Gürcüstan azərbaycanlısı: Avropa İttifaqına üzvlük “qoynunda bomba gəzdirməkdir”

Aİ GÜRCÜSTan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bir çox gürcülər Aİ üzvlüyünə yol açıldığı üçün xoşbəxtdir.

Avropa İttifaqının Gürcüstana namizəd status verməsi həmin vaxt ölkədə sevinc və ruh yüksəkliyi ilə qarşılansa da, bəzi yerlərdə, xüsusilə, etnik azlıqların yaşadığı regionlarda heç də hamı məmnun deyil, jurnalist Könül Şahin Gürcüstandan xəbər verir.

O, etnik azərbaycanlıların yaşadığı bölgələrə gedərək onların fikirlərini öyrənib.

“Bu bizə lazımdırmı?”

Marneuli Gürcüstan

Şəklin mənbəyi, Könül Şahin

Şəklin alt yazısı, Marneuli

Əsasən, etnik azərbaycanlıların yaşadığı Marneuli şəhəri paytaxt Tbilisidən bir saatlıq məsafədə yerləşir.

Şəhərə ilk girdiyiniz zaman sizi Gürcüstan və Avropa İttifaqının bayraqları ilə bəzədilmiş kiçik meydan qarşılayır. Amma şəhər sakinləri ilə apardığım müsahibələr zamanı sakinlərin əksəriyyəti Aİ-yə namizəd statusu ilə bağlı suallarıma “ heç bir fikrim yoxdur” və ya “siyasətlə maraqlanmıram” kimi cavablar verdilər.

Xüsusən də orta və yaşlı nəsil Gürcüstanın Avropa İttifaqına yaxınlaşmasının Rusiyanı qəzəbləndirəcəyindən narahat olduqlarını dilə gətirirdilər.

“Ukraynada baş verənləri görmürsünüzmü? Bu bizə lazımdırmı?'' - Marneuli sakini Leyla xanım sualımıza kinayə ilə cavab verir.

Adını açıqlamaq istəməyən başqa bir Marneuli sakini Rusiyanın Gürcüstanın Aİ-yə üzvlük yolunda irəliləməsinə imkan verməyəcəyini deyərək bunu “qoynunda bomba gəzdirmək” kimi qiymətləndirir.

Tbilisidə mənzillənən Qafqaz Tədqiqat Resurs Mərkəzinin ABŞ-ın Milli Demokratiya İnstitutunun maliyyə dəstəyilə apardığı və 2023-cü ilin dekabr ayında dərc etdiyi sorğunun nəticələrinə görə, paytaxt Tbilisidə insanlar ölkənin Avropa İttifaqı və ABŞ ilə siyasi və iqtisadi əlaqələrinin güclənməsini dəstəkləyir.

Amma sorğunun nəticələrinə görə, etnik zərbaycanlıların üstünlük təşkil etdiyi Kvemo-Kartli və etnik ermənilərin üstünlük təşkil etdiyi Samtsxe-Cavaxetiya bölgələrində yaşayanlar daha çox Azərbaycan, Türkiyə və Rusiya ilə əlaqələrin gücləndirilməsinin tərəfdarıdır.

Sorğuya görə, bu bölgələrdə yaşayan əhalinin 20 faizi Gürcüstanın Aİ və NATO-ya inteqrasiyasından daha çox faydalanacağı fikrini dəstəkləyir, 28 faizi isə Rusiya ilə yaxşı münasibətlər üçün Aİ və NATO inteqrasiyasından imtina etməyin daha yaxşı olacağını düşünür.

Etnik azlıqların 41 faizi suala “bilmirəm” cavabını verməyə üstünlük verib.

“...bizim gələcəyimiz üçün yaxşı olar”.

Pervin İsmayılov, Tbilisi

Şəklin mənbəyi, Könül Şahin

Şəklin alt yazısı, İlya Dövlət Universitetinin tələbəsi Pərvin İsmayılov isə Gürcüstana namizəd statusunun verilməsini alqışlayır

İlya Dövlət Universitetinin tələbəsi Pərvin İsmayılov isə Gürcüstana namizəd statusunun verilməsini alqışlayır:

“Avropa İttifaqına üzv olan ölkələr güclü və qabaqcıl ölkələrdir. Gürcüstanın bu ölkələr sırasında olması bizim gələcəyimiz üçün yaxşı olar”.

Universitet xərclərini ödəmək üçün marketdə işləyən Pərvin İsmayılov Avropa İttifaqına üzvlüklə bağlı aparılan islahatlar sayəsində gənclər üçün iş imkanlarının yaradılacağına inandığını bildirir.

Namizəd statusu əldə etmək üçün Gürcüstan depolarizasiya ilə mübarizə, seçki islahatları, ədliyyə sistemində islahatlar, azlıqların hüquqlarının müdafiəsi, gender bərabərliyi daxil olmaqla 12 siyasi şərti yerinə yetirməli idi.

2023-cü ilin iyununda dərc olunan hesabatında Avropa Komissiyası Gürcüstan hökumətinin bu 12 şərtdən yalnız üçünü yerinə yetirdiyini bildirib.

Azlıqların hüquqları üçün “mühüm qərar”

Samirə Bayramova

Şəklin mənbəyi, Könül Şahin

Şəklin alt yazısı, Samirə Bayramova bildirir ki, Gürcüstanın namizəd statusu azlıqların hüquqları üçün çox mühüm qərardır:

BBC News Azərbaycancaya danışan hüquq müdafiəçisi Samirə Bayramova bildirir ki, Gürcüstanın namizəd statusu azlıqların hüquqları üçün çox mühüm qərardır:

“Orada Gürcüstan hökuməti tərəfindən yerinə yetirilməsi vacib olan bir neçə tələb var. Məsələn, ədalətli məhkəmə sistemi.

Ədalətli məhkəmə sitemi bizim üçün çox vacibdir. Hakimlər hər kəsin hüququnu eyni şəkildə qoruyacaqlar, milli kimlik, din onların qərarına təsir göstərməyəcək”,- Samirə Bayramova qeyd edir.

Onun sözlərinə görə, etnik azlıqların sıx yaşadığı bölgələrdə büdcə bölgüsündə ədalətsizliklər mövcuddur və azlıqlar resurslardan bərabər faydalanmırlar:

“Məsələn, Marneulidə Qızılhacılı kəndində mərasim evi tikildi və bunu xalq öz hesabına tikdi. Amma mən xatırlamıram ki, Marneulidə hər hansı bir gürcü kəndində mərasim evi məhz xalqın hesabına tikilsin.

Biz bu ölkədə vergi ödəyicisiyik, nəyə görə biz sosial problemlərimizi öz maddi hesabımıza həll etməliyik”.

“Kəndlərdə Avropa ilə bağlı suallar versəniz...”

Tozu Gülməmmədli

Şəklin mənbəyi, Tozu Gülməmmədli/Facebook

Şəklin alt yazısı, BBC News Azərbaycancaya danışan ictimai fəal Tozu Gülməmmədli deyir ki, o, Gürcüstanın namizəd statusunu azərbaycanlı azlıqların hüquqlarının qorunmasının təminatı kimi görür.

BBC News Azərbaycancaya danışan ictimai fəal Tozu Gülməmmədli deyir ki, o, Gürcüstanın namizəd statusunu azərbaycanlı azlıqların hüquqlarının qorunmasının təminatı kimi görür.

Bununla belə, o bildirir ki, etnik azərbaycanlıların Aİ-yə namizəd statusu və Aİ ilə bağlı aparılacaq islahatlar barədə kifayət qədər məlumatı yoxdur.

Gülməmmədlinin fikrincə, bunun bir çox səbəbi var, lakin əsas səbəb gürcü dilini bilməməkdən qaynaqlanan məlumat çatışmazlığıdır:

“Gürcü dilini bilmədiyimiz üçün, əsasən Azərbaycan və Türkiyə medialarından istifadə edirik, orada isə bəzən dezinformasiyanın qurbanı oluruq. Əsasən Türkiyə mediasında Avropanın pislənməsi təsir edir. Kəndlərdə Avropa ilə bağlı suallar versəniz, ola bilsin ki, mənfi rəylər ola bilər”.

Martın 15-də Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstanın Qərbə inteqrasiyasını dəstəklədiklərini bildirib.

Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşündə iştirak edən Hakan Fidan gürcü həmkarını ötən dekabrda Gürcüstana Avropa İttifaqına namizəd status verilməsinə görə təbrik edib.

“Narahatıq ki, bizim Azərbaycan və Türkiyəyə gediş-gəlişimizdə problem yarana bilər”

Hüseyn Yusubov, Marneuli

Şəklin mənbəyi, Könül Şahin

Şəklin alt yazısı, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun sözlərinə görə, Gürcüstanın Aİ-yə üzvlüyü artan dinamika ilə inkişaf edən ölkə iqtisadiyyatı üçün yaxşı fürsət olacaq.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun sözlərinə görə, Gürcüstanın Aİ-yə üzvlüyü artan dinamika ilə inkişaf edən ölkə iqtisadiyyatı üçün yaxşı fürsət olacaq.

Onun fikrincə, Şərqi Avropa ölkələrinin iqtisadi vəziyyətindən heç də geri qalmayan Gürcüstan üçün aşağı faizlə yüksək kreditlər hesabına daha böyük maliyyə resursları əldə etmək ölkədə tibb, sənaye, təhsil və digər sahələrdə inkişafa səbəb olacaq.

Amma Yusubov bildirir ki, Gürcüstan azərbaycanlılarını narahat edən məsələlər də var:

“Gürcüstan bizim vətənimizdir, Azərbaycan və Türkiyə isə bizim milli dövlətlərimizdir. Biz bilirik ki, bu iki dövlət Avropa İttifaqından kənarda saxlanılır. Bizim Azərbaycan və Türkiyəyə gediş-gəlişimizdə problem yarana bilər. Bizi narahat edən məsələlərdən biri də budur”.

Hüseyn Yusubov hesab edir ki, Avropadakı siyasi və iqtisadi prosesləri də yaxşı qiymətləndirmək lazımdır:

“Avropanın aparıcı ölkələrində, əsasən də Qərbi Avropada son bir neçə seçimdə neofaşistlərin topladığı səslər artır.

Bu ilin may ayında Avropada parlament seçkilərində neofaşistlərin ciddi nəticələr əldə edəcəyi proqnozlaşdırılır. Bunun olacağı təqdirdə onlar bizi Avropa İttifaqında görmək istəməyə bilərlər.

Ya da biz istəyərəkmi ki, bizə faşistlər yol göstərsin, Gürcüstanın başı neofaşistlərin idarə elədiyi bir quruma bağlansın?..”

“Kəndlərimizdə gənc qalmayıb”

BBC Azərbaycancaya danışan etnik azərbaycanlıları narahat edən digər məsələ miqrasiya məsələsidir.

Marneulidən 20 dəqiqə uzaqlıqda yerləşən Şulaveri kəndində yaşayan Çiçək xanım “kəndlərimizdə gənc qalmayıb” deyə narahatlığını dilə gətirir.

Avropa İttifaqı 2017-ci il mart 28-dən etibarən Gürcüstan vətəndaşlarına vizasız rejim tətbiq edib.

Gürcüstanda yerləşən Siyasət və İdarəetmə Məsləhətçi Qrupunun (PMCG) araşdırmasına görə, Aİ-yə vizasız gediş-gəlişin tətbiqi Gürcüstanda miqrasiyanın artmasına səbəb olub.

Qafqaz Tədqiqat Resurs Mərkəzinin ABŞ-ın Milli Demokratiya İnstitutunun maliyyə dəstəyilə apardığı sorğunun nəticələrinə görə, Gürcüstanda hər 10 nəfərdən birinin miqrasiya etmə ehtimalı var. Sorğunun nəticələrinə görə, miqrasiya həvəsi etnik azlıqlar və gənclər arasında daha yüksəkdir.

Artan miqrasiya probleminin təkcə etnik azərbaycanlılar üçün deyil, gürcülər üçün də risk olduğunu deyən Tozu Gülməmmədli azərbaycanlıların miqrasiyaya daha çox meylli olduğunu bildirir. Bunun səbəblərini isə belə izah edir:

“Təəssüflər olsun ki, Gürcüstanda ən ağır işləri görən qrup bizik. Kənd təsərrüfatında işləyən, inşaatlarda ağır işləri görənlər bizik.

Məktəblərdə təhsil yetərsiz olduğu üçün, dili kifayət qədər öyrənə bilmədiyimiz və əmək bazarında rəqabət bacarığımız aşağı olduğu üçün çətin və ağır işlərdə az maaşa biz işləyirik.

Ona görə də, Avropa bazarının qapısı açıq olduqda gənclər daha yaxşı şərtlər üçün oraya üz tuturlar. Açığı, daha çox gəncin gedəcəyini düşünürəm”.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov da etnik azərbaycanlıların yaşadığı kəndlərdə gənclərin sayısının azaldığını, gənclərin kütləvi şəkildə Avropaya köç etdiyini bildirir.

Yusubov Avropaya gedən gənclərin məlumatsızlıq ucbatından bir çox problemlərlə üzləşdiyini də bildirir:

“Bir kənd uşağı gedib Avropanın böyük şəhərlərindən birinə düşür, qanunları ilə tanış olmadığı bir ölkəyə getmiş olur. Bəzən onlar bilmədən getdikləri ölkənin qanunlarını pozmuş olurlar. Bununla bağlı yaxşı olardı ki, gənclər Avropaya getmədən öncə hökümət tərəfindən onlara bir 15 gün və ya bir ay treninq keçirilsin, minimal dərəcədə dil öyrədilsin və getdikləri ölkələrin qanunları ilə bağlı məlumat verilsin”, - o deyir.

2021-ci ildə Gürcüstan hökuməti ölkədə vətəndaş bərabərliyini və inteqrasiyanı gücləndirmək məqsədi daşıyan “2021-2030-cu illər üçün Vətəndaş Bərabərliyi və İnteqrasiya üzrə Dövlət Strategiyası” planını təsdiq edib.

Hökumət vurğulayıb ki inteqrasiyaya dəstək məqsədilə dövlət dilindən istifadə edilməsi bu planın əsas məqsədlərindən biridir.

Keyfiyyətli təhsilə çıxış imkanı, siyasi iştirakda bərabərlik, sosial və iqtisadi inteqrasiya, mədəniyyətlərarası dialoq planının digər elementləridir, strategiyada göstərilib.

Gürcüstan hökumətinin hesabatına görə, bütün regionlarda iqtisadi artımı stimullaşdıran sahibkarlıq və innovasiyaları gücləndirmək üçün təşəbbüslər irəli sürüb.

Rəsmilər bildirirlər ki, Sahibkarlığın İnkişafı Agentliyi (Enterprise Georgia) və Kənd İnkişaf Agentliyi (RDA) kimi agentliklər özəl sektorun rəqabət qabiliyyətini artırmaq, startapları dəstəkləmək və kənd təsərrüfatı sektorunu yüksəltmək məqsədi daşıyır.

Ancaq bəzi təhlilçilərə görə, dövlət dilini bilməmək etnik azlıqların bu dəstəkləyici proqramlar haqqında məlumat əldə etməsini və onlara əlçatımlığını çətinləşdirir.

Buna görə də mütəxəssislər hesab edirlər ki,bu proqramlarda etnik azlıqlar üçün xüsusi müddəalar olmalıdır və bu icmaların üzləşdiyi unikal problemlərin həllində boşluqlar aradan qaldırılmalıdır.