Nikol Paşinyan: “Müharibənin başlanmasına yol verməməliyik”

Nikol Paşinyan

Şəklin mənbəyi, ARMENPRESS

Bazar ertəsi günü Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəd Voskepar və Kirants kənd sakinləri ilə görüşüb və dörd kəndi Azərbaycana təhvil verməyin zəruriliyi barədə danışıb.

Ermənistan mətbuatının yazdığına görə, Paşinyan görüşdə bildirib ki, “Yeravanın rəsmi siyasəti müharibənin qarşısını almaqdır”.

Ermənistan müxalifətindən bəziləri Baş nazirin bu səfərini Bakının tələb etdiyi 4 kəndin Azərbaycana qaytarılmasına hazırlıq kimi qiymətləndirib.

Nikol Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası prosesi praktiki mərhələyə qədəm qoyur.

"Biz görürük ki, demarkasiya prosesinə və bu ərazidə- Bağanisdən Berkaberə qədər olan ərazidə demarkasiya prosesinə başlamağı reallaşdıra bilərik. Bizim siyasətimiz müharibəyə, onun başlanmasına imkan verməməkdən ibarətdir. Buna görə də biz qərara gəlmişik ki, bu ərazilərdə Ermənistan Respublikasının sərhədini tənzimləməyə getməliyik. Biz bunu təkcə Ermənistan üçün yox, həm də konkret olaraq, Voskepar və Kirantsın təhlükəsizliyi üçün edirik”, Baş nazir bildirib.

Azərbaycan tərəfi bildirib ki, “Ermənistanın işğal etdiyi 4 eksklav olmayan kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir”.

Nikol Paşinyan ötən həftə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın iddia etdiyi 4 kənd Alma-Ata Bəyannaməsinə görə, de-yure Ermənistan ərazisində yerləşmir.