Brüssel sammiti: Azərbaycan və Rusiya niyə Ermənistan-Aİ-ABŞ görüşünə qarşıdır?

Avropa İttifaqı

Şəklin mənbəyi, Getty İmages

Rəsmi Bakı bu gün Brüsseldə başlayacaq Ermənistan-Avropa İttifaqı-ABŞ sammitindən "narazı və narahatdır".

Prezident İlham Əliyev son iki gündə bu görüşlə bağlı Azərbaycanın mövqeyini ABŞ Dövlət katibi Antony Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyen-lə telefon söhbətində onlara çatdırıb.

Aprelin 5-də Brüsseldə Antony Blinken, Ursula von der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulub.

Rəsmi Bakı Brüssel konfransında Qərbin Ermənistana hərbi yardım verməsinin müzakirə ediləcəyini düşünür. Moskva isə hesab edir ki, bu konfrans Qərbin Ermənistanı Rusiya ilə müttəfiqlikdən ayırmaq cəhdlərinin bir hissəsidir.

Rəsmi Yerevan ABŞ və Aİ-nı özünün yeni əsas tərəfdaşı saydığı üçün gözlənən görüşü yüksək qiymətləndirir .

Antony Blinken İlham Əliyevlə aprelin 3-dəki telefon söhbətində bildirib ki, bu görüş Azərbaycana qarşı deyil və Ermənistanın iqtisadi inkişaf məsələlərinə fokuslanmağı nəzərdə tutur, Azərtac yazıb.

Blinken, eyni zamanda sərhəddə “gərginliyin artmasına heç bir əsasın olmadığını” vurğulayıb, ABŞ Dövlət Departamenti bildirib.

Bu görüş ərəfəsində sərhəddə vəziyyət gərginləşib. Azərbaycan Ermənistanı “şərti sərhədə qoşun” yığmaqda və “hücum xarakterli dayaq nöqtələri” yaratmaqda ittiham edib.

Ermənistan bu ittihamı rədd edərək bunu “müdafiə xarakterli mühəndislik, möhkəmləndirmə və tikinti işləri” adlandırıb.

Həftənin əvvəli tərəflər bir-birini sərhədin müxtəlif istiqamətlərində atəşkəsin pozulmasında ittiham edib.

Hökumətə yaxın bəzi siyasi şərhçilər Qərbin Azərbaycanla Ermənistan arasında sülh imzalanmasını istəmədiyini bildirirlər.

Müstəqil siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Azərbaycanın 5 aprel görüşü ilə bağlı narahatlığı “Rusiyadan qaynaqlanır”.

Brüssel konfransı: Bakı Ermənistana "hərbi yardım müzakirəsi"ndən narahatdır

İlham Əliyev

Şəklin mənbəyi, Azertag

ABŞ Dövlət katibi Antony Blinken-lə çərşənbə günü telefon danışığında İlham Əliyev deyib ki, o, Brüssel görüşündə "Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi" məsələlərin də müzakirə ediləcəyinə dair məlumat alıb, Azərtac yazıb.

Prezident Əliyev 5 aprel görüşünün “qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmamasının Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını" bildirib, Azərtac bildirib.

İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen-lə telefon danışığında da bu mövqeyi vurğulayaraq, "regional inklüzivliyin vacibliyini" bildirib, Azərtac-ın məlumatında deyilir.

Bundan əvvəl, Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat yayaraq,“toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatların əlavə narahatlıq“ doğurduğunu bildirmişdi.

“Ermənistandakı qisasçı əhval-ruhiyyə bu tədbirdən dəstək uma və mümkün təxribatlarda Aİ ilə ABŞ-ın Ermənistanı dəstəkləyəcəyinə dair "illuziya" yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər”, - Azərbaycan XİN-in bəyanatında deyilir.

Blinken: "Görüş Azərbaycana qarşı deyil"

Antony Blinken

Şəklin mənbəyi, BBC

Antony Blinken Əliyevlə son telefon danışığında bu konfransın “Azərbaycana qarşı olmadığını” və “əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələləri”nin təşkil etdiyini bildirib, Azərtac-ın xəbərində deyilir.

ABŞ bundan əvvəl də bəyan etmişdi ki, toplantı çərçivəsində Azərbaycanla bağlı məsələlərin də gündəmə gəlməsi mümkündür, amma görüşün əsas mövzusu bu deyil.

ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilib ki, Antony Blinken Əliyevlə son telefon danışığında Azərbaycan-Ermənistan sülh məsələlərinə toxunaraq, “sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını” vurğulayıb və “xəbərdarlıq edib ki, hər hansı tərəfin aqressiv hərəkətləri və ritorikası” sülh perspektivlərini sarsıdacaq, ABŞ Dövlət Departamentinin məlumatda deyilir.

Blinken-lə söhbətində İlham Əliyev qeyd edib ki, Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamlar tamamilə əsassızdır, Azərtac yazıb.

İlham Əliyev bildirib ki, Azərbaycan “2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiqdir".

“Qərb… Azərbaycanla Ermənistan arasında sülh istəmir”

Azərbaycanda hökumətyönlü bəzi partiya təmsilçiləri yerli mediaya bildirir ki, Qərb Ukrayna müharibəsi bitənə kimi Azərbaycanla Ermənistan arasında sülh istəmir.

“Qərb Ermənistanla birlikdə ortaya yeni bir tezis atıb ki, guya Azərbaycan Zəngəzur dəhlizi və işğal altındakı 8 kənd uğrunda hərbi əməliyyatlara başlayacaq. Azərbaycan Prezidenti və XİN-i bunu dəfələrlə təkzib etsə də, xüsusən də fevraldan bəri bu tezislər Ermənistan üzərindən dayanmadan təkrarlanır”, - Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü yerli mediaya bildirib.

Onun fikrincə, Qərb Ermənistan üzərindən Cənubi Qafqazda Rusiyaya qarşı “ikinci bir cəbhə açmaqda” maraqlıdır.

“İkinci bir tərəfdən isə Qərb sülh prosesini uzatmağa çalışır və buna görə Ermənistanı belə bir oyuna atır. Ermənistan üzərindən bizi təhrik edirlər ki, hərbi əməliyyatlara əl ataq. Çünki sərhədlərimizdə hər hansı bir təxribat olarsa, biz fevralda olduğu kimi buna mütləq cavab verəcəyik. Qərb silahlı qüvvələri də belə bir faktı əsas götürərək, artıq orada NATO Silahlı Qüvvələrinin mövcudluğunu daha da genişləndirmək və rəsmiləşdirmək istəyir”, - Elxan Şükürlu bildirib.

Fevralda sərhəddə bir azərbaycanlı hərbçisinin yaralanmasına “cavab olaraq”, Azərbaycanın etdiyi hücum nəticəsində qarşı tərəf 4 hərbçisini itirmişdi.

"Azərbaycanın Brüssel görüşü ilə bağlı mövqeyində Rusiya amili ciddi rol oynayır"

Siyasi şərhçi Şahin Cəfərli BBC-yə deyib ki, əslində, Azərbaycanla Ermənistan arasında sülh imzalanması, bu ölkələr arasında əlaqələrin qurulmağa başlaması, həmçinin Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaranıb inkişaf etməsiQərbin marağındadır.

“Çünki bu, Qərbin regionda daha rahat hərəkət etməsi deməkdir. Ona görə də “Qərb Ermənistanı müharibəyə qızışdırır” kimi fikirlərin praktik əsası yoxdur”.

Şahin Cəfərli hesab edir ki, Qərb tədricən Ermənsitanda Rusiyanın “boşluğunu doldurmağa” çalışır.

“Ermənistan hökuməti də, təbii ki, radikallıq etmədən, tədricən Rusiyadan qoparaq, Qərbyönlü siyasət aparmağa cəhd edir. Yəni, Qərbin Ermənistanda Rusiyanın boşluğunu doldurmağa çalışması, məncə, Azərbaycan üçün təhlükə yaratmır. Əksinə, Ermənistanın Qərbyönlü siyasət aparması Azərbaycana qarşı yönəlməyib. Biz bilirik ki, Ermənistanda revanşist qüvvələr var. Lakin belə qüvvələr Qərbə yox, Rusiyaya bağlıdır”,- siyasi şərhçi bildirir.

Onun sözlərinə görə, Azərbaycanın Brüssel görüşü ilə bağlı narahatlıqlarının kökündə Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında bəyannamə dayanır.

