb ki, xəstəxanada müalicə alan 100-ə yaxın yaralıdan daha "ikisi ölüb".

Yaralıların sayının 180-ni ötdüyü, aralarında 5 uşağın olduğu bildirilir.

Rusiya kəşfiyyat xidmətinin cavab tapmalı olduğu suallar arasında Putini maraqlandıran bu suallar da var:

“Təkcə radikal və hətta terror təşkilatları Rusiyaya zərbə vurmaqda maraqlıdırlarmı?” Yaxud da “bu vəhşilikdən” daha kimlər faydalana bilər?

Rusiya Moskva Krokus siti Hol Crocus City Hall Moskvada hücum Vladimir Putin

Şəklin mənbəyi, Anadolu/Getty Images

Lakin Putin sonuncu suala özü dərhal cavab verib. Onun fikrincə, bu, 2014-cü ildən bəri "neonasist Kiyev rejiminin əli ilə ölkəsinə qarşı mübarizə aparanların bütöv cəhdlər zəncirinin yalnız bir halqası” ola bilər.

Bu arada, bazar ertəsi günü Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"a hücumda şübhəlilərin istifadə etdiyi ağ rəngli Renault avtomobilinin sonuncu sahibini həbs edib. Onunla birlikdə atası və qardaşı da istintaq təcridxanasına göndərilib.

Bundan əvvəl isə həmin məhkəmə 4 nəfər şəxsi şübhəli qismində saxlayaraq, istintaqın tələbi ilə onlara 2 aylıq həbs verib.

Rusiya Moskva Crocus City Hall-a hucum Krokus Sity Hall Moskva hücumunda həbs olunmuş taciklər Taciklər

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Moskvada konsert zalına hücumda şübhəli bilinərək, həbs olunmuş şəxslər

"Crocus City Hall"da törədilmiş silahlı hücumla bağlı 4 şübhəli şəxs iki ay müddətinə həbs edilib. Onlara qarşı "mütəşəkkil dəstənin tərkibində terror aktı törətmək" ittihamı irəli sürülüb.

Moskvanın Basmann məhkəməsi bəyan edib ki, şəxslər əməllərini tam etiraf ediblər. Təqsirləndirilən şəxslərin dördündə də açıq-aşkar döyülmə izləri olub, birinin başı sarğılı olub, digəri isə məhkəməyə əlilliyi olan şəxslər üçün arabada aparılıb.

Dalerjon Mirzoev, Murodali Rachabalizoda, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduni barəsində istintaqın tələbi ilə mayın 22-dək həbs verilib.

Onların hamısı "mütəşəkkil dəstənin tərkibində insan ölümü ilə nəticələnmiş terror aktı törətməkdə" ittiham olunurlar. Məhkəmə prosesinin mediaya qapalı keçirildiyi bildirilir.

Martın 24-də Rusiyada "Crocus City Hall"a ölümcül hücumda həlak olanların xatirəsi üçün milli matəm günü elan olunub.

"Hücumdan sonra 5 mindən çox şəxs konsert zalından təxliyə edilib", Rusiyanın Tass xəbər agentliyi yazıb.

Sayt konsert zalının əməkdaşına istinadən yazır ki, "yanğın zamanı yanğınsöndürənlər zirzəmidən və damdan daha 100 nəfəri xilas ediblər”.

BBC Rusca xidməti zalın Moskvadakı ən iri konsert zallarından olduğunu və eyni vaxtda 6200 nəfəri qəbul edə bildiyini yazır.

Rusiya paytaxtında terror hücumu Terror hücumu terror aktı İŞİD Moskvada terror aktı törədibMoskvada terror Moskva hadisələri Vegas Group-a qarşıterror

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Moskvada konsert zalına hücumda təqsirləndirilən 4 nəfər həbs olunub

Martın 24-də ölkənin hər yerində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq, dövlət bayraqları yarıya qədər endirilib, əyləncə tədbirləri ləğv edilib. Həmrəylik əlaməti olaraq Böyük Britaniya, ABŞ və digər ölkələrin səfirlikləri də bayraqlarını yarıya qədər endiriblər.

İnsanlar bazar günündən etibarən Crocus-a çiçəklər gətirməyə davam edir.

