"İslam dövləti" Crocus City Hall-a hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu nə dərəcədə inandırıcıdır?

Moskva hücum Crocus

Şəklin mənbəyi, STRINGER/AFP

Cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında kamuflyaj geyinmiş bir neçə nəfərin avtomat silahdan atəş açması nəticəsində aralarında uşaqlar da olmaqla 133 adam ölüb, 150-dən çox yaralı var.

Elə həmin axşam Rusiyada və bir çox başqa ölkələrdə terror qruplaşması kimi tanınan "İslam dövləti" (İD) silahlı qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürdü.

Rusiya tərəfi hələ ki, hücumun arxasında kimin ola biləcəyi ilə bağlı heç bir rəsmi versiya təqdim etməyib.

Rusiya təbliğat kanalları İD-in bəyanatının saxta olduğunu bildirib və Kiyevin bunu qəti təkzib etməsinə rəğmən, hadisədə Ukraynanın iştirakına eyham vurub.

Hücumdan bir gün sonra İD yeni bəyanat yayaraq, Crocus City Hall-da baş verənlərə görə məsuliyyətini bir daha bəyan edib.

İD-lə əlaqəsi olduğu güman edilən “Amak” xəbər agentliyinin yaydığı xəbərdə hücumda dörd iştirakçının olduğu güman edilən fotoşəkil dərc edilib. Fotoşəkildə onların üzləri yarı maskayla örtülüb və foto filtrlə bulanıq edilib.

BBC-nin ekstremist qruplar üzrə eksperti Mina Əl-Laminin sözlərinə görə, bəyanatda hücumu hansı regional ofisin hazırladığı və həyata keçirdiyi qeyd olunmur.

Bəyanatın standart mətnində İD-nin, adətən, bölmələrindən birini göstərdiyi yerdə "Crocus City Hall" yox, yalnız “Rusiya” yazılır.

Mina Əl-Laminin sözlərinə görə, regional bölmənin qeyd olunmaması İD üçün kifayət qədər adi bir təcrübədir.

Bu halda bu bizə onu deyə bilər ki, İD Rusiyadakı kiçik qolunu Rusiya təhlükəsizlik qüvvələrinin yaxın diqqətindən qorumağa çalışır, ya da regional bölmə, mümkündür ki, hücumda iştirak etməyib.

Mina Əl-Laminin qeyd etdiyi kimi, 2024-cü ilin yanvarında İD İranın Kirman şəhərindəki hücumlara görə məsuliyyəti üzərinə götürsə də, hücumu həyata keçirən regional qol barədə məlumat verməyib.

Moskva hüsum Crocus

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP

Yerli şöbənin adı çəkilmir

Hakimiyyətyönümlü Rusiya kanalları da bəyanatda İD-in regional qolunun qeyd olunmamasına diqqət çəkib. Onların fikrincə, bu, qrupun bəyanatının saxta olduğunu göstərir.

Belə ki, müharibə tərəfdarı və Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rybar” öz Teleqram kanalında iddia edib ki, “İslam dövləti"nin Moskvada törədilən terror aktına görə məsuliyyəti guya öz üzərinə götürdüyü bəyanatı saxtadır”, çünki "heç bir resurs qruplarında və ya onların regional bölmələrində belə məlumat yoxdur”.

Bundan əvvəl, Moskva vilayətindəki hücumun İD-nın "Vilayəti Qafqaz" və ya əfqan qolu sayılan "Vilayəti Xorasan" bölmələri ilə əlaqəli ola biləcəyi bildirilib.

Daha əvvəl isə Amerika mediası ABŞ kəşfiyyat xidmətlərindəki mənbələrinə əsasən, “Crocus”a hücumun arxasında "Vilayəti Xorasan"ın ola biləcəyini yazıb.

Ehtimal olunur ki, Əfqanıstan bölməsinin üzvləri arasında Orta Asiyadan olan rusdilli mühacirlər var.

BBC Monitorinq Xidmətinin jurnalisti Alex Shams Wright yazır ki, Crocus City Hall-a hücumdan əvvəl, "İslam dövləti" qruplaşmasının Rusiyada fəaliyyəti, əsasən, təhlükəsizlik qüvvələrinə yüngül hücumları ilə məhdudlaşırdı.

Alex Shams Wright qeyd edir ki, bir qayda olaraq, İD Rusiyada özünün 2015-ci ildə əsası qoyulmuş, gözə dəyməyən qolu olan “Qafqaz əyaləti” adı altında fəaliyyət göstərir.

Rusiyada İD-in üzərinə götürdüyü sonuncu hücum 2020-ci ildə baş verib.

"İslam dövləti"nə Kirman və Krasnoqorskda hücumlar niyə lazım idi?

BBC eksperti Mina Əl-Laminin sözlərinə görə, Moskva bölgəsindəki son hücumla Kirmandakı yanvar hücumu arasında çoxlu ümumi cəhətlər var, o cümlədən qurbanların sayı (Rusiyada 100-dən çox, İranda isə 100-ə yaxın), eləcə də hər ikisinin İD-in əhəmiyyətli iştirakının, aktiv bölmələrinin və ya dəstək bazasının olmadığı ölkələrdə törədildiyi faktı.

“Bütövlükdə, qrup və onun tərəfdarları bu il bu iki böyük hücumu böyük təbliğat çevrilişi kimi qiymətləndirəcəklər: İD üçün çətin, hətta uğursuz il keçsə də, bu hücumlar İD-ni qlobal təhlükə kimi imicini bərpa etməyə və sıralarını artırmağa kömək edəcək”, - ekspert əlavə edib.

İŞİD niyə Rusiyaya hücum etmiş ola bilər?

Will Vernon | BBC News, Washington

Radikal islamçı qruplar onilliklərdir ki, Qafqazda Rusiyaya qarşı mübarizə aparır.

Çeçenistandakı münaqişələr buna misaldır.

Həmin qrupların bəziləri Suriyada vətəndaş müharibəsi başlayanda İŞİD-ə qoşulmaq üçün ora gediblər.

Suriya hökumətini dəstəkləyən Rusiya Suriyada həmin qruplarla döyüşməyə davam edib.

Ekspertlərin fikrincə, Şimali Qafqazdakı bəzi silahlı qruplaşmalar İŞİD-ə bağlı olduqlarını açıqlayıblar.

2015-ci ildə Misirin Sinay yarımadasında Rusiya təyyarəsi bomba ilə partladılmış, əksəriyyəti rus turistlərdən ibarət 224 nəfər bu hücumda həyatını itirmiş, İŞİD hücumun məsuliyyətini üzərinə götürmüşdü.

Radikal islamçılar 2017-ci ildə Sankt Peterburq metrosunda 15 nəfərin ölümü ilə nəticələnən hücumun məsuliyyətini öz üzərinə götürüb.

İŞİD öz bəyanatlarında tez-tez Rusiya lideri Vladimir Putini tənqid edir.

Silahlı qruplaşma Rusiyanın Çeçenistan və Suriyadakı hərbi fəaliyyəti zamanı müsəlmanların öldürülməsini, eləcə də Sovet İttifaqı dövründə Əfqanıstana müdaxiləsini tənqid etməkdə davam edir.