Ermənistan azərbaycanlı hərbçini geri qaytarıb

Ruslan Pənahov

Şəklin mənbəyi, Azərtac

Ermənistan Azərbaycan hərbçisini geri qaytarıb.

Fevralın sonu istiqamətini itirərərk Ermənistana keçdiyi deyilən Ruslan Pənahov Azərbaycana gəlib.

Onu Bakıda hava limanında qarşılayıblar.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti fevralın 28-də “əlverişsiz hava şəraitində istiqaməti itirərək” Ermənistan tərəfinə keçən Azərbaycan əsgəri Ruslan Pənahovu Azərbaycana qaytarmağa qərar verib, qurum bildirib.

“İki ölkə arasında azıb qarşı tərəfə keçən hərbi qulluqçuların qısa müddətdə qaytarılması haqqında ən yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi qərarı qəbul olunub”, - Ermənistan MTX-nin bazar ertəsi yaydığı açıqlamada deyilir.

Ermənistan İstintaq Komitəsi də azərbaycanlı hərbi qulluqçuya qarşı açılan cinayət işinə “xitam verildiyini” bildirib.

İstintaq Komitəsinin məlumatına görə, Pənahov “Azərbaycan hərbçiləri arasında baş verən insidentdən sonra qaçarkən azıb və erməni mövqelərinə yaxınlaşıb”.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan İstintaq Komitəsinin “Azərbaycan hərbçiləri arasında baş verən insident" iddiasını hələ şərh etməyib.

Amma nazirlik fevralın 28-də bir əsgərinin "Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azdığını" bildirmiş və onun tapılması üçün axtarış aparıldığını açıqlamışdı.

Erməni mənbələrə görə, əsgər Sünik vilayətinin Teğ kəndi yaxınlığında saxlanılmışdı.

Ötən həftə Ermənistanın İstintaq Komitəsi Azərbaycan hərbçisi Ruslan Pənahovu "diversiyaya cəhdə görə" həbs edildiyini bildirmişdi.

Komitənin məlumatına görə, Ruslan Pənahov Ermənistan Cinayət Məcəlləsinin irqi və ya milli nifrət zəminində adam öldürməyə cəhddə, qanunsuz odlu silahın dövriyyəsi, hərbi məhsulların qaçaqmalçılığı, təxribata cəhd, dövlət sərhədini qanunsuz keçmə maddələri ilə ittiham olunurdu.

Sərhəddə nə baş verib?

Ermənistanın Tegh kəndi

Şəklin mənbəyi, GOOGLE MAPS

Azərbaycan tərəfi hadisənin baş verdiyi ərazi barədə dəqiq məlumat verməsə də, Ermənistan tərəfinin məlumatına görə, azərbaycanlı əsgərin saxlanıldığı Teg kəndi ötəl ilin martında Azərbaycanın dövlət sərhədində yüksəklikləri nəzarətə götürdüyü ərazilərin qarşı tərəfidir.

“Fevralın 28-də saat 05:15 radələrində 1 ədəd patron sandıqlı AKM tipli avtomatla silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Sünik vilayəti Teğ icmasının sərhəd hissəsində təmas xəttini keçib", - Ermənistan Milli Təhlükəsizlik Xidməti çərşənbə günü bildirib.

Məlumata görə, əsgər Ermənistan hərbçiləri tərəfindən tərksilah edilib və istintaq başlayıb.

Daha əvvəl Ermənistan mediasında, Teğ kənd sakinlərinə istinadən, iki Azərbaycan hərbçisinin sərhədi keçdiyi, birinin qaçdığı, digərinin saxlanıldığı haqqında xəbər yayılmışdı.

Azərbaycan tərəfi də bir əsgərinin azdığı barədə məlumat yaymış, əlavə məlumat veriləcəyini bildirmişdi.

Kənd sakinlərindən biri gecə sərhədin Azərbaycan tərəfindən atəş səsləri eşidildiyini bildirib, News.am yazır.

Azərbaycan tərəfi atəşkəsin pozulub-pozulmaması haqqında məlumat verməyib.