Cümə günü bir neçə maskalı şəxs "Crocus City Hall"da odlu silahdan atəş açıblar.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Rusiya telekanallarına müsahibəsində deyib ki, ölənlərdən 41 nəfərin şəxsiyyəti müəyyənləşib.

Bazar günü təhlükəsizlik orqanları hücumda birbaşa iştirak edən dörd nəfər də daxil olmaqla 11 nəfərin saxlandığını bildirmişdi.

Ərazidə qalıqların təmizlənməsi davam edir.

"Moskvada hadisə qurbanlarının yaxınları üçün qaynar xətt açılıb: +7 499 251 45 03", - Tass yazır.

"Telefonla Moskva şəhər tibb müəssisələrinə aparılan qohumların yeri və vəziyyəti haqqında məlumat əldə edə bilərsiniz", saytda qeyd olunub.

Bir qrup şəxsi xilas etmiş yeniyetməyə Rusiya müsəlmanlarının "Xidmətə görə" medalı veriləcək

Yüzlərlə insanın təxliyyəsinə kömək etmiş yeniyetmə medalla təltif olunacaq.

15 yaşlı İslam Xəlilov silahlı hücum başlayanda, yüzdən çox şəxsə “Crocus”dan qaçmağa kömək edib, onlara çıxışı göstərib.

O, qapıları açaraq, adamları içəridən çıxarıb.

Yeniyetmə “Crocus City Hall”-da qarderobda yarım ştatda işləyib.

"İslam qəfildən böyük bir qrupun çıxılmaz vəziyyətdə qaçmağa çalışdığını görüb”, - 112 adlı Telegram kanalı yazır.

"O, "Crocus"-un qorxmuş qonaqlarını özü ilə birlikdə tüstüdən xilas edərək, sərgi ərazisinə, oradan işçilər üçün olan binaya və daha sonra küçəyə çıxarır. Onun dəstəsindən heç kim xəsarət almır”.

Yeniyetmənin özünün dediyinə görə, iş yerində onlara fövqəladə vəziyyətlə bağlı təlim keçiblər: “Mən insanların təhlükəsizliyini təmin etmək üçün onları hara aparacağımı bilirdim”.

“Başa düşdüm ki, əgər reaksiya verməsəm, özüm, eləcə də bir çox şəxs həyatını itirəcək. Düzünü desəm, çox dəhşətli idi”, – İslam @msk1_news-a deyib.

“Anam şoka düşdü və bütün bunların mənim gözümün qarşısında baş verdiyi, mənim bütün bunlardan keçməli olduğum üçün ağladı. Düzünü desəm, hələ də şok vəziyyətindəyəm. Gözümün qabağında bir kişi güllələndi, mən bunu fikrimdən çıxara bilmirəm”.

İslamın hekayəsi artıq bir çoxlarının diqqətini cəlb edib. Repçi Morgernştern (onun adı Rusiyada xarici agentlər reyestrindədir) yeniyetməyə “bir milyon rubl verib”. Onun Spartak azarkeşi olduğunu öyrənən komanda İslamın futbolçularla görüşünü təşkil edib və ona mövsümlük bilet hədiyyə edib.

Rusiya müsəlmanlarının lideri, müfti Şeyx Ravil Qaynutdin İslam Xəlilova martın 29-da Rusiya müsəlmanlarının “Xidmətə görə” medalını təqdim edəcək.

İnsanlar Crocus City Hall-ı güllərə qərq edir

Moskva hücum

Şəklin mənbəyi, Getty İmages

Bazar günündən etibarən yüzlərlə insan qurbanların xatirəsini yad etmək üçün Crocus City Hall-a gəlir, jurnalistlər hadisə yerindən xəbər verirlər.

İnsanlar güllər və şamlar gətirirlər: indi yanmış konsert zalını əhatə edən hasarın yanında qucaq dolusu güllər var.

Rusiya xəbər agentlikləri xəbər verir ki, könüllülər “Crocus”da növbətçilik edir, onlara isti çay, su və peçenye paylayırlar.

Federal Tibbi və Bioloji Agentliyin daha əvvəl verdiyi məlumata görə, Moskva və Moskva vilayətində 5 mindən çox insan Crocus City Hall-da qurbanlar üçün qan verib.