Həmin bəyannamənin müddəalarından birində bildirilir ki, tərəflər aktual beynəlxalq məsələlərə dair ya eyni, ya da bir-birinə yaxın mövqe tutmalıdır.

“Bu bəyannamə ilə rəsmi Bakı bir növ öhdəlik götürüb ki, beynəlxalq və regional məsələlərlə bağlı ya Rusiya ilə eyni, ya da ona yaxın mövqe tutacaq. Təsadüfi deyil ki, Rusiya rəsmiləri Azərbaycanla bağlı bəyanatlarında tez-tez həmin bəyannaməyə istinad edirlər.

Rusiya bir növ tez-tez Azərbaycana xatırlatmağa ehtiyac duyur ki, biz sizinlə belə bir sənəd imzalamışıq və siz həmin sənədlə üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirməlisiniz. Ona görə də mən Azərbaycanın Brüssel görüşü ilə bağlı mövqeyində Rusiya amilinin ciddi rol oynadığına əminəm”, - Şahin Cəfərli deyib.

Rusiya ona görə narazıdır ki…

Mariya Zaxarova

Şəklin mənbəyi, TASS

Daha əvvəl Rusiya XİN də üçtərəfli Brüssel konfransından “narahat” olduğunu bildirib. Moskva hesab edir ki, bu konfrans Qərbin Rusiya ilə müttəfiqliyinin pozulmasına cəhdlərin bir hissəsidir.

“Rusiya belə görüşlərdən ona görə narahatdır ki, ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa bu görüşlərin əsas foksunun Rusiyaya qarşı olduğunu deyirlər. Bunu açıq mətnlə bildirirlər”, - Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Telegram kanalında yazıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller bir neçə gün öncə mətbuat üçün brifinqdə deyib ki, bu görüşün diqqət mərkəzində Ermənistana ticarət tərəfdaşlığını şaxələndirməyə və humanitar ehtiyacların həllinə kömək etmək üçün iqtisadi dayanıqlıqdır.

O deyib ki, bunun "niyə eskalasiya olacağını və ya dünyanın hər hansı bir ölkəsini narahat edəcəyini" başa düşə bilmir.

ABŞ və Avropa İttifaqı Ermənistanı Rusiyanın təşəbbüsü ilə yaradılmış ittifaqlardan çıxması üçün Ermənistana təzyiq göstərmir və onların qarşısında “belə bir tələb qoyulmayıb”, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

“Düşünmürəm ki, biz bu hadisəni böyük geosiyasi inkişafa çevirməliyik”, – Azadlıq radiosunun erməni xidmətinin yazdığına görə, Kostanyan Brüsseldəki görüşlə bağlı deyib.

Nazir müavini əlavə edib ki, onların müstəqil siyasəti “müxtəlif paytaxtlarda bəzi təşvişlərə səbəb olur”, amma o bunu şərh etmək istəməyib.

Bir müddət əvvəl Nikol Paşinyan Ermənistanın Rusiyanın təşəbbüsü ilə yaradılmış Kollektiv Təhlükəsizilik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurğunu açıqlamışdı.

"Hazırda Ermənistanın əsas tərəfdaşları ABŞ və Avropa İttifaqıdır"

Bazar ertəsi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan Avropa İttifaqı və ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışır.

“Biz indi Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdiririk. Biz öz təhlükəsizliyimizi və inkişafımızı demokratik yol və institutlar üzrə təmin etməyə çalışırıq və bunun üçün Qərbdə yaxşı tərəfdaşlar olduğunu görürük”.

Ermənistan xarici işlər naziri, həmçinin bildirib ki, hazırda onların əsas tərəfdaşları ABŞ və Avropa İttifaqıdır. Onun sözlərinə görə, Aİ-nin Ermənistandakı missiyası sərhəddə vəziyyəti xeyli yaxşılaşdırıb.

“Onların mövcudluğu regionda və Ermənistanın bir hissəsində sülhə böyük töhfə verir”, - Mirzoyan deyib.

“Tədbirdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. O, həmçinin Ermənistanın dayanıqlılığının artırılmasına yönəlib”, - ötən həftə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Amma Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan hesab edir ki, Qərblə Rusiyanın qarşıdurması şəraitində Brüssel görüşü regionda bu qarşıdurmanın daha da kəskinləşməsinə gətirib çıxaracaq.