İŞİD tacikləri sıralarına necə daxil edir?

25 yaşlı Şəmsiddin Fəriduni, Krokus, Moskva

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, 25 yaşlı Şəmsiddin Fəriduni

Rusiyada bazar günü Moskvadakı konsert salonuna hücumu törətməyə görə dörd tacikistanlı kişi məhkəməyə çıxarılıb.

Bu hücum zamanı azı 143 nəfər ölüb, onlarla insan itkindir.

Məhkəmədən yayılan görüntülərdə şübhəlilər Fəriduni Şəmsiddin, Dalerjon Mirzoyev, Murodali Rachabalizoda və Muhammadsobir Fayzovun hamısında gözlə görünən, ciddi xəsarətlər olduğu və bəzilərinin ikiqat əyilmiş şəkildə məhkəmə zalına aparıldığı görünür.

Rusiya təhlükəsizlik qüvvələri tərəfindən sızdırıldığı deyilən qəddar dindirmə anlarına aid videolar yayılıb. Məlumatlara görə, azı bir nəfərə elektrik cərəyanı verilib.

Şübhəlilərdən biri, üzü həddən artıq şişmiş görünən 25 yaşlı Şəmsiddin bazar ertəsi günü əlavə olaraq həbs olunmuş şübhəlilərdən ikisini işə götürməkdə günahlandırılır.

BBC Farscadan Söhrab Ziya Tacikistanda, Şəmsiddin ailəsinin yaşadığı yerə gedib.

BUNLARI DA OXUYUN

Şəmsiddin Tacikistanın paytaxtı Düşənbədən təxminən 40 kilometr şimal-qərbdə yerləşən Loyob adlı kənddəndir.

Mülayim iqlimli dağlıq kənd olan Loyobda torpaq qurudur, yaxınlıqda çay yoxdur. Kəndin gəncləri əsasən kənd təsərrüfatında, tikintidə və ya yerli bazarda çalışırlar.

Şənbə günü Tacikistan təhlükəsizlik qüvvələri bura gəlib və deyilir ki, şübhəlinin atasını ifadə verməyə aparıblar.

Adının çəkilməsini istəməyən bir kənd sakini BBC-yə deyir ki, onlarca loyoblu kimi, Şəmsiddin ilk dəfə altı ay əvvəl Rusiyaya köçüb.

Şəmsiddin bu addımı atmaq istəyən minlərlə adamdan biridir - bir çox tacik vətənindəki işsizlikdən və aşağı maaşdan xilas olmaq üçün Rusiyaya gedirlər.

Tacikistan hökuməti keçən il 652 mindən çox insanın Rusiyaya miqrasiya etdiyini bildirir, lakin Rusiya rəsmiləri bu rəqəmin milyonlarla ola biləcəyini deyir.

Kənd sakini deyir ki, üç aydan sonra Şəmsiddin Rusiyadan Türkiyəyə gedib, daha sonra martın əvvəlində Rusiyaya qayıdıb.

Onlar və kənddə danışdığım başqa şəxslər 25 yaşlı gəncin belə bir “terror aktı” həyata keçirə biləcəyinə inanmırlar.

"Təhlükəsizlik işçiləri onu o qədər döyüb və işgəncə veriblər ki, o, Leninin ölümünə görə məsuliyyəti də öz üzərinə götürməyə hazırdır", - Şəmsiddinin dindirilməsinin görüntülərini internetdə görən bir kənd sakini mənə deyir.

Rusiya təhlükəsizlik xidmətlərinin sızdırdığı deyilən üç dəqiqəlik videoda onun titrədiyi və bir əsgərin saçından tutaraq onun başını çəkmələrinə söykəyərək yerə itələdiyi görünür. Rus dilində danışan Şəmsiddin 500 min rubl (9146 AZN) müqabilində Moskva qırğınını törətdiyini deyir.

Tacikistan prezidenti Emoməli Rəhmon hücumu "utancverici və dəhşətli hadisə" kimi qiymətləndirib və öz xalqını uşaqları və gəncləri radikal qrupların təsirindən qorumağa və "tacik xalqının yaxşı adına ləkə gətirməsinə imkan verməməyə" çağırıb.

“İslam Dövləti” qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb və hücumun görüntülərini yayıb. BBC həmin görüntülərin həqiqiliyini yoxlayaraq təsdiqləyib. Rusiya prezidenti Vladimir Putin Qərb və Ukrayna kəşfiyyatının cihadçılara kömək etdiyini iddia edib - Ukrayna bu iddiaları rədd edib.

Bazar günü Putinlə telefonla danışan cənab Rəhmon hücumu pisləyib və Rusiya prezidentinə deyib: “Terrorçuların milliyyəti, vətəni və dini yoxdur”.

Hadisənin Rusiyadakı işçi taciklərə təsiri

Rusiyada işləyən Tacikistan vətəndaşları cümə günü baş verən hücumdan sonra artıq ciddi reaksiyalarla üzləşirlər.

Moskvadakı bir tacik işçi miqrant mənə deyir ki, o, yaşadığı ərazidə təhlükəsizlik qüvvələrinin artdığını görüb və polis asiyalı sifətli insanların sənədlərini yoxlayır. Sənədi olmayanlar deportasiya olunmaq təhlükəsi ilə üzləşirlər.

O, gələcəyi üçün narahatdır. “İndi [hücumun] günahkarlarının Tacikistan vətəndaşları olduğu müəyyən edildiyi üçün rusların taciklərə qarşı sinizmi arta bilər”.

Tacikistanda demək olar ki, hər bir ailənin bir və ya bir neçə üzvü işləmək üçün Rusiyaya köçüb.

Tacik miqrantların evlərinə göndərdiyi pullar bu kiçik yoxsul Orta Asiya respublikasının iqtisadiyyatında mühüm sabitləşdirici amil hesab edilir və hazırki vəziyyət Tacikistandakı minlərlə ailənin həyatına təsir edə bilər.

40 yaşlı inşaat işçisi İrəc Aşurov iki qardaşı və oğulları ilə birlikdə işləmək üçün tez-tez Rusiyaya gedir. O, bu yaxınlarda Tacikistandakı ailəsini görmək üçün evə qayıdıb, lakin cümə günü baş verən hücumun fonunda Rusiyaya qayıtmaqdan narahatdır.

"Mən bir ay əvvəl Rusiyadan qayıtdım və yenidən Moskvaya getməyə hazırlaşırdım, lakin Moskvada baş verən son insidentdən sonra mən qardaşlarımın taleyindən narahatam", cənab Aşurov BBC-yə bildirib. “Adətən belə hallarda işçi miqrantlara təzyiqlər artır”.

Vladimir Putinin əsas müttəfiqi olan rusiyalı siyasətçi Sergey Mironov “milli təhlükəsizliyin gücləndirilməsi” üçün Mərkəzi Asiya ölkələrindən olan insanların ölkəyə vizasız girişini ləğv etməyi təklif edib. O hesab edir ki, Rusiya hökuməti terror hücumlarına qarşı çıxmaq üçün miqrasiya proseslərinə nəzarəti gücləndirməlidir.

“İslam Dövləti” tacikləri öz sıralarına necə cəlb edir?

Loyob kəndi
Şəklin alt yazısı, Loyob kəndi

Son illərdə İD-ə qoşulan Tacikistan vətəndaşlarının əksəriyyəti Rusiyada miqrant işçilərdir, onlar sosial media və ya Telegram kimi mesajlaşma proqramları vasitəsilə işə götürülür və “İslam Dövləti”nin son hücumlarında əli olmaqda ittiham olunanların bəziləri etiraf ediblər ki, onlara sosial şəbəkələrdə pul vədləri ilə müraciət edilib.

Tacikistan hökuməti bildirir ki, 2014-2016-cı illər arasında İŞİD-ə qoşulan 2000 vətəndaşın əksəriyyəti Rusiyada işə götürülüb.

Düşənbədə yerləşən Əfqanıstan Araşdırmaları Mərkəzinin rəhbəri Qasım Şah İskəndərov hesab edir ki, Mərkəzi Asiya ölkələrindən olan işçi miqrantlar radikal qruplar tərəfdən işə cəlb olunmağa daha həssasdırlar.

O, həm taciklərin, həm də rusların vizasız səyahət edə biləcəyi Türkiyənin İŞİD üçün son logistika mərkəzi kimi əhəmiyyətini vurğulayır.

Miqrant işçilər Rusiyaya daxil olduqdan sonra, üç ay ərzində yaşayış və iş icazəsi almalıdırlar. Bu isə təxminən 430 dollara (731 AZN) başa gəlir. Bəzi mühacirlər üç aylıq müddəti başa vurmadan Rusiyanı tərk edərək Türkiyəyə gedir və ödənişdən yayınmaq üçün yenidən Rusiyaya daxil olurlar.

Cənab İskəndərov hesab edir ki, İŞİD-in əsas bazası Əfqanıstandır və çoxlu taciklərin beyni orada yuyulur.

Əfqanıstanın rolu

Tacikistan cənubda Əfqanıstanla həmsərhəddir və hesabatlar göstərir ki, Taliban 2021-ci ilin avqustunda hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstanda İŞİD və Əl-Qaidə kimi təşkilat və qrupların mövcudluğu artıb.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi António Guterres-in son hesabatında Əfqanıstanda terrorçu qrupların yüksək konsentrasiyası hələ də regional təhlükəsizliyə xələl gətirən amil kimi qiymətləndirilib.

Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan (bu yaxınlarda üzvlüyünü dayandıran) və Tacikistanın daxil olduğu, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) keçən ay Tacikistanın cənub sərhədlərində İD döyüşçülərinin və digər islamçı yaraqlıların sayında artım müşahidə etdiyini bildirib.

Təşkilatın məlumatına görə, bu qruplar üçün təlim düşərgələri şəbəkəsi də genişlənir və onların əcnəbi döyüşçülərinin əksəriyyəti Əfqanıstanın Tacikistanla həmsərhəd olan şimal bölgələrində cəmləşib.

Xronika: Taciklərin İŞİD-lə əlaqəsi

  • 14 avqust 2023: İranda silahlı hücum bir nəfərin ölümünə səbəb olub. Əsas şübhəli Tacikistan vətəndaşıdır.
  • 03 yanvar 2024: İranın cənubunda intihar hücumu azı 89 nəfərin həyatına son qoydu. Hücumda iki Tacikistan vətəndaşı iştirak edib.
  • 28 yanvar 2024: Türkiyədə katolik kilsəsinə hücum bir nəfərin ölümünə səbəb oldu. Hücuma görə bir tacikistanlı ittiham olunur.

Son 10 ildə Tacikistanda 6680 terror və ekstremizmlə bağlı cinayətlər törədilib.

Son üç ildə 24 Tacikistan vətəndaşı 10 müxtəlif ölkədə terror aktları həyata keçirib

2000 Tacikistan vətəndaşı İŞİD-ə qoşulmaq üçün Suriya və İrana gedib, onların yarısının öldürüldüyü güman edilir.

Təxminən 4075 Tacikistan vətəndaşı “ekstremizm və terror aktları” törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilib.

(Mənbə: Tacikistan hökuməti)