Ölənlər arasında rok-qrupu "Piknik"in direktor köməkçisi Ekaterina Kuşner də var. Bu barədə qrup məlumat yayıb.

Buna qədər Kuşner itkin sayılırdı.

Hücum "Piknik" qrupunun konsert verəcəyi zalda baş verib.

Moskva hücum Crocus

Şəklin mənbəyi, Reuters

Araz Ağalarov: “Əgər siz bu zala girsəniz, hətta inanmazsınız ki, ordan kimsə sağ çıxa bilə".

Crocus City Hall-un sahibi Araz Ağalarov konsert zalında mühafizə xidməti və yanğınsöndürmə sisteminin işinə münasibət bildirib. Onun fikrincə, heç bir təhlükəsizlik qurumu ziyarətçiləri pulemyotlu insanlardan qoruya bilməz. “Bu, hərbi əməliyyatdır. Mühafizə xidməti nə edə bilər ki?!”- Ağalarov deyib.

“Əgər siz bu zala girsəniz, hətta inanmazsınız ki, ordan kimsə sağ çıxa bilə. Amma bütün yanğından mühafizə sistemləri, çiləyici sistemlər, yanğınsöndürmə işləri yaxşı vəziyyətdə olduğundan onlar zalı bir neçə saat elə vəziyyətdə saxladılar ki, dağılmadı, insanlara oranı tərk etməyə mkan yaratdı”, -RBC mediası ondan sitat gətirib.

Moskva hücum Crocus

Şəklin mənbəyi, Getty İmages

Crocus Group holdinqin mətbuat xidməti Crocus City Hall-un binasının bərpa olunacağını bildirib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bazar günü bildirib ki, hücum və yanğın yerində axtarış işləri davam edir.

“Gecə xilasedicilər “Crocus”un qərb tərəfində texnoloji giriş açdılar, bu, konsert salonuna girişi asanlaşdırdı. İndi xilasedicilər dağıntıları təmizləmək üçün 100 tonluq kranı dağıntı zonasına çatdırmaq üçün söküntü işi aparırlar”, - o, Teleqram kanalında yazıb.

İD silahlılardan birinin “Crocus”da lentə aldığı videonu yayıb

“İslam dövləti" ilə əlaqəli olan Amak xəbər agentliyi (qrup Rusiyada qadağandır) Crocus-a hücum edənlərin binaya necə girdiyini, atəş açdığını və yerə düşmüş qurbanlardan birini soyuq silahla necə öldürdüyünü göstərən video yayımlayıb.

Görüntülərdə dörd hücumçu əks olunub. Onun həqiqiliyini onunla qiymətləndirmək olar ki, bu videodakı silahlı şəxslərin geyimləri hücum şahidlərinin çəkdiyi videolardakı silahlılarınkı ilə oxşar görünür. Videonun çəkildiyi yer də şübhə doğurmur.

Maraqlıdır ki, videoda hücum edənlərin hərəkətlərində nəzərəçarpacaq tələskənlik və həyəcan yoxdur. Mühafizəçilər bir dəfə də olsun, kadrda görünmürlər.

Eyni zamanda, videogörüntülərdə yaraqlıların üzləri tutqunlaşdırılıb, kimliklərini gizlətmək üçün səsləri dəyişdirilib.

İD-in son iddialarına görə, hücumda dörd nəfər iştirak edib; islamçılar hücumda qurbanlardan bəzilərinin başlarının kəsildiyini deyirlər.

Videoda silahlıların səsləndirdiyi dini şüarları müşayiət edən ərəbcə subtitrlər var. Bir anda hücum edənlərdən birinin binadakı insanlara avtomatla atəş açdığı görünür. Bu anda başqa biri onu ruhlandırır, "öldürməyə, onlara acımamağa" çağırır.

Bu, son məlumatlara görə, 133 nəfərin ölümünə səbəb olan Crocus City Hall hücumundan sonra “İslam dövləti” tərəfindən yayımlanan dördüncü belə videodur.

Vladimir Putin deyir, günahkarlar tutulub

Vladimir Putin Moskva hücumundan danışıb

Şəklin mənbəyi, 1tv.ru

Vladimir Putin deyib ki, günahkarlar cəzalandırılacaq.

Onun sözlərinə görə, hücum edənlər Ukraynaya doğru qaçmağa cəhd ediblər və buna cavab olaraq təhlükəsizlik tədbirləri gücləndirilib.

O, martın 24-ünü matəm günü elan edib.

Bütün günahkarlar cəzalandırılacaq, prezident xalqa müraciətində deyib.

Rusiya Prezidenti çıxışına davam edərək bildirib ki, bütün hücum edənlər tapılıb və hazırda saxlanılıb.

Moskva

Şəklin mənbəyi, REUTERS

Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında xəstəxanalarda müalicə alan 100-dən çox xəsarət alanın siyahısı dərc edib.

Ölənlər arasında üç uşaq da var.

Yaralıların hamısı Moskvanın 17 xəstəxanasında, dördü isə Moskva yaxınlığındadır.

Rəsmi məlumata görə,14 nəfərin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Rusiya Xarici İşlər Nazirliyi hadisəni "terror hücumu" adlandırıb. Hadisə yerinə polis gəlib.

Hücuma görə məsuliyyəti "İslam Dövləti" qruplaşması öz üzərinə götürüb. Bəzi rusiyalı siyasətçilər Ukraynanın mümkün iştirakına işarə ediblər. Kiyevdə bunu qəti şəkildə inkar edirlər.

Ağ Ev bildirib ki, Kiyevin iştirakını göstərən heç nə yoxdur.

Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı maddəsi ilə cinayət işi açıb.

Ölənlərdən birinin azərbaycanlı olduğu deyilir

Azərbaycanın Rusiyadakı səfirliyi bəyan edib ki, hücumda öldüyü deyilən 41 yaşlı Vüqar Hüseynov “ehtimal ki, Rusiya vətəndaşıdır”. Onunla birgə həyat yoldaşı, Ermənistan vətəndaşı Lilit İsraelyanın da öldüyü bildirilib.

“Hazırda Azərbaycan Respublikasının Səfirliyi bu informasiyanın aydınlaşdırılması üçün bütün lazımi tədbirlər görür, o cümlədən öldürülən şəxsin cəsədinin yeri, habelə mərhumun qohumları və tanışları haqqında məlumatlar toplanılır”, - Azərbaycanın Moskvadakı səfrilyi açıqlayıb.

RİA Novosti Telegram kanalı ölənlərdən 41 nəfərin adları olan siyahı dərc edib, onlardan birinin 41 yaşlı azərbaycanlı Vüqar Hüseynov olduğu bildirilir.

İctimai TV bildirib ki, Rusiyadakı operativ qərargah həmin şəxsin azərbaycanlı olduğunu təsdiq edib, amma onun hansı ölkə vətənadaşı olması məlum deyil.

"Crocus City Hall" Ağalarovlara məxsusdur

Moskvada ticarət mərkəzinə hücum

Şəklin mənbəyi, Yaçeslav Prokofyev/TASS

Ötən gecədən bəri Azərbaycan Prezidenti İlham Əliyevin də aralarında olduğu dövlət başçıları, siyasətçilər, tanınmış şəxslər Rusiyaya başsağlığı veriblər.

Milyarder, “Crocus City Hall”un sahibi Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov həlak olanların ailələrinə başsağlığı verib.

“Bu terror hücumu hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə təsir etdi. Bütün kədəri çatdırmağa söz yoxdur”, - Emin Ağalarov deyib.

Arvadı itkin düşən kişi xəstəxanalarla danışa bilmədiyini deyir

Moskvada ticarət mərkəzinə hücum

Şəklin mənbəyi, EPA

Həyat yoldaşı Moskvada konsertə qatılmış və hazırda itkin düşmüş bir kişi deyib ki, o, beş xəstəxanaya zəng vurmağa cəhd edib, lakin telefon xətlərinin hamısı məşğuldur.

"Mən tamam başımı itirmişəm. Nə edəcəyimi bilmirəm, ümidsizlik içindəyəm. Dostlarım mənə deyirlər ki, sadəcə qurbanların siyahısını gözlə, xəstəxanaların telefona cavab verməsini gözlə”, - Semyon Xraptsov deyib.

Onun sözlərinə görə, həyat yoldaşı konsertə dostları ilə gedib və o, dünən axşam saat səkkiz radələrində onunla sonuncu dəfə danışıb.

“Telefonda qışqırmağa çalışdım, amma nə baş verdiyini heç anlamadım. Nə polis mənə heç nə deyə bilmədi, nə də həkimlər”, - Semyon Xraptsov bildirib.

Moskvada silahlı hücumda azı 60 nəfər ölüb

Şəklin mənbəyi, REUTERS/Maxim Shemetov

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü John Kirby deyib ki, atışmadan görüntülər "dəhşətlidir və baxmaq çətindir".

O əlavə edib ki, hücumda Ukraynanın roluna dair "hazırda heç bir əlamət yoxdur".

Yayılmış videoda hadisənin baş verdiyi yerin yandığı görünür.

Moskva

Şəklin mənbəyi, Roman Denisov/TASS

FSB: “Crocus City Hall-a hücum edənlər Rusiya-Ukrayna sərhədini keçmək niyyətində olublar”

Rusiya Federal Təhlükəzislik Xidməti (FSB) bildirib ki, “Crocus City Hall”-a hücumdan sonra onu törədənlər guya Rusiya-Ukrayna sərhədini keçmək niyyətində olublar.

Kəşfiyyat xidmətinin məlumatına görə, hücum edənlərin Ukraynada “müvafiq əlaqələri” olduğu iddia edilir.

FSB əlavə edib ki, hücum edənlərin istifadə etdiyi silahlar əvvəlcədən anbarda hazırlanıb.

Hücum edənlər haqqında nə bilirik?

Şahidlər onları "qəhvəyi paltarlı insanlar" - "ya jiletdə və ya kamuflyajda" kimi təsvir edirlər.

Hadisə şahidlərinin heç biri hələlik hücum edənlərin neçə nəfər olduğunu dəqiqləşdirməyib.

Bir nəfər kişi deyib ki, onlar maska taxmayıblar. Baxmayaraq ki, başqa bir şahid hücum edənlərin üzlərinin şərflərlə örtüldüyünü, altından saqqalların göründüyünü söyləyib.

"Crocus”a hücumdan sonra yayılan videolara əsaslanaraq, hücum edənlərin azı üç nəfər olduğu qənaətinə gəlmək olar.

Daha sonra Baza bildirib ki, hüquq-mühafizə orqanları cinayət yerindən qaçmış ola biləcək “kamuflyaj geyimli dörd kişini” axtarırlar.

Daha sonra dövlət agentliyi RİA Novosti qeydiyyat nömrəsi Tver vilayətindən olan ağ rəngli Renault Symbol avtomobilinin fotosunu dərc edib.

“Novaya qazeta Europe” avtomobilin sonuncudan əvvəlki sahibini müəyyənləşdirib. 24 yaşlı kişi avtomobili "təxminən bir həftə əvvəl arvadının qardaşına satdığını" deyib, o da öz növbəsində maşının dostuna lazım olduğunu söyləyib.

Rusiya mediası avtomobilin yenidən rəngləndiyini müəyyən edildiyini yazıb - əvvəlcə qara rəngdə olub.

Nəqliyyat kamerası tərəfindən fotosu çəkilən maşında iki kişi görünür, lakin yalnız birinin üz cizgiləri ən azı kobud şəkildə müəyyən edilə bilər - o, papaq taxıb, amma açıq-aydın görünür ki, tünd saçlı, bir qədər kamuflyajı xatırladan paltar geyinib.

Bu şəxslərin Crocus-a hücumla əlaqəsi olub-olmadığı aydın deyil.

Daha sonra təhlükəsizlik qüvvələrinin ikinci avtomobili, boz rəngli Renault Fluence avtomobilini axtardığına dair məlumatlar yayılıb.

Bu məlumatın rəsmi təsdiqi yoxdur.

“Kommersant” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hücum edənlər hərbi və ya “airsoft” (əsl silaha bənzər, öldürücü olmayan, qazla işləyən oyun silahları) təlimi keçiblər.

Rusiyanın rəsmi hakimiyyət orqanları bu məsələdə susur.

“İslam Dövləti”nin məsuliyyəti öz üzərinə götürdüyü bildirilir

Reuters xəbər agentliyinin məlumatına görə, özünü “İslam Dövləti” adlandıran qrup öz Telegram kanalında hücuma görə məsuliyyəti üzərinə götürüb.

Xəbər müstəqil mənbələrdən təsdiqlənməyib. İŞİD kimi də tanınan qrup bir sıra ölkələrdə hücumlar həyata keçirib, lakin BBC-nin təhlükəsizlik üzrə müxbiri Gordon Corera qeyd edib ki, qrup keçmişdə əli olmadığı halda bəzi hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Martın 7-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada “İslam Dövləti” qruplaşması tərəfindən planlaşdırılan sinaqoqa hücumun qarşısını aldığını bildirib.

FSB hücumçuların həbs cəhdi zamanı atəş açdığını və onların "cavab atəşilə zərərsizləşdirildiyini" bildirib, lakin iddia edilən atışma ilə bağlı başqa təfərrüat verməyib.

Moskvanın Uşaq Ombudsmanı: "Qurbanlar arasında uşaqlar da var"

Bir neçə məmur “Crocus City Hall”-da uşaqların da yaralandığını bildirib.

“Dəhşətli faciə. Uşaqlar əziyyət çəkiblər”, - Moskva Uşaq Ombudsmanı Olqa Yaroslavskaya Telegram kanalında yazıb.

Dövlət Dumasının deputatı Nina Ostanina isə bildirib ki, uşaqlar “Crocus City Hall”- da "nəinki yaralanıb, həm də ölüblər".

O yazıb ki, konsert zalında ümumrusiya rəqs çempionatı keçirilirmiş.

Açıq mənbələrə görə, rəqs turniri qonşu zalda – “Crocus Expo”da keçirilirmiş.

Rosqvardiya: şöbə "Crocus”a hücum edən cinayətkarları axtarır

Rusiya Milli Qvardiyası açıqlayıb ki, xüsusi təyinatlılar “terror aktı baş verən yerdə cinayətkarları axtarır və vətəndaşları binadan təxliyə edir”.

"Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - Rosqvardiya bildirib.

Bu mesajdan belə nəticəyə gəlmək olar ki, hakimiyyət konsert zalında atəş açan silahlıları hələ də saxlamayıb və bütün tamaşaçılar hələ də binadan çıxarılmayıb, BBC Rusca yazıb.

Moskvada yanğın

Şəklin mənbəyi, Irina Velmatova/TASS

Rusiya hakimiyyəti Ukraynanı günahlandırır, Kiyev təkzib edir

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova hadisəni “qanlı terror aktı” adlandırıb. Onun sözlərinə görə, bütün dünya ictimaiyyəti bu dəhşətli cinayəti pisləməyə borcludur.

O, ABŞ nümayəndələrinin Ukraynanın baş verənlərlə əlaqəli olmaması mövqeyinə qarşı deyib ki, Ağ Evin heç kimə “lütfkarlıq etməyə haqqı yoxdur”.

Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında bildirib ki, “terrorçular ancaq cavab terrorunu” başa düşürlər və “gücə güclə qarşı çıxmaq” lazımdır.

“Bunların Kiyev rejiminin terrorçuları olduğu müəyyən edilsə, onlarla və onların ideoloji ilhamvericiləri ilə fərqli davranmaq mümkün deyil. Onların hamısı terrorçu kimi tapılmalı və amansızcasına məhv edilməlidir”,- Dmitri Medvedev Telegramda yazıb.

Ukrayna Prezidentinin Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Kiyev bu hücumda heç bir şəkildə iştirak etmir.

“Rusiyanın Moskva yaxınlığında “Crocus City Hall”da baş verən hadisələrə gəlincə, Ukraynanın bu hadisələrlə qətiyyən heç bir əlaqəsi yoxdur”, - Mixail Podolyak bildirib.

“Birincisi, bizim Rusiyanın nizami ordusu ilə nəhəng və gərgin müharibəmiz var və heç nədən asılı olmayaraq, hər şey döyüş meydanında həll olunacaq”, - Podolyak deyib.

O, Ukraynanın heç vaxt terrorist döyüş metodlarından istifadə etmədiyini vurğulayıb və xatırladıb ki, martın əvvəlində Qərb ölkələrinin səfirlikləri gözlənilən ekstremist aksiyalarla bağlı xəbərdarlıq ediblər.

“Buna görə də mən bir daha vurğulayıram ki, Ukraynanın “Crocus City Hall”daki terror aktları və ya atışmalarla, yaxud siz bunu necə adlandırırsınızsa, heç bir əlaqəsi yoxdur”, - Podolyak bildirib.

Moskvada yanğın

Şəklin mənbəyi, Reuters

Şahid: “İnsanlara pulemyotlardan atəş açılıb”

Crocus City Hall-da baş verənlərin şahidi, fotoqraf Deyv Primov BBC -yə deyib ki, hadisə vaxtı, o, balkonda, yuxarıda olub.

“Konsertin başlamasına 10 dəqiqə qalmışdı, artıq çoxlu adam toplaşmışdı, zalın 70 faizi toplaşmışdı. Bir anda mənə elə gəldi ki, atəşfəşanlıq səsi eşitdik. Konsertdə yanımda olan dostum da dedi: “Fişəngdir, ya nə?” Və bundan sonra zalın aşağı hissəsində, səhnəyə daha yaxın adamların izdihamla getdiyini gördük. Nə baş verdiyini anlamadım.

Bundan sonra “atəşfəşanlıq”ın səsləri daha da gücləndi və yaxınlaşdı, zalda böyük çaxnaşma başladı, insanlar müxtəlif istiqamətlərə səpələnməyə başladılar, lakin bir-biri ilə toqquşdular, evakuasiya yox idi.

Sonra konsert zalında atəş açılmağa başladı, aşağıda, səhnənin sol tərəfində insanlara sarı gedən atəş xəttini gördüm. Hamı [yerə] uzanmağa başladı, koridorda bir-birimizin üstünə yatmağa başladıq, kütləni irəliləmək üçün koordinasiya etməyə başladıq.

Amma, eyni zamanda başa düşdük ki, silahlılar istənilən qapıdan pulemyotla içəri girə bilərlər. Ona görə də yuxarıdakı ən yaxın çıxışa keçməyə çalışdıq. Yavaş-yavaş, sürünərək, irəli, yuxarı sürünərək [zaldan] çıxdıq. [Crocus City Halldan] çıxmağa başladılq”.

Deyv Primov BBC-yə deyib ki, onlar “Crocus”-un texniki hissəsinə, eyvanlara tərəf qaçıblar: “Və, sadəcə olaraq ki, müxtəlif bağlı qapılarla üzləşdik, insanlar panikaya düşdü, kimisi ağlayırdı, kimisi yaxınlarına zəng edirdi, bəziləri işləməyən lifti gözləyirdi.

Ümumiyyətlə, özümüzü böyük bir qaranlıq bir yerdə gördük. Biz bayıra çıxanda artıq yanğın başlamışdı - tüstü və yanıq iyi gəlirdi. [Ümumilikdə, çıxmağımız] 20-25 dəqiqə çəkdi. Yəni yanğın hücumdan sonra ilk 15 dəqiqədə başladı.

Sonda bir növ texniki pilləkən tapdıq, qapını sındırmalı olduq, çünki qapılar hər yerdən bağlı idi. Küçədə hamı müxtəlif istiqamətlərə qaçmağa başladı və artıq o anda nəhəng tüstü buludlarını gördüm.

“Krokus”un ön hissəsinin yanından qaçarkən gördüm ki, digər bütün qapılar bağlı olduğundan necə çıxacaqlarını bilməyən insanlar qaçıb pəncərələri döyürlər.

Hücum edənlər haqqında: bu, şübhəsiz ki, bir qrup insan idi, çoxlu pulemyotlardan atəş açıldı. Ya qəhvəyi paltar geyinmişdilər, ya da qəhvəyi jiletlər. Biz balkonda idik, silahlılar isə səhnənin yaxınlığında - bizdən kifayət qədər uzaqda idilər.

Onlar salonun girişindən parter boyunca səhnəyə doğru gedərək adamlara atəş açdılar